Cəbrayıl əməliyyatı (Nüzgar-Böyük Mərcanlı-Quycaq cəbhəsi)

Cəbrayıl əməliyyatı (Nüzgar-Böyük Mərcanlı-Quycaq cəbhəsi)

2018-ci ildə Nikol Paşinyanın baş nazir seçilməsindən sonra istifadə etdiyi sözlər və hərəkətlər Azərbaycanla Ermənistan arasında münasibətləri xeyli gərginləşdirmişdi. 2018-ci ilin may ayında Paşinyanın “DQR”-in münaqişədə tərəf olaraq iştirakı barədə sözləri, 2019-cu ilin may ayında Şuşada nümayişkaranə rəqsi, 2019-cu ilin avqustunda Xankəndidə olduğu zaman istifadə etdiyi “Qarabağ – Ermənistandır” ifadəsi, həmin ilin martında Ermənistan müdafiə naziri David Tonoyanın “yeni müharibə – yeni ərazilər” tezisi dövlətlər arasında gərginliyi artırmışdı. 2020-ci ilin iyulundakı Tovuz döyüşləri isə onsuz da gərgin olan münasibətləri daha da pisləşdirdi. Rusiya XİN başçısı Sergey Lavrov Tovuzda baş verən eskalasiyanı Ermənistanın həyata keçirdiyini qeyd etmişdi. Bu döyüşlərdə general-mayor Polad Həşimovun öldürülməsi Azərbaycanda kütlələr arasında güclü qəzəb dalğası formalaşdırmış, 14 iyulda Bakıda və bölgələrdə əhali hökuməti Qarabağ məsələsini qəti surətdə həll etməyə çağırmışdı.

27 sentyabrda başlanmış İkinci Qarabağ müharibəsində Azərbaycan bölmələrinin hücum əməliyyatında əsas istiqamət Cəbrayıl idi. Burada cəbhə xətti boyunca uzanan Araz vadisi 4-5 km enində düzənlikdən ibarətdir. Vadi cənub-qərbdən şimal-şərqə doğru Çaylaq çayı, cənub-şərq istiqamətində isə Araz çayı boyunca uzanır. Vadinin şimal-qərbi 150-200 metr hündürlükdə alçaq dağlar təşkil edir. Ərazinin kanallar şəbəkəsi və sıx bitki örtüyünə malik olması buranı müdafiə üçün əlverişli edirdi. Bundan başqa təpələrdəki mövqelər dar düzənliyin 5 km məsafədə vizual müşahidəsini asanlaşdırırdı. Bu istiqaməti 9-cu “Müdafiə Ordusu” qoruyurdu. Bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan Ordusunun təmas xətti boyunca yara biləcəyi nisbətən zəif istiqamət də bura idi və relyef bu baxımdan müəyyən üstünlük verirdi. (Hərbi əməliyyatlar başlamazdan əvvəl hərbçilərin güclü təlimi keçirildi və mühüm islahatlar aparılmışdı.) Hücumun effektivliyini artırmaq üçün Çexiya  istehsalı olan "Dana" tipli bütün mövcud özüyeriyən artilleriya qurğuları Cəbrayıl istiqamətində irəliləyən motoatıcı birləşmələrə dəstək verən ayrıca artilleriya briqadasına birləşdirildi (Dulnev, Sıçyov və Qarvardt, 2021:55).

Cəbrayıl istiqamətindəki hücum iki ordu qrupu tərəfindən həyata keçirildi. Bu qüvvələrə general-mayor Hikmət Mirzəyev və general-mayor Mayis Bərxudarov komandanlıq edirdi. Prezidentin mətbuat xidməti cənubdakı bölmələri birləşmiş bir korpus kimi qeyd etmişdi. Ümumi komandanlığı isə general-polkovnik Kərəm Mustafayev həyata keçirirdi. Rusiyalı hərbi ekspert Mixail Xodaryonokun sözlərinə görə, Azərbaycan hücum əməliyyatını diqqətlə planlaşdırmış və hazırlamışdı. Erməni və rus mətbuatı Bakıdakı qərargahda üç yüksək rütbəli türk generalının (Bahtiyar Ersay, Şeref Onqay, Göksel Kahya) kampaniyanın planlaşdırılması və aparılması ilə məşğul olduğunu iddia edirdi. Bu məsələdə bəzi ekspertlərin fikri üst-üstə düşmürdü. ABŞ ordusunun təqaüddə olan zabiti Eduard Erikson əməliyyatın türk zabitləri tərəfindən hazırlandığını inandırıcı hesab etmirdi: “Çox güman ki, Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargahı türklərdən həqiqətən də məsləhət alırdı, ancaq türklərin  kampaniyada iştirak etmələri ehtimalı çox azdır.” Müharibə sentyabrın 27-də səhər saatlarında başladı. Münaqişənin elə ilk günlərində Azərbaycan HHQ-si “Müdafiə Ordusu” hava hücumundan müdafiə sistemlərinin yarısını, artilleriyanın isə 40%-ini məhv etdi.

 

Nüzgar döyüşləri

1993-cü ilin yay hücumlarında Füzuli və Hadrut istiqamətində cəbhəni yaran erməni qoşunları iyulda Füzuliyə, avqustda Cəbrayıl şəhərinə daxil olmuşdu. Bu zaman cəbhə xətti Nüzgarın yaxınlığından keçirdi. Azərbaycan Ordusunun 1993-cü ilin oktyabrında erməniləri İran sərhəddindən uzaqlaşdırmaq üçün həyata keçirdiyi əməliyyat uğursuz alınmış, erməni bölmələri əks-hücuma keçərək oktyabrın 12-də Nüzgarı ələ keçirə bilmişdi. Bu istiqamətdə atəşkəsə qədər hansısa dəyişiklik baş verməmiş və ərazi erməni nəzarətində qalmışdı.

2016-cı ildə baş verən “4 günlük müharibə”dən sonra Azərbaycan bölmələrinin Lələtəpəni ələ keçirməsi ordunun Nüzgar kəndi istiqamətində hücumu üçün əlverişli şərait yaratdı. Bu səbəbdən Azərbaycan bölmələri əsas zərbəni Nüzgar kəndi boyunca endirdi. Kəndin alınması əməliyyatında  Azərbaycan Silahlı Qüvvələri ilə yanaşı Yaxın Şərqdən gətirilmiş muzdluların da iştirak etməsi ilə bağlı iddialar mövcuddur. (Fransa prezidenti Emmaunel Makron, Rusiya XİN sözçüsü Mariya Zaxarova, İran prezidenti Həsən Ruhani  iddiaları təsdiqləsə də AzərbaycanTürkiyə rəhbərliyi bunu inkar edir.) Sözügedən iddialara görə, Horadizdəki hərbi bazaya gətirilən “Sultan Murad” və “Süleyman Şah” türkmən briqadası üzvləri cəbhənin ən təhlükəli hissələrində iştirak üçün nəzərdə tutulmuşdu (Mollica, 2021:45). Azərbaycan bölmələrinin əsas məqsədi Nüzgar kəndini və arxasındakı Böyük Mərcanlını dağlar istiqamətindən hücumla tutmaq idi. Əməliyyat uğurlu olacağı təqdirdə Araz boyunca olan digər kəndlərin (Mehdili, Çaxırlı, Yuxarı Maralyan) azad edilməsi qaçılmaz olacaqdı. Bundan başqa, Nüzgarın alınması Quycaq və kənd Horadizin alınması üçün əlverişli şərait yaratmalı idi.  Nüzgar istiqamətində hücum sentyabrın 27-də Lələtəpə, Vilayət postu və Yastıtəpə istiqamətindən başlandı. Polkovnik-leytenant Vaaqn Xaçatryan xatırlayır: “Sentyabrın 27-də səhər saat 7:15-də düşmən “Smerç” reaktiv yaylım atəşi sistemi ilə mövqelərimizə zərbələr endirdi. Üç gün gecə-gündüz bütün qoşunlarımızın iştirakı ilə şiddətli döyüşlər getdi. Artilleriya mərmilərinin 70%-dən istifadə etdik. Hər minaatan qrup dəqiqədə 6-8 mərmi atırdı. Elə qızğın döyüş gedirdi ki, tempi hiss etmirdik.” İlk 2 gündə Azərbaycan bölmələri Nüzgarda bəzi istiqamətlərdə ön dayaq məntəqəsini tuta bilsə də müdafiəni tam yara bilmədi. Nüzgarın şərqində birinci müdafiə xəttinin yarılması əməliyyatı uğursuzluqla nəticələndi. Əməliyyat zamanı Azərbaycan Ordusu 6 ədəd “BTR-82A”, 2 ədəd isə “BMP-2” itirdi. İlk iki gün bu istiqamətdə gedən döyüşlərdə Azərbaycan bölmələri 1,5 km irəlilədi, lakin Nüzgar kəndini nəzarətə ala bilmədi. Bu irəliləməni sentyabrın 30-da peykdən çəkilmiş görüntülər zamanı müşahidə etmək mümkündü.

Nüzgar kəndindəki döyüşlərlə bağlı ilk görüntü oktyabrın 4-də yayımlandı. Hücum “Mİ-24” helikopteri vasitəsi ilə Qazaxlar kəndinə gedən elektrik xətti boyunca Nüzgar istiqamətində həyata keçirildi. Burda baş verən döyüşdə ilk dayaq məntəqəsi ələ keçirildi. Bu dayaq məntəqəsi yola nəzarətə imkan verdiyi üçün Araz boyunca hücuma başlayan digər qrupların işini asanlaşdırmalı idi. Lələtəpədən başlanan əsas hücumda isə məqsəd Nüzgarın cənubundakı 302,7 yüksəkliyini tutmaq idi. Ağır döyüşdən sonra Azərbaycan Ordusu Cocuq Mərcanlı-Nüzgar istiqamətində cəbhə xəttini yara bildi. İtirilən yüksəklik son dərəcədə əhəmiyyətli olduğu üçün erməni bölmələri əks-hücum üçün tank qrupları formalaşdırmağa başladı. Azərbaycan tərəfi bundan məharətlə istifadə etdi və erməni tanklarına qarşı dron və “Spayk” tipli idarə olunan raketdən zərbələr endirməyə başladı. Müharibənin ilk günlərində Nüzgarın şimal-şərqində baş verən döyüşlərdə “Spayk” raketi ilə 1 ədəd “PDM” sıradan çıxarıldı. Hücum Horadiz kəndinin şərq istiqamətindən həyata keçirilmişdi.  Polkovnik-leytenant Vaaqn Xaçatryan xatırlayır: “Döyüş əməliyyatlarının üçüncü gününə qədər rəqib qarşısında üstün idik. Həmin gün "Smerç" atəşlərindən sonra xeyli itki verdik. Hərbi texnikamızın əksəriyyəti “Bayraktar TB-2” və “Spayk” vasitəsilə məhv edildi. Zərbə potensialımız tükəndikdən sonra rəqib cəbhəni yara bildi.”

Oktyabrın 3-də peykdən çəkilmiş  fotoda Nüzgarın şimal-şərqində şiddətli döyüşlərin getdiyini göstərir. Belə ki, burada 20 ədəd hərbi texnikanın (əksəriyyəti tank) azı 11-nin yandığını müşahidə etmək mümkündü.

Nüzgarın şimal-şərqində baş vermiş ağır döyüşlərin peyk görüntüsü  (20 texnikanın azı 11-i tamamilə sıradan çıxıb)
 

Oktyabrın 1-də cəbhəni yaran Azərbaycan bölmələri oktyabrın 3-ə kimi Nüzgar kəndi uğrunda mübarizəni davam etdirdilər. Azərbaycan MN burada gedən əməliyyatın kadrlarını müharibə bitdikdən sonra nümayiş etdirmişdi. Kəndin içində gedən döyüşlərdə azı 1 ədəd T-72 tankı “Spayk” vasitəsilə məhv edildi (2:04-2:08). Peykdən görüntüdə həmin tankın ətrafında daha bir düşmən hərbi texnikasının qalıqlarını görmək mümkündür. Nüzgar kəndinin tam ələ keçirilməsi tarixi indiyə kimi qeyri-müəyyən olaraq qalmaqdadır. Xüsusi təyinatlı gizir Asim Quliyev kəndin oktyabrın 2-də, mayor Murad Şirinov isə oktyabrın 4-də tam olaraq nəzarət altına alındığını bildirir. Quru qoşunları hərbçisi Etibar Bozuyev kəndin 8 gün ərzində alındığını qeyd edib. Azərbaycan bölmələri bu kəndin alınması zamanı xeyli itki verdi. Şəhid olanlar arasında kapitanlar Həmid Cəfərli, Vüqar Nəcəfov,  müddətdən artıq hərbi qulluqçular İlqar İsmayılov, Elvin Məmmədov və əsgərlər Pərviz Məmmədov, Fuad Məhərrəmli, Fəxri Məmmədov, Cavanşir Həmidli (Bu əsgərdən müharibə zamanı “tv100” əməkdaşı Burak Ersemiz müsahibə almışdı) var idi. Əsgər Cavanşir Həmidlinin oktyabrın 6-da həlak olması bu istiqamətdə atışmaların kənd alınandan sonra da davam etdiyini göstərir. Azad edilən kəndin rəsmi görüntüləri indiyə kimi təqdim edilməyib.

 

Böyük Mərcanlı döyüşləri

Böyük Mərcanlı Cəbrayılın işğal altında olan ən böyük yaşayış məntəqələrindən biri idi. Əhalisinin mütləq əksəriyyətini sünni müsəlman təşkil edən kənd 1993-cü il avqust-oktyabr əməliyyatları zamanı işğal edildi. Böyük Mərcanlı kəndi erməni bölmələrinin gücləndirilmiş ikinci müdafiə xətti idi. 2016-cı ildə Lələtəpənin azad edilməsi Nüzgarla birlikdə bu kəndin də azad edilməsi üçün əlverişli şərait yaratmışdı. Buranı tutmaq üçün əvvəlcə Lələtəpə istiqamətindən birinci müdafiə xəttini, daha sonra isə ikinci müdafiə xəttini yarmaq lazım idi. Hücum əməliyyatında Milli Ordu qruplaşmaları və DİN Daxili Qoşunlarının xüsusi təyinatlıları  iştirak edirdi. 27 sentyabrda cəbhənin Böyük Mərcanlı istiqamətində başlayan döyüşlər İranla sərhədin yaxınlığında həyata keçirildiyi üçün Arazın digər tayında olan azərbaycanlılar tərəfindən müşahidə olunurdu. Müharibənin ilk günü Azərbaycan MN Nüzgar və Böyük Mərcanlının azad edildiyi barədə məlumat verdi. Lakin bəzi iddialara görə, Azərbaycan bölmələri ilk dayaq məntəqəsini ələ keçirsə də hələ kənddən çox uzaqda idi. Erməni bölmələri xüsusilə 300 saylı post istiqamətində güclü müqavimət göstərirdi. Xaotik formada atılan mərmilər və minalar hərbi mövqelərdən daha çox yaşayış məskənlərinə düşürdü. Sentyabrın 28-də belə minalardan biri Parsabad şəhristanına (Ərdəbil ostanı) daxil olan Qaraqabaq kəndinin əkin sahəsinə düşdü. Azərbaycan bölmələri sentyabrın 28-də 300 saylı postu ələ keçirmək üçün ağır artilleriyadan istifadə etməyə başladı. Bu döyüş Xudafərin şəhristanına (Şərqi Azərbaycan ostanı) daxil olan Xələfbəyli kəndindən müşahidə edilirdi. Erməni mövqelərinin 1,5 km məsafədə yaran Azərbaycan bölmələri düşmənə qarşı “TOS-1A” odsaçan artilleriya sistemindən istifadə etdi. Bu istiqamətdə gedən döyüşləri İranın digər yaşayış məntəqələrindən çəkilən görüntülərdə də izləmək mümkün idi. Həmin gün Xudafərin şəhristanına daxil olan Qulubəyli kəndinin cənubunda çəkilən görüntülərdə Qazaxlar kəndi yaxınlığındakı Azərbaycan bölmələrinin təxminən 5,5 km məsafədə odsaçan artilleriya sistemindən atəş açdığı görünür. Ağır artilleriyanın köməyi ilə sentyabrın 28-dən 29-a keçən gecə Azərbaycan bölmələri postu ələ keçirə bildi. Lakin toparlanan erməni bölmələri “Qrad”la “TOS-1A”-nı vura bildilər. Partlayış o qədər güclü idi ki, oktyabrın 1-də peykdən bunu müşahidə etmək mümkün olmuşdu. Maraqlıdır ki, erməni bölmələri bu hadisəni helikopterin vurulması kimi xarakterizə edir.

Azərbaycan Ordusunun hücumunu dəf edən erməni bölmələri itirdiyi postu geri almaq üçün əks-hücuma keçdi. Sentyabrın 30-da baş verən döyüşdə erməni hərbçiləri 300 saylı postu (187 yüksəkliyi) geri ala bildi və burada Ermənistan bayrağı sancıldı. Kənd uğrunda döyüşlər sentyabrın 30-dan sonra daha da intensivləşdi. Həmin gün bu istiqamətdə hücuma keçən erməni tankı “TB-2” dronu ilə vuruldu, PUA-nın son anda istiqamətini dəyişməsi ilə zərbə tırtıl istiqamətinə dəydi. Ən ağır döyüşlər ermənilərin ələ keçirdiyi və həmin təpənin ətrafındakı postlar uğrunda başlandı. Burdakı döyüşlərin görüntüləri müharibədən sonra yayımlandı. Azərbaycan bölmələri təpədə olan tankı neytrallaşdırmaq üçün “Spayk” vasitəsi ilə silsilə zərbələr endirdi (2:00-2:03).

Postları itirmək istəməyən erməni bölmələrin xaotik mina zərbələrindən 3-ü İran ərazisinə düşdü. Xudafərin şəhristanına daxil olan Pərvizxanlı kəndinə endirilən zərbə nəticəsində 6 yaşlı uşaq ağır yaralandı. Erməni tərəfi hadisədə Azərbaycanı günahlandırsa da, İran mətbuatı zərbənin “Müdafiə Ordusu” qüvvələri tərəfindən endirildiyini bildirdi. Erməni bölmələrinin şiddətli müqavimətinə baxmayaraq 300 saylı post oktyabrın 2-i gecə saatlarında ələ keçirildi. Bu döyüşlərdə Daxili qoşunların xüsusi təyinatlı kapitanı Türkay Hüseynli və gizir Faiq Həsənov həlak oldu.  Azərbaycan MN,  oktyabrın 3-də bir neçə gün əvvəl vurulan tankın və ələ keçirilən postun görüntülərini nümayiş etdirdi. Həmin gün Azərbaycan bölmələri Böyük Mərcanlıya tam olaraq nəzarəti ələ keçirdilər. Oktyabrın 4-də isə kəndin içində baş verən döyüşlərdən görüntülər yayımlandı. Erməni bölmələri Yuxarı Mərcanlı istiqamətindən yenidən kəndi ələ keçirmək istəsələr də hücumun əvvəlindəcə tankların yeri təyin olundu və “Spayk” vasitəsi ilə məhv edildi. Burda baş verən döyüşdə azı 10 erməni tankı sıradan çıxarıldı.

Böyük Mərcanlının qərbində baş vermiş ağır döyüşlərin peyk görüntüsü  (Perimetr boyu 10  tank sıradan çıxarılıb)


Beləliklə, sentyabrın 27-dən oktyabrın 3-ə kimi davam edən şiddətli döyüşlərdən sonra Azərbaycan Silahlı Qüvvələri Böyük Mərcanlı kəndini azad edə bildi. (Azərbaycan MN kəndin rəsmi görüntülərini 2021-ci il 15 yanvar tarixində yayımladı.) Böyük Mərcanlının alınması müharibənin taleyini həll edən əsas qırılma nöqtəsi idi. Erməni bölmələri cəbhənin bu sektorundakı qüvvələri ağır itki verərək geri çəkilməyə məcbur oldular. Böyük Mərcanlının alınması ilə Mehdili, Çaxırlıdakı erməni qüvvələri demək olar ki, döyüşsüz ərazini tərk etdilər. Böyük Mərcanlının cənubunda yerləşən Aşağı Maralyan və Karxulu kəndləri isə Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları tərəfindən azad edildi. Yuxarıda qeyd edilən kəndlərin qərbindəki ərazidə müqavimət tezliklə qırıldı. Böyük Mərcanlının cənubundakı dağlıq ərazidə 100 mm-lik “KS-19” topunun “Spayk” vasitəsilə məhvi ərazidəki əsas qarşıdurmalardan biri idi. Azərbaycan bölmələrininin qarşısında Araz boyunca Sarıcalı-Əmirvarlı-Soltanlı xəttinə qədər müqavimət göstərəcək erməni qoşunu qalmamışdı.

 

Quycaq döyüşləri

Bu kəndin əsası Nüzgarda olduğu kimi 19-cu əsrdə bura köçən İran azərbaycanlıları tərəfindən qoyulmuşdu (Əliyeva, 2007:78-140). Quycaq Birinci Qarabağ müharibəsi zamanı şiddətli döyüşlərin getdiyi ərazilərdən biri idi. 1993-cü ildə yay əməliyyatı zamanı erməni qoşunları avqustun 23-də Füzuli şəhərini, 1 gün sonra Qaraxanbəyli kəndini ələ keçirmişdi. Azərbaycan bölmələri bu sektorda Alxanlı - Aşağı Seyidəhmədli - Aşağı Əbdürrəhmanlı - Quycaq xəttinə doğru çəkilməyə məcbur olmuşdu (Velimamedov, 2019:145). Təzyiqi artıran ermənilər avqustun sonunda Quycağı ələ keçirə bildilər. 1993-cü ilin oktyabrın 10-da Azərbaycan bölmələri Səfərşa-Quycaq istiqamətində hücum əməliyyatı zamanı kəndə daxil olsa da, 2 gün sonra ermənilər əks-hücuma keçərək yenidən Quycaq və ətraf 5 kəndi ələ keçirmişdi. 1994-cü ildə imzalanan “Bişkek protokolu” sonrası kənd erməni bölmələrinin nəzarətində qalmışdı. Cəbhə xəttinə yaxın olduğu üçün kənddə işğal sonrası istehkamlar tikildi və kommunikasiya xətləri quruldu. Quycaq kəndi erməni müdafiə xəttinin üçüncü zolağı idi. Azərbaycan bölmələri Nüzgar kəndini ələ keçirdikdən sonra Quycaq istiqamətində hərəkətə başladılar.

Müharibənin ilk günlərində buradakı əsgərlər qısa və uzun mənzilli toplar vasitəsi ilə erməni qoşunlarına aktiv artilleriya dəstək verirdi. Polkovnik-leytenant Vaaqn Xaçatryan xatırlayır: “Sentyabrın 30-da düşmən tanklarla (7-10 ədəd)  Quycaq kəndinə hücum etdi. Qarşıda döyüşən hərbçilər komandirimizlə əlaqə saxlayıb artilleriya dəstəyi istədilər. Artilleriyamız digər istiqamətlərə zərbə endirdiyi üçün “Qrad”dan istifadə etməyə qərara aldıq. “Qrad” adətən tanklar üçün yox, böyük bir ərazidə yerləşdirilən canlı qüvvə və atəş gücünü məhv etmək üçün nəzərdə tutulan silahdır. Lakin çarəmiz yox idi. Hesabladıq, elektron xəritədə koordinatları təyin etdik və atəş açdıq. Hərbi hissəmizin komandiri bizimlə əlaqə saxlayıb tankların bir-bir partladığını söylədi və bizi təbrik etdi. Beləliklə, hücumun qarşısını ala bildik”. Erməni mətbuatı Quycaqdakı artilleriyanın aktiv fəaliyyəti sonrası burdakı əsgərlər haqqında qəhrəmanlıq mifi formalaşdırdı. Belə ki, 28 sentyabrda Quycağın şimal-qərbində topçu Albert Hovannisyanın fotosu çəkildikdən sonra Ermənistanda və beynəlxalq mətbuatda müharibənin simvollarından birinə çevrilməyə başladı.
 

Albert Hovannisyanın müharibənin simvollarından birinə çevrilən fotosu
 

Azərbaycanın hərbi komandanlığı Quycaq kəndindəki mövqeləri uzaqdan izləyirdi. Strategiyaların və Texnologiyaların Təhlili Mərkəzi qeyri-rəsmi bloqunda Azərbaycan MN-in 30 sentyabrda çəkdiyi videoya əsasən qeyd edir: ““Bayraktar” dronları hədəfi Füzulinin Aşağı Kürdmahmudlu və Qayıdış yaşayış məntəqələrinin arasından izləyirdi. Uzaqda Çaylaq çayının vadisi, Minbaşılı kəndi və çərçivənin aşağı sol kənarında Quycaq kəndi görünür. Burdan cəbhə xəttinə qədər olan məsafə 20 km-dən çoxdur. Pilotsuz təyyarə müşahidə olunan hədəfi 53 km məsafəyə qədər izləyə bilirdi. Belə bir məsafədə pilotsuz təyyarə cəbhə xəttinə yaxınlaşmadan döyüşlərin getdiyi onlarla kvadrat kilometri müşahidə edə bilər, artilleriya, “Qrad” və hava hücumundan müdafiə raketlərinin yerini təyin edərək koordinatlarını ötürə bilərdi.” Azərbaycan komandanlığı Quycaqdakı artilleriyanın Nüzgar və Böyük Mərcanlıya köməyinin qarşısını almaq üçün sentyabrın 30-dan etibarən “Bayraktar TB-2” ilə ərazini vurmağa başladı.

Dron bu istiqamətdə ilk zərbəsini məhz Hovannisyanın olduğu mövqeyə (122 mm-lik D-30 haubitsası) endirdi. Bu kadrları Azərbaycan MN 30 sentyabrda yayımladı (0:06-0:16). Məhz həmin gün erməni zabit Albert Hovannisyanın atası Artaka zəng edərək oğlunun itkin düşməsi haqqında məlumat verdi. (Atası oktyabrın 2-də “Feysbuk” hesabında onu tapa bilmədiyini qeyd edir. Rəsmi ölüm xəbəri isə 8 oktyabrda elan olunur.  19 oktyabr 2021-ci ildə “DQR qəhrəmanı” fəxri adını alıb.) “Bayraktar TB-2” növbəti gün Quycaq kəndi ərazisində olan digər artilleriya qurğusunu da məhv etdi (0:36-0:48). Kənddəki texnikalar və artilleriya qurğuları məhv edildikdən sonra Nüzgar kəndi istiqamətindən əraziyə hücum başlandı, lakin xüsusi təyinatlılar hücumun əvvəlində mühasirəyə düşdülər. Xüsusi təyinatlı gizir Asim Quliyev xatırlayır: “Mühasirədə olduğumuz zaman artilleriya qoşunlarını çağırırdıq. Artilleriya qoşunları yerdəyişmə edirdi və ehtiyat mövqeyə keçirdilər. Biz artilleriyanın yerdəyişmə etdiyi bir zamanda mühasirəyə düşdük. Hər tərəfdən mərmilər üstümüzə yağış kimi yağırdı. Burada 17 nəfər şəhid verdik. Biz artilleriyanı çağıranda hərbi hava qüvvələrinin pilotu, kapitan Səfərov 2-ci qrupun komandiri ilə əlaqəyə çıxdı və ona bildirdik ki, bizə iki istiqamətdən kömək lazımdır. Kapitan isə bir istiqamətdən kömək edə biləcəyini dedi və Nüzgar kəndi istiqamətindən atdı, düşmən qüvvələrini həmin istiqamətdə məhv etdi. Sonra isə oranı yarıb Quycaq kəndinə çıxdıq”.

Azərbaycan xüsusi təyinatlıları müdafiə xəttini yardıqdan sonra oktyabrın 3-də Quycaq kəndinə daxil oldular. Buradakı döyüşləri Asim Quliyev belə xatırlayır: “Quycaq kəndində düşmənin üçüncü müdafiə zolağı var idi, orada müqavimət göstərirdilər. Əsas çətinliyimiz ac və susuz olmağımız, 6 gün hərəkətdə olmağımız, Nüzgar kəndində mühasirədən çıxmağımız idi ki, bu da bizi çox yormuşdu. Buna görə də onların bizə yüngül müqaviməti də ağır gəlirdi.” O qədər də intensiv olmayan döyüşlərdən sonra Azərbaycan bölmələri oktyabrın 3-də Quycaq kəndinə tamamilə nəzarəti ələ keçirdi. Elə həmin gün Azərbaycan Prezidenti İlham Əliyev Cəbrayılın Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərinin azad olunması xəbərini verdi. Azərbaycan bölmələrinin bir qismi Quycaq azad olunduqdan sonra şimal-qərb istiqamətinə dönərək Daşkəsən kəndinə, əsas hissəsi isə Xorovlu-Papı istiqamətində birbaşa Cəbrayıl şəhərinə doğru hərəkətə başladı. Onlara Araz boyunca Şükürbəyli-Furqanlı-Tulus istiqamətindən digər qruplar kömək edirdi. Beləliklə, oktyabrın 3-də Cəbrayıl uğrunda döyüşlər başlandı.

 

İstifadə edilən ədəbiyyat

Дульнев, П. А., Сычёв, С. А., & Гарвардт, А. В. (2021). ОСНОВНЫЕ НАПРАВЛЕНИЯ РАЗВИТИЯ ТАКТИКИ СУХОПУТНЫХ ВОЙСК (ПО ОПЫТУ ВООРУЖЕННОГО КОНФЛИКТА В НАГОРНОМ КАРАБАХЕ). Военная мысль, (11), 49-62.

https://vm.ric.mil.ru/upload/site178/ljRu2qkJR5.pdf

Hakobyan, A., & Mollica, M. (2021). Encountering Turkish Denialism: From the Syrian conflict to the Second Karabakh War. Journal of Urban Ethnography 36.

https://www.anthrojournal-urbanities.com/wp-content/uploads/2021/05/Urbanities-Vol.11-No.1-May-2021.pdf

Əliyeva, Rübabə (redaktor) (2007), Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. 

http://lib.az/users/1/upload/files/Azrbaycan_toponimlrinin_ensiklopedik_II.pdf

М. Велимамедов (2019) Очерки по Карабахской войне, ЛитРес:Самиздат.