Bağla

TƏHLİL

Azad Şuşa (birinci hissə): Qələbəyə gedən yol

08-11-2021, 06:29   2604
Azad Şuşa (birinci hissə): Qələbəyə gedən yol

Şuşa yerləşdiyi Qarabağ ərazisində strateji və coğrafi mövqe baxımından ən önəmli məntəqədir. Şuşanın strateji önəmi və etnik rəngarəngliyi bu şəhərin XX əsrdə üç dəfə, XXI əsrdə isə bir dəfə müharibə səhnəsinə çevrilməsinə səbəb olmuşdu. Sovet dövründə olduğu kimi, Çar Rusiyası dövründə də Qarabağın dağlıq hissəsində azərbaycanlıların sayca ən çox olduğu yaşayış məntəqəsi Şuşa idi. Şəhərin əsasını Qarabağ xanı Pənahəli xan qoymuş və bir müddət şəhər onun şərəfinə Pənahabad adlandırılmışdı.

Şəhər salınandan sonra bura öz rəiyyətindən olan azərbaycanlıları köçürən Pənahəli xan regionda təsirini artırmaq üçün Şuşanı əsas dayaq nöqtəsi kimi istifadə etməyə başladı. Türkmənçay müqaviləsinin imzalanmasından sonra tam olaraq Çar Rusiyası ərazisinə çevrilən Şuşada əhalinin çox hissəsi azərbaycanlı idi. 

Şuşa Çar Rusiyası dövründə çox sürətlə böyüyür və Yelizavetpol quberniyasında Gəncədən sonra ən böyük ikinci şəhərə çevrilir. 1905-ci ildə Rusiyadakı inqilab nəticəsində mərkəzi hökumətin regionlarda nəzarəti itirməsi Azərbaycanın digər şəhərləri ilə birlikdə Şuşada da ermənilər və azərbaycanlılar arasında toqquşmalara səbəb olur. Bu toqquşmalar 1917-1920-ci illərdə daha sıx formada davam edir. 1920-ci ilin martında şəhərdə baş verən erməni qiyamı Müsavat qoşunlarının sərt müdaxiləsi ilə yatırılır. Bu qiyamın yatırılması 10 mindən çox erməninin Şuşanı tərk etməsi ilə nəticələnir. Sovet dövründə də əhalinin milli nisbətində ciddi bir dəyişiklik baş vermir. Belə ki, 1979-cu ildə Şuşa şəhəri əhalisinin 85,5 faizini, 1989-cu ildə isə 98 faizini azərbaycanlılar təşkil edirdi. Azərbaycan və Ermənistan arasında başlayan Dağlıq Qarabağ münaqişəsi Şuşaya son 90 ilin üçüncü ağır zərbəsini vurur. Şuşa 1992-ci ildə erməni qoşunları tərəfindən işğal edilir və beləliklə, şəhərin azərbaycanlı əhalisi ordu ilə birlikdə regionu tərk etməyə məcbur qalır. Şuşanın itirilməsi Azərbaycan ictimaiyyətinə çox ağır formada təsir edir. Azərbaycanlılar şəhəri bu regiondan çıxan mədəni və siyasi xadimlərin çoxluğu, eyni zamanda strateji əhəmiyyəti ilə əsas mədəni mərkəz kimi görürdü. Bu səbəbdən 1994-2020-ci illərdə Ermənistanla Azərbaycan arasında baş verən bütün danışıqlarda Azərbaycan tərəfi hər zaman Şuşaya yerli əhalinin geri dönməsi məsələsini əsas şərt kimi irəli sürürdü.

Lakin 2019-cu ildən etibarən Ermənistan siyasi dairələrində Qarabağla bağlı maksimalist siyasəti Azərbaycan və Ermənistan arasında mümkün sülhün üzərindən xətt çəkdi. Xüsusən Ermənistanın baş naziri Nikol Paşinyanın 2019-cu ilin mayında Şuşadakı nümayişkəranə rəqsi azərbaycanlıların heysiyyatını təhqir etməyə yönəlmişdi. Bu rəqsdən bir il sonra, 2020-ci ilin may ayında keçirilən seçkilərdə qalib gələn Arayik Arutyunyan inauqurasiya mərasimini məhz Şuşada keçirmişdi. Eyni zamanda, həmin gün Arutyunyan qondarma paytaxtın növbəti ildə Şuşaya köçürülməsi barədə təklif vermişdi. Müharibənin başlanmasından 8 gün əvvəl isə “DQR”nin paytaxtının 2022-ci ildə Xankəndidən Şuşaya köçürüləcəyi barədə qərar qəbul edilmişdi. “DQR”nin lideri Arayik Arutyunyan bu barədə Feysbuk səhifəsində yazırdı: “Şadam ki, bir neçə həftə əvvəl parlament tribunasından verdiyim təklifimə cavab olaraq “Azad vətən” və “Ədalət” fraksiyalarından artıq müsbət cavab almışam. Düşünürəm ki, digər fraksiyalar da öz həmkarlarının mövqeyinə qoşulacaqlar. Şuşada artıq yeni parlament binası tikilir. Hesab edirəm ki, paytaxtın Şuşaya köçürülməsi həm siyasi, həm də simvolik məna daşıyacaq”. Bu qərar 1 həftə sonra başlayan hərbi əməliyyatlara görə reallaşmadı.

27 sentyabrda başlayan hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusunun ən əsas hədəfi Şuşanı ələ keçirmək idi. Bunu Prezident İlham Əliyevin oktyabrın 16-da Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində müxbirin sualına verdiyi cavabdan müəyyənləşdirmək olurdu: “İstiqamət hər tərəfdir. Ancaq siz də yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edibdir. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar”.

Hadrut-Şuşa və Laçın-Şuşa istiqamətində döyüşlər

Hadrut ələ keçirildikdən sonra Azərbaycan Ordusu oktyabrın 15-dən etibarən şimal istiqamətində əməliyyatlara başladı. Bu istiqamətdə Azərbaycan Ordusu ən güclü müqavimətə Tuğ kəndində rast gəldi. Azərbaycan bölmələri Hadrutun şimal-şərq istiqamətində yerləşən Düdükçü kəndini ələ keçirdikdən sonra oktyabrın 17-də hərbçilərin Mamedzor olaraq tanıdığı Məmməddərə kəndinə gəlib çatdı. Tuğun cənub-şərqində yerləşən bu ərazi uğrunda 4 gün davam edən ağır döyüşlərdə ciddi itki verən Azərbaycan bölmələri oktyabrın 21-də Tuğa yaxınlaşdı. Burada baş verən döyüşlərdə Azərbaycan xüsusi təyinatlılarının polkovnik-leytenantı Anar Əliyev və kapitan Rəşad Əliyev həlak oldu. Tuğ uğrunda 3 gün davam edən döyüşlərdən sonra kənd ələ keçirildi. Tuğu nəzarət altına alan Azərbaycan bölmələri bu ərazidən Böyük Tağlar kəndində yerləşən erməni qüvvələrini “Smerç” raketləri ilə ağır formada bombaladı. Bu istiqamətdə erməni qüvvələri çox böyük itki verdiyi üçün kəndi döyüşmədən tərk etdilər. Oktyabrın 21-dən 29-a qədər olan döyüşlərdə Hadrutun şimal istiqamətindəki bütün vadi (Tsakuri, Ataqut, Tuğ, Azıx, Böyük Tağlar, Zoğalbulaq kəndləri) Azərbaycan Ordusunun nəzarətinə keçdi. Azərbaycan bölmələri Şəhər kəndini də ələ keçirərək Hadrutdan Qırmızı Bazara gedən Y28-06 yoluna tam nəzarəti ələ keçirdilər, lakin strateji əhəmiyyətli Füzuli-Qırmızı Bazar-Xankəndi (R-31) yolunu ələ keçirmək mümkün olmadı. Oktyabrın 29-da Azərbaycan bölmələrinin Qırmızı Bazara ilk hücumu uğursuz alındı. Uzaqdan çəkilən görüntülərdə erməni bölmələrinin TƏİR ilə hücuma keçən Azərbaycan qüvvələrinə məxsus zirehli maşını vurması müşahidə olunurdu. Qırmızı Bazar qəsəbəsi güclü qorunduğu üçün Şuşaya birbaşa meşə istiqamətindən hücum qərarı verilmişdi. Plana görə, Böyük Tağlar-Sığnaq kəndi istiqamətindəki 30 kilometrlik meşəlik ərazidə irəliləyən Azərbaycan XTQ-nin arxasınca mühəndis-istehkam qoşunları yol çəkməli və ordu bölmələri şimal istiqamətinə çəkilməli idi. Sağ cinahı qorumaq üçün ordu eyni zamanda Qırmızı Bazar və Tağaverd istiqamətində imitasiya xarakterli hücumlar təşkil etməyə başladı. Polkovnik Ceyhun Bağırov həmin günləri belə xatırlayır: “Ermənilərin heç ağıllarına da gəlməzdi ki, biz meşələrlə irəliləyirik. Onlar bizi şiddətli döyüşlərin getdiyi başqa istiqamətdə gözləyirdilər. O istiqamətdən də bizim qoşunlarımız irəliləməyə çalışırdı, şiddətli hücum görüntüsü yaradırdı. Həmin vaxtlar isə əsas zərbə qruplaşması meşələrlə irəliləməkdə idi. Üç gün ərzində buldozerlərlə və əlimizlə bu yolu aça bildik. Erməni tərəfi bir də onda ayıldı ki, Azərbaycan qoşunları Çanaqçının bir neçə kilometrliyinə, meşəli çöllərə gəlib çatıb. Lakin iş-işdən keçmişdi. Onlarla kilometr yolu yolsuzluq şəraitində keçən Azərbaycan bölmələri artilleriya qurğularını artıq Çanaqçı ətrafına çəkə bilmişdi”.

Oktyabrın 29-da mühəndis-istekamçılar Böyük Tağlardan yol çəkməyə başlayanda kiçik qruplara bölünən Azərbaycan xüsusi təyinatlıları Çanaqçı, Sığnaq və Ağbulaq kəndlərinə yaxınlaşaraq bu istiqamətlərdə döyüşlərə girdi. Əsas zərbə qruplaşmasını cinahlardan qorumaq üçün meşənin dərinliklərində gizlənən və PUA-ların gözündən yayına biləcək ərazilər yandırıcı maddələrlə bombalanmağa başladı. Oktyabrın 30-da “Sentinel” peykindən çəkilən görüntülərdə zərbə qruplaşmasının şərqində yerləşən Çağadüz, Tağaverd kəndləri istiqamətində meşələrin yanması müşahidə edilirdi. Oktyabrın 30-da Azərbaycan bölmələri Sığnaq kəndi yaxınlığında Ermənistan ordusuna məxsus raket-artilleriya anbarına zərbə endirdi. Bu anbarlarda ağ fosfor saxlandığı üçün ərazidə böyük yanğın başladı. Ermənistan tərəfi bu yanğını əsas gətirərək Azərbaycan Ordusunu ağ fosfordan istifadədə günahlandırsa da, bir gün sonrakı görüntülərdə yanğının erməni anbarlarında baş verməsi təsdiqləndi. Dağlarla Şuşaya doğru irəliləyən Azərbaycan bölmələri cinahları hücumdan qorumaq üçün Çanaqçı, Sığnaq istiqamətində hücuma keçdi. Oktyabrın 29-da ələ keçirilən Çanaqçı kəndinin görüntüləri 5 noyabrda yayımlandı, 2 gün sonra isə Azərbaycan bölmələri Sığnaq kəndinə daxil oldu.

Azərbaycan Ordusunun Şuşaya hücumunun ikinci istiqaməti isə Laçın idi. Oktyabrın 22-də Azərbaycan bölmələri Laçın istiqamətinə hücuma başladı və həyati əhəmiyyətli Laçın dəhlizinə 10 kilometr məsafəyə qədər yaxınlaşdı. Dəhlizin itirilməsi Ermənistanın Dağlıq Qarabağdakı qüvvələrə dəstək verməsini qeyri-mümkün etmə potensialı daşıdığına görə erməni ordusu təzyiqi Laçın dəhlizindən yayındırmaq məqsədilə əks-hücuma keçdi. Bu istiqamətdəki hücumlarda erməni ordusu sıx meşəlik ərazilərdə əsas təchizat yollarında pusqu qurdu, hətta Azərbaycanın yeddi BTR-70 zirehli transportyorunu ələ keçirə bildi. Oktyabrın 26-sında Laçının Səfiyan kəndindən şimal-şərq istiqamətində hücuma keçən Azərbaycan bölmələri 2 gün ərzində Aşağı Fərəcan, Arpagədik və Petrosaşen kəndlərini ələ keçirsə də, Çaylaqqala kəndində ağır itki verərək geri çəkildilər. Noyabrın 6-da Ermənistan MN Laçının bir neçə kilometrliyində pusquya düşmüş Azərbaycan bölmələrinə məxsus səhra və zirehli maşınların videosunu yayımladı. Bu hücum zamanı Azərbaycan bölmələri ən az 5 əsgər itirmişdi. Videonun dəqiq nə vaxt çəkildiyi isə məlum deyildi. Laçın dəhlizi çox güclü qorunduğu üçün Azərbaycan əsgərləri dağlarla hərəkət edərək Şuşa-Laçın yolunu ən zəif müdafiə olunan hissədən kəsməyi qərara aldı. İtkilərə baxmayaraq, Azərbaycan bölmələri Laçının Səfiyan, Qubadlının Xəndək və Muradxanlı kəndlərindən şimal-şərqə doğru dağlarla hərəkət edərək noyabra qədər Turşsunun yaxınlığındakı Köhnəkənd və Qışlaq kəndlərini nəzarətə götürdülər. Bu kəndlərin Azərbaycan Ordusunun nəzarətində olması noyabrın 5-də təsdiqləndi. Əvvəlcə erməni hərbçilər dağlarda “azərbaycanlılardan ibarət kiçik təxribat dəstələrinin” fəaliyyət göstərdiyini və onların məhv edilməsi barədə əməliyyat keçirildiyini bəyan edirdilər. Lakin oktyabrın 29-da Dağlıq Qarabağın de-fakto erməni rəhbərliyi vəziyyətin nə dərəcədə təhlükəli olduğunu qəbul etməyə başladı. Həm Laçın istiqamətindən, həm də Hadrutdan Şuşaya yaxınlaşan ordunun yaratdığı təhlükəni yaxşı başa düşən Arayik Arutyunyan 29 oktyabrda erməni xalqına müraciət etdi: “Düşmən hazırda Şuşadan bir neçə kilometr, maksimum 5 km uzaqlıqdadır. Düşmənin hazırda istəyi Şuşanı tutmaq və ona hakim olmaqdır. Hamı bilir ki, Şuşanın sahibi olan Qarabağın da sahibidir. Mən istəyirəm ki, hamımız bu məqamı dərk edək və bunu təkcə sözdə deyil, Şuşanın müdafiəsində bilavasitə iştirak etməklə göstərək. Bu müraciətim təbii ki, panikalı çıxış deyil. Qələbəyə heç vaxt olmadığı qədər inanıram. Bir neçə gündən sonra biz cəbhədə sıçrayış edib düşməni Şuşanın qapısında cəzalandırmalıyıq. Gəlin hamımız birləşək, birlikdə mübarizə aparaq”. Bu müraciət edilən gün Daşaltının cənub-şərqində Azərbaycan bölmələrinin hücuma hazırlaşdığı istiqamət müəyyən edilir və ərazi bombalanır.

“DQR” prezidentinin müşaviri David Babayan verdiyi açıqlamada bildirirdi: “29 oktyabrda Şuşadan bir neçə kilometr aralıda Azərbaycan tərəfi külli miqdarda hərbi texnika, raket sistemləri və digər silahları toplayıb hücuma hazırlaşırdı. Azərbaycan Ordusunun bu istiqamətdə hücumuna imkan verilməyib və qarşı tərəf bu istiqamətdə çoxlu sayda hərbi texnika ilə yanaşı, xeyli canlı qüvvə itirib. Beləliklə deyə bilərik ki, Şuşaya edilən ilk hücum faktiki olaraq dayandırıldı”. İtkilərə baxmayaraq, Azərbaycan bölmələri oktyabrın sonunda Daşaltı kəndinə yaxınlaşdı. Oktyabrın 31-də rus hərbi müxbir Aleksandr Xarçenkonun çəkdiyi kadrlar artıq döyüşlərin Sığnaq-Daşaltı istiqamətində - Hunot kanyonunda başladığını göstərirdi. Xarçenkonun həmin gün Daşaltının cənub-şərq istiqamətində çəkdiyi digər kadrlarda isə erməni ordusu Azərbaycan xüsusi təyinatlıları qarşısında geri çəkilir. Beləliklə, Hadrutun ələ keçirilməsindən 16 gün sonra Azərbaycan bölmələri Şuşanın qapısı qarşısında dayanmış və noyabrın 1-dən etibarən Şuşa uğrunda döyüşlər başlamışdı.

Şuşanın azad edilməsi

Azərbaycan bölmələri ilə erməni ordusu arasında noyabrın 1-də Daşaltı uğrunda amansız döyüş başladı. Cinahlardan hücuma keçən Azərbaycan bölmələri 2 gün davam edən döyüş zamanı Daşaltını mühasirəyə almağı bacardı. Lakin Şuşada artilleriya ilə dəstəklənən erməni ordusu mühasirəni yararaq dəstələrin bir qismini Daşaltıdan çıxara bildi. Sığnaq istiqamətindən əlavə qoşunların cəlb edilməsi ilə təzyiqə davam gətirməyən erməni ordusu noyabrın 4-də Daşaltıdan çıxdı. Daşaltı döyüşlərində Naxçıvan xüsusi təyinatlıları fərqlənir. Naxçıvan Xüsusi Təyinatlılarının polkovniki Tehran Mənsimov döyüşləri belə xatırlayır: “Şuşaya gedən yol var. Həmin yol açılmadığına görə, orada mürəkkəb, qızğın döyüşlər gedirdi. Düşmən bütün gücünü həmin əraziyə cəlb etmişdi. Minalanmış sahələrdə canlı qüvvə və zaman itkisinə yol verməmək üçün bizə yeni tapşırıq gəldi. Əlavə olaraq, 3 briqada mənim tabeçiliyimə verildi. Xüsusi təyinatlılara şərait yaratmaq üçün Daşaltı bölgəsini nəzarətə almalı, oradakı düşmən qüvvələrini məhv etməli idik. O vaxta kimi xüsusi təyinatlılar Şuşaya girəcəkdilər. Onlar meşədən keçib Şuşaya girənə qədər döyüşüb düşməni öz üzərimizə çəkməli idik. Həmin gün şəhidlərimizin qanı bahasına hədəfə çatdıq və noyabrın 4-də Daşaltını işğaldan azad etdik. Sonrakı günlərdə də düşmənin saysız əks-hücumlarını dəf etdik.”

Laçın istiqamətindən şimala doğru hərəkət edən Azərbaycan bölmələri isə 3 gün ərzində Böyük Kirs dağını keçərək Laçın-Şuşa yolunu Turşsu-Daşaltı istiqamətində yerləşən hissəsində kəsə bildi. Beləliklə, noyabrın 4-də Ermənistanı Dağlıq Qarabağa bağlayan əsas yol Azərbaycan Ordusunun nəzarətinə keçdi. Elə həmin gün “DQR” rəhbərliyi Laçın-Şuşa yolunun bağlı olduğunu bildirdi. Erməni ordusu dərhal yolu açmaq üçün əraziyə dəstələr göndərsə də ağır döyüşlər zamanı Azərbaycan bölmələri mövqelərini qorumağı bacardı. Erməni ordusu yolu açmaq üçün döyüşlərdə müharibə ərzində ilk dəfə olaraq müasir drondan istifadə etdi. Noyabrın 4-də Azərbaycan bölmələri Şuşa-Laçın yolunda hərəkət edərkən Ermənistana məxsus “Orlan-10” dronları ilə müşahidə olundu. Daşaltı kəndindən cənub-qərb istiqamətdə hərəkət edən bölmələr koordinatları bəlli olduğu üçün bombalandı. Bu istiqamətdə Azərbaycan bölmələri itkilərə məruz qaldı. Azərbaycan bölmələri itkilərə baxmayaraq, mövqeləri əldən vermədi və Laçın-Şuşa istiqamətində şimala doğru hərəkət etməyə başladı. Həmin günlərdə rusiyalı polkovnik İqor Strelkov bu istiqamətdə gedən döyüşlərin artıq müharibənin taleyini həll etdiyini bildirirdi: “Azərbaycan Ordusu Laçın-Şuşa yolunu ələ keçirdi və beləliklə Şuşadan şərqdə bütün erməni dəstəsinin təchizatını kəsdi. Yəni, indi onların Laçın dəhlizini ələ keçirməsinə heç bir ehtiyac yoxdur. Bir müddətdən sonra Ermənistan silahlı qüvvələri sursat, yanacaq-sürtkü materialları və ərzaq qıtlığı yaşayacaq. Hazırda onların yolu açması üçün 3 gün vaxtı var. Müdafiə Ordusu Ağdam, Xocavənd istiqamətindən Şuşaya kömək göndərə bilmir. Şuşa süqut etsə bir həftəyə qədər Azərbaycan Ordusu bütün Qarabağı ələ keçirəcək.”

Laçın-Şuşa yolunun bağlanması ilə 80 nəfərə qədər xarici jurnalist Dağlıq Qarabağda ilişib qalmışdı. Həmin jurnalistlərdən biri Adrian Hartrik həmin günləri belə xatırlayır: “Biz Şuşada olanda yolun kənarındakı erməni əsgərlərinin səngər qazdıqlarını görürdük. Şuşanın cənubunda sıldırım vadinin o tayındakı meşələr yanırdı. Çox güman ki, Azərbaycan Ordusu PUA-lardan qorunmaq üçün sıx meşələrdə gizlənən və irəliləyən XTQ üzvlərinə pusqu quran erməni dəstələrini məhv etmək üçün buralara fosforlu bombalar atmışdı. Noyabrın 3-ü idi. Azərbaycan qoşunlarının yaxınlığı Şuşadakıları, eləcə də yaxınlıqdakı paytaxt Xankəndi əhalisini narahat etsə də, bizim çoxumuz hesab edirdik ki, bu, erməniləri təqib etmək üçün göndərilmiş kiçik təxribat dəstələridir və onlar ciddi təhlükə sayıla bilməz. Lakin vəziyyət bizim güman etdiyimizdən çox fərqli idi. Ertəsi gün səhər saatlarında bizə məlumat verdilər ki, Şuşa ətrafında toqquşmalar nəticəsində getdiyimiz yol erməni qoşunları tərəfindən bağlanıb. Yeganə təhlükəsiz giriş-çıxış olan Laçın dəhlizi kimi tanınan bu yolun bağlanması ilə faktiki olaraq Qarabağda ilişib qalmışdıq. Əvvəlcə bizə bildirdilər ki, erməni qüvvələri Azərbaycan xüsusi təyinatlılarını bu ərazidən çıxarmaq üçün əməliyyata başlayıb. Gündüz atışma getdikcə daha da şiddətlənirdi. Şuşa istiqamətindəki Azərbaycan bölmələrinin düşünüldüyündən daha böyük sayda olması barədə şayiələr yayılmağa başladı. Şəhərdəki erməni məmurların və mülki şəxslərin simasında tutqun bir ifadə görünməyə başlamışdı. Mən hiss etməyə başlamışdım ki, müharibə Xankəndinə yaxınlaşır.”

Noyabrın 4-də Şuşanın cənubundakı dağları ələ keçirən Azərbaycan bölmələri noyabrın 5-nə keçən gecə Şuşanın ətrafında manevr etməyə başladı. Həmin andan etibarən erməni xüsusi təyinatlıları şəhərə yaxınlaşan ordunu geri oturtmağa çalışsa da, bu onlara müyəssər olmadı. Noyabrın 5-də artıq Azərbaycan bölmələri Şuşanın cənubundakı yüksəkliklərə qalxmağa başladılar. Şuşa uğrunda müharibənin kritik anında “DQR” rəhbərliyi ilə Ermənistan hökuməti arasında ciddi fikir ayrılığı başlamışdı. “DQR” rəhbərliyi Şuşada döyüşlərin başladığını qəbul etsə də, Ermənistan MN mətbuat katibi Şuşan Stepanyan noyabrın 5-də Turşsu və Daşaltıya yaxınlaşan dəstənin kiçik diversiya qrupunun olduğunu, hazırda gedən döyüşlərdə Azərbaycanın nizami ordusunun iştirak etdiyini bildirməyin doğru olmadığını qeyd edirdi. Erməni mənşəli media maqnatı Aram Qabrelyanovun qurucusu olduğu “WarGonzo” layihəsinin hərbi müxbiri Semyon Peqovun noyabrın 5-də çəkdiyi kadrlar isə erməni ordusunun çarəsiz durumda qaldığını göstərirdi. Həmin gün Peqov M-12 yolundan reportaj hazırlayarkən Azərbaycan xüsusi təyinatlıları Laçın-Şuşa yolunun cənub-qərb tərəfindəki vadi istiqamətindən atəş açırdı. Bu zaman Peqov və erməni yunan-roma güləşçisi Mihran Arutyunyan ərazidən uzaqlaşırdılar.

Polkovnik İqor Strelkov “Rusiyanın maraqları” verilişində Semyon Peqovun Şuşa ətrafında Azərbaycan XTQ-inin məhv edilməsi haqqında reportajına ironik yanaşırdı: “Mən Semyon Peqovun reportajlarına baxıram. O, daim Azərbaycan xüsusi təyinatlıların məhv edilməsi və mühasirəyə alınması haqqında hekayələr danışır. Onun çəkiliş apardığı ərazilər günü-gündən Şuşaya yaxınlaşır, elə dünən Şuşanın kənarında xüsusi təyinatlıların məhv edilməsindən danışırdı. Başa düşürəm ki, Peqov erməni nağıllarını danışmasa ermənilər onu sadəcə olaraq heç yerə buraxmazlar. Əslində amma ermənilər şərqə doğru geri çəkilirlər. Şuşaya gedən yol kəsilib, görünür ki, açılmayacaq. Yaxın bir neçə gün ərzində yolu aça bilməsələr çox güman ki, hər şeyi itirəcəklər. Azərbaycan Ordusunun irəliləmə tempini nəzərə alsaq yaxında Şuşa və Xocavəndi ələ keçirəcəklərini güman etmək olar. Xocavənd ələ keçirilsə Şuşaya gedən bütün yol azərbaycanlılar tərəfindən tez bir zamanda təmizlənəcək və onlar şərq istiqamətdən də Şuşanı bloklayacaqlar. Bu isə son deməkdir”.

Şuşa döyüşləri zamanı şəhərin müdafiəsinə rəhbərliyi Ermənistanın eks MTX rəisi Argişti Kərəmyan edirdi. Hərbçi olmayan Kərəmyanın Şuşanın müdafiə komandiri təyin edilməsi “DQR” hərbçiləri arasında ciddi narazılığa səbəb olmuşdu. Müdafiə Ordusunun yeni təyin olunmuş komandiri Mikael Arzumanyan Arayik Arutyunyana bununla bağlı etiraz etsə də, sonuncu bu qərarın Nikol Paşinyan tərəfindən verildiyini bildirmişdi. Azərbaycan Ordusu Şuşaya yaxınlaşan zaman Kərəmyan noyabrın 5-də inkassator avtomobilinə minərək Şuşanı tərk etdi. Noyabrın 5-də Kərəmyanın Şuşanı tərk etməsindən sonra şəhərin müdafiəsi Seyran Ohanyana tapşırıldı. Bu barədə Arayik Arutyunyan həmin gün Şuşada olarkən məlumat verirdi: “Əziz həmvətənlər, bu gün mən Şuşada oldum, şəhərin müdafiəçiləri ilə görüşdüm və düşmənin çoxsaylı qüvvələrinə qarşı mübarizəmizin strategiyasını yerində müzakirə etdim. Şuşa şəhəri öz mənəvi-mədəni dəyərləri və adət-ənənələri ilə əcdadlarımızdan aldığımız və eyni erməni ruhu ilə nəsillərimizə ötürməli olduğumuz ən böyük miraslarımızdan biridir. Buranın müdafiəsinə görə erməni xalqının sadiq oğlu, general-polkovnik Seyran Ohanyana xüsusi təşəkkür edirəm”. Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan Qarabağda son döyüşlər zamanı Şuşanın müdafiəsi üzrə əməliyyata rəhbərlik etməsi ilə bağlı yayılan xəbərləri isə təkzib etdi: “Öz təşəbbüsümlə Şuşaya getmişəm və Müdafiə Ordusu komandanlığı ilə əlaqəm olmayıb. Şuşada partizan dəstəsi yaratmağa kömək etdim. 16 nəfər arasında arasında ən yaşlı mən idim. Noyabrın 5-də bizi üç istiqamətdən mühasirəyə aldılar. Döyüşdə həlak olan keçmiş köməkçilərimdən ikisi Sergey Ayrapetov və Vahe Sirunyanın sayəsində mühasirəni yara bildik. Əsgərlər bir neçə dəfə yaşıma görə mənim şəhərdən çıxmağımı təklif etdilər. Ancaq qalmağa qərar verdim. Sonra düşmən mənim olduğum komanda məntəqəsini tapdı. Məntəqəni tərk etmək qərara alındı və səhər noyabrın 6-da biz Şuşanı tərk etdik”.

Noyabrın 5-də axşam saatlarında Azərbaycan xüsusi təyinatlıları əsas yola çıxaraq Şuşanın müdafiəsinə kömək etməyə çalışan əlavə qüvvələrin qarşısını kəsə bildi. Bu, demək olar ki, heç bir yardımın Şuşaya çatmayacağı anlamına gəlirdi. Beləliklə, noyabrın 5-də şəhər üç əsas istiqamətdən əhatəyə alınmağa başlandı. Daşaltı istiqamətindəki Azərbaycan əsgərləri isə Şuşaya gedən əsas yola birbaşa çıxışı təmin etdilər. Eyni zamanda Xankəndidən Şuşaya kömək gəlməməsi üçün bu istiqamətdə olan qüvvələr BM-21 (“Qrad”) raketləri ilə ağır formada bombalanmağa başlandı. Şuşanı 2000-ə yaxın erməni ordusu müdafiə edirdi. Onların əsas hissəsi isə Xankəndidən Şuşaya gedən yol üzərində mövqelənmişdi və Azərbaycan bölmələrinin əsas zərbəsini burada gözləyirdilər. Azərbaycan hərbi rəhbərliyi isə şəhəri əsas yoldan yox, sıldırım olan hissədən almağı planlamışdı. Sıldırım olan hissələrdə erməni ordusu az qüvvə saxlamışdı və buradan hücumun olacağını hesablamamışdı. Şuşa döyüşlərinin veteranı Alik Məmmədov Şuşaya ordunun daxil olmasını belə xatırlayır: “500 erməni bölməsinin biz daxil olan tərəfdə olduğu məlumatını əldə eləmişdik. Ən az sayda bu tərəfdə yerləşmişdilər, başqa mövqelərində ağır artilleriya və canlı qüvvə sayı buradakından azı üç dəfə çox idi, çünki onlar bizim oradan, yollardan hücum edəcəyimizi güman edirdilər. Heç bir insanın ağlına gəlməyəcəyi sıldırımları dırmaşıb, döyüşə artilleriyasız girəcəyimizi düşünmürdülər. Nəinki onların, heç kəsin ağlına gəlməzdi ki, biz bıçaqla Şuşanı almağı düşünürük. General Hikmət Mirzəyevin düzgün döyüş tapşırığı, düzgün koordinatları olmasaydı məhv ola bilərdik. Amma hər şey zərgər dəqiqliyi ilə ölçülüb-biçilmişdi. Biz qayaları dırmaşıb, əlbəyaxa döyüşə girdik. Yaxın istiqamətdə bıçaq zərbəsi endirirdik. Onların arasına düşən panika belə general tərəfindən hesablanmışdı, panika yaranan kimi tapşırıq əsasında hərəmiz dəstə-dəstə əks istiqamətlərdə dağılışdıq.”

Azərbaycan xüsusi təyinatlıları dəstələrə ayrılaraq noyabrın 6-da Şuşanın qərb istiqamətində bir neçə yerdən Şuşaya qalxmağa başladılar. Erməni qüvvələrinin ən çox mövqe aldığı Şuşa-Xankəndi istiqamətindəki dəstələrin Şuşada yerləşən ermənilərə kömək etməyinin qarşısını almaq üçün quru qoşunları şəhərin ətrafı boyunca həm şərq, həm də qərb istiqamətdən şimala doğru eyni anda hücuma keçdi. Şəhərə qalxan birinci qrup zirvəyə bir neçə metr qalmış döyüşə girdi. İlk qalxış zamanı xüsusi təyinatlılar içərisində ölən və yaralananlar var idi. Yaralı olanların bir qismi isə buna baxmayaraq yuxarı qalxmağa davam etdi. Birinci dəstədən sonra bir-birinin ardınca digər dəstələr də Şuşanın qərb istiqamətindən şəhərə qalxmağa başladı. Yaralı halda üzərilərinə hücum edən əsgərlərdən qorxan erməni dəstələri arasında panika düşdü. Erməni dəstələri arasına düşən həmin panika Xankəndidə olan “Le Monde” qəzetinin jurnalistləri tərəfindən də qeyd edilmişdi: “Azərbaycan Ordusu əsas hədəfi olan Şuşaya gəlib çatdı. Şuşanı müdafiə edən erməni bölmələri pərən-pərən salınıb. Təcili tibbi yardım maşınları bir-birinin ardınca onlarla yaralı əsgəri Xankəndi xəstəxanasına gətirir. Digər əsgərlər isə ümidsiz şəkildə Şuşadan Xankəndiyə gəlib və onların geri dönüb döyüşəcəyi bilinmir. Bu döyüşlərin həlledici anına bənzəyir. 6 noyabrdan etibarən döyüş Azərbaycan qüvvələrinin xeyrinə dəyişməyə başlayıb.” 6 noyabr axşam saatlarında xüsusi təyinatlılar Şuşa şəhərinin qərb istiqamətində erməni qoşunun müqavimətini qıraraq şəhərə daxil oldular. Daşına bilən yüngül silahları olan Azərbaycan XTQ-i erməni ordusunun şəhər içində yerləşdirdiyi bir neçə tankını və BMP-lərini reaktiv qumbaraatanlardan və tank əleyhinə idarə olunan raketlərdən istifadə edərək məhv etdi. Beləliklə, noyabrın 7-də gecə Azərbaycan xüsusi təyinatlıları Şuşanın böyük bir hissəsini öz nəzarətinə keçirməyi bacardı.

Erməni ordusunun əks-hücumu və müharibənin bitməsi

Şuşa əməliyyatı zamanı hava buludlu olduğu üçün Azərbaycan hərbi rəhbərliyi şəhərdə olan xüsusi təyinatlılara istənilən dəstəyi verə bilmirdi. Əməliyyatın çətinliyi təkcə dronlarla deyil, eyni zamanda digər qoşun növlərinin şəhərdəki döyüşçülərə istənilən yardımı göstərə bilməməsi ilə izah oluna bilər. Bu barədə müdafiə naziri, general-polkovnik Zakir Həsənov bunları deyir: “Şuşa əməliyyatının təşkilində bizim bir neçə çətinliyimiz var idi. Bu ondan ibarət idi ki, artilleriyadan güclü istifadə edə bilməyəcəkdik. Doğrudur, biz Şuşa ətrafında olan Ermənistan qoşunlarını artilleriyadan darmadağın etdik və onlar həm canlı qüvvə, həm də texnika baxımdan çox böyük itki verdilər. Amma biz doğma şəhərimizi artilleriyadan vurmurduq və bu da bizə əməliyyatı keçirməkdə çətinliklər yaradırdı. Həmin ərəfədə havalar da buludlu olurdu, ona görə də biz Şuşa əməliyyatı vaxtı pilotsuz uçuş aparatlarından da istifadə edə bilmədik. Hətta kəşfiyyatın da aparılmasında çətinliklər var idi. Eyni zamanda təyyarələrimizdən, helikopterlərimizdən də istifadə etmədik”.

Dumanlı hava şəraiti Azərbaycan PUA-larının istifadəsini məhdudlaşdırdığı üçün Ermənistan ordusu “T-72” tanklarından və “BMP-2”-lərdən ibarət zərbə qrupu yaratdı və dərhal Şuşa istiqamətinə yolladı. Bundan başqa, Müdafiə Ordusu son rezervi olan “2S1” (Qvozdika) özüyeriyən haubitsaları və ağır odsaçan artilleriya sistemi “TOS-1A”-nı döyüşə atdı. Güclü zərbə qruplaşması formalaşdırılmasına baxmayaraq Azərbaycan xüsusi təyinatlıları üç əks-hücumu dəf etdi və şəhərin içərisində irəliləməyə başladı. Ağır döyüşlərdən sonra erməni ordusunun müqaviməti noyabrın 7-də günorta saatlarında qırıldı və mayor Səfərli Gündüzün bölməsi Azərbaycan bayrağını Şuşa şəhər icra hakimiyyəti binasından asdı. Şuşanın azad olunmasını isə Prezident İlham Əliyevə mayor Zaur Rəhimov məruzə etdi. Noyabrın 7-i axşam saatlarında şəhərin ətrafındakı Azərbaycan bölmələri hücuma keçərək erməni ordusunu Şuşa istiqamətindən çıxardı, erməni ordusu ağır itki verərək M-12 yolu istiqamətində geri çəkildi. 8 noyabrda döyüşlər artıq Şuşanın şimalında, Xankəndi istiqamətində gedirdi. Bu istiqamətdə Şuşaya hücum etməyə çalışan erməni tankı tank əleyhinə idarə olunan raket vasitəsi ilə vurulurdu. Noyabrın 8-i səhər saatlarında Azərbaycan bölmələri Şuşanın cənub-şərq və şimal-şərq istiqamətlərində əlavə qüvvələr cəmləşdirməyə başladı. Şəhərə əks-hücum zaman böyük itkilər verilsə də, erməni komandanlığı Şuşaya yeni bir hücum planı hazırlayır. Lakin bu plan “DQR” rəhbərliyi ilə hərbçilər arasında ciddi fikir ayrılığı yaratdı. Azərbaycan Ordusunun Şuşanı ələ keçirməsindən sonra Arayik Arutyunyan ilə Samvel Babayan arasında qızğın dialoq Müdafiə Ordusunun ümidsiz vəziyyətdə olduğunu göstərirdi. Samvel Babayan qeyd edir: “Gəlin döyüş planını açıqlayaq. Şuşanı 20-30 ədəd “Smerç” raketləri ilə vururuq və şəhərdəkiləri öldürürük. Şəhəri geri qaytardıq, bəs sonra? Ordunun və mülki əhalinin vəziyyəti müharibə aparmağa imkan vermir. Döyüşdük, Şuşanı aldıq, sonra nə edək? Biz NATO ordusu ilə, tam təchiz olunmuş ordu ilə döyüşə bilmərik. Dünən mən üç batalyonla əməliyyat təşkil etməyə çalışdım. Ümumilikdə dörd haubitsamız var və onların da mərmisi yoxdur. Əgər biz artilleriya ilə təmin olunmamışıqsa siz necə hücuma dəstək verəcəksiniz? Bu gün nəhayət ki, biz Rusiya ilə danışıqlar aparmalıyıq. Ya biz bu əraziləri təhvil veririk və gedirik, ya da bizə kömək etsinlər”.

Noyabrın 8-də erməni ordusu tanklarla vəziyyəti dəyişməyə çalışsa da, heç nəyə nail ola bilmir. Günorta saatlarında Prezident İlham Əliyev Azərbaycan xalqına müraciətində Şuşanın azad edilməsi xəbərini verdi və Şuşanın alınmasına görə general-leytenant Hikmət Mirzəyevə zəng edərək təbrik etdi. Bu xəbər dərhal Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan tərəfindən təkzib edilir: “Düşünürəm ki, Şuşanın taleyi sabah həll olunacaq. Qoşunlarımız bu gün şəhər və ətraf ərazilərdə inadla mübarizə aparırlar. Azərbaycan qüvvələri şənbə günündən etibarən böyük qruplar şəklində şəhərə giriblər. Qoşunlarımız hazırda toparlanıb və deyə bilərəm ki, şəhərdə hələlik tam təşəbbüsü olan tərəf yoxdur. Onlar şəhəri tam ələ keçirə bilməyiblər”. Noyabrın 8-dən 9-a keçən gecə davam edən döyüşlərdə Azərbaycan bölmələri Şuşanın ətrafında mövqelərini daha da yaxşılaşdırdı. Noyabrın 9-da səhər saatlarında isə Azərbaycan bölmələri Şuşadan Xankəndi istiqamətinə hücuma keçdi. Bunu Arayik Arutyunyanın səhər saatlarında paylaşımı ilə təsdiqləyir: “Səhər tezdən Xankəndinin müdafiəsində olan döyüş mövqelərinə baş çəkdim və orda general Levon Mnatsakanyanla görüşdüm. 24 saatdan artıqdır Şuşa istiqamətindən düşmənin paytaxta hücum cəhdlərini dəf edən Müdafiə Ordusunun əsgərləri vətən qarşısında əvəzsiz xidmət aparırlar”. Xankəndinin tutulması təhlükəsi olduğu üçün “DQR” rəhbərliyi təcili olaraq bütün əhalini evaukasiya etməyə başlayır, yollarda isə böyük tıxaclar yarandı. Azərbaycan Ordusu Xankəndiyə gedən yollarda erməni ordusunun güclü müqaviməti ilə rastlaşdı. Şuşa 9 noyabrda D-20 haubitsaları ilə bombalanırdı, Daşaltı kəndi isə “Orlan-10” dronlarının koordinatları ilə yenidən artilleriya zərbələrinə məruz qalırdı. Şuşa-Xankəndi və Daşaltıda ağır itki verən Azərbaycan bölmələri mövqelərini qoruya bilirlər. Noyabrın 9-da axşam saatlarında isə Azərbaycan MN işğaldan azad edilmiş Şuşa şəhərinin görüntülərini yayımladı. Bu görüntülərin yayımlanmasından yarım saat sonra “DQR” prezidentinin mətbuat katibi Vahram Poqosyan Şuşa üzərində nəzarəti itirdiklərini təsdiqləyir: “Etiraf etməliyik ki, bugünə kimi davam edən uğursuzluqlar silsiləsi hələ də bizi müşayiət edir. Hazırda Şuşa şəhəri tamamilə bizim nəzarətimizdən kənardadır və bununla bağlı bütün həvəsləndirici və təbliğat xarakterli tezislər bizə reallıq hissini itirməkdən başqa bir şey vermir. Düşmən artıq Xankəndinin yaxınlığında olduğundan və paytaxtın mövcudluğu artıq təhlükə altında olduğundan bir olmağa çalışmalıyıq. Əgər biz Şuşanın yenidən bizim olmasını, Qarabağın qorunub saxlanmasını istəyiriksə bu gün biz bütün imkanlarımızı Xankəndinin və cəbhənin digər ərazilərinin etibarlı mühafizəsini təşkil etməyə yönəltməliyik. Bu müvəffəqiyyətin real və etibarlı təminatıdır. “Feysbuk”da saxta qələbə çağırışları və fərziyyələr bizi addım-addım hər şeyi itirməyə aparacaq. Tarix bizi buna görə bağışlamayacaq”. Vahram Poqosyanın Şuşanın itirilməsi barədə paylaşımı erməni ictimaiyyətində şok yaratdı. Əksər ermənilər hesabın azərbaycanlılar tərəfindən ələ keçirildiyini və bu paylaşımın Poqosyan tərəfindən yazılmadığını iddia etdi. Axşam saatlarında Poqosyan yenidən rəsmi açıqlama verdi və bu paylaşımın özü tərəfindən yazıldığını, hesabının da sındırılmadığını bildirdi. 9 noyabrda Ermənistan MN-nin gündəlik brifinqində Artsrun Ovannisyanın halı pisləşdiyi üçün onu Suren Sarumyan əvəz etmişdi. Suren Sarumyan Şuşanın görüntülərini şərh edərkən diversiya qrupunun bir neçə dəqiqəyə əraziyə girib bayraq sancmasının mümkün olduğunu bildirdi, lakin şəhərin tam Azərbaycanın nəzarətində olmasını qəbul etmədi. Ermənistan baş naziri Nikol Paşinyan da öz “Feysbuk” hesabında Şuşa şəhəri uğrunda döyüşlərin davam etdiyini bildirdi. Şuşa şəhərinin görüntüləri yayımlanmasından sonra Rusiya Kommunist Partiyasının Ulyanovsk vilayəti üzrə deputatının paylaşdığı məlumat erməni ictimaiyyətində Rusiyanın Ermənistana hərbi yardım edəcəyi haqqında ümid formalaşdırmışdı. Deputatın yayımladığı kadrlarda Rusiya ordusuna məxsus 31-ci briqadaya aid yük maşınlarının hərbi aerodromda düzüldüyü görünürdü. Deputat əsgərlərdən Qarabağa getdikləri barədə məlumat aldığını qeyd etmişdi. Lakin həmin deputata bu məsələnin artıq Azərbaycan-Rusiya-Ermənistan arasında razılaşdırıldığı haqqında məlumat verildiyi üçün paylaşım bir neçə dəqiqədən sonra silindi. Azərbaycan bölmələri noyabrın 9-da Şuşadakı hücumları dəf etdikdən sonra Xankəndini ələ keçirmək üçünəməliyyata başlaydı. Ordu bölmələri Şuşanın şərq istiqamətində olan Muxtar və Şuşakəndə, qərb istiqamətdə isə Qaybalıkəndə doğru hücuma keçdilər. Azərbaycan Ordusu eyni zamanda bütün cəbhəboyu hücuma keçdi. Bu döyüşlər başlayan ərəfədə erməni ordusunun vəziyyəti kritik həddə çatmışdı. Müdafiə Ordusu Xocavənd istiqamətində hücumu çətinliklə dayandırdı və döyüşlərin davam edəcəyi halda Xankəndi və Xocavəndlə birlikdə 30 minə qədər əsgərin mühasirəyə düşmə ehtimalı var idi. Bu səbəbdən Arayik Arutyunyanın da istəyi ilə Ermənistanın baş naziri Nikol Paşinyan noyabrın 10-da müharibənin sonlandıracaq bəyanatı imzaladı. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Paşinyanın bu addımını məcburiyyət kimi dəyərləndirir: “Döyüşlərdə düzgün planlaşdırma nəticəsində biz müharibə vaxtı gücümüzün bir qismi ilə Ermənistan ordusunun Ağdam istiqamətində yerləşən qüvvələrini blokladıq. Yəni biz elə şərait yaratdıq ki, onlar hərəkət edə bilmədilər, hansısa qoşun orada onlara köməyə gələ bilmədi. Hətta biz Şuşa əməliyyatını keçirəndə onlar artıq oraya dəstək üçün gələ bilmədilər. Bizim əməliyyatımız nəticəsində həm Suqovuşan, həm də Xocavənd istiqamətində bu qruplaşma praktiki olaraq mühasirəyə düşmüşdü. Əgər müharibə bir neçə gün davam etsəydi, orada olan bütün erməni hərbi qüvvələri tam mühasirəyə düşəcəkdi. Ermənilər də bunu yaxşı bilirlər. Artıq ermənilərə ruslar izah etdilər ki, onları nə gözləyir. Praktiki olaraq ermənilər artıq mühasirədə idilər, bir neçə gün sonra isə tam olaraq mühasirəyə düşəcəkdilər. Mən tapşırıq vermişdim, biz bütün artilleriyamızı o ətrafa cəmləşdirirdik. Bir neçə gün sonra hücum olmayacaqdı. Praktiki olaraq bütün o ərazi artilleriya ilə məhv ediləcəkdi. Oradan bir nəfər də salamat çıxmayacaqdı. Ona görə də bunu başa düşüb, kapitulyasiyaya qol çəkdilər”. Dağlıq Qarabağ ermənilərinin lideri Arayik Arutyunyan da kapitulyasiyanı çarəsizlik kimi görürdü: “Noyabrın 5-də Şuşa şəhəri üzərində nəzarəti qismən, noyabrın 7-dən isə tamamilə itirmişdik. Biz Qarabağ müharibəsini dayandırmaq qərarına gəldik. Bu müddət ərzində biz Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Hadrut rayonlarını tam olaraq, Martuni və Əsgəran rayonlarının isə bir hissəsini itirdik. Artıq döyüşlər Xankəndi ətrafında gedirdi. Əgər hərbi əməliyyatlar davam etsəydi, bir neçə gün ərzində biz bütün Qarabağı itirəcəkdik”.