ABŞ və İran nüvə anlaşması

ABŞ və İran nüvə anlaşması

ABŞ Prezidenti Co Bayden artıq “maksimum təzyiq” siyasətinin uğursuz olduğunu və İranın qeyd-şərtsiz nüvə razılığına geri dönəcəyi təqdirdə "Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP)"nına yenidən qoşulacağını bildirib. İran isə nüvə razılığından birtərəfli qaydada imtina edən tərəfin ABŞ olduğunu qeyd edərək belə bir fikir irəli sürür ki, ilk addım Amerika tərəfindən atılmalı, ABŞ "BHFP" razılığına yenidən qoşulmalı və onlara qarşı tətbiq olunan bütün iqtisadi sanksiyaları aradan qaldırmalıdır. Beləliklə, iki tərəf arasında prosesi yenidən başlatmaqla bağlı bir sıra fikir ayrılıqları var. Buna baxmayaraq, İran və ABŞ yaxın həftələrdə nüvə razılığını yenidən aktivləşdirməklə bağlı danışıqlara başlayacaqlar. Eyni zamanda, ABŞ-ın bu il "BHPF"yə tam şəkildə geri dönməsi ehtimalı çox aşağıdır.

Bu yaxınlarda ABŞ-ın yeni rəhbərliyi əhəmiyyətli bir güzəştə gedərək İran və "BHPF"ni imzalayan dörd ölkə ilə qeyri-rəsmi danışıqlar üçün Avropa Birliyinin dəvətini qəbul etmək niyyətində olduğunu bildirdi. Rəsmi Tehran isə AB Xarici Siyasət İdarəsinin rəhbəri Jozep Borrelin İranın böyük ehtimalla qəbul edəcəyi bu dəvətini nəzərdən keçirdiyini bildirdi. 21 fevral tarixində İran AEBA-nın (Atom Enerjisi üzrə Beynəlxalq Agentlik) üç aylıq nüvə yoxlamaları ilə bağlı təklifini qəbul etdi. Bundan əlavə, bir sıra qaynaqlara görə, Bayden rəhbərliyi İranın Cənubi Koreya banklarında dondurulmuş 7 milyard dollarlıq vəsaitinə qoyulmuş qadağaları aradan qaldırmaq üçün bu ölkə ilə danışıqlar aparır. Böyük ehtimalla bu ilkin addımlar müvəqqəti razılaşmanın bir hissəsi olaraq bəzi "BHPF" müddəalarının yenidən qüvvəyə minməsinə səbəb olacaqdır.

Nəticə olaraq iqtisadi çətinliklər İranı çıxılmaz vəziyyətə salacaq və çox güman ki, hazırkı situasiya ABŞ tərəfindən bir sıra sanksiyaların yüngülləşdirilməsi müqabilində Tehrandakı "qırğıların" bəzi güzəştlərə getməsi ilə nəticələnəcəkdir.

ABŞ Dövlət Katibi Entoni Blinken yanvar ayında Senatın Xarici Əlaqələr Komitəsinin suallarını cavablandırarkən Bayden rəhbərliyinin "BHPF"ni İranla bu mövzuları müzakirə etmək üçün ABŞ-ın regional müttəfiqlərini cəlb edəcəyi bir platform olaraq gördüyünü açıqladı. Bu ssenari İran tərəfindən tamamilə rədd edildi. İran bu məsələlərdə heç bir güzəştə getməyəcək. Rəsmi Tehran Səudiyyə Ərəbistanı və İsrail ilə bağlı İranın müdafiə qabiliyyətini poza biləcək hər hansı bir əlavə razılaşmanı müzakirə etməyəcək. Əlbəttə bu, "BHPF"nin uzunmüddətli mövcudluğunu şübhə altına alır.