Bağla

Ekspert Rəyi

Azərbaycanın üçtərəfli alyanslar strategiyası

18-03-2021, 09:52   2161
Azərbaycanın üçtərəfli alyanslar strategiyası

44 günlük Qarabağ savaşında Azərbaycanın hərbi nailiyyətləri ilə yanaşı diplomatik cəbhədə də uğurları qeyd olunmalıdır. Xüsusilə Ermənistanın sönük cəhdləri və uğursuz ittifaqları fonunda Azərbaycanın siyasi gedişləri və qurduğu alyanslar alqışlana bilər.

Həqiqətən də, ikitərəfli münasibətlər effektiv olsa da məhdud imkanlar verir; böyük strukturlar isə daha böyük bürokratik mexanizmlər deməkdir: AB, NATO, KTMT və digər siyasi və hərbi təşkilatların hadisələrə çevik reaksiyası verməsi çox zaman çətinliklə üzləşir (üzv-dövlətlərin öz milli maraqları, konsensusun əldə olunması və s.)

Bu kontekstdə Azərbaycanın qurduğu üçtərəfli platformalar diqqətəlayiqdir. Qeyd etmək lazımdır ki, bu konfiqurasiyalar ilk növbədə Azərbaycan-Türkiyə əlaqələrindən ibarət bazis üzərində qurulur: Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-Pakistan, son həftələrdə enerji layihələri ilə gündəmə gələn Azərbaycan-Türkiyə-Türkmənistan, Azərbaycanın qurmağa cəhd göstərdiyi Azərbaycan-Türkiyə-İsrail. Qarabağ müharibəsi dövründə və sonra bəzi ekspertlər Azərbaycan-Türkiyə-Britaniya və Azərbaycan-Türkiyə-Ukrayna üçbucaqlarının yaradılmasını da təklif edir və ya proqnozlaşdırırlar.

Bəzi hallarda isə bu cür üçtərəfli əməkdaşlıq Türkiyəsiz baş tuta bilir: məsələn, Azərbaycan-Rusiya-İran "Şimal-Cənub dəhlizi" layihəsi kimi.

Bu cür alyansların bir sıra üstünlükləri var:

- hərbi, siyasi, iqtisadi, təhlükəsizlik, enerji, tranzit və digər sahələri əhatə edir,
- həm dərin, həm də situativ əməkdaşlığı nəzərdə tutur,
- həm formal, həm də qeyri-formal ola bilər,
- hadisələrə çevik reaksiya göstərməyə imkan verir,
- müəyyən səbəblərdən biri işləmədikdə digərləri alternativ plan kimi istifadə oluna bilər.

Sırf Azərbaycan nöqteyi-nəzərindən bu cür alyansların mövcudluğu Azərbaycanın həm balanslaşdırma siyasətinə uyğundur, həm də böyük bloklardan kənarda qalaraq manevrlərinə imkan verir. Maraqlıdır ki, yuxarıda adı çəkilən üçtərəfli platformaların bir çoxunda Azərbaycan ən azı coğrafi cəhətdən əsas element – bağlayıcı rolunda çıxış edir.