Kapitoliyə hücum və Amerika demokratiyası
Liberal dairələrdəki tendensiya Vaşinqtondakı son hadisələri Donald Trampın təhriki ilə radikal və cahil kütlənin çevriliş cəhdi olan sadəcə bir keçici epizod kimi təqdim etməyə çalışır. Onların bir çoxunda belə bir inam var ki, hakimiyyətdə son günlərini sayan Prezidentin ədalət mühakiməsinə çıxarılacağı təqdirdə ABŞ-da qanun və qayda sanki öz-özünə bərpa olunacaq. Lakin bu baxış səhv və tamamilə qeyri-realdır. Belə görünür ki, ABŞ-da əzab-əziyyətli transformasiyaya məruz qala və bu proses bəzi digər Qərb ölkələrinə də yayıla bilər; odur ki, ənənəvi liberal düzənin əvvəlki şan-şöhrət günlərinə qayıdacağı inandırıcı görünmür.
Tramp prezidentliyi dövründə baş vermis proseslər iyun ayında irqi məsələlər ətrafında qəzəb və iğtişaşlar dalğasına səbəb oldu və sonda Kapitoliyə hücum ilə nəticələndi. Bu isə oyunun ümumi qaydalaının pozulması və əhalinin müxtəlif qrupları arasında anlaşılmazlıq və nifrətin artmasına gətirib çıxarmışdır. İkili standartlar norma halına gəlmişdir: BLM (“Qaraların həyatı mühümdür”) etirazları zamanı şiddətli hadisələrə haqq qazandıranlar Trampın zorakı tərəfdarlarını birmənalı şəkildə qınayır və əksinə. Bu paradiqmalarda sosial və siyasi bağlar qanunun aliliyinin fövqünə çıxmış kimi görünür. Hər iki qrupun etnik və sosial kimlik məsələlərini qabartması onların tərəfdarlarının radikallaşdırır, normal dialoqun qurulması imkanlarını azaldır; bu isə, küskünlük və inamsızlıq spiralına səbəb olur. Əvvəllər siyasi sabitliyin və mərkəzçi siyasətin dominantlığının zəmanəti olan iki partiyalı sistem artıq mövcud proseslərin öhdəsindən gəlməkdə zəif görünür. ABŞ-dakı ictimai-siyasi narahatlıqlar, oyun qaydaları və əsas dəyərlərlə bağlı yeni bir konsensus əldə edilənə qədər davam edə bilər.