Çinin nəqliyyat layihələri və Zəngəzur dəhlizi

Çinin nəqliyyat layihələri və Zəngəzur dəhlizi

 

Çindən Avropaya daşınan yüklərin və konteynerlərin 93%-i dəniz nəqliyyatının payına düşür. Qalan 7% isə hava və dəmir yolu arasında bölüşdürülüb. Dəniz nəqliyyatı ən ucuz və ən optimizasiya olunmuş daşıma növü olduğu üçün dəmir yolu kimi yerüstü nəqliyyat növləri onunla rəqabət apara bilməz.

Buna baxmayaraq, dəniz nəqliyyatı ilə bağlı bir sıra problemlər var ki, onlar Çini dəniz daşımaları ilə bərabər digər nəqliyyat növlərinin inkişaf etdirilməsinə də diqqət ayırmağa sövq edir. Birincisi, Çin ticarətinin 60%-i Malakka boğazından keçir. Əgər ABŞ Malakka boğazını Çin üçün bağlasa, bu, sonuncunun ticarəti üçün fəlakət deməkdir. Ona görə də, Çin həm alternativ dəniz, həm də yerüstü nəqliyyat yollarının və növlərinin maksimum şaxələndirilməsində maraqlıdır ki, Malakka boğazından olan asılılığını müəyyən qədər azaltsın. İkincisi, dəniz nəqliyyatı ilə yük daşımalar əsasən Çinin şərq sahilindəki iqtisadi bölgələrə sərf edir. Qərb və mərkəzi əyalətlər üçün bəzən dəmir yolları ilə yüklərin daşınması iqtisadi cəhətdən daha sərfəlidir, nəinki bu yüklərin daxili dəmiryolları ilə Çinin şərq sahillərindəki limanlarına göndərərək oradan gəmilərə yüklənməsi və Avropaya çatdırılması. Ona görə də qərb və mərkəzi əyalətlər də onları Avropa və Orta Şərq bazarları ilə birləşdirəcək dəmir yollarının inkişafında maraqlıdırlar. Bu çərçivədə, Çin həm də bir marşrutdan və ya bir ticarət yolundan da asılı olmaq istəmir.

Hazırda Çini Avropa ilə birləşdirən əsas dəmir yolları Rusiyadan və Belarusdan keçir və əlbəttə Çin bu yolların diversifikasiyasında da maraqlıdır. Məsələn, son zamanlar Belarusla Avropa arasında yaşanan gərginlik Çini narahat etməyə bilməz. Bütün bunlar Zəngəzur dəhlizini Pekin üçün cəlbedici edə bilər. Lakin burada bir vacib məqamı qeyd etmək lazımdır. Zəngəzur dəhlizi Rusiyadan keçən marşrutlarla müqayisədə Avropaya daha qısa yol təklif etsə də, Çin üçün yolun qısa olmasından çox yükdaşımalarda gecikmələrin olmaması və yüklərin yolda minimum maneə görərək çatdırılması daha önəmlidir. Məsələn, Çindən Avropaya daşınan yüklər Rusiya-Belarus-Polşa və ya Qazaxıstan-Rusiya-Belarus-Polşa marşrutları ilə hərəkət edəndə onlar vahid gömrük ərazisindən keçirlər. Yəni, gecikmələr əsasən yalnız Belarus-Polşa sərhədində yaranır.

Yüklərin sərhəddə ilişməməsi və daşımaların gecikdirilməməsi Çin üçün prioritet məsələdir. Zəngəzur dəhlizi ilə daşınan yüklər isə müxtəlif gömrük rejimlərindən keçəcəklər. Ona görə də Zəngəzur dəhlizini Çin üçün Rusiyadan keçən marşrutlardan daha cəlbedici etmək həm də malların hərəkətində yaranacaq bütün maneələrin və gecikmələrin aradan qaldırılmasını və dəhlizin fəaliyyətində iştirak edəcəklər ölkələr arasında yükdaşımaların maksimum dərəcədə optimizasiyasını da özündə ehtiva edir.