Bağla

Ekspert Rəyi

Rusiya sülhməramlıları Azərbaycanda

12-11-2020, 12:43   243

Beləliklə, İkinci Qarabağ müharibəsi 10 noyabr tarixində Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı sənədlə başa çatdı. Bu razılaşma 1960 rus sülhməramlısının keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin əksər hissəsində və onu Ermənistanla birləşdirən Laçın dəhlizində yerləşdirilməsini nəzərdə tutur. 1992-ci ildən sonra rus hərbi birləşmələrinin Azərbaycana qanuni şəkildə qayıtmasını nəzərdə tutan bu müddəa (2012-ci ildə bağlanmış və Azərbaycan üçün zəruri məsələ olmayan Qəbələ Radiolokasiyası Stansiyasındakı heyət istisna olmaqla) uzun müddət xarici qoşunların mövcudluğuna qarşı prinsipial mövqe tutan Azərbaycanda fərqli reaksiyalara səbəb oldu. Halbuki, indiki vəziyyətdə bu, aşağıdakı səbəblərə görə ən optimal seçimdir.

Əvvəla, hər hansı silahlı sülhməramlıların gəlişi onsuz da qaçılmaz görünürdü; hər zaman oyun qaydalarına riayət edən və etibarlı partnyor reputasiyası qazanmış Azərbaycan genişmiqyaslı etnik təmizləmə ilə günahlandırılmaq istəməzdi. Eyni zamanda, işğal edilmiş bütün ərazilərimizin azad edilməsi halında belə Ermənistan bu cür missiya qurulmadan hər hansı sülh müqaviləsini çətin qəbul edə və davamlı silahlı təxribatlarla bu ərazilərin yenidən məskunlaşmasını və infrastruktur inkişafını qeyri-mümkün edə bilərdi. Beləliklə, Qarabağın erməni icması üçün beynəlxalq zəmanətlərə malik vasitəçilik yolu ilə əldə edilmiş atəşkəs yeganə optimal nəticə idi. Lakin bu sual hələ də qalır: Rusiyadan başqa imkanlar varmı?

Uzun illərdir ki, belə bir missiyanın Minsk Qrupunun 3 həmsədr ölkəsi – Rusiya, ABŞ və Fransa tərəfindən təşkil ediləcəyi ehtimal olunurdu. Ermənistan və Azərbaycan Xarici İşlər Nazirləri ilə görüşdən sonra Amerika tərəfi “Skandinaviya sülhməramlıları” ilə bağlı son dərəcə qeyri-müəyyən təkliflə çıxış etdi. Ancaq bunların heç biri real deyildi. Belə bir acı və uzun sürən qarşıdurma bölgəsindəki sülhməramlı missiya əhəmiyyətli dərəcədə güc bazasına malik və ondan istifadə etməyə, həmçinin bulanıq sulara girməyə hazır olan bir qüvvə tərəfindən həyata keçirilməlidir. Qərb ölkələri ya da burada öz maraqlarını görmədiyindən, ya da Cənubi Qafqazda Rusiyaya meydan oxumağa həvəssiz olduğuna və riskə getmək istəməmələri səbəbindən belə gücü səfərbər etməyə hazır deyildilər. Bu səbəbdən Prezident Makron, bütün narahatlıq və hərəkətə çağırışlarına baxmayaraq, baş verənlərə real təsir göstərəcək heç bir hərəkət etmədi. Eyni zamanda, AB-Türkiyə münasibətlərindəki son problemlər Moskvanı Prezident Ərdoğan üçün Cənubi Qafqazda Brüsseldən daha əlverişli bir partnyora çevirdi və Avropanın münaqişə tərəflərinə təsir imkanlarını hərtərəfli məhdudlaşdırdı.

İkincisi, son illərdə Ermənistanın Dağlıq Qarabağ problemi ilə bağlı destruktiv mövqeyi və güzəştlərə getmək istəməməsi digər variantları da təəssüf ki, qəbuledilməz vəziyyətə gətirdi. Hər iki tərəfin əvvəllər də hər hansı sülhməramlı missiyanın yerləşdirilməsi ehtimalı ilə bağlı narahatlıqlarını bildirmələrinə baxmayaraq, bu, İrəvan üçün status-kvonu uzatmaq və əsaslı danışıqlardan yayınmaq üçün bəhanələrdən biri olmuşdur. Bundan əvvəl Dağlıq Qarabağın gələcəyi üçün daha yüngül, Kosovo üslublu beynəlxalq polis missiyası seçimi müzakirə edilmişsə də, bu, yalnız Ermənistanın qonşu 7 bölgəni Azərbaycana qeyd-şərtsiz qaytarmağa könüllü razı olması və Dağlıq Qarabağın özünün statusu ilə bağlı bir kompromis haqqında razılaşması halında mümkün olardı. Halbuki Ermənistan parlamenti və geniş siyasi ictimaiyyəti son müharibə zamanı döyüş sahəsindəki acı məğlubiyyətlərdən sonra da bu variantdan davamlı olaraq imtina etmiş və 44 gün ərzində 3 dəfə əldə edilmiş humanitar atəşkəs razılaşmaları ilə əsaslı danışıqlar aparmaq şansını əldə qaçırmışdır. Bu mövqe hərtərəfli atəşkəs və erməni qoşunlarının geri çəkilməsini təmin etmək üçün Rusiya sülhməramlılarının təcili göndərilməsini yeganə seçim etmişdi.