Qarabağ və mina problemi
Bəzi hesablamalara görə, dünyada ən azı 110 milyon mina mövcuddur və hər il təxminən 10 min insan bu minaların qurbanı olur ya da onlardan müxtəlif dərəcəli xəsarətlər alır.
Son onilliklərdə Əfqanıstan, Kamboca, keçmiş Yuqoslaviya dövlətləri, Afrikanın bəzi ölkələrində mina sahələri qalmaqdadır. Minatəmizlənmə çox zaman yavaş və bahalı prosesdir. Yuqoslaviya müharibələrindən ən çox əziyyət çəkmiş ölkələrdən biri – Xorvatiyada minaların təmizlənməsinə 1996-cı ildə start verilsə də, prosesin hələ 2026-cı ildə yekunlaşacağı gözlənilir.
Çox təəssüf ki Azərbaycan da bu cür mina sahələrindən əziyyət çəkən ölkələr sırasındadır.
Erməni tərəfi Birinci və İkinci Qarabağ müharibələri zamanı, həmçinin işğal dövründə Qarabağ ərazisini böyük mina sahəsinə çevirib. Maraqlıdır ki, işğalçı tərəf Qarabağı tarixi ərazisi hesab edib, ona iddialar irəli sürmüş, digər tərəfdən işğal dövründə bu ərazilərdə quruculuq işləri görməmiş, hətta iddia etdikləri torpaqları minalarla “zəhərləyib”.
İkinci Qarabağ savaşından sonra Qarabağdakı minaların xəritələri ilə bağlı rəsmi İrəvanın mövqeyi bir neçə dəfə dəyişib: əvvəlcə, bu cür xəritələrin olduğunu inkar etmiş Ermənistan hökuməti daha sonra bəzi rayonlara aid mina xəritələrini “üzə çıxartmışdı”. Lakin Azərbaycana təqdim olunmuş müvafiq xəritələrin dəqiqliyi özü də suallar doğurur.
Görünən budur ki, Qarabağın təkcə siyasi və hərbi işğaldan deyil, həm də mina işğalından azad olunmasına mane olmağa çalışan qüvvələr var. Əslində, ərazilərin minalardan təmizlənməsi humanitar məsələ olduğudan, beynəlxalq ictimaiyyətin də diqqətini çəkməli, bütün mövcud mina xəritələrinin təqdim olunması üçün İrəvana təzyiq göstərilməli, Azərbaycana isə ekspert və maliyyə baxımından yardım təklif edilməlidir.