İsraildə məhkəmə islahatı: Ehtiyatda olan hərbçilər niyə etiraz edir?
İsrailin ədliyyə naziri Yariv Levinin yanvarın 5-də elan etdiyi “məhkəmə islahatı” Ali Məhkəmənin səlahiyyətlərinin məhdudlaşdırılması və hakim təyinatlarında iqtidarın söz sahibi olması kimi dəyişiklikləri özündə ehtiva edir. Baş nazir Netanyahu, ölkə daxilində artan kütləvi etirazlara və tətillərə səbəb olan məhkəmə islahatının 27 martda təxirə salındığını açıqlasa da, 2023-2024-cü il büdcəsinin parlamentdə qəbul edilməsindən sonra may ayının sonunda bu məsələ yenidən gündəmə gəlmişdir. Müxalifətlə danışıqların tıxanmasından sonra yenidən hərəkətə keçən hökumət qanun layihəsini iyulun 10-da parlamentdə ilk səsvermədə qəbul edib. Müxalifətin boykotuna rəğmən isə 2 həftə sonra keçirilən 2 və 3-cü səsvermələrdə qanun layihəsi qəbul edilib. Qanun layihəsinə siyasətçilər və dinc əhali ilə yanaşı, hərbçilərin də qarşı çıxması ordunun parçalanması təhlükəsi ilə üz-üzə olduğu fikirlərini ortaya çıxarmışdır.
İsrail mediasının məlumatına görə, pilotlar, sualtı qayıq zabitləri, hava hərəkatı dispetçerləri, xüsusi təyinatlılar və feldşerlər də daxil olmaqla 4000-dən çox ehtiyatda olan hərbçi hökumətin məhkəmə islahatlarını davam etdirəcəyi təqdirdə könüllü xidməti tərk edəcəklərini daha əvvəl bəyan etmişdilər. İyulun 18-də isə İsrail Hərbi Hava Qüvvələrinin əməliyyat qərargahına təyin edilmiş generallar, general-mayorlar və polkovniklər də daxil olmaqla ehtiyatda olan 161 hərbçi məhkəmə islahatlarına etiraz olaraq ordunu tərk etdiklərini açıqlamışdır. Yaranmış böhranla bağlı Baş Qərargah rəisi Herzi Halevi bəyan edib ki, ehtiyatda olan hərbçilərin könüllü xidməti tərk etməsi ordunun “sayıqlığına” xələl gətirib və o, baş nazirə bu barədə dəfələrlə xəbərdarlıq edib.
Bəs ordu niyə qanun layihəsinə qarşı çıxır?
Dünyada “dövləti olan ordu” kimi bilinən İsrail ordusu xalqın nəzdində ən güvənilən qurum olaraq qalır. Məhkəmə islahatları ilə bağlı müzakirələrin başladığı ilk gündən bəri ordunun reaksiyası artıq bəlli idi. Baş nazir isə ordunun fəal və ehtiyat qüvvələrinin bu reaksiyasını sərt qarşılamış və “Ölkə bir neçə döyüş donanması olmadan idarə edilə bilər, lakin hökumətsiz heç vaxt,” deyə bildirmişdir. Koalisiya hökumətinin radikal-sağçı ortaqları olan maliyyə naziri Bezalel Smotriç və milli təhlükəsizlik naziri Ben Qvir də ordunun bu etiraz mövqeyinin mahiyyətcə “çevriliş cəhdi” olduğunu bildiriblər. Hakim Likud partiyasının ən önəmli fiquru sayılan nəqliyyat naziri Miri Regev və ictimai diplomatiya naziri Qalit Distel Atbaryan da ordunu çevrilişə cəhdə təhrik etməkdə keçmiş baş nazir Ehud Barakı günahlandırıblar.
Bu gərginlik həm də İsrail cəmiyyətində dərin kök salmış bir məsələni, yəni ordunun gələcəyi və ordunun dövlətlə hansı münasibət içərisində olacağı ilə bağlı müzakirələri üzə çıxardı. İsrail ordusu yarandığı gündən etibarən iki səbəbdən həmişə siyasətin aktiv elementi olub. Birincisi, ərəb dövlətləri ilə müharibələr və Fələstin məsələsi əsgərlərin birbaşa siyasətə qarışmasını tələb edirdi. Bu kontekstdə bu gün də İsrail siyasi elitasının əhəmiyyətli bir hissəsini istefada olan generallar və ya ordu mənsubları təşkil edir. İkincisi və daha da əhəmiyyətlisi, qurucu fəlsəfəsi baxımından ordu mahiyyətcə İsrail üçün milli dövlət quruculuğunda ideal vətəndaş fabriki sayılır. İsrail dövlətinin “qurucu atası” sayılan baş nazir David Ben Qurionun bu barədə məşhur “Mamlakhtiyut” ideoloji fəlsəfəsi mühüm önəm kəsb edir. Ben Qurion sosialist və kollektivist bir çərçivədə hərbi xidmətdən “yeni” İsraili formalaşdırmaq üçün bir vasitə kimi istifadə etməyi hədəfləmiş və ordudan mərkəzi hökumətin gündəmini həyata keçirmək üçün bir vasitə kimi istifadə etmişdir. Bu siyasət sayəsində isə dünyanın hər yerindən İsrailə köç edən yəhudilərin sosial-mədəni fərqləri ortadan qaldırılmış və ordu sayəsində hər kəs “ideal vətəndaş” tərifinə uyğunlaşdırılmışdır.
Lakin, bu siyasət 1973-cü il müharibəsinin ilk günlərindəki uğursuzluqlar və qərblə, xüsusilə ABŞ ilə yaxınlaşma səbəbindən tədricən dəyişmişdir. Ordunun müharibənin ilk günlərində uğursuzluğu və maddi cəhətdən İsrailə yük olması bəhanə edilmiş və müdafiə sənayesi özəl sektora açılmışdır. Ehud Barakın baş qərargah rəisi olduğu 1990-cı illərdə isə “xalq ordusu” ifadəsindən tədricən uzaqlaşılmış və əməliyyatları həyata keçirəcək ordunun “daha peşəkar” olacağı vurğulanmışdır.
Ehtiyatda olan hərbçilərin isə İsrail cəmiyyətində özünəməxsus yeri var. Belə ki, ordu və xalqın arasında körpü rolunu oynayan ehtiyatda olan hərbçilər müharibə dövründə və təlim zamanı orduda qulluq edir, ilin qalan hissəsinə isə mülki cəmiyyətdə davam edirlər. Bu səbəbdən də ehtiyatda olan hərbçilər hər iki cəmiyyətdə də yer alır, lakin heç birinə tam olaraq mənsub deyillər və aktiv hərbçilərdən fərqli olaraq, siyasətdə daha fəal şəkildə iştirak edirlər. Ehtiyatda olan hərbçilər İsrail tarixində bir neçə dəfə bu cür etirazlara dəstək vermişdir. Hətta 1973-cü ildə baş tutan Yom Kippur müharibəsindən sonra baş verənlərə isə birbaşa rəhbərlik etmişdilər. Müharibədəki qələbəyə rəğmən, müharibənin ilk günlərində verilən yanlış kəşfiyyat məlumatları Misir və Suriya ordusuna qarşı əməliyyatlarda itkiləri artırmışdır. Bunu bəhanə edən ehtiyatda olan hərbçilər isə seçkiləri qazanan Qolda Meir hökumətini istefaya məcbur etmiş və xalqın dəstəyi ilə hökuməti devirmişdir. Əvvəlkilərdən fərqli olaraq isə bu dəfə ehtiyatda olan hərbçilər müharibə səbəbindən deyil, dinc dövrdə və mülki sahədə baş verən prosesə etiraz edirlər.
İsrail "güclü və müstəqil məhkəmə sisteminə malik olduğunu" bəyan edərək, hərbçilərinin və siyasi xadimlərinin beynəlxalq məhkəmələrdə mühakimə olunmasından həmişə imtina edib. İsrail Ali Məhkəməsinin sədri Ester Hayutun sözlərinə görə, bu məhkəmələr 1967-ci ildən sonra ilhaq edilən ərazilərdə siyasətin legitimliyinə etiraz edən Qərb ölkələrinə və İsraili müharibə cinayətləri törətməkdə ittiham edən beynəlxalq məhkəmələrə qarşı İsrailin qoruyucu divar rolunu oynayır. Fələstinli ekspertlər belə düşünür ki, məhkəmə islahatından sonra ehtiyatda olan israilli hərbçilər beynəlxalq məhkəmələrin qarşısına çıxarılmaqdan narahatdırlar. İsrail Ali Məhkəməsinin keçmiş sədr müavini Elyakim Rubinşteyn bildirib ki, Ali Məhkəmə dövlət üçün strateji bir varlıqdır və Lahey qarşısında qoruyucu rolunu oynayır. Onun sözlərinə görə, Ali Məhkəmənin zəiflədilməsi İsrail dövlətinin zəifləməsi deməkdir.
Ehtiyatda olan hərbçilərin bir digər narahatlığı da İsraildə güclənən radikal-sağçı partiyaların artıq koalisiya hökumətində strateji nazirliklərə yiyələnməsi və yeni məhkəmə islahatı ilə birlikdə orduya müdaxilə edə bilmək təhlükəsidir. MOSSAD-ın keçmiş direktorlarından Denni Yatom 2005-ci ildə keçirilən bir konfransda radikal-sağçı qrupların hərbi çevriliş etməsi təhlükəsindən danışaraq, ravvinlərin əsgərlər üzərindəki təsirinin komandirlərdən daha çox olduğunu bildirmişdir. Ehtiyatda olan hərbçilər hər zaman ordudakı radikal-sağçı hərbçilərin təkidi və İsrailin hökumətinin qərarı ilə İordan çayının qərb sahilindəki yaşayış məntəqələrinin inşa edilməsinə qarşı çıxmışdır.
Görünür ki, İsraildə etirazlara səbəb olan məhkəmə islahatı sıradan bir hüquqi düzəliş kimi dəyərləndirilmir. Ehtiyatda olan hərbçilər üçün bir sıra səbəblərdən məhkəmə islahatı qəbuledilməzdir və həyati önəm kəsb edir. Ehtiyatda olan hərbçilərin və həmçinin ordunun İsrail cəmiyyətindəki yeri hər zaman “ən güvənilən qurum” kimi olsa da, yeni məhkəmə islahatı prosesi ordunun gələcəyi ilə bağlı sualları da özü ilə bərabərində gətirir. Qələbə qazanılan müharibədəki kəşfiyyat uğursuzluğuna görə seçilmiş hökuməti belə istefaya göndərməyi bacaran ehtiyatda olan hərbçilərin hal-hazırki vəziyyətdə nə edəcəyi isə maraq doğurur.