Xamnəyidən sonra İran: Böyük bir qeyri-müəyyənlik
ABŞ və İsrail ordusunun fevral ayının 28-də səhər saatlarında həyata keçirdiyi birgə əməliyyat nəticəsində İranın Ali dini rəhbəri Əli Xamnəyi həyatını itirdi. Hücum nəticəsində İran hərbi qüvvələrinin yüksək rütbəli zabitlərinin də həlak olduğu barədə məlumatlar rəsmi Tehran tərəfindən təsdiqləndi. İran konstitusiyasının 111-ci maddəsinə əsasən ali dini rəhbər öz vəzifəsini icra edə bilməzsə, 88 seçilmiş din xadimindən ibarət Ekspertlər Məclisi tez bir vaxtda yeni lider seçməlidir. Yeni xələf seçilənə qədər rəhbərin səlahiyyətlərini müvəqqəti Rəhbərlik Şurası icra etməlidir. Bu şura prezidentdən, məhkəmə hakimiyyətinin rəhbərindən və Keşikçilər Şurasının müəyyən etdiyi islam hüquqşünasından ibarətdir.
Prezident Pezeşkiyan müharibənin ilk günündə ictimaiyyət qarşısına çıxmasa da, mart ayının 1-də verdiyi müsahibədə Rəhbərlik Şurasının öz işinə başladığını qeyd edib. Ancaq məhkəmə hakimiyyətinin rəhbəri Möhsün Eceyinin (Mohsen Eceyi) üzdə olmaması qeyd olunan konstitusion mexanizmin reallaşması istiqamətində çətinliklər yarada bilər. Digər tərəfdən, İranın ali konstitusion nəzarət orqanı olan Keşikçilər Şurasının üzvü Ayətullah Əlirza Ərafi Rəhbərlik Şurasına üzv təyin olunub. Ərafi hələ Xamnəyinin sağlığında onun əsas xələflərindən hesab olunurdu. Son illər Yəzddən olan Ərafi ailəsinin inqilabda rolunun qabardılması, Əlirza Ərafinin Xamnəyiyə yaxın institutlarda yüksək vəzifələrə təyin olunması və ordu nümayəndələri ilə qurduğu əlaqələr onu ali dini rəhbər vəzifəsinə daha da yaxınlaşdırmışdı.
Xamnəyinin öldürülməsi ilə İranla ABŞ-İsrail arasında müharibə tamamilə yeni və qeyri-müəyyən mərhələyə qədəm qoyur. Müharibənin arealının daha da genişlənməsindən İranın parçalanmasına qədər bir neçə ay əvvəl radikal sayılan ssenarilər legitimlik qazanmağa başlayır.
Bu kontekstdə, yəqin ki, ən vacib sual Xamnəyinin yoxluğunda İran hakimiyyətinin təzyiqlərə nə qədər tab gətirə biləcəyi ilə bağlıdır. Qeyd olunmalıdır ki, İran rəhbərliyi 12-günlük müharibədən sonra bu ssenariyə ciddi hazırlaşmışdı. Avqust ayında Əli Laricaninin Ali Milli Təhlükəsizlik Şurasına katib təyin olunması və digər önəmli hərbi-siyasi fiqur Əli Şəmxaninin yeni yaradılmış Müdafiə Şurasının rəhbərliyinə gətirilməsi ilə Xamnəyi, yeni müharibə olarsa, onun yoxluğunda ölkənin əsas siyasi və hərbi güc mərkəzləri arasında koordinasiyanın təmin olunmasını hədəfləyirdi. Son hücumlarda Xamnəyi ilə bərabər Əli Şəmxani, İnqilab Keşikçiləri Korpusunun komandanı Məhəmməd Pakpur və İran qoşunlarının Baş Qərargah Rəisi Əbdülrahim Musəvi də öldürülsə də, yalnız hava hücumları ilə İranda rejim dəyişikliyinə nail olmaq ehtimalları aşağıdır.
Əksinə, Xamnəyinin öldürülməsi inqilabi rejimin daxilində birliyi gücləndirə və daha radikal fiqurların önə çıxmasına səbəb ola bilər.
Keçmiş Qüds Qüvvələri komandanı, radikal yanaşmaları ilə tanınan general Əhməd Vahidinin İnqilab Keşikçiləri Korpusuna komandan təyin olunmasını buna nümunə gətirmək olar.
Xamnəyinin öldürülməsi və rejimin güc strukturlarının iflic edilməsi ilə İsrail və ABŞ-nin digər hədəfi İranda genişmiqyaslı etiraz dalğasının başlamasına nail olmaq və rejimi daxildən çökdürməkdir. İsrailin baş naziri Benyamin Netanyahu İran xalqına xitab edərək onlara rejimin minlərlə dayaq məntəqəsini məhv edəcəklərini vəd edib və insanları küçələrə çıxıb rejimi devirməyə çağırıb. ABŞ-ın son günlərdə regiona cəmləşdirdiyi hərbi qüvvələrin miqyası da hədəfin təkcə İranın nüvə infrastrukturunun məhv edilməsi yox, onun ballistik raket arsenalı və regional proksiləri də daxil olmaqla hərbi-siyasi sistemini məhv etmək olduğunu göstərir.
Ancaq indiki şəraitdə ABŞ və İsrailin İran hakimiyyətinin dayağı sayılan İnqilab Keşikçiləri Korpusunun regional mərkəzlərinə və Bəsic qərargahlarına hücumunun kütləvi etiraz dalğasını tətikləyəcəyi sual altındadır. Əgər Xamnəyinin öldürülməsi hakimiyyətdaxili qruplar arasında parçalanmaya və genişmiqyaslı protestlərə səbəb olmasa və İran rəhbərliyi bu təzyiqləri “həzm edə” bilsə, onda müharibənin arealı daha da genişlənə bilər. Bu isə Amerikanın cidd-cəhdlə yayınmağa çalışdığı uzunmüddətli müharibə ssenarisinin reallaşmasını labüd edəcək. İran hakimiyyəti Amerika və İsrail ilə müqayisədə hərbi potensialının zəifliyini onlar üçün müharibədən qaynaqlanan zərərləri artıraraq kompensasiya etməyə çalışacaq. Amerika hərbi bazaları yerləşən Körfəz ölkələrinə hücumlar və Hörmüz boğazının bağlanması məhz bu hədəfə xidmət edir.
Xamnəyidən sonra İranda digər diqqət çəkən məqam yeni formalaşacaq siyasi hakimiyyətin nüvə məsələsinə yanaşması olacaq. Xamnəyi rəhbərliyinin son 25 ildə nüvə siyasətini fiasko saymaq olar. Bir tərəfdən, İranın nüvə proqramı ölkəyə ehtiyacı olan elektrik enerjisi təminatını həyata keçirə bilmədi. Digər tərəfdən, ölkəyə nüvə proqamına görə tətbiq edilən sanksiyalar və hücumlar qarşılığında nüvə silahı da əldə olunmadı. Nəhayət, nüvə proqramı və nüvə silahının əldə olunması çərçivəsində yaradılan strateji qeyri-müəyyənlik də İranın rəqiblərini birbaşa onun ərazisinə hücum etməkdən çəkindirmədi. Hər bir halda, Xamnəyinin nüvə silahı məsələsinə uzun illər ehtiyatlı yanaşması yeni rəhbərlik tərəfindən təkrarlanmaya bilər. Xüsusilə, demək olar ki, bütün caydırıcılıq mexanizmlərinin nəticə vermədiyi bir vaxtda nüvə silahına sahib olmaq həyati önəm kəsb edə bilər.
Xamnəyinin öldürülməsinin çox ciddi siyasi və hərbi nəticələrə səbəb ola biləcəyini göstərən digər amil onun təkcə siyasi yox, eyni zamanda dini lider olmasıdır. Bu kontekstdə, regionda Xamnəyinin dini ideologiyasını dəstəkləyən və özlərini onun davamçısı hesab edən qrupların ABŞ və İsrail qüvvələrinə hücum etməsi müharibə arealını daha da genişləndirə bilər. Yəməndə Husilər artıq Qırmızı Dənizdə ABŞ və İsrail ticarət gəmilərinə zərbələri bərpa edəcəklərini bildiriblər. İraqda İranın dəstəklədiyi milis qüvvələri ABŞ-ın İraq Kürdüstanında yerləşən hərbi bazasına raket və dron hücumları ediblər. Livanda İranın əsas regional müttəfiqi olan Hizbullah rəhbərliyi də İrana dəstəyini ifadə edib. Ancaq bu qüvvələrin ABŞ və İsrail hücumlarına verdiyi cavabların miqyası və atılan addımlar arasında koordinasiyanın olmaması Xamnəyi-sonrası İran-dəstəkli müqavimət hərəkatında ciddi boşluqların yaranacağını göstərir.
Nəticə olaraq qeyd etmək lazımdır ki, Xamnəyinin ölümü həm İran daxili siyasətində, həm də Orta Şərq geosiyasətində yeni dövrün başlanğıcı sayıla bilər.
İran hakimiyyəti uzun müddət bu ssenari üçün hazırlıqlar görsə də, keçid prosesinin ölkənin ən zəif vaxtında həm daxildən, həm də xaricdən ciddi təzyiqlərlə üzləşdiyi vaxtda baş tutması rejimin yaxın müddətdə konsolidasiyasını çətinləşdirəcək. Bu, Xamnəyi ilə birgə onun təmsil etdiyi vilayəti-fəqih institutunun da sonu ola bilər. Yaxın müddətdə hakimiyyət İnqilab Keşikçiləri Korpusunun nəzarəti altında daha hərbi-millətçi bir sistemə keçid edə bilər. Digər tərəfdən, İranın Körfəz ölkələrinə endirdiyi zərbələrdən və Hörmüz boğazının bağlanmasından sonra regional səviyyədə əsas “qırmızı xəttlər” keçilib. İsrailin regional hegemonluq iddiaları və İrandan qaynaqlanan qeyri-müəyyənlik Orta Şərqdə fərqli müttəfiqlik mexanizmlərinin ortaya çıxmasını sürətləndirəcək.