Erməni millətçiliyinin region üçün təhdidləri
Foto: Yerablur hərbi məzarlığında ASALA abidəsi. İrəvan, Ermənistan. Wikimedia Commons
Realpolitik paradiqmasına görə dövlətlərin heç vaxt daimi dostları və ya düşmənləri olmur; daimi olan ancaq maraqlardır. Bu fikir son əsrlərin xarici siyasətində üstün mövqeyə sahib olub, bəzi hallarda dəyişikliklərə məruz qalsa da hələ də beynəlxalq münasibətlərin əsas prinsipi kimi qorunub. Eyni zamanda hər zaman istisnalar da ola bilər. Ən inadkar və açıq-aşkar məntiqə uyğun olmayan hallardan biri kimi Cənubi Qafqazdakı kiçik post-sovet ölkəsi - Ermənistanın xarici siyasəti göstərilə bilər. Azərbaycan sərhədi boyunca 12 iyulda başlayan şiddətli toqquşmaların yaşandığı həftədə və daha sonra müxtəlif ölkələrdə azərbaycanlı və erməni icmaları arasında gərginliyin artması dünyaya bu məsələnin dağıdıcı potensialını xatırladır və eyni zamanda bizi münaqişənin niyə özünün əsas səbəblərindən və maraqlarından ayrı düşərək həddindən çox böyüdüyünü və idarədən çıxdığını düşünməyə vadar edir.
İlk öncə, Sovet İttifaqının dağılmasından üç il öncə – 1988-ci ildə ortaya çıxmış Dağlıq Qarabağ münaqişəsinin ilkin mərhələlərini xatırlayaq. Dağlıq Qarabağ ermənilərinin (Azərbaycan SSR-də muxtar vilayət statusu daşıyan bu ərazidə onlar əhalinin 75%-ni təşkil edirdilər) Ermənistan ilə “birləşmə” (erməni dilində “miatsum”) tələbləri tətik rolunu oynamışdı. Hərəkat özünü milli oyanış və dirçəlişin ifadəsi kimi göstərdi və o vaxt Ermənistanda, eləcə də Azərbaycan və digər sovet respublikalarında yenicə başlayan demokratikləşmənin ayrılmaz parçası kimi qələmə verildi. Vacib olan bu nüansı yadda saxlayaq.
“Qarabağ komitəsi” (ayrılma hərəkatının üzvləri özlərini belə adlandırırdılar) əlbəttə ki, ermənilərin Azərbaycandakı mədəni hüquqlarının tapdalanması kimi standart ittihamlar irəli sürürdülər. Lakin bu ittihamların əsassız olduğu bu yaxınlarda yayınlanmış “Dairənin hissələri” sənədli filmində də qeyd olunur: Qarabağ ermənilərinin məruz qaldığı ən ağır təzyiq Ermənistan SSR-dən yayımlanan televiziya və radio yayımlarının bəzi hallarda əlçatan olmaması idi. Həqiqətdə isə, Dağlıq Qarabağda orta məktəblərdə əsasən erməni dilində dərslər keçilir, erməni pedaqoji kolleci və teatrı fəaliyyət göstərirdi. Ermənilər Dağlıq Qarabağdan başqa Bakı, Gəncə və Sumqayıt kimi böyük şəhərlərdə əhalinin mühüm və xüsusi təsirə malik hissəsini təşkil edir, respublikanın sosial və mədəni elit həyatında təmsil olunurdular. Bu günə kimi Dağlıq Qarabağa Muxtar Vilayətinin erməni əhalisinin mədəni azadlığına qarşı göstərildiyi iddia edilən heç cür sistematik pozuntuların sənədləşdirilmiş sübutu yoxdur. Bunun üçün də Qarabağ hərəkatının arxasındakı motivləri mövzuya ancaq daha geniş – dünya ermənilərinin kəskin milliyyətçiliyinin qlobal səviyyədə canlanması kontekstində baxmaqla anlamaq olar.
Kaliforniyada yaşayan və Osmanlı İmperiyasının 1915-ci il hadisələrində qaçqın düşmüş yaşlı erməni Qurgen Yanikyan 1973-cü ildə Los-Ancelesdə iki türk diplomatını qətlə yetirir, iddia olunan soyqırımı isə öz cinayətinin səbəbi kimi göstərərək qisas aldığını bildirir. Bu qətl 1975-ci ildə bir qrup erməni milliyyətçisini ASALA (Ermənistanın Azadlığı uğrunda Gizli Erməni Ordusu) adlanan təşkilatı formalaşdırmağa sövq edir; təşkilatın məqsədi Türkiyəni 1915-ci il hadisələrini soyqırım kimi tanımağa məcbur etmək, Ankaranın erməni qurbanlara və onların ailələrinə kompensasiya ödəməsinə nail olmaq, həmçinin heç vaxt təsdiqini tapmamış Sevr müqaviləsinin nəzərdə tutduğu Şərqi Türkiyə ərazilərinin Ermənistan dövlətinə ilhaqını təmin etməyi görürdü. Bu məqsədlərə çatmaq üçün ASALA türk diplomatlara qarşı tammiqyaslı terror kampaniyasına başlayır və 1990-cı ilə qədər onlardan 46-nı öldürməyi nail olur. Fransanın Orli aeroportunda xüsusi qəddarlıqla edilən hücumdan sonra qruplaşma ABŞ da daxil olmaqla bir sıra ölkələr tərəfindən terror təşkilatı kimi tanınır.
Eyni zamanda, Sovet erməniləri içərisində, o zamanlar diaspor ilə əlaqələrinin çox zəif olmasına baxmayaraq, tədricən milliyyətçi fikirlər inkişaf etməyə başlamışdı. İrəvanda “soyqırımın” 50-ci ildömünün ilk dəfə açıq şəkildə anıldığı 1965-ci ildən etibarən bu tədbirlər hər ilin 24 aprelində keçirilməyə başladı, 1967-ci ildə isə Tsitsernakaberd təpəsində tezliklə ermənilərin anti-türk fikirlərinin simvoluna çevrilən nəhəng abidənin açılışı oldu. Sovet hökuməti rəsmi olaraq “xalqların dostluğu” ideologiyası təbliğ etməsinə baxmayaraq Ankaranı geosiyasi baxımdan təhlükəli düşmən və “Amerikan imperializmi”nin oyuncağı hesab etdiyi üçüni millətçiliyin bu ifadə tərzinə dözümlü yanaşırdı. İstənilən halda, bu yanaşma qorxunc nəticələrə gətirib çıxartdı: 8 yanvar 1977-ci ildə Moskvada biri metro stansiyasında olmaqla üç partlayış baş verdi, 7 insan həyatını itirdi. Bir il sonra millətçi üç erməni SSRİ-də ilk dəfə baş vermiş terror aktlarında təqsirkar bilindi. Məhkəmə o zamanlar hələ formalaşaqda olan ASALA ilə əlaqələrinin olduğu iddiasına baxmayaraq onların ayrıca qruplaşma olduğu qənaətinə gəldi.
Nəticədə 1980-ci illər qızğınlıq və türklərdən qisas alma duyğusu ilə alovlanan aqressiv erməni millətçiliyinin yüksəlişinə şahidlik etdi. Qarabağ hərəkatı özünü SSRİ miqyasında baş verən demokratikləşmə dalğasının öncülü kimi tanıtmağı bacarsa da, əslində azərbaycanlıları da etnik olaraq türk xalqına yaxın bilən və ümumiyyətlə təhlükəli “türkləri” Ermənistanın qədim düşmənləri hesab edən ideologiya ilə bəslənirdi. Buna görə də başlanğıcda sülhsevər etirazlar aylar içərisində etnik münaqişəyə çevrildi, 1988-ci ildə isə respiblikanın bütöv azərbaycanlı əhalisi (həmin zaman təxminən 250 min – 300 min arası) Ermənistandan məcburi olaraq çıxarıldı.
Hər iki respublika 1991-ci ildə müstəqil olduqdan sonra Qarabağ Yaxın Şərqdəki ASALA düşərgələrində təlim keçən və əksəriyyəti terror aktları törədərək həbs olunan muzdlu əsgərləri – fədailəri cəlb etməyə başladı. Onlardan ən məşhuru Kaliforniyada doğulmuş və Orli hücumunun da təşkilatçılarından biri, hazırda Ermənistanın ən hörmətlə anılan qəhrəmanlarından Monte Melkonyan idi. Qatı anti-türk mövqeyə malik həmin şəxslərin gəlişi “bir çox təzyiqə məruz qalmış qədim xalq”, “Xəzər dənizindən Aralıq dənizinə qədər Ermənistan” kimi ifadələrin işləndiyi diskursu ön plana çəkdi. Fədailərin varlığı vəhşiliklərin sayını artırdı; bunlardan ən dəhşətlisi isə 1992-ci ilin 26 fevralında Xocalıda baş verən və 613 əliyalın insanın (uşaqlar və yaşlılar daxil olmaqla) qətlə yetirilməsi ilə nəticələnən faciə idi. Azərbaycan və Ermənistan hökumətlərinin apardığı danışıqlar prosesi “klassik” dövlətlərarası münaqişənin beynəlxalq səviyyəyə gətirilməsinə xidmət etdi, bu diskurs əsla yox olmadı, ən azından Ermənistan tərəfi üçün bu, “ya biz, ya siz” xarakteri daşımağa davam etdi. Təsadüfi deyil ki, Ermənistanın keçmiş prezidenti və müharibə dövründə Qarabağ ermənilərinin lideri Robert Köçəryan ingilis araşdırmaçı Tom de Vaal ilə müsahibəsində irqçilik dərəcəsini büruzə verən bir cümlə işlətmişdi: “Ermənilər və azərbaycanlılar genetik olaraq tamamilə əksdirlər”. Erməni tarixi və maraqlarının bu ağ-qara yanaşması adətən açıq bildirilməsə də, Ermənistanda hökm sürən düşüncə tərzində, o cümlədən də xarici siyasətində hələ də üstün səciyyə daşıyır.
Müstəqilliyini əldə etdikdən sonra Ermənistanın strategiyasının əsas xüsusiyyəti kimi Rusiyanın maraqları ilə könülsüz, lakin qarşısıalınmaz birləşməsi buna nümunədir. Erməni demokratik hərəkatı da Moskvanı müttəfiq olaraq qəbul etmirdi, lakin münaqişə kəskinləşdikdən və Türkiyə 1993-cü ildə Ermənistan ilə sərhədləri tamamilə bağladıqdan sonra İrəvanın başqa seçimi qalmadı və Rusiyaya təhlükəsizliyinin zamini kimi möhkəm sarılmalı oldu. Nəticədə, Rusiyanın Gümrüdə yerləşən hərbi bazasının varlığı, həmçinin köhnə Sovet ordusunun birləşmələrinin ermənilərin hərbi əməliyyatlarına tez-tez dəstək olması onların qələbəsinin arxasında duran əsas amillərdəndi. Sonralar özünü müstəqil respublika elan edən və heç bir suveren dövlət tərəfindən tanınmayan Dağlıq Qarabağın və erməni qüvvələri tərəfindən işğal olunmuş ətraf yeddi rayonun “təhlükəsizliyinin” təmin olunması ideyası milli düşüncə tərzinə və siyasi strategiyaya həkk olduqca, Ermənistanın Qərbə inteqrasiyasına yönələn istənilən cəhdi ölkənin təhlükəsizliyinin təminatı qarşılığında Rusiyanın mənafeyini güdmək ehtiyacına məğlub olurdu. İlk prezident Levon Ter-Petrosyanın “üzüyola Ermənistan” strategiyasının uğursuzluğu Ermənistanın xarici siyasətinin bu çıxılmaz vəziyyətini şərtləndirdi. Həmin strategiya İrəvanın NATO və Aİ daxil olmaqla Qərb mərkəzli qlobal qurumlara tədricən inteqrasiyasını və Ermənistanın Azərbaycan və Türkiyəyə qarşı münasibətini xarakterizə edən aqressiv millətçilikdən uzaqlaşmanı nəzərdə tuturdu. Ter-Petrosyan işğal olunmuş 7 rayonun (Qarabağ separatçılarının ifadəsində “bufer zonası”) ən tez zamanda Bakıya qaytarılmasını dəstəkləyirdi və hətta Dağlıq Qarabağ üçün Azərbaycan daxilində “vahid dövlət” seçimini müzakirə etməyə hazır idi. Bu kimi ehtimallar ermənilərin əksəriyyəti tərəfindən etirazla qarşılandı və prezident 1998-ci ildə istefa etməli oldu. Onun yerinə nəzərəçarpacaq millətçi ritorikaya malik müharibə iştirakçısı Köçəryan ilə əvəz olundu.
Digər nümunəvi geridönüş 2013-cü ildə Sərkisyan hökuməti AB ilə assosiasiya sazişinə hazırlaşarkən baş verdi: belə ki, Ermənistan gözlənilmədən imzalanma prosesinə az qalmış əvvəlcədən planllaşdırılmış razılaşmanı imzalamaqdan imtina etdi və bir neçə gün sonra da Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi Birliyinə (AİB) daxil oldu. Sübutlar göstərir ki, bu qərar Moskva tərəfindən Dağlıq Qarabağ məsələsi xüsusi qeyd olunaraq əldə edilib.
Hazırki hökumət başçısı daha şəffaf və yenilənmiş Ermənistan gündəliyi və Qərb ilə əlaqələrini inkişaf etdirməyi prioritetə çevirməsi ilə hakimiyyətə gələn Paşinyandır. Onun vəzifədəki ilk ilində hər iki tərəf gərginliyi azaltmaq üçün xeyli çalışmış və bu səylər sayəsində 2019-cu il son onillikdə cəbhədəki gərginliyin ən az olduğu il olmuşdu. Lakin ölkə içindəin təzyiqi ictimai fikri baş nazirin Qarabağa “xəyanət” etməyə hazırlaşmasında ittiham etməsi və Moskva ilə artan anlaşılmazlıq Paşinyanı tədricən ənənəvi dəyişməz vəziyyəti qəbul etməyə sövq etdi; baş verən son proseslər də yığılmış gərginliklərin məntiqi nəticəsidir. İyul hadisələrindən sonra o, Rusiya lehinə misli görünməmiş çağırışlar edərək İrəvan və Moskvanın müttəfiqliyinin möhkəm qaldığına zəmanət verdi. Eyni zamanda, Ermənistan rəsmiləri və ekspertlər ancaq Rusiyanın çətirinin altında öz ölkələrini “düşmən türklər” tərəfindən məhv edilməkdən müdafiə edə biləcəkləri ideyasını irəli sürür.
Los-Anceles, Brüssel və Londonda azərbaycanlıların dinc etirazlarına qarşı tətbiq olunan zorakılıqlar, Moskvadakı iğtişaşlar şok effekti yaratdı; ilk dəfə idi ki, Ermənistan-Azərbaycan münaqişəsi üçüncü ölkələrə yayılmışdı və siyasət yaxud hərblə birbaşa əlaqəsi olmayan minlərlə insanı əhatə edirdi. Ermənistan hakimiyyəti öz soydaşları tərəfindən törədilən bu kimi əməlləri qınamağa ehtiyac duymadı. Bu isə bir çox erməninin gözündə münaqişənin məhz etnik əsaslı olduğu və bu amilin müharibəni labüd etdiyini göstərir. Qərb şəhərlərində azərbaycanlı kütlələrlə qarşılaşmaq üçün küçələrə axışan ermənilər arasında üzərində “ASALA” yazılan köynəklər geyinmiş şəxslərin olmağı, onların gözündə azərbaycanlıların və türklərin milli-radikal şəkildə eyniləşdirilməsinə işarə edir.
Lakin Ermənistanın dəyişməz və sıfır toplamlı siyasətinin ən dramatik nəticəsi bütün regionun inkişaf dinamikasına təsir edə biləcək imkanların boşa getməsidir. Hətta 1990-cı illərdə Cənubi Qafqazın hər üç ölkəsi eyni böyüklükdə iqtisadi böhran ilə üzləşərkən Ermənistan prezidenti Ter-Petrosyan Dağlıq Qarabağa kompromissiz münasibətin uzunmüddətli dövrdə ölkənin iqtisadi inkişafı üçün mənfi nəticələri barədə xəbərdarlıq etmişdi. O zamandan Ermənistan regional əhəmiyyətli Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru xətti, Bakı-Tbilisi-Qars dəmiryolu xətti və Türkiyə-Gürcüstan-Azərbaycan üçlüsünün önə çəkdiyi bir sıra beynəlxalq infrastruktur layihələrindən kənarda qaldı. Rusiya ilə sərhədin olmaması və Moskvanın 2014-cü ildən etibarən yaşadığı iqtisadi problemlər göstərir ki, bu əməkdaşlıq İrəvana birbaşa qonşularla yarada biləcəyi əlaqələr qədər əlverişli deyil və əslində İrəvanın əldə etdiyi tək qazanc onun Rusiya silahlarını bəzi hallarda bazar qiymətindən də aşağı ala bilməsindədir; bu isə sadəcə ölkədəki “müharibə partiyası”nı və “mühasirə olunmuş qala” mentalitetini gücləndirir. İranla əlaqələrdən asılılıq isə Ermənistanın Qərblə əməkdaşlığı dərinləşdirmək cəhdlərinə zərbə vurur. Nəticədə, son 15 ildə Ermənistanda adambaşına düşən ÜDM Azərbaycandan geridədir, bəzi illərdə isə ikincinin ÜMD-nin yarısı qədərinə enib və son illərdə Gürcüstana nisbətən də nəzərəçarpacaq qədər aşağıdır. Bundan əlavə, Ermənistan iqtisadiyyatı Azərbaycan və Gürcüstan iqtisadiyyatı ilə müqayisədə məhdud mənbələrdən (xüsusilə erməni diasporu) gələn investisiya axınlarından daha çox asılıdır; diasporun maliyyə yardımı isə “soyqırımın” və Dağlıq Qarabağın “müstəqilliyinin” tanınması üçün aparılan güclü təbliğatlarla sıx bağlı olduğundan onu müxtəlif şoklar qarşısında həssas edir və mümkün siyasi imkanlar çərçivəsini məhdudlaşdırır. Durğun iqtisadiyyat və aqressiv ritorika Dağlıq Qarabağ mövzusunda ən radikal siyasətçilərin ürəyincədir, çünki Dağlıq Qarabağın Azərbaycandan müdafiəsi hökumətin özünü təsdiq edə biləcəyi yeganə vasitə olaraq qalır.
Eyni zamanda, Ermənistanın siyasəti bütün region üçün mühüm maneələr yaradır. Rusiyanın aşırı təsiri ilə artan narazılıqlar fonunda, Gümrüdəki 302-ci hərbi bazanın mövcudluğu İrəvan üçün sadəcə status-kvonun zəmanəti rolu ilə əsaslandırıla bilər. Təəccüblü deyil ki, KTMT və Moskvanın sərhəd döyüşlərinə müdaxilə etməmələrinə narazılıq bildirəndən bir az sonra, Paşinyan öz mövqeyini dəyişdi və Rusiya ilə təhlükəsizlik əməkdaşlığının strateji vacibliyini qeyd etdi: bu isə Moskva üçün qələbə, Cənubi Qafqazdakı davamlı sülh üçün digər bir zərbə idi. Belə bir sülhün və sabitliyin olmaması Ermənistanla Azərbaycan arasında yeni eskalasiyanın yaranma təhlükəsini ortaya çıxarır ki, bu da Qərbin bütün regionunun strateji əhəmiyyətini və onsuz da son on il ərzində nisbətən azalmış potensialını şübhə ilə qiymətləndirməsinə səbəb olur. Obamanın prezidentliyi dövründən etibarən Cənubi Qafqaz ABŞ-ın xarici siyasət prioritetləri siyahısında aşağı yerlərdə qərarlaşıb. Cənubi Qafqazdakı daimi müharibə təhdidi 2008-ci ildə baş verən Rusiya-Gürcüstan müharibəsindən sonra bütün dünyaya bir daha aydın oldu, lakin Ermənistanın Rusiyadan fərqli olaraq kiçik, iqtisadi cəhətdən geridə qalmış dövlət olması bir çox analitikin onun dağıdıcı roluna göz yummasına və Abxaziya-Osetiya münaqişəsinə nəzərən Qarabağ münaqişəsinin arxa planda qalmasına səbəb oldu. İrəvanın kompromislərdən imtina etməsi və Rusiyanın “təhlükəsizlik çətirinə” ümidsizcəsinə sığınması Dağlıq Qarabağı uzun müddətli bir bomba halına gətirdi. Xaricdə yaşayan bir çox erməninin Azərbaycan səfirliklərini və dinc mitinqlərini hədəf kimi görməsi Ermənistanın "türklər" ilə münaqişəsinə səbəb olan qüsurlu düşüncəyə işarə edir. Eyni zamanda, beynəlxalq ictimaiyyətin uzun illər sonra aktiv fəaliyyətə qayıdaraq Cənubi Qafqazdakı təhrikedici aktlara və etnik radikalizmə qarşı sərt mövqe tutmasının ən yaxşı maraq olduğu aydın oldu. Son olaraq aydın olmalıdır ki, İrəvan regiondakı demokratiyanın bayraqdarı olduğunu iddia edərkən eyni zamanda işğalçı millətçilik ideyalarını təbliğ edib beynəlxalq hüquqa hörmətsizlik edə bilməz.