Xocavənd əməliyyatı (Tağaverd - Qırmızı Bazar – Cütçü cəbhəsi) (2-ci hissə)

Xocavənd əməliyyatı (Tağaverd - Qırmızı Bazar – Cütçü cəbhəsi) (2-ci hissə)

Tağaverd döyüşləri

Tağaverd kəndi rayon mərkəzi Xocavəndə 40, Xankəndiyə isə 42 km uzaqlıqda yerləşir. Bu kənd keçmiş Martuni rayonuna daxil olan ən böyük yaşayış məntəqəsi idi. Eninə 7 km məsafəyə uzanan, 2385 hektar əraziyə malik olan kənddə müharibə ərəfəsində 1301 nəfər yaşayırdı.

Tağaverd kəndinin alınması Azərbaycan bölmələrinə Qırmızı Bazar qəsəbəsini mühasirəyə almaq imkanı verirdi. Kəndin ərazisi iki hissədən – Yuxarı Tağaverd və Aşağı Tağaverd (Kaler) ərazisindən ibarətdi. Bu səbəbdən ərazinin tam ələ keçirilməsi üçün böyük qüvvə gərəkli idi. Erməni hərbi komandanlığı kəndin əhəmiyyətini nəzərə alaraq buraya çox sayıda canlı qüvvə yerləşdirmişdi. Tağaverddəki müdafiə dəstəsinin tərkibində TürkiyəABŞ-dan olan ermənilər iştirak edirdi.

Azərbaycan bölmələri oktyabrın 31-də Çağadüz kəndini ələ keçirdikdən sonra cənub istiqamətdəki Tağaverd kəndi uğrunda əməliyyata başladılar. Buna qədər Azərbaycan Ordusu Tağaverddə möhkəmləndirilmiş mövqeləri oktyabrın 24-də “Smerç” ilə, oktyabrın 25-də isə artilleriya ilə bombalamağa başlamışdı. Kəndə hücum 3 istiqamətdən – Çağadüz, Zərdanaşen və Böyük Tağların meşə massivlərindən (1383,01265,3 yüksəklikləri) başlandı. Azərbaycan XTQ-si Tağaverdə ilk olaraq cənub-şərq istiqamətindən yaxınlaşdı. Noyabrın 3-də 2 ədəd “SandCat” və 1 “Kirpi” zirehli avtomobilləri ilə həyata keçirilən hücum uğursuz alındı. “Kirpi” zirehli maşını hücumun əvvəlindəcə qumbaraatanla vuruldu. “SandCat” avtomobillərinin biri geriyə çəkilmək istəyərkən dərəyə yuvarlandı, digər avtomobil isə aşmış formada ermənilərin əlinə keçdi. Bu hücum zamanı ən azı 1 Azərbaycan hərbçisi həlak oldu. Avtomobildə 4-cü Ordu korpusuna daxil olan 651 nömrəli hərbi hissənin 3-cü batalyonunun sənədləri var idi. Bu uğursuzluqdan sonra Azərbaycan bölmələri kəndə qərb istiqamətdən hücuma keçdilər. Noyabrın 5-də gedən döyüşlərdə kəndin qərbində və şimalındakı yüksəkliklər ələ keçirildi. Həmin gün artilleriya zərbələrinə məruz qalan ermənilər ciddi itki verdilər. 1 gün sonra Tağaverddə çəkilən kadrlarda ərazidə şiddətli döyüşlərin getdiyini görünürdü. Azərbaycan bölmələri, nəhayət, noyabrın 8-də Yuxarı Tağaverddəki erməni bölmələrini sıxışdıraraq kəndin şərq hissəsinə çəkilməyə məcbur etdi. Noyabrın 9-da kəndin Aşağı Tağaverd hissəsi uğrunda döyüşlər başladı. Lakin həmin gün axşam atəşkəs sazişinin imzalanması əməliyyatın tam həyata keçirilməsinə imkan vermədi. Beləliklə, kənd müharibə zamanı iki hissəyə bölündü. Kəndin əsas hissəsi olan Yuxarı Tağaverd qəbiristanlıqla birlikdə Azərbaycanın, məktəb olan Aşağı Tağaverd hissəsi isə ermənilərin nəzarətində qaldı. Kəndin Azərbaycanın nəzarətində qalan hissəsində yaşayan 520 nəfərin böyük əksəriyyəti Xankəndidə məskunlaşdı. Hazırda ermənilər Tağaverdin 609 hektar əkin sahəsindən sadəcə 120 hektarından istifadə etmə imkanına malikdir.

 

Qırmızı Bazar döyüşləri

Qırmızı Bazar rayon mərkəzi Xocavənddən 32, Xankəndidən isə 35 km məsafədə yerləşən böyük yaşayış məntəqəsidir. “DQR” inzibati ərazi vahidinə əsasən Qırmızı Bazar kənd hesab edilsə də, Azərbaycan Respublikasının qeydiyyatında bura qəsəbə kimi identifikasiya olunur. Qəsəbənin 2375 hektar ərazisinin 1823 hektarını kənd təsərrüfatı əraziləri, 428 hektarını isə meşə torpaqları təşkil edir. Bu məntəqədə müharibə ərəfəsində 275 təsərrüfat olmaqla 1113 nəfər yaşayırdı. Qırmızı Bazar qəsəbəsi Xocavənd rayonunda ən strateji yaşayış məntəqələrindən biridir. Həm Xankəndiyə, həm Füzuliyə, həm də Xocavəndə gedən əsas yolun (R-31) buradan keçməsi hərbi baxımdan ərazini daha əhəmiyyətli edirdi. Azərbaycan Ordusu qəsəbəyə nəzarət vasitəsilə erməni qüvvələrinin təchizat yollarını kəsə, eləcə də paralel hücum təşkil edə bilərdi. Birinci Qarabağ müharibəsində də Azərbaycan bölmələri Qırmızı Bazarı ələ keçirmək istəsə də, buna müvəffəq olmamışdılar.

İkinci Qarabağ müharibəsində Qırmızı Bazar istiqamətində döyüşlər oktyabrın ortalarında başladı. İlk olaraq oktyabrın 16-da Qırmızı Bazarda D-30 haubitsalarının bütöv bir diviziyasına zərbələr endirildi. “ANNA-News” Teleqram kanalının hərbi müxbirləri Andrey Kamıjikin və Aleksandr Xarçenkonun çəkdiyi kadrlarda haubitsaların yüksək dəqiqliyə malik silahla məhv edildiyi müşahidə edilir. Azərbaycan bölmələri 26 oktyabrda Qırmızı Bazara iki istiqamətdə - Tağaverd və Şexer kəndləri ərazisindən yaxınlaşdı. Qırmızı Bazarın ələ keçirilməsi əməliyyatında Quru Qoşunları ilə yanaşı, Azərbaycan Respublikası DİN daxili qoşunlarının xüsusi təyinatlıları və Hərbi Dəniz qüvvələrinin xüsusi təyinatlıları iştirak edirdi[1].

Həmin döyüşlərdə iştirak etmiş erməni əsgər Hraç xatırlayır: “Oktyabrın 26-da Qırmızı Bazara gəldik. Döyüşlər 1 gün sonra başladı. Bizim taqım şiddətli döyüşlərin aparılacağı yerə yerləşdirilmişdi. Bizi silah və sursatla çox yaxşı təmin edirdilər. Bizim mövqelərimiz çox rahat idi. Biz təpədə idik, bütün vadini rahatlıqla görürdük. İlk gün bizim olduğumuz yerləri hər cür silahdan, o cümlədən qumbaraatanlardan, D-30-lardan, tanklardan atəşə tutdular. Düşmən qüvvələrimizi hesablamağa çalışırdı. İlk gün İsrailin “SandCat” zirehli maşını üzərimizə göndərildi. Azərbaycanlılar meşənin içərisindən hərəkət etməyə başladı. Komandirlərimizdən biri dedi: “Bu imitasiyadır, əsl hücum deyil. Siz ancaq avtomatdan atəş açın.” Biz maşını mövqelərimizə qədər ötürərək avtomatdan atəş açmağa başladıq və dörd nəfərin onu necə izlədiyini gördük. Onların hamısı istədiyimiz əraziyə çatanda ağır silahlarla ərazini vurmağa başladıq.” Həmin döyüşdə olan DİN daxili qoşunların xüsusi təyinatlı çavuşu Pərvin Şahməmmədov təxminən eyni mənzərəni qeyd edir: “Qırmızı Bazar tərəfdə bir-birinin ardınca 3 post var idi. İki postu azad edib, axırıncı posta girəndə meşədə mühasirəyə düşdük. Yuxarıdan durduğumuz yeri minaatanla vururdular. Bilmirdik ki, hansı tərəfdən gələn güllədən yayınaq. Birdən aşağıdan maşın səsi eşitdim, komandirə dedim, deyəsən, ermənilərin canlı qüvvəsi gəlir, postu gücləndirirlər. Sözümü yeni bitirmişdim ki, BMP atmağa başladı, meşəni darmadağın etdilər. Elə bir vəziyyətdə idik ki, başımızı qaldırıb, güllə də ata bilmirdik.”

Bu istiqamətdə güclü müqavimətə rast gələn Azərbaycan bölmələri hücumu dayandırmaq məcburiyyətində qaldı. Ərazidəki müqaviməti qırmaq üçün canlı qüvvələrin məhvinə yönəlik əməliyyat hazırlandı. Noyabrın 2-də Azərbaycan HHQ-si Qırmızı Bazardakı erməni bölmələrinə “TB-2” dronu ilə zərbə endirdi. Məktəb binasının həyətində toplaşan hərbçilərə endirilən zərbə (0:55-1:06) zamanı ən azı 10 nəfər öldürüldü. Azərbaycan bölmələri Qırmızı Bazarı azad etmək üçün bir daha noyabrın 8-də hücuma keçdilər. Azərbaycan MN həmin gün qəsəbədəki erməni mövqelərinə artilleriya zərbələrininin endirildiyini bildirmişdi. Həmin döyüşlərdə iştirak edən erməni əsgər Hraç xatırlayır: “Noyabrın 8-i idi. Mövqemiz çox rahat, demək olar ki, əlçatmaz idi. Bizə tərəf uçan güllələr ya bizə çatmırdı, ya da başımızın üstündən uçurdu. Səngərdə dörd nəfər idik və bir-birinin ardınca başımın üstündən iki TƏİR uçdu. Raketlər qarşımızdakı dərəyə düşdülər. Tağım komandiri ilə mən raketlərin haradan gəldiyini öyrənmək üçün kəndin kənarına keçdik. Oradan bir təpəyə çıxdıq. Onlar artilleriya ilə atəş açırdılar. Kompası götürdüm, komandiri çağırdıq və koordinatları müəyyənləşdirdik. Noyabrın 8-nə keçən gecə bu istiqamətdə düşmən artilleriyasınının xeyli hissəsini məhv etdik”.

Azərbaycan bölmələri ikinci hücum zamanı da ağır itkilər verdi və erməni hərbçilərinin müqavimətini qıra bilmədi. 1 gün sonra atəşkəsin imzalanması ilə Qırmızı Bazar təmas xəttinə çevrildi. Noyabrında 27-də çəkilən kadrlarda Azərbaycan bayrağının qəsəbənin təxminən 5 km cənubunda açıq sahədə basdırıldığı görünür. Hazırda Qırmızı Bazarda Rusiya sülhməramlılarının 10 nömrəli postu yerləşir.

 

Maçkalaşen (Cütçü) döyüşləri

Maçkalaşen rayon mərkəzi Xocavənddən 25, Xankəndidən isə 54 km məsafədə yerləşən böyük yaşayış məntəqəsidir. Kəndin 1128 hektar ərazisinin 925 hektarını kənd təsərrüfatı əraziləri, 144 hektarını isə meşə torpaqları təşkil edir. Bu kənddə müharibə ərəfəsində 146 təsərrüfat olmaqla 516 nəfər yaşayırdı. Maçkalaşen Qırmızı Bazar-Xocavənd istiqamətində əsas kəndlərdən biri idi. Bu kəndin alınması Azərbaycan bölmələrinə Qırmızı Bazara şərqdən yaxınlaşmağa, Çartar yolunu kəsərək operativ mühasirəyə almaq imkanı verirdi. Maçkalaşen uğrunda Birinci Qarabağ müharibəsi zamanı da döyüşlər olsa da, Azərbaycan Ordusu buranı ələ keçirə bilməmişdi.

Maçkalaşen uğrunda döyüşlər oktyabrın 27-də başladı. Həmin gün Füzulinin Qacar kəndinə daxil olan Milli Ordu bölmələri buradan və Şexer istiqamətindən Maçkalaşenə yaxınlaşdı, kəndin azad edilməsi ilə bağlı ilk görüntülər isə noyabrın 3-də yayımlandı. Kəndi 9-cu “DQR” Ordusunun 4-cü batalyonu müdafiə edirdi. Bu batalyona rəhbərliyi polkovnik-leytenant Arman Kostanyan həyata keçirirdi. Azərbaycan bölmələri kəndə hücum zamanı 152 millimetrlik 2A36 “Giasint B” topunu sıradan çıxara bilirlər.

Noyabrın əvvəlində kənd uğrunda gedən şiddətli döyüşlərdən sonra Azərbaycan Ordusu Maçkaleşenə daxil olmağı bacarır. Lakin noyabrın 7-də əks-hücumu saxlaya bilmir və 2 gün davam edən döyüşlərdən sonra noyabrın 9-da “Müdafiə Ordusu” bölmələri kəndi yenidən ələ keçirə bilirlər. Erməni mənbələri serjant Sumbat Snesunts və kiçik serjant Nairi Ohanyanın kənddə “DQR” bayrağını asdığını qeyd edir. Maçkalaşen döyüşləri zamanı kənddəki evlərin təxminən 20 faizi dağıldı. Bu məntəqə Azərbaycan Ordusunun Xocavəndin Martuni hissəsində ən güclü müqavimətə rast gəldiyi yerlərdən biri idi. Kənd uğrunda gedən döyüşlərdə müddətdən artıq hərbi qulluqçular Rail Ramazanov, Amrid Yunusov, Sarvan Şahbazov,Razik Salmanov,əsgərlər Orxan Şıxıyev, Rüstəm Eminli həlak oldu. Hazırda kənd təmas xəttində yerləşir və burada Rusiya sülhməramlılarının 12 nömrəli postu mövcuddur.

 

Xocavənd döyüşləri

Xocavənd İkinci Qarabağ müharibəsindən əvvəl Azərbaycanın Silahlı Qüvvələrinin nəzarət etdiyi ərazilərə ən yaxın mərkəzi şəhər idi. Bu istiqamətdə olan relyef şəhərə hücum etməyə imkan verirdi. Lakin ilk gündə və sonra aparılan döyüşlər hücumun əsas istiqamətinin digər ərazilər olduğunu göstərdi. Buna baxmayaraq, şəhər ilk günlərdə ağır şəkildə bombalandı. Xocavənd istiqamətində ilk döyüşləri “Martuni” alayının komandiri, polkovnik Qor İşxanyan belə xatırlayır: “Sentyabrın 27-də səhər saat 6:00-da gördüm ki, düşmənin üç tankı “Niva” markalı avtomobilin müşayiəti ilə ön müdafiə xəttinin altı kilometrliyində mövqe tutur. Bu üç tank kiçik bir hündürlüyün arxasında yerləşdiyi üçün onları ancaq stasionar kameralar vasitəsilə izləyə bilirdik. Mən qərara gəldim ki, bu tanklar mövqelərini dəyişirlər. Düşmənin texnikasını müşahidə edərkən birdən səmada altı ədəd “An-2” təyyarələrinin peyda olduğunu gördüm. Bu artıq müharibənin başlandığını göstərirdi. Mən müavinimi çağırıb alayın tam döyüş vəziyyətinə gətirilməsini əmr etdim. Müavinim mənə məlumat verdi ki, iki kazarma və yeməkxana düşmənin pilotsuz təyyarələri ilə bombalanıb, orada yaralananlar var. Buna baxmayaraq, biz təyin olunmuş vaxtda bütün alayı tam döyüşə hazır vəziyyətə gətirərək müdafiə mövqelərini tuta bildik.”

Sentyabrın 28-də şəhərə endirilən “Qrad” zərbələri nəticəsində elektrik yarımstansiyası və qaz xətti sıradan çıxarıldı.[2] Oktyabrın 1-də bu dəfə erməni bölmələri cavab olaraq “Qrad”dan atəş açdılar.

Növbəti 1 ay ərzində Azərbaycan bölmələri cənub sektorunda cəbhəni yararaq şimala doğru hərəkət etməyə başladılar. Füzuli şəhərinin oktyabrın 18-də azad edilməsindən sonra cəbhə xətti şimala doğru stabilləşdi. Azərbaycan bölmələri 12 gün davam edən ağır döyüşlərdən sonra[3] Xocavəndin cənubundakı Yuxarı Veysəlli və Zoravan kəndinə[4] yaxınlaşdılar[5]. Oktyabrın 30-da Yuxarı Veysəlli-Çartar-Xocavənd istiqamətində hərbi əməliyyatlar başlandı. Hərbi hissə komandiri müavini, polkovnik-leytenant Andrey Amzoyan xatırlayır: “Biz Martunidə (Xocavənd) idik. Batalyonlardan birinə ərazinin müdafiəsi üçün həlledici əhəmiyyət kəsb edən hündürlüyü saxlamaq tapşırığı verildi. Müdafiə zamanı batalyon bir gündə iki dəfə düşmən aviasiyasının hücumuna məruz qalmışdı. Bombardman zamanı xeyli itki və yaralı vermişdik, bun görə də geri çəkilməyə məcbur olduq. Həmin gün hündürlüyü saxlamaq üçün növbəti cəhdə rəhbərlik edəcəkdim. Lakin bizdən bir qrup hərbçimiz aralı düşmüşdü. Onların artıq dağda olub-olmadığını öyrənmək üçün ərazini araşdırmalı olduq. Qərara alındı ​​ki, mən, batalyona yeni təyin olunmuş komandir, polkovnik-leytenant Sedrak Vardanyan, hərbi hissənin qərargah rəisi Artem Qorqyan iki könüllü və iki əsgərlə dağa çıxaq. Hərbi hissənin komandiri Karo Qaribyan da bizimlə gəldi. Biz yolun yarısına çatanda hava qaralmışdı. Hərəkətimizi gördülər və artilleriyadan atəş açmağa başladılar. Bombalama dayananda məlum oldu ki, batalyonumuza yeni təyin olunmuş komandir və iki könüllü həlak olub. Üçümüz qalmışdıq. Biz aşağı düşdük. Yenidən cəhd etmək üçün səhəri gözlədik. Oktyabrın 31-i idi. Kiçik bir kəşfiyyat düşmənin artıq dağda olduğunu xatırlatdı. Təhlükəsizliyimizi düşünməyə belə vaxtımız yox idi. Nəyin bahasına olursa olsun, dağı saxlamaq istəyirdik. Biz gəlib əraziyə çatanda dağda hərəkətin müşahidə edildiyi barədə xəbərdar edildik. Maşına yaxınlaşan anda “Bayraktar” maşını vurdu. Əvvəlcə nə baş verdiyini anlamadım. Bütün formalarımız yanmışdı. Yanımda olan polkovnik-leytenant Hayk Kirakosyan yerindəcə həlak olmuşdu”.

Noyabrın 1-i2-si erməni bölmələri Yuxarı Veysəlli istiqamətdən Çartara, Zoravan istiqamətdən isə Xocavəndin cənubuna geri çəkilməyə başladı.

Noyabrın 3-də Xocavənd şəhərinin taleyini həll edəcək döyüş başladı. Həmin gün erməni müdafiə xəttini qırmaq üçün “Bayraktar TB-2” vasitəsilə düşmənin 2 ədəd T-72 tankı3 ədəd topu məhv edildi. Bundan başqa, Azərbaycan Ordusu Xocavəndin qərbində yerləşən silah-sursat anbarına zərbələr endirdi. 629,2 yüksəkliyindən ən az 2 “BMP” və 1 tank vasitəsi ilə hücuma keçən Azərbaycan bölmələri şəhərin cənubunda yerləşən 510 yüksəkliyi uğrunda döyüşdə ağır itkilər verərək geri çəkilməyə məcbur olurlar. Hücum zamanı, demək olar ki, bütün texnika məhv olur, onlarla hərbçi həlak olur. Dekabrın 2-də çəkilən kadrlarda ərazidə Azərbaycan hərbçilərinin cəsədlərinin qalıqlarını görmək mümkün idi. Bu döyüşdə ermənilər 1 tank və 9 hərbçi itirirlər. Həlak olanlar arasında mayor Georgi Petrosyan da vardı.

Uğursuzluğa baxmayaraq, Azərbaycan bölmələri noyabrın 7-də axşam saatlarında bir daha Xocavəndi azad etmək üçün hücuma keçirlər. Bu istiqamətdə müdafiə xəttini dağıtmaq üçün Azərbaycan HHQ-si noyabrın 8-i saat 14:00 radələrində Su-25 həmlə təyyarəsi və PUA-nın tətbiqi ilə Xocavənd şəhərinin cənub-şərqində yerləşən ön idarəetmə məntəqəsinə aviasiya zərbələri endirdi. Noyabrın 9-da isə Xocavənd şəhərinin ətrafında mövqe tutan erməni hərbçiləri perimetr boyu “Bayraktar TB-2” dronları vasitəsilə bombalandı. Erməni hərbçiləri çox böyük itkilərə məruz qalsa da, mövqelərini əldən vermədilər və müharibə Xocavəndin cənubunda yekunlaşdı. Müharibə ərzində Azərbaycan bölmələri Xocavənd şəhərinə yalnızca cənub istiqamətində və dağlıq ərazilərdən hücum həyata keçirdi. Azərbaycan hərbi komandanlığının şərq və şimaldakı düzən ərazilərdən hücuma keçərək Xocavənd-Ağdam yolunu (R-35) kəsməyə cəhd etməməsinin səbəbi indi də müəmmalı olaraq qalmaqdadır. Müharibədən sonra burada Rusiya sülhməramlılarının 13 nömrəli postu fəaliyyət göstərir.

 

İtkilər

Xocavənd döyüşləri “DQR” “Müdafiə Ordusu”nun İkinci Qarabağ müharibəsində ən ciddi itkilərə məruz qaldığı ərazilərdən biri idi. Qarabağ ermənilərinin müdafiə naziri Cəlal Harutyunyan məhz bu istiqamətdə gedən döyüşlərdə ağır yaralandı. Oktyabrın 27-də onun və bir neçə yüksək rütbəli hərbçinin olduğu avtomobil “Bayraktar TB-2” dronu tərəfindən Füzulinin Qobu Dilağarda və Dilağarda kəndlərinin arasında, R-35 yolunda hərəkət edərkən aşkarlandı. Avtomobil Xocavəndin girişindəki döngədə dron vasitəsilə vuruldu. Həmin anı Cəlal Harutyunyan belə xatırlayır: “Bu hadisənin xəyanət olduğunu hesab etmirəm. Düşmən fəal şəkildə mənim izimə düşüb zərbə endirməyə çalışmışdı. Digər tərəfdən, daimi şəkildə bunkerdə otura və döyüş meydanına getməyə bilməzdim. Həmin gün döyüş bölgəsinə 5-ci səfərim idi. Yola düşməzdən əvvəl bütün ehtiyat tədbirləri görülmüşdü. Telefonlar söndürüldü, əlaqə şifrələndi və digər avtomobildən istifadə edildi. Özüm sükan arxasında idim. Bununla belə, düşmənin mənim yerini öyrənmək üçün digər yollar tapdığını istisna etmirəm. Dronun avtomobilə yaxınlaşmasını telefonun səs-küyü və titrəməsindən hiss etdim. Maşında oturanlarla birlikdə tez tullandıq.” Zərbə nəticəsində Harutyunyan və digər 2 yüksək rütbəli yaralandı, avtomobil isə tamamilə yararsız hala düşdü. Müdafiə nazirinin yaralanması erməni ordusunda əhval-ruhiyyəni son dərəcə pisləşdirdi. Hadisədən dərhal sonra “DQR” lideri Arayik Harutyunyan Cəlal Harutyunyanın yerinə müdafiə naziri vəzifəsinə Mikael Arzumanyanı təyin etdi.

“Müdafiə Ordusu”nun digər ən ciddi itkisi də bu istiqamətdə gedən döyüşlərdə baş verdi. Müdafiə nazirinin müavini, polkovnik Artur Sərkisyan oktyabrın 25-də Xocavənddə gedən döyüşlər zamanı öldürüldü.

Azərbaycan HHQ-si xüsusilə oktyabrın sonu, noyabrın əvvəllərində ərazidəki erməni bölmələrinə ciddi itkilər yaşatdı. Oktyabrın 30-da Xocavəndin Quzumkənd (Kert) ərazisində yük maşınına endirilən zərbə (0:55-1:07) nəticəsində ən az 4 nəfər öldürüldü. Erməni ordusuna bu istiqamətdə ən ağır zərbələr isə müharibənin son günlərində endirildi. Bunu müharibə bitdikdən sonra verdiyi açıqlamada Dağlıq Qarabağ ermənilərinin lideri Arayik Harutyunyan etiraf edir: “Bir neçə gün ərzində biz özümüzü PUA-lardan qoruya bildik, lakin son iki gündə düşmən yeni texnologiyalar və ya yeni qurğular sayəsində yenidən erməni qoşunlarına ciddi ziyan vura bilib, nəticədə sadəcə bir gün əvvəl Martuni bölgəsində PUA zərbələri nəticəsində qoşunlar ağır itki verdi”.

Azərbaycan bölmələrinin də Xocavənd cəbhəsində itkiləri böyük idi. Ordu ən ciddi itkilərə Qırmızı Bazar, Maçkalaşen və Xocavənd şəhəri istiqamətində məruz qaldı. Ümumilikdə, Hadrut sektorundakı döyüşlərlə birlikdə Azərbaycan Ordusu 413 nəfər hərbçi itirdi. Bu hərbçilərin böyük əksəriyyəti Hadrut və onun kəndlərindəki döyüşlər zamanı həlak olmuşdu. Martuni alayının komandiri olmuş polkovnik Qor İşxanyan xatırlayır: “Müharibədən sonra həlak olan hərbçilərin meyitlərini dəyişdirən zaman azərbaycanlı zabitlərlə söhbət etmişdim. Onlar mənə heç yerdə Martunidəki qədər itki vermədiklərini demişdilər”. Azərbaycan Ordusunun cəbhənin Qırmızı Bazar-Xocavənd istiqamətində ən yüksək rütbəli hərbi itkisi polkovnik-leytenant Abakar Hacıyev və Hərbi Dəniz qüvvələrinin xüsusi təyinatlısı, kapitan-leytenant Fərrux Həşimov idi. Onların hər ikisi Qırmızı Bazar uğrunda gedən döyüşlərdə həlak olmuşdu. Bu qəsəbədəki döyüşlərdə Lerikin Kəlvəz kəndindən olan 2 qardaş - İman və Bəhrəm Məmmədzadə şəhid oldu. Azərbaycan Ordusunun Çağadüz-Xocavənd boyunca əsas texniki itkisi isə 4 tank, 5 “BMP”, 5 “SandCat” və Mi8/17 helikopteri idi.[1]

Ərazidə hərbi itkilərlə yanaşı mülki və jurnalistlərin xəsarət alması ilə nəticələnən hadisələr yaşandı. Azərbaycan Ordusunun hərbi əməliyyatlar zamanı hərbi obyektləri vurmağa çalışması səbəbilə ərazidə mülki itki minimal oldu. Belə ki, 1 aydan çox müxtəlif formada raket və mərmi zərbələri nəticəsində Xocavənd şəhərində 5 mülki şəxs həlak oldu. Müharibənin əvvəlində isə jurnalistlərin xəsarət alması ilə nəticələnən iki hadisə baş verdi. “Dojd” televiziya kanalının baş redaktorunun müavini Dmitri Yelovski sentyabrın 28-i və 29-da Xocavənd şəhərində olarkən atəşə məruz qaldı. Bu zaman Yelovskini müxtəlif avtomobillərdə səyahət edən xarici jurnalistlər, o cümlədən VII foto agentliyinin müxbiri və Livan jurnalistləri müşayiət edirdi. Şəhərin mərkəzində yerli sakinlə müsahibə zamanı reportyorların 50 metr yaxınlığına mərmi düşdü. Yaxınlıqdakı zirzəmidə gizlənən jurnalistlər zərər çəkmədi. Lakin eyni gün Fransanın “Le Monde” qəzetinin iki jurnalisti ağır şəkildə yaralandı və xəstəxanaya yerləşdirildi.

 

Nəticə

Beləliklə, Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində apardığı hərbi əməliyyatlar nəticəsində Xocavənd rayonunun təxminən 70 faizi azad edildi. Azərbaycan bölmələri keçmiş Hadrut rayonu üzərində tamamilə, Martuni rayonunun isə Şexer, Zərdanaşen, Çağadüz və Yuxarı Tağaverd kəndləri üzərində nəzarəti ələ keçirə bildi. Bundan başqa, Füzulinin keçmiş Martuni rayonu ərazisində yerləşən anklav kəndi Yuxarı Veysəlli əməliyyatlar nəticəsində azad olundu. Hazırda bu rayona daxil olan Qırmızı Bazar, Maçkalaşen, Çartar və Xocavənd təmas xəttində yerləşir. Ağdamın Azərbaycana qaytarılması ilə hazırda Xocavənd şəhəri və ətrafı faktiki yarımmühasirə vəziyyətində qalıb. Müharibədən sonra Rusiya sülhməramlıları Qırmızı Bazarda 6, Quzeyçartarda 7, Xocavənddə 8 nömrəli post qurdular. 1 mart 2021-ci ildə isə Xocavənd şəhərində modul tipli hərbi şəhərcik istifadəyə verilib.

Xocavəndin ermənilər yaşayan kəndləri ilə bağlı planların hələ açıqlanmaması bu ərazidəki yaşayışın gələcəyi ilə bağlı qeyri-müəyyənlik yaradır. Keçmiş Martuni rayonuna daxil olan etnik azərbaycanlılar yaşamış kəndlərin hamısı hazırda erməni bölmələrinin nəzarətində qalıb. Bu isə gələcəkdə məcburi köçkünlərin qarşılıqlı formada yaşadığı ərazilərə geri dönməsi üçün müəyyən imkanlar yaradır. Qeyd edilən təklif isə Ermənistan və Azərbaycan liderlərinin danışıqlarından asılı olaraq həll ediləcək.

 

 

İstifadə edilmiş ədəbiyyat

Velimamedov M. (2021) Karabakh war 1991-1994. Moscow: Editus

Velimamedov, M. (2019), Essays on the Karabakh War. LitRes: Samizdat

Zhirokhov, M. A. (2012). Seeds of Decay: Wars and Conflicts on the Territory of the Former USSR. BHV-Petersburg.

Melik-Shakhnazarov, A. (2009). Nagorno-Karabakh: facts against lies. Magic flashlight.

 


[1] Ermənilər burada Yaxın Şərqdən olan muzdluların da iştirakını iddia edir.

[2] Sentyabrın 29-da Azərbaycan MN Müdafiə mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı “RİA Novosti”-yə verdiyi müsahibədə Xocavənd rayonu ərazisində yerləşən üçüncü “Martuni” motoatıcı alayının tamamilə məhv edildiyini bildirmişdi. Bu xəbərin müharibədən sonra doğru olmadığı ortaya çıxdı.

[3] Bu döyüşlər gedən ərəfədə Xocavənd oktyabrın 23-ü intensiv atəşə məruz qaldı.

[4] Bu yaşayış məntəqəsi Birinci Qarabağ müharibəsindən sonra salınıb, lakin qısa müddətdən sonra qurumun reyestrindən çıxarılıb, məntəqə bəzən “Aşağı Çartar” kimi də qeyd edilir.

[5] Erməni hərbçiləri bu ərazini “Martuni-2” və ya ikinci müdafiə bölgəsi adlandırırdı.