Səudiyyə-İran əlaqələrinin normallaşması və onun regiona təsirləri
10 mart tarixində Çinin vasitəçiliyi ilə Səudiyyə Ərəbistanı və İran arasında diplomatik əlaqələrin bərpa olunması ilə bağlı razılığın əldə olunması son illərdə Yaxın Şərq regionunda baş verən ən mühüm hadisələrdən biridir. Tərəflər arasında əlaqələrin bərpası ilə bağlı danışıqların təxminən iki ilə yaxın müddətdir davam etməsinə baxmayaraq bu razılığın əldə edilmə vaxtı və məkanı xüsusi diqqət doğurur. Uğurlu olacağı təqdirdə bu sövdələşmə nəinki Yaxın Şərq regionunda, hətta qlobal miqyasda baş verəcək proseslərə təsir etmək gücündədir.
Səudiyyə Ərəbistanı ilə İran arasındakı münaqişənin kökləri 1979-cu il İslam İnqilabına gedib çıxsa da, diplomatik münasibətlərin pozulmasının səbəbləri daha yenidir. 2016-cı ildə Səudiyyə Ərəbistanında şiə din xadimi Nimr əl-Nimrin edamı sonrası ölkənin Tehrandakı səfirliyinə hücum edilməsinə cavab olaraq Səudiyyə rəhbərliyi İranla münasibətləri dayandırmaq qərarı almışdı. Ancaq bu qərar özlüyündə sadəcə şiə din xadimini öldürülməsi ilə bağlı deyildi. ABŞ-ın 2003-cü ildə İraqı işğalı və 2011-ci ildən etibarən ərəb ölkələrini bürüyən etiraz dalğası və sonrasında baş verən proseslər Səudiyyə və İran arasında münasibətlərin kəskinləşməsinə səbəb olmuşdu. Nəzərə almaq lazımdır ki, İranın regionda müxtəlif ölkələrdə xüsusilə yerli şiələr vasitəsilə nüfuz əldə edərək güclənməsi ən mühüm neft yataqları və sənaye zonaları şiələrin əksəriyyət təşkil etdiyi Qətif regionunda yerləşən Səudiyyə Ərəbistanının rəhbərliyi üçün daimi olaraq ekzistensial təhlükə təşkil etmişdir. Bütün bunlarla birlikdə Obama administrasiyanın İranla nüvə danışıqları prosesini Səudiyyə Ərəbistanı ilə koordinasiya edilmədən aparması və faktiki olaraq administrasiya tərəfindən İranın regional fəaliyyətlərinə göz yumulması Səudiyyə elitasının ABŞ rəhbərliyinə və xüsusilə Demokrat Partiyasının təhlükəsizlik aparatına olan etimadının sarsılmasına və İranla əlaqələrini təktərəfli olaraq dayandarmasına səbəb olan əsas faktorlar idi. Səud ailəsi Obama administrasiyasının İranla apardığı danışıqların sanksiyaların bir hissəsinin ləğvi və İranın qlobal maliyyə sisteminə qaytarılması ilə yekunlaşmayacağından, ABŞ tərəfindən İrana regional müstəvidə proseslərə təsir etmək və regionun təhlükəsizlik arxitekturasında struktural oyunçuya çevrilmək imkanı yaradılacağından və bununla da Səudiyyə Ərəbistanın ABŞ-ın regiondakı əsas mütəffiqi rolunu itirməsindən ehtiyat edirdi. Səudiyyə Ərəbistanın nəzərində artıq İran şimaldan İraqda dəstəklədiyi şiə qruplaşmalar və cənubdan Yəməndə müttəfiqi olan "Ənsar Allah" hərəkatı vasitəsilə faktiki olaraq ölkəni mühasirəyə almış vəziyyətdədir. Obama administrasiyasının 2014-2015-ci illərdə İŞİD-lə mübarizə çərçivəsində İranın İraqdakı şiə silahlı müttəfiqlərini dəstəkləməsi və 2015-ci ildə Yəməndə "Ənsar Allah" hərəkatının paytaxt Sənanı ələ keçirməsinə gözləniləndən zəif reaksiya verməsi Səud ailəsinin narahatlığını daha da artırmışdı. Paralel olaraq isə 2015-ci ildə Abdullah bin Əbdüləlizin ölümündən sonra taxt-tac onun qardaşı Salman bin Əbdüləzizə keçdi və Salman gənc və ambisiyalı oğlu Məhəmməd bin Salmanı təhlükəsizlik aparatının rəhbərliyinə gətirdi. 2016-cı Donald Trampın ABŞ-da prezident seçilməsi və Respublikaçı Partiyasının neokonservativ blokunun Ağ Evdə güclənməsi ilə birlikdə Məhəmməd bin Salman ailə daxilində rəqiblərini bir-bir aradan götürərək gücünü tam konsolidasiya etməyi bacardı. Tramp administrasiyası, xüsusilə də milli təhlükəsizlik müşaviri Con Bolton, Dövlət katibi Mayk Pompeo və prezidentin xüsusi məsləhətçisi və kürəkəni olan Cared Kuşner Yaxın Şərq regionunda sələflərindən tamamilə fərqli istiqamət götürmüşdülər və bu siyasətin mərkəzində dayanan hədəf İrandakı siyasi rejimin blokadaya alaraq sıxışdırılması, hətta mümkünsə devrilməsinə nail olmaq idi. Beləliklə ABŞ-da respublikaçı neokonservativlər, İsraildə Netanyahu administrasiyası və Səudiyyə Ərəbistanında da Məhəmməd bin Salmandan ibarət olan faktiki anti-İran koalisiyası yaranmış oldu. Səudiyyə rəhbərliyinin Yəmənə hərbi müdaxiləsini gücləndirməsi, Qətəri siyasi və iqtisadi blokadaya salması, Livanın baş nazirini istefaya məcbur etdirməsi, İrana və onun ali rəhbərinin ünvanına açıq şəkildə təhdidlər etməsi kimi faktlar 2017-2021-ci illərdə vəliəhd şəhzadənin hansı ambisiyalara sahib olduğunu göstərirdi. Ancaq Donald Trampın prezident seçkilərini uduzması və daha sonra Netanyahunun baş nazir vəzifəsindən kənarlaşdırılması bu trionun pozulmasına və vəliəhd şəhzadənin də regional strategiyasının dəyişməsinə səbəb oldu. Xüsusilə də Bayden administrasiyanın sabiq Obama administrasiyandakı şəxslər tərəfindən təmsil olunması və Cozef Baydenin özünün seçki kampaniyası müddətində Səudiyyə Ərəbistanı ilə bağlı ortaya qoyduğu mövqe Məhəmməd bin Salman üçün narahatlıq mənbəyinə çevrilmişdi. Vəliəhd şəhzadə ABŞ-da administrasiyanın dəyişməsini gözləmədən Qətərə olan blokadanı dayandırmış və 2021-ci il yazından etibarən İranla danışıqlara başlamışdı. Amma gözlənilənin əksinə Bayden administrasiyasının İranla nüvə sazişini bərpa etmək cəhdlərinin uğursuz olması və Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra qlobal enerji bazarlarında yaranan təlatümlərin qarşısını almaq üçün ABŞ-ın Səudiyyə rəhbərliyinə ehtiyacının yaranması vəliəhd şəhzadənin Ağ Evə qarşı əlinin gücləndirdi. Məhəmməd bin Salmanın Bayden administrasiyasından narazı olması və ABŞ-ın İranı regionda gücləndirəcək istənilən addımını Səud ailəsinin strateji təhlükəsizliyinə qarşı atılmış addım olaraq dəyərləndirilməsi ABŞ-Səudiyyə münasibətlərindəki gərginliyin həllolunmaz düyümə çevrilməsinə gətirib çıxarıb və Məhəmməd bin Salman ABŞ daxili siyasətində artıq yalnız bir tərəfin daimi dəstəyini arxasında hiss edə bilir. Ona görə də demək mümkündür ki, Səud elitası Demokrat Partiyasına olan etimadsızlığını nümayiş etdirməkdən də çəkinmir. İranla təktərəfli olaraq əlaqələrin bərpa olunması faktını da məhz buna yozmaq olar. ABŞ və İsrailin İranın nüvə proqramından ciddi narahatlıq keçirdiyi və hətta İrandakı hərbi-strateji obyektləri hədəf alıb-almamağı müzakirə etdiyi bir vaxtda Səudiyyə Ərəbistanın İranla aranı düzəltmək cəhdini özünü qorumaq məqsədilə atdığını da fərz etmək olar. Hətta çox yaxın olduğu Tramp administrasiyası dövründə belə Səudiyyə rəhbərliyi İranın 2019-cu ilin sentyabrında ölkənin neft infrastrukturna edilmiş silahlı hücumun cavabsız qalmasını xatirində saxlayır və ABŞ-İsrail və İran arasındakı hər hansı konfliktdə yenidən İranın silahlı hücumuna məruz qalmaq istəmir.
Səudiyyə Ərəbistanı və İran arasında danışıqlar özü-özlüyündə yeni bir hadisə deyil. Tərəflər 1980-ci illərdəki münaqişələrdən sonra aralarındakı problemləri həll etməyə çalışmış və 1990-cı illərdə müəyyən yaxınlıq da yarada bilmişdirlər.1998-ci ildə İranın sabiq prezidenti Rəfsəncani, 2007-ci ildə isə Prezident Əhmədinecad Səudiyyə Ərəbistanına səfər etmiş və ölkənin rəhbərliyi ilə görüşlər keçirmişdi. Ancaq daha sonra ölkələr arasında münasibətlər yenidən kəskinləşmiş və pozulmuşdu. Son illərdə isə iki ölkə arasında əlaqələrin bərpa olunması ilə bağlı ilk cəhd hələ 2021-ci il yazında İraqda keçirilən silsilə görüşlərlə olmuşdu. Daha sonra 2022-ci ildə İraq və Omanın vasitəçiliyi ilə tərəflər görüşlərini davam etdirmiş, amma ötən il payızında İranda baş verən etirazlar görüşlərin dayanmasında səbəb olmuşdu. Ancaq İran tərəfi bir neçə dəfə əlaqələrin bərpa olunmasında maraqlı olduğunu qarşı tərəfə çatdırmışdı. Sonuncu belə çağırış ötən ilin oktyabrında İranın ali rəhbərinin xarici siyasət məsələləri üzrə müşaviri Əli Əkbər Vilayəti tərəfindən edilmişdi. Çinin vasitəçiliyi isə böyük ehtimalla Prezident Si Tzinpinin dekabr ayında Səudiyyə Ərəbistana səfərindən sonra aktuallaşmış, İran prezidentinin ötən ay Çinə səfəri zamanı dəqiqləşmişdir.
Səudiyyə-İran “barışığı” regional müstəvidə bir çox proseslərə təkan verməsi gözlənilən mühüm hadisədir. Tərəflər bu prosesi düzgün idarə etməyi bacararsa, ilk növbədə Livandakı siyasi-iqtisadi böhranın və Yəməndə müharibənin sonlandırması barədə danışmaq mümkün olar. İran tərəfi xüsusilə ABŞ və İsrail ilə münasibətlətin gərgin olduğu bir zamanda Körfəz ərəbləri ilə münasibətlərini yaxşılaşdıraraq qarşı tərəfin vahid cəbhədə birləşməsinə və son iki onillikdə regionda əldə etdiyi nailiyyətləri müəyyən çərçivədə legitimləşdirməyə çalışır. Razılaşmanın əldə olunmasından dərhal sonra İranın rəsmi mətbuat orqanlarının və regional müttəfiqlərinin rəhbər şəxslərinin açıqlamaları onu göstərir ki, İran rəhbərliyi Səudiyyə Ərəbistanı ilə münasibətlərin normallaşdırılmasını, xüsusilə də bu razılığın Çinin vasitəçiliyi ilə edilməsini ciddi nailiyyət hesab edir. Razılaşma ilə bağlı məlumatlara əsasən Səudiyyə tərəfi İran rəhbərliyinin son illərdə ölkədə populyarlaşan və Səudiyyə tərəfindən maliyyələşdirilən “Iran International” kanalının fəaliyyəti ilə bağlı narazılıqlarını da nəzərə almaqla bağlı öhədlik götürüb. İran rəhbərliyin əsas məqsədi də elə ölkədəki sosial-iqitsadi böhran vəziyyətində regional problemlərini azaltmaq və hətta mümkünsə Körfəz ölkələrinin maliyyə resurslarına çıxış edərək sanskiyaların təsirini azaltmaqdır. Proseslərin davamı olaraq İranın Körfəzdə diplomatik əlaqələri olmayan sonuncu ölkə olan Bəhreynlə də münasibətlərini normallaşdıracağı, beləliklə Körfəz ərəbləri ilə konfliktlərini ən azından yaxın müddət üçün həll etmiş olacağı gözlənilir.
Suriyada vətəndaş müharibəsinin de-fakto Əsəd hakimiyyətinin qələbəsi ilə başa çatması, İraq və Livandakı İran tərəfdarı şiə qrupların məhv edilməsinin mümkünsüzlüyü və Yəməndə artıq 8 ildir davam edən konfliktdə “Ənsar Allah” qruplaşmasının hələ də ölkənin paytaxtına və şimal-qərb ərazilərinə nəzarəti əldən buraxmaması kimi səbəblərə Bayden administrasiyasının İranla bağlı mövqeyindəki ziddiyətli və qarışıq vəziyyət də əlavə ediləndə Səudiyyə Ərəbistanı və İranın münaqişələrini aktiv şəkildə davam etdirməsinin hər iki tərəf üçün ziyanlı olduğu görünür. Məhəmməd bin Salman ölkəsini iqtisadi olaraq regional və hətta qlobal cazibə mərkəzinə çevirməyə çalışdığı bir vaxtda Qərb (Amerika və İsrail) və İran arasında baş verəcək toqquşmanın arasında qalmağı qətiyyən arzulamır. Qeyd etmək mümkündür ki, Səudiyyə Ərəbistanın hazırda izlədiyi siyasət Birləşmiş Ərəb Əmirliklərinin son iki ildə apardığı siyasətlə üst-üstə düşür. Tramp administrasiyası dövründə Səudiyyə Ərəbistanından fərqli olaraq İsraillə münasibətlərini tam normallaşdıran BƏƏ daha sonra İranla da münsibətlərini tam bərpa etdi və hətta İranın sanksiyalardan yayınması üçün yaradılan mexanizmlərdə BƏƏ şirkətlərinin iştirakına göz yummağa başladı. Səudiyyə rəhbərliyi də bir tərəfdən İsraillə münasibətlərini “üstü örtülü şəkildə” davam etdirmək, digər tərəfdən isə İranla deeskalasiya siyasətini aparmağa başlayır. Qarşıdakı aylarda bu prosesin hansı istiqamətə gedəcəyi sual altında olsa da, hələ ki iki ölkənin yenidən açıq münaqişəyə qayıtmaqda istəkli olmadığı məlumdur.
Bu prosesdən ən qazanclı çıxan tərəf isə şübhəsiz ki, Çin oldu. Yaxın Şərqin iki qan davalı düşmənini barışdırmaq Çinin qlobal prestiji üçün böyük bir müsbət hadisədir. Çin hər iki ölkənin ən böyük ticarət partnyorudur və enerji resurslarını tədarük etdiyi bu ölkələrin arasındakı problemləri həll etməklə özü üçün də yarana biləcək problemlərin qabağını almağa çalışır. Ancaq yenə də Çinin regionda mühüm iqtisadi və diplomatik gücünü nəzərə almaqla birlikdə qeyd etmək lazımdır ki, Çin ABŞ-ın Yaxın Şərqdə oynadığı rolu oynamaq gücü və demək olar ki, istəyi yoxdur. Çin regiondakı konfliktlərdə tərəf seçərək müdaxilə etmək arzusunda deyil və ABŞ-ın regiondakı varlığından da ciddi şəkildə narahat deyil. Çinin bu prosesdə oynadığı rol daha çox Səudiyyə Ərəbistanı və Bayden administrasiyası arasında olan problemlərlə bağlıdır. Səudiyyə rəhbərliyi Çinin vasitəçiliyinə razı olaraq həm Çinin İran üzərində olan nüfuzundan öz xeyrinə istifadə etməyə, həm də Ağ Evə mesaj verməyə çalışır.