Ukraynada müharibə: nə gözləməli?
“The Economist” jurnalının Ukrayna Silahlı Qüvvələrinin rəhbəri Valeri Zalujnı ilə bu yaxınlarda yayımladığı müsahibəsi, Ukraynanın Rusiya üzərində müharibədə qalib gəlmək şansları ilə bağlı ritorikasındakı dəyişikliyi göstərdi. Prinsipcə, Zalujnı etiraf etdi ki, bir vaxtlar Ukrayna tərəfinin Rusiyanın müdafiə xəttini qırmaq üçün əsas cəhdi kimi qiymətləndirilən əks-hücumu dalana dirənib və Ukrayna ordusu radikal hərbi texnologiyalar tətbiq etməsə, həmin müdafiə xəttini fiziki cəhətdən qırmağa qadir deyil. Kiyevin yaxınlaşan qələbəyə inam ifadə edən rəsmi ritorikasına zidd olan belə bir etiraf Ukrayna ordusunun üzləşdiyi problemlərin miqyasından xəbər verir.
Ancaq bu müsahibə bir müddətdir ki görünən tendensiyanı sadəcə olaraq vurğuladı. Hələ yazda “Foreign Affairs” jurnalındakı məqaləsində Riçard Haas da Ukraynada müharibəsində pat vəziyyətin olduğunu iddia etmişdi. Sentyabrda Prezident Vladimir Zelenski Müdafiə naziri Aleksey Reznikovu korrupsiya iddialarına görə Rüstəm Ömərov (Rustem Umerov) ilə əvəzləmişdi; bu iddialara görə Ukraynaya tədarük edilən silahlar qara bazar vasitəsilə dünyanın bir çox münaqişə zonalarına göndərilirmiş. Saymon Şusterin “Time” jurnalında dərc etdiyi məqalədə Ukrayna siyasətinin səthi altında gizlənən dərin siyasi böhran vurğulanır. Prezident Zelenski ölkəsini müharibə yolu ilə idarə etməklə getdikcə onun strateji səriştəsinə inamını itirən hökumət elitasından daha çox təcrid olunur; o, açıq şəkildə diktatura meyllərində ittiham olunur ki, bu da Qərb köməyindən çox asılı olan hökumət üçün ciddi problemlər yarada bilər.
Bəs Ukraynada nə baş verdi? Əvvəla, belə görünür ki, Zelenskinin müharibənin ilk aylarında parlaq şəkildə işləyən strategiyası uzunmüddətli perspektivdə getdikcə dayanıqsızlaşır. Ukraynanın yaşamaq uğrunda mübarizəsini qlobal gündəmin başında saxlamaq və Qərbin maksimum yardımını təmin etmək üçün o, natiqlik qabiliyyətindən istifadə etdi və müharibə şəraitində olan xalqın lideri obrazını məharətlə qurmuşdu. Zelenskinin Ukraynanı tiranlığa qarşı azadlıq çırağı kimi təsvir etməsi Qərb ictimai rəyində güclü rezonans doğurdu, çünki o, İkinci Dünya Müharibəsində və kommunizmə qarşı Soyuq müharibədə qələbələrin qürurlu xatirələrini oyatmışdı.
Bununla belə, deyəsən, Ukrayna lideri Qərbin mövqeyinə şəxsi təsirini çox şişirdib. Kiyevi dəstəkləmək və Moskvanı təcrid etmək ideyası Vaşinqtonun və onun əsas müttəfiqlərinin planlarına tamamilə uyğun gəlirdi; üstəlik, Rusiyanın təcavüzü Qərb institutlarının təhlükəsizliyinə və ümumilikdə “qaydalara əsaslanan beynəlxalq nizamın” etibarlılığına obyektiv təhdiddi, ona görə də onların sərt cavab verməkdən başqa seçimi demək olar ki yoxdu. Lakin indi məlum olur ki, Rusiyanın davamlılığı ilə bağlı bir çox fərziyyələr özünü doğrultmayıb; Ukrayna müharibəsinin davam etdiyi 1,5 ildən artıq müddətdə beynəlxalq vəziyyət xeyli dəyişib, bir çox qeyri-Qərb aktorlarının təsiri artırıb və Qərbi öz mövqeyini dəyişməyə məcbur edib. Bununla belə, Zelenski inanırdı ki, onun ictimai diplomatiyası yanaşması uğurun əsas açarıdır və müəyyən təpkilərə cavab elə bu cür ictimai diplomatiyadır; o, daha iddialı danışmağa başladı, bəzən müttəfiqlərə Kiyevə daha çox kömək etmək və Rusiyaya qarşı daha radikal olmaq üçün təzyiq göstərdi. Üstəlik, o, Ukraynanın müharibənin həlledici anı hesab edilən uğurlu əks-hücumu təşkil etmək qabiliyyətini də xeyli şişirdib. Bu yanaşma Zelenskini qeyri-real və ölçüdən kənar tələbkar hesab etməyə başlayan bir sıra Qərb liderlərini qıcıqlandırmaya bilməzdi. Nəhayət, onun Kiyevin ən qatı tərəfdarı olan Polşa ilə konfrontasiyası Qərbdə bir çoxlarını narahat etdi ki, Ukraynaya dəstək onların milli maraqlarına qarşı çıxa bilər və onun Kiyevi triumfa aparmaq qabiliyyəti də olduqca şübhəli görünür.
Digər tərəfdən, Ukraynayönlü koalisiyanı öz strategiyasına yenidən baxmağa vadar edən obyektiv hallar da var. Əvvəla, Qərb ölkələrindəki mövcud silah-sursat çatışmazlığı onları Ukrayna ordusunun ehtiyacını lazımi səviyyədə təmin etməyi qeyri-mümkün qılır. Avropanın bəzi kiçik ölkələri artıq öz silah ehtiyatlarının əhəmiyyətli hissəsini Kiyevə ötürüblər və bundan artığını edə bilmirlər. Üstəlik, Kiyevin öz istehsal imkanlarını bacardığı qədər inkişaf etdirməməsi korrupsiya və idarəetmənin səmərəsizliyi ilə bağlı narahatlıqları və Ukraynanın hərbi perspektivlərinə dair şübhələri artırır.
Digər bir məsələ Rusiyanın sanksiyalar rejiminə uyğunlaşması ilə bağlıdır. Qərbin ciddi sanksiyalarının Rusiyanı texnoloji cəhətdən ac qoyacağı, onun silah istehsal etmək imkanlarını məhdudlaşdıracağı, eyni zamanda həyat standartlarının əhəmiyyətli dərəcədə aşağı düşməsinə səbəb olaraq, Rusiya daxilində hökumətə və müharibəyə qarşı fikirlərin yaranacağı gözləntisi reallaşmadı. Ermənistan və ya Qazaxıstan kimi üçüncü ölkələr vasitəsilə ticarət Moskvaya qadağan olunmuş idxalın böyük bir hissəsini, o cümlədən silah istehsalı üçün vacib olan çipləri və detalları əvəz etməyə kömək etdi. İlkin ağrılı məğlubiyyətlərdən sonra Rusiya öz strategiyasını dəyişə və müəyyən reputasiya bahasına da olsa, effektiv müdafiə qura bildi; nəticədə Ukraynanın hücumunu effektiv şəkildə dayandırdı və Kiyevi böyük itkilərin (o cümlədən mənəvi baxımdan) səngər müharibəsi tələsinə saldı. Həmçinin, Rusiyanın pilotsuz təyyarə texnologiyaları, Ukraynanın bombardmanının səmərəliliyini ciddi şəkildə azaldan elektron cəmminq tətbiqi sahəsində tərəqqisinə dair əhəmiyyətli sübutlar var; paralel olaraq, ABŞ-ın təqdim etdiyi bəzi qabaqcıl silahlardan, xüsusən də dəqiq idarə olunan “ağıllı bombalar”dan istifadə Ukrayna üçün məyusedici nəticələrə gətirib çıxarıb.
Ümumiyyətlə, Ukrayna qlobal siyasi mühitdə baş verən xoşagəlməz dəyişikliklərə reaksiya verməkdə çox gecikib. Son 1,5 il ərzində Moskva təkcə sanksiyalardan yayınmağın və iqtisadi çöküşdən xilas olmağın yollarını tapmadı; o, dünyanın bir çox yerlərində artan qütbləşmədən, iqtisadi durğunluqdan və s. faydalanaraq bütün dünyada anti-Qərb əhval-ruhiyyəsi toplamağa nail oldu. Buna cavab olaraq Kiyev xüsüsən də Qlobal Cənubun simpatiyasını qazanmaq naminə Rusiya ilə müharibəsini anti-müstəmləkəçilik mübarizəsi kimi qələmə verə bilmədi. Bunun əvəzinə, onun beynəlxalq diskursunda daha çox “demokratik/Qərb dəyərlərinin tiranlığa qarşı qalası” roluna diqqət yetirilirdi ki, bu da Ukraynanın qələbəsinin Qərbin təzyiqlərini artıracağını düşünən bir çox qeyri-Qərb ölkələrini özündən uzaqlaşdırdı. Buna görə də ABŞ-la yaxşı münasibətlərə malik olan və demokratiya hesab edilən Hindistan kimi qeyri-Qərb gücləri belə Moskvanı qınamaq və onunla əlaqələri azaltmaq istəmədilər. Bu narahatedici tendensiya indi Fələstindəki konfliktdə özünü göstərir: burada İsrailin silah tədarük etmək istəməməsi ilə bağlı əvvəllər onu tənqid etməsinə baxmayaraq, Ukrayna yəhudi dövlətini dəstəklədi və beləliklə Qlobal Cənubun bir çox ölkələri tərəfindən Ukrayna müharibəsinin antikolonial olmaması qənaətini gücləndirdi.
Ümumilikdə Rusiyanın işğalı beynəlxalq oyun qaydalarına meydan oxudu və qlobal qeyri-sabitlik səviyyəsini kəskin şəkildə yüksəltdi. Bu proses Qərbi getdikcə daha reaktiv edərək, onu beynəlxalq nizamı saxlamaq naminə Soyuq Müharibədən sonrakı strategiyasının bir çox dəyərə əsaslanan yanaşmalarından imtina etməyə məcbur etdi. Yuxarıda qeyd olunan məqalədə Haas bu müharibədə Qərbin strateji məqsədlərini yenidən nəzərdən keçirməyin zəruriliyindən danışaraq, Ukraynanın onlara dair baxışlarına güvənməyin Qərbin əsas maraqları ilə getdikcə daha uyğunsuzlaşdığını iddia edirdi. O, bu yeni yanaşmanı “prinsiplərdən imtina etmədən reallıqları tanımaq” kimi müəyyən etmişdir.
Nəhayət, müharibənin Avropa cəmiyyətlərinə kumulyativ sosial-iqtisadi təsiri, o cümlədən yüksək inflyasiya, böyük qaçqın axını, enerji təhlükəsizliyi məsələləri və s. bir çox Avropa ölkələrində Ukraynanı dəstəkləməyə həvəsin azalmasına səbəb olmuşdur. Bu yaxınlarda Slovakiyada keçirilən parlament seçkilərinin nəticələri, İtaliya baş naziri Corciya Meloninin prank söhbəti zamanı etirafları və ABŞ-dan başlayaraq bir çox Qərb ölkələrində müharibə dəstəyinin qeyri-populyarlığının artması Ukrayna üçün yaxşı əlamətlər deyil.
Bəs biz nə gözləməliyik? Hazırda prezident Zelenskiyə qarşı onun keçmiş müşaviri və ekspert Aleksey Arestoviçin rəhbərlik etdiyi müxalifət cəbhəsi qurmaq cəhdləri var. Hökumətin ideya böhranını və yerlərdə reallıqları tanımaq istəmədiyini bəyan edərək, Arestoviç indidən 2024-cü ilin yazında keçirilməsi nəzərdə tutulan növbəti seçkilərdə prezidentlik ambisiyalarını açıqlayır (baxmayaraq ki, müharibə vəziyyətinə görə seçkinin təxirə salınacağı güman edilir). Arestoviçin ən mübahisəli ideyası hazırda Rusiyanın nəzarəti altında olan Ukrayna ərazilərini geri almaq planlarından imtina etmək bahasına belə davamlı atəşkəs çağırışıdır. O, yuxarıda qeyd olunan bütün səbəbləri misal gətirərək bildirir ki, bu cür atəşkəs Kiyevin ölkəni dağılmaqdan və əhalinin azalmasından xilas etmək, daha çox torpaq itirməmək və Ukraynanı bərpa etmək üçün lazım olan çoxmilyardlıq Qərb investisiyalarını cəlb etmək üçün edə biləcəyi ən yaxşı yoldur. Acı iddialarını daha məqbul etmək məqsədilə o təklif edir ki, Kiyev uzunmüddətli perspektivdə milli təhlükəsizliyi təmin etməkdən ötrü Rusiya ilə müəyyən sülh əldə edildikdən sonra Avro-Atlantik inteqrasiya üçün yol xəritəsi əldə edə bilər.
Bu layihənin Qərbdə ciddi dəstək alacağına inanmaq üçün əsaslar var, çünki ABŞ-ın gələn ilin noyabrında Donald Trampı və ya oxşar fikirdə olan birini yenidən prezident seçməsi ehtimalı yüksəkdir. Bu isə Amerikanın hərbi dəstəyini dayandırmasına və Rusiya ilə hətta qismən normallaşmaya gətirib çıxara bilər. Arestoviçin realpolitik yanaşması, populizmi və sağçı-mühafizəkar sosial ideyalardan ibarət qarışıq fikirləri onu Trampizm dövründə Ukrayna prezidentliyinə uyğun namizəd edər. Eyni zamanda, onun xarici siyasət baxışları, məsələn beynəlxalq liberal layihəyə və hazırkı formada Aİ-yə skeptik yanaşması, möhkəm və vahid Mərkəzi-Şərqi Avropa mühafizəkar demokratiya blokunun qurulmasına və Ukraynanın onun ayrılmaz hissəsi kimi görünməsinə üstünlük verməsi də Trampın çoxtərəfli institutlara və xüsusilə Avropa bürokratiyasına yuxarıdan aşağı münasibəti ilə üst-üstə düşür.
Təbii ki, Kiyevin sülh əldə edə biləcəyi şərtlər hələ məlum deyil və Rusiyanın müharibənin davam edəcəyi təqdirdə Ukraynaya davamlı olaraq ciddi ziyan vurmaq qabiliyyətinə dair təsəvvürlərindən asılı olacaq. İdeal olaraq, Ukrayna Azərbaycanın 1994-cü ildə etdiyi kimi, daimi atəşkəs barədə razılığa gələrək, heç bir suveren ərazisinin itirilməsini tanımadan və beynəlxalq müşahidəçilərin təmas xətti boyunca göndərilməsi ilə aktiv döyüşlərdən çıxmağa üstünlük verərdi. Lakin güc uyğunsuzluğu və qlobal siyasətdəki tendensiyaları nəzərə alaraq, Moskva bu ssenarini qəbul etməyə, əvəzində ya Kiyevin Rusiyanın ilhaq etdiyi ərazilər (ən azı Krım) üzərində Rusiyanın suverenliyini tanımağa, ya da öz ərazi bütövlüyünü və ya status-kvonu güc yolu ilə dəyişdirməmək öhdəliyi götürməyə məcbur edə bilər. Almaniyanın bölünməsi nümunəsi də Ukraynada mümkün gələcək inkişaf yollarından biri kimi bir neçə dəfə qeyd edilib: bu ssenariyə görə, indiki məqamda Ukrayna itirilmiş torpaqlarını geri qaytarmağa cəhd göstərməyəcək, lakin bir millət narrativini saxlayaraq və uzunmüddətli perspektivdə iqtisadi inkişaf yoluna üstünlük verərək geosiyasi dəyişikliklərin baş verməsini gözləyəcək.
Hərbi müdaxilənin dayandırılmaması, lakin minimuma endirilməsi ssenarisi də Rusiyanın planlarından asılı olaraq mümkündür, çünki bu, Ukraynaya öz simasını saxlamağa və rəsmi olaraq öz ərazi bütövlüyü uğrunda mübarizəni davam etdirməyə imkan verə, eyni zamanda lazımi dərəcədə səfərbərliyi qoruyub saxlayaraq Kremlə isə hazırkı sosial konsensusu uzatmağa kömək edə bilər.