Tokayevin Bakı səfəri və qeyri-sabit regionda möhkəmlənən Qazaxıstan-Azərbaycan tərəfdaşlığı
Avqustun 24-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Bakıya səfər edib. Səfər ikitərəfli münasibətlərin 30-cu ildönümü və hər iki ölkənin regional və qlobal məsələlərdə artan strateji nüfuzu kontekstində əlamətdar olub. Cənab Tokayev Prezident İlham Əliyevlə görüşdə bildirib ki, o, Bakıya Azərbaycan-Qazaxıstan əməkdaşlığını tamamilə yeni səviyyəyə qaldırmaq missiyası ilə gəlib. İki tərəf arasında imzalanmış sənədlərə nəzər saldıqda təkmilləşən tərəfdaşlığın bir yandan ikitərəfli münasibətlərə, digər yandan isə regional əməkdaşlığa ciddi təsir edəcəyini söyləmək olar. Azərbaycan və Qazaxıstan ikitərəfli şəkildə iqtisadiyyatın müxtəlif sektorlarında əməkdaşlığı dərinləşdirəcək və bu, onların strateji şaxələndirmə siyasətini dəstəkləyəcək. Hər iki ölkə qeyri-sabit regionda qarşılıqlı şəkildə faydalı nəticələrə nail olmaq və milli maraqları qorumaq üçün öz addımlarını daha çox uzlaşdıracaq.
Siyasi müstəvidə prezidentlər tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə” geosiyasi imkanlardan daha yaxşı istifadə etmək və ortaq problemlərin birgə həllində əməkdaşlıq etmək üçün qarşılıqlı öhdəlikləri təsdiq edir. Qazaxıstan üçün bu, cənab Tokayevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə 2022-ci ilin mayında imzaladığı Genişləndirilmiş Strateji Tərəfdaşlıq Sazişinin əhəmiyyətli davamıdır. Hər iki saziş Azərbaycan, Türkiyə və Qazaxıstan arasında siyasi-hərbi və sosial-iqtisadi münasibətləri daha da möhkəmləndirir və Çinlə Rusiyanın hakim olduğu, formalaşmaqda olan regional nizamda Qazaxıstanın çoxvektorlu xarici siyasətinə xidmət edir. Rusiyanın Xəzər Boru Kəməri Konsorsiumu (CPC) ətrafında süni şəkildə yaratdığı məhdudiyyətlərdən sonra Qazaxıstan neftinin və taxılın qlobal bazara ixracı üçün Bakının alternativ nəqliyyat marşrutu kimi artan rolu bu əməkdaşlığın əhəmiyyətinin yalnız bir hissəsinə işıq salır. Qazaxıstanla daha əhatəli tərəfdaşlıq sazişi Azərbaycana Mərkəzi Asiya və türk dünyasına daha geniş çıxış imkanı verir və onun uğurlu xarici siyasət kursuna yeni səhifə əlavə edir. Qazaxıstanın Qarabağ məsələsində Azərbaycana dəstəyi Bakı üçün xüsusi məna kəsb edir. Bu kontekstdə Qazaxıstanın Füzuli şəhərində Uşaq Yaradıcılığının İnkişafı Mərkəzinin tikintisi ilə işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında iştirakı Azərbaycanda qardaş köməyi jesti kimi yüksək qiymətləndirilir.
Azərbaycan və Qazaxıstan iqtisadi baxımdan müxtəlif sektorlarda əməkdaşlığı əhatə edən 20-dən çox sənəd imzalayıb. Gözlənildiyi kimi, Orta Dəhliz gündəmdə əsas yer tuturdu, çünki bu nəqliyyat layihəsi Azərbaycan və Qazaxıstanın geniş Avrasiyanın mərkəzində dənizə çıxışı olmayan mövqelərindən irəli gələn məhdudiyyətləri yüngülləşdirmək potensialına malikdir. Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalardan və nəticədə Şimal Marşrutunun sabitliyinin pozulmasından sonra Orta Dəhliz Çin və Avropa arasında ən etibarlı əlaqə kimi meydana çıxdı. Azərbaycan və Qazaxıstanın marşrutun yumşaq və sərt infrastruktur potensialını gücləndirmək səyləri özlərini Şərq-Qərb marşrutunda dəyərli ortaqlar kimi təsdiqləmək strategiyasının bir hissəsidir. Bunu nəzərə alaraq, Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Qazaxıstanın Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyi ilə tranzit yükdaşımaları sahəsində anlaşma memorandumu imzalayıb. Eyni zamanda, Azərbaycanın “ADY Container” şirkəti Qazaxıstanın “KTZ Express Hong Kong Limited” şirkəti ilə Orta Dəhliz üzrə yüklərin rahat tranzitinə dair memorandum imzalayıb. Daha da əhəmiyyətlisi, iqtisadi sazişlər ikitərəfli mübadilələri və gələcək investisiyalar üçün imkanları da əhatə edirdi. Bu o deməkdir ki, iki ölkə təkcə tranzit gəlirlərinin faydalarını əldə etmək üçün əməkdaşlıq etməyəcək, həm də onların regional və qlobal iqtisadi infrastruktura inteqrasiyasını daha da asanlaşdıracaq istehsal müəssisələrinin və təchizat zəncirlərinin yaradılmasına sərmayə yatıracaqlar. Şübhəsiz ki, bu, yeni iş yerlərinin açılması və yaşayış səviyyəsinin yüksəldilməsi ilə daxili iqtisadiyyatlara da fayda verəcəkdir.
Bütün məqamları nəzərə aldıqda, cənab Tokayevin Bakıya rəsmi səfəri həm siyasi, həm də iqtisadi baxımdan Qazaxıstan-Azərbaycan münasibətlərində yeni səhifə açdı. Yeni regional reallıqlar iki qardaş ölkə arasında daha sıx əməkdaşlığı zəruri edir və bu səfər göstərdi ki, dövlət rəhbərləri bu şərtlərə daha yaxşı uyğunlaşmaq üçün artıq ikitərəfli əməkdaşlıq əlaqələrini genişləndirməyə başlayıblar.