Gəncə hücumları: ümidsizlik işarəsi?
Oktyabrın 4-ü səhər, erməni tərəfi böyük ehtimal ki Rusiya istehsalı olan “Smerş” raketlərindən istifadə edərək, Azərbaycanın ikinci ən böyük şəhəri Gəncəyə zərbələr endirmişdir. Hücum nəticəsində 1 nəfər həlak olmuş, 32 nəfər yaralanmış, və bir neçə ev dağılmışdır. Qeyd etmək lazımdır ki, yaralı sakinlər arasında etnik erməni olan 77 yaşlı Karina Qriqoryan da var.
Gəncə, Azərbaycan və Ermənistan qüvvələrinin təmas xəttindən 70 kilometr kənarda yerləşib, daha öncə hazırkı münaqişədə hərbi əməliyyatlar üçün baza kimi istifadə edilməmişdir. Buna görə də erməni tərəfinin bu bombalamanın sadəcə hərbi məqsədlər üçün yerinə yetirildiyi iddialarını sübut edə biləcək heç bir dəlil yoxdur. Qondarma “Dağlıq Qarabağ Respublikası” Gəncə hərbi hava limanının dağıdılmasına müvəffəq olduğunu iddia etsə də, bu bəyanatlar qısa müddət sonra təkzib edilmişdir və hava limanına zərər vurulmadığı göstərilmişdir. Üstəlik, atəşə tutulan ərazilər mühüm hərbi obyektlərdən uzaqda yerləşir. İlkin araşdırmalara görə, raketlər böyük ehtimal ki separatistlərin nəzarət etdiyi ərazilərdən deyil, Ermənistanın özündən atılmışdır.
Bu hərəkətin əsas məqsədi güman ki Bakını Ermənistana atəş açmağa təhrik etmək və və bununla da Kollektiv Təhlükəsizlik Müqaviləsini işə salaraq üzvlərindən hər hansı birinə təcavüz yarandığı zaman kollektiv müdafiə mexanizmini tələb etməkdir. Bu məqsəd Azərbaycan ordusunun son iki gündə döyüş zonasında nail olduğu mühüm irəliləyişlərdən, Dağlıq-Qarabağın şimalında əsas kommunikasiya qovşağı olan Suqovuşan (köhnə Madagiz) və cənubda bir neçə kəndin azad edilməsi, həmçinin qarşı tərəfin mühim əsgər və avadanlıq təchizatına vurulan ziyanlardan sonra son çarə olaraq seçilmişdir. Döyüş meydanının sırf Azərbaycan ərazisində qaldığı müddətdə Moskvanın müdaxilə etmədiyi göründükcə Ermənistan Baş Naziri Paşinyanın “stavkaları” qaldırılmağa çalışır. Bu model həmçinin Paşinyanın əvvəlki sitatlarına - hazırki toqquşmaların guya “erməni soyqırımının” davamı olduğunu və Türkiyə tərəfindən erməni dövlətçiliyinin bitirilməsi arzusunu iddia etdiyinə uyğun gəlir. Qondarma “Qarabağ Respublikasının” “prezidentinin” Azərbaycanın əsas şəhərlərinə hücum etməyə hazır olduğu barədə bəyanatı isə bir çox ekspert tərəfindən terrorizmə çağırış kimi xarakterizə olunmuş, bunu bütün region və sülhün təmin olunmasında mənfi nəticələr doğuracağına dair geniş xəbərdarlıqlar edilmişdir.