Bağla

Ekspert Rəyi

Xilas üçün ayrılma hüququnun fəsadları

17-10-2020, 01:36   496

Beynəlxalq hüquqda xilas üçün ayrılma hüququ barədə heç bir oturuşmuş normanın mövcud olmadığı bir zamanda Ermənistan Baş Naziri Nikol Paşinyanın beynəlxalq ictimaiyyətin “Artsax əhalisinin xilas üçün ayrılma haqqını” tanıması ilə bağlı təkidi sadəcə hazırkı vəziyyəti daha da mürəkkəbləşdirməyə xidmət edir. Dövlətlərin ərazi bütövlüyü prinsipi beynəlxalq hüquq tərəfindən çoxsaylı fəsadların qarşısını almaq üçün ayrılmaya (separatizmə) qarşı qorunur. Milliyətçiliyin təhlükəli növlərindən qaynaqlanan hər separatçı qrupun öz müqəddəratını birtərəfli şəkildə təyin etmək tələbi hazırkı liberal beynəlxalq nizamın sabitliyini tamailə poza bilər. 

Separatistlər özlərinə beynəlxalq simpatiya qazanmaq üçün adətən separatizmə mənəvi arqument gətirməyə çalışırlar. Onlar ayrılma tələblərini mənəvi şərtlərlə çərçivələməyə çalışir, bunu demokratik iddia kimi təsvir edir və öz iddialarını bu və ya digər yollarla liberal dəyərlərlə əlaqələndirirlər. Halbuki etnik əsaslı ayrılma hüququ iddiasının əsas problemi ondan ibarətdir ki, separatist məntiqini etno-milli saflıq və etnik təmizləmə tərəfdarı olan zehniyyətdən fərqləndirmək çox çətindir. Daha plüralist və əhatəli millətin mövcudluğu imkanını inkar edərək, separatist dünyagörüşü öz təbiəti etibarilə çox reqressiv ola bilir və bu post-müharibə liberalizminin aradan qaldırmağa çalışdığı etnik milliyətçiliyin xəstəliyinin nümunəsidir.

Onsuz da dünyada ətraf regionların sabitliyini pozan və müharibə ilə insan təlafatının potensialını artıran bir çox uğursuz dövlətlərin mövcudluğunu nəzərə alsaq, ərazi bütövlüyü prinsipini dəstəkləmək daha məntiqlidir. Beynəlxalq hüququn öz müqəddəratını təyin etmə konsepsiyasını özündə ehtiva etməsi avtomatik ayrılma hüququnun yaranmasına səbəb ola bilməz. Ümumi olaraq qəbul edilmişdir ki, öz müqəddəratını təyinetmə hüququ dekolonizasiya paradiqmasından kənarda suveren dövlətin ərazisinin ayrılması üçün istifadə edilə bilməz. Dekolonizasiya halları istisna olmaqla, beynəlxalq hüquq öz müqəddəratını təyin etmə hüququnun mövcud dövlətlərin sərhədləri çərçivəsində reallaşdırılmasının lehinədir; bu, mütləq siyasi ayrılma olmadan daxili özünü idarətmə hüququ anlamına gəlir. Xüsusi hallarda, məsələn öz müqəddəratını təyin etmənin daxili surətdə reallaşdırılması mümkünsuz göründüyü zaman, xilas üçün ayrılma ideyasına müəyyən dəstək olsa da, bu konsepsiya hələ də öz hüquqi təməlini almamışdır.