Ermənistan-Hindistan münasibətləri: Azərbaycanı nə gözləyir?
İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda yaranan geosiyasi vəziyyət və Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin regional müstəviyə təsirinin əsas nəticələrindən biri də fərqli güclərin son illərdə Cənubi Qafqazda baş verən proseslərə daha çox maraq göstərməsi olub. ABŞ və Fransa başda olmaqla Qərb dövlətləri regiona və Fransanın timsalında xüsusi olaraq Ermənistana daha çox diqqət ayırır, regionu özləri üçün əvvəlkindən daha əhəmiyyətli hesab edir. Cənubi Qafqazın geosiyasi mənzərəsinə daxil olmağa çalışan digər güc isə son illərdə regionla bağlı məsələlərdə xüsusi aktivlik göstərməyə çalışan Hindistandır. Hindistan regional güclər və Qərb dövlətlərindən fərqli olaraq Sovet İttifaqın dağılmasından sonrakı onilliklərdə Cənubi Qafqaza ciddi maraq göstərməmiş və regional məsələlərdə heç vaxt iştirakçı hesab olunmamışdır. Ona görə də Hindistanın xüsusilə son iki ildəki aktivliyinin səbəbləri, regional məsələlərə baxışı və qlobal sistemdə yüksələn bir güc olaraq Azərbaycan-Ermənistan konfliktində oynayacağı rolun təhlil edilməsi mühüm əhəmiyyət kəsb edir.
Hindistanın Cənubi Qafqaz siyasətinin mərkəzində Ermənistanla olan münasibətləri dayanır. İki ölkə arasındakı əlaqələr son illərdə (xüsusilə də 44 günlük müharibədən sonra) demək olar ki, bütün sahələrdə artan templə inkişaf edir. Hindistanın xarici siyasət dairələri Ermənistanla strateji tərəfdaşlığın formalaşdırılmasında bir neçə səbəbdən maraqlıdır. 2020-ci il 44 günlük müharibəsi ilə regional güc balansının dəyişməsi və Rusiyanın Ukraynadakı uğursuzluqları səbəbindən Cənubi Qafqazda potensial güc vakumunun yaranması Yeni Dehli üçün regionda müəyyən fürsətlər yaradır və bu fürsətlərin dəyərləndirilməsi Hindistanın həm öz geosiyasi rəqiblərinin addımlarını cavablandırması, həm də geo-iqtisadi layihələrinin həyata keçirilməsi baxımından vacibdir. Qarabağ konfliktində Türkiyə və Pakistanın aktiv şəkildə Azərbaycanı dəstəkləməsi və Ermənistanın Çin tərəfindən həyata keçirilən nəhəng logistika və infrastruktur layihələrindən kənarda qalması kimi faktları nəzərə alaraq Hindistan Cənubi Qafqazda siyasi, iqtisadi və hərbi rolunu gücləndirməyə çalışır. Bu mənada Hindistanın hakim dairələrinin Cənubi Qafqaz siyasətini həm Türkiyə-Pakistan tandeminin Kəşmir başda olmaqla regional məsələlərdə ortaq hərəkətinə cavab olaraq, həm də öz infrastruktur layihələrinin marşrutlarının genişləndirilməsi çərçivəsindən gördüyünü vurğulamaq mümkündür.
Hindistan və Ermənistan arasında münasibətlərin sürətli inkişafı iki ölkə rəsmilərinin mütəmadi görüşləri və ələlxüsus Hindistanın müxtəlif silah sistemlərinin Ermənistana ixracında özünü göstərir. 2021-ci ildə Hindistanın Xarici İşlər naziri Subrahmanyam Cayşankarın Ermənistana səfər etməsi ilə birlikdə ölkələrarası diplomatik təmaslar yeni mərhələyə qədəm qoyub. Yeni Dehlinin Ermənistana silah ixracı isə 2020-ci ildə, hələ 44 günlük müharibə başlamazdan əvvəl, 4 ədəd “Svati” radar sisteminin satılması ilə bağlı razılıqla başlayıb. 2022-ci ildə isə iki ölkə 250 milyon dollarlıq silah müqaviləsi imzalayıb. Bu müqavilədə Hindistan tərəfindən istehsal edilən “Pinaka” reaktiv yaylım atəş sistemi, tank əleyhinə raketlər və müxtəlif tipli kiçik ölçülü sursatların Ermənistana satılması nəzərdə tutulur. Gələcək illərdə isə qarşılıqlı hərbi tərəfdaşlığın dərinləşdirməsi, Ermənistan Silahlı Qüvvələrinin arsenalının modernləşdirilməsi və hərbçilərin təlimi kimi proseslərdə Hinistanın daha aktiv işitrak etməsi gözləniləndir. Yeni Dehlinin Ermənistan Silahlı Qüvvələri tərəfindən istifadə olunan “SU-30SM” qırıcı təyyarələrinin modernləşdirilərək “Brahmos” supersonik qanadlı raketləri və “Astra” havadan havaya raketləri ilə təchiz edilməsində maraqlı olduğu müxtəlif mənbələr tərəfindən vurğulanır. Hindistanlı hərbi ekspertlər Azərbaycanın istifadə etdiyi Türkiyə və İsrail istehsalı olan PUA-lara qarşı Ermənistanın Hindistan istehsalı olan yeni “TAPAS-BH-201” (Rustom-II) PUA ilə təchiz edilə biləcəyini də bildirirlər. Hindistanın hərbi arsenalında Rusiya istehsalı olan silahların üstünlük təşkil etməsi və ölkənin rus istehsalı olan silahlarla kifayət qədər təcrübəsi olması da Yeni Dehlinin Ermənistanın hərbi infrastrukturunun gücləndirilməsində əhəmiyyətli rol oynaması ehtimalını gücləndirən faktorlardandır. İki ölkə arasında münasibətlərlə bağlı “Armenian Weekly” jurnalına müsahibə verən Hind-Erməni Dostluq Cəmiyyətinin həmtəsisçisi və sədri Ranancay Anand da məhz Rusiyanın Ermənistan qarşısında hərbi öhdəliklərini tam yerinə bilməməsi səbəbindən Ermənistanın Hindistana ehtiyacı olduğunu vurğulayıb. Rusiya və Hindistan arasında münasibətlərin yaxşı olmasını vurğulayan müəllif Rusiyanın da Hindistanın Cənubi Qafqaz regionunda güclənməsindən narahat olmayacağını bildirib. İstefada olan general-mayor Rac Mehta isə bu mövzu ilə bağlı müsahibəsində bildirib ki, Hindistanın Ermənistana ixrac etdiyi silahlar Ermənistanın Azərbaycan qarşısında effektiv müdafiəsini təşkil edəcək gücdə deyil və buna görə də qarşıdakı illərdə Ermənistanın hərbi ehtiyacları dərindən araşdırılaraq müvafiq silah sistemləri Ermənistana təklif oluna bilər. Bütün bunlar Hindistanın Ermənistanı “daimi müştəri” olaraq görməsinə və iki ölkə arasında hərbi əməkdaşlığın yaxın gələcəkdə genişlənəcəyinə işarə edir.
Hindistan-Ermənistan münasibətlərinin digər mühüm komponenti isə geo-iqtisadi layihələrdir. Hindistanda müxtəlif çevrələr Ermənistanın həm Şimal-Cənub Nəqliyyat Dəhlizi, həm də Fars Körfəzi-Qara Dəniz Nəqliyat Dəhlizi layihələrində iştirakının mümkünlüyünü vurğulayır. Ermənistanın Çin tərəfindən maliyələşdirilən nəhəng infrastruktur layihələrindən kənarda qalması da Hindistanın alternativ infrastruktur marşrutları çərçivəsində Ermənistanı öz layihələrinə daxil etməsini şərtləndirir. Ancaq Ermənistanın bu layihələrdə iştirakının mümkün olub-olmaması və yaxud iştirak edəcəyi təqdirdə Hindistan üçün hansısa iqtisadi dividendlər gətirib-gətirməməsi özü özlüyündə sual altındadır.
Bütün bu məlumatları nəzərə aldıqda Yeni Dehlinin Cənubi Qafqazda gələcək illərdə daha aktiv rol oynamağa cəhd edəcəyinə qənaət gətirmək mümkündür. Hindistan Türkiyə və Pakistan arasında münasibətlərdən, xüsusilə də iki ölkənin Qarabağ məsələsində olduğu kimi Kəşmir məsələsində də ortaq hərəkət etməsindən narahatdır və Ermənistanı siyasi, iqtisadi, hərbi cəhətdən dəstəkləyərək bu iki ölkəyə qarşı rıçaq əldə etməyə çalışır. Hindistan mətbuatının Azərbaycan-Ermənistan münaqişəsinə yanaşması da ölkədəki mühüm dairələrin Azərbaycana qarşı olan mənfi münasibətinin göstəricisidir. Məsələn, nüfuzlu “Economic Times” jurnalında ekspert Pranab Dal Samanta tərəfindən yazılan məqalədə Rusiyanın zəifləməsindən istifadə edən “üç qardaş” (Türkiyə-Azərbaycan-Pakistan) tərəfindən Ermənistanın sıxışdırılmasının Hindistan üçün qəbuledilməz olduğu və bu ittifaqın qarşısı alınmadığı təqdirdə cənuba yönələrək Kəşmir məsələsində Hindistana qarşı birləşəcəyini bildirir. Xüsusilə son 2 ildə hind mətbuatında Azərbaycana qarşı bu tipli kəskin mövqeli yazıların sayının əhəmiyyətli dərəcədə artması ölkənin Cənubi Qafqaz siyasətindəki dəyişiklikləri və Azərbaycana olan münasibətini göz önünə sərir.
Son olaraq onu da vurğulamaq lazımdır ki, Hindistan-Ermənistan münasibətlərində İran faktoru da əhəmiyyətli rol oynayır. Ən vacibi odur ki, İran Hindistan və Ermənistan arasında coğrafi davamlılığı təmin edir və iki ölkə arasındakı ticarət yolları da İran üzərindən keçir. Həm Ermənistan, həm də Hindistanla çox yaxın əlaqələri olan İranın hakim dairələrinin və təhlükəsizlik orqanlarının bu prosesdə hansısa formada iştirak etdiyini təxmin etmək elə də çətin deyil. Ona görə də Türkiyə-Azərbaycan-Pakistan ittifaqı qarşısında Ermənistan-İran-Hindistan ittifaqının formalaşması ehtimalı xüsusi olaraq nəzərdə saxlanılmalıdır.