İldırımsürətli müharibədən tükəndirməyə, sonra da partizan döyüşlərinə?
Dağlıq Qarabağ münaqişəsinin gedişatının çox qısa bir müddətdə tətbiq olunan müharibə strategiyaları baxımından bir neçə təkamül mərhələsi yaşadığı görünür. Döyüşlərin ilk günündə Azərbaycan qüvvələri çevik və çoxsaylı zirehli birləşmələr halında düşmənin müdafiə sistemini yarmaq və təmas xətti boyunca bir sıra istiqamətdə yerləşən əraziləri mühasirəyə almaq məqsədini güdürdü. Həqiqətən də Azərbaycan tərəfinin ilk gün ərzində bir neçə kəndi və strateji əhəmiyyətə malik yüksəklikləri geri alması bu strategiyanın qismən uğurlu olmasını nümayiş etdirdi. Lakin çox keçmədən məlum oldu ki, Ermənistan tərəfinin üstün strateji mövqeyi və uzun müddət ərzində qurulan müdafiə xəttləri onlara Azərbaycan qüvvələrinin irəliləməsini ləngitməyə kömək edir.
Azərbaycan tərəfi isə öz növbəsində sürətlə tükəndirmə strategiyalarına keçdi; burada əsas məqsəd düşmənin personalı və təchizatını məhv edərək onu gücsüzləşdirmək və çöküş nöqtəsinə çatdırmaq idi. Tükəndirmə strategiyaları düşmənin əhəmiyyətli dərəcədə vaxt qazanmasına şərait yaradacaq şəkildə səngərlərin qorunma vasitəsi kimi səmərəli istifadəsini nəzərdə tutsa da (Birinci Dünya müharibəsi dövründə olduğu kimi), pilotsuz uçan aparatlardan istifadə bu gözləntiləri tamamilə dəyişdirdi. Beləliklə, Azərbaycan tərəfinin dron üstünlüyü, tükəndirmə strategiyalarının effektivliyinin dəfələrlə artmasıyla nəticələndi və qısa bir müddət ərzində erməni tərəfinə məxsus hərbi texnikasnın məhv olunmasına kömək etdi.
Bunu Azərbaycan tərəfinin məhv etdiyini bildirdiyi düşmən hərbi texnikasının xüsusiyyətlərində də görmək olar: ilk iki gün ərzində Azərbaycan silahlı qüvvələri tanklar, BTR-lər və digər çox sayda ağır hərbi texnikanı zərərsizləşdirməyə müvəffəq olduğu halda sonrakı günlərdə nisbətən yüngül texnikanı məhv edirdi.
Beləliklə, tükəndirmə strategiyaları nəticəsində müqayisə edilməz dərəcədə güclü bir rəqiblə qarşılaşan erməni tərəfinin partizan müharibəsinə əl atmaqdan başqa bir seçimi qalmır. Nəticədə, qarşıdakı günlərdə pusquların və basqınların təşkil edilməsi, “vur və qaç” taktikaların tətbiqi və Azərbaycanın mülki ərazilərinin uzun mənzilli silahlarla ağır atəşə tutulması Ermənistan silahlı qüvvələri tərəfinin prioritetinə çeviriləcəyi gözlənilir.