2022-ci ilin sentyabr-dekabr aylarında İrandakı Azərbaycan türkləri ilə bağlı İnsan Haqları Hesabatı
Bu ilin yanvar ayında Behzad Ciddi (Behzat Jeddi), Lalə Cavanşir, Ramin Cabbarlı və Turan Bozqurdun (Turan Bozkurt) müəllifliyi ilə "Ətəkyazı" portalında "2022-ci ilin sentyabr-dekabr aylarında İrandakı Azərbaycan Türkləri ilə bağlı İnsan Haqları" adlı hesabat yayımlanmışdır. Müəlliflər hesabatı hazırlamaqla İranda davam edən etirazların işıqlandırılması, İranın Azərbaycan bölgəsində insan hüquqlarının pozulması ilə bağlı xəbərlərin geniş auditoriyaya yayılmasını hədəfləyirlər. Bu hesabat İranın Azərbaycan regionunda İran hökuməti tərəfindən insan haqları pozuntularını işıqlandırmaq üçün on altı insan haqları fəalından ibarət İran daxilindəki Azərbaycan insan haqları şəbəkəsi ilə birgə hazırlanmışdır.
Müəlliflərdən Behzad Ciddi hazırda Ayova Dövlət Universitetində iqtisadiyyət üzrə doktorantura təhsilini davam etdirir. Lalə Cavanşir isə öz təhsilini Toronto Universitetində "Türk və Osmanlı Elmləri" üzrə bitirmiş və hazırda mühazirəçi olaraq eyni universitetdə fəaliyyət göstərir. Müəlliflərdən Ramin Cabbarlı isə hazırda təhsilini Vaşinqton universitetində Sosiologiya üzrə davam etdirməkdədir. Turan Bozqurd isə magistr təhsilini Yaxın Şərq elmləri üzrə Toronto universitetində başa vurmuşdur.
Ümumilikdə, hesabat 83 səhifədən ibarətdir və əsas kontent olaraq 3 hissədən ibarətdir. Bu hesabatın birinci hissəsində son etirazların qısa icmalı təqdim olunur. Hesabatın ikinci hissəsi əsasən hesabatın müəllifləri və hazırlanarkən istinad kimi istifadə edilmiş mənbələr üzərində cəmlənir. Müəlliflər hesabatın üçüncü hissəsində istifadə etdikləri metodologiya, məlumatların toplanması prosesi və çərçivənin formalaşmasını izah etmişdir.
Etirazlara Məhsa Əmininin 2022-ci il sentyabrın 16-da əxlaq polisi tərəfindən həbs edilməsindən sonra ölümü səbəb olub. Bu xəbərin yayılması geniş miqyaslı reaksiyalarla müşayiət olundu. Bir çox sosial media istifadəçisi ilə yanaşı, tanınmış mədəniyyət, incəsənət və idman xadimləri də baş verənlərə qəzəblərini bildiriblər. Məhsa Əmininin ölümündən sonra Azərbaycan regionunda məcburi hicab qanunlarına qarşı nümayişlər başlayıb. Bir neçə gün sonra nümayişlər radikal tələblərlə yeni səviyyəyə çatdı. Etirazçıların tələbləri sırasında İslam respublikasının ləğvi də yer almışdır. Etirazların əvvəlindən İran hakimiyyəti Azərbaycanda nümayişləri boğmaq üçün çevik polisi, İnqilab Keşikçilərini, Bəsic yarımhərbi qüvvələrini, İran İslam Respublikasının Hüquq-Mühafizə Komandanlığını və mülki geyimli təhlükəsizlik agentlərini səfərbər edib. Müəlliflərin dediyinə görə, sızdırılan sənəddə İran rəsmilərinin dinc etirazçıları sıxışdırmaq üçün istifadə etdiyi sərt üsullar haqqında yeni təfərrüatlar verilir. Hesabatın müəllifləri qeyd edir ki, İranda təhlükəsizlik qüvvələrinin addımları azı 458 nəfərin həyatına son qoyub.
Müəlliflər İrandakı azərbaycanlılarla bağlı insan haqlarının vəziyyətini şərh edərək qeyd edirlər ki, noyabr və dekabr aylarında İranın repressiv maşını Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil, Zəncan, Ərak, Qəzvin və Tehran vilayətlərində etirazları yatırmaq üçün müxtəlif üsullara əl atır. Sentyabrdan dekabr ayına qədər davam edən bu basqılar İranın Azərbaycan bölgəsində azı iyirmi dörd qurbanın təhlükəsizlik qüvvələri tərəfindən güllələnməsinə və yüzlərlə nümayişçinin yaralanmasına səbəb olub. Ən azı 6 Azərbaycan türkü edam cəzasına məhkum edilib. Müəlliflər qeyd edir ki, İranda repressiv rejimin əsas hədəfi qadınlar və uşaqlardır. Davam edən etirazlar zamanı ən azı 44 uşaq rejim tərəfindən öldürülüb. İranda repressiv qüvvələr tərəfindən azı 13 azərbaycanlı türk qadın və uşaq öldürülüb.
Hesabatda yazılır ki, Təbriz nümayişlərindən bir gün sonra Zəncan əhalisi 21 sentyabr 2022-ci ildə etirazlara qoşulub. Yerli xəbərlər təsdiq edir ki, azyaşlı Mehdi Musəvi beş güllə, başına və bədəninə çoxsaylı dəyənək zərbələri nəticəsində həlak olub. Mehdi Musəvinin öldürüldüyü zaman cəmi 16 yaşı var idi. Yerli məlumatlara görə, təhlükəsizlik orqanları Mehdi Musəvinin ailəsini onun İslam Respublikasının polis əməkdaşları tərəfindən öldürüldüyünü üzə çıxarsa, digər ailə üzvlərini də həbs edəcəkləri və "aradan götürəcəkləri" ilə hədələyiblər.
Müəlliflər bildirir ki, oktyabrın 31-də Urmiya-Qərbi Azərbaycandakı etirazlar zamanı 22 yaşlı qız Nəsim Sedqi təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb. Nasim Sedqi nümayişlərdə təhlükəsizlik qüvvələrinin birbaşa atəşi nəticəsində həlak olub. Ailəsi onun ölüm səbəbini bədbəxt hadisə kimi açıqlamaq üçün təhlükəsizlik orqanlarının təzyiqi altındadır. Onun cənazəsi noyabrın 2-də ciddi təhlükəsizlik tədbirləri ilə Şahindəc qəbiristanlığında dəfn edilib.
Bundan əlavə, əslən Şərqi Azərbaycandan olan Ərşayə Qulizadə doğma şəhərinə qohumlarını ziyarətə getmişdi. Orada təhlükəsizlik qüvvələri onu türbanı çıxartdığına görə polis bölməsinə çağırıblar. Ərşayənin atası onu təhvil verməkdən imtina etdi və onlar Rəştə qayıtdılar, lakin təhlükəsizlik qüvvələrinin davamlı təhdidlərindən sonra Arşiyanın ailəsi Ələmdara qayıtmağa məcbur oldu. Ərşayə ədliyyə orqanlarına getdikdən sonra əvvəlcə Ələmdar Təcridxanasına, sonra isə Təbrizə köçürülüb. Yerli mənbənin bildirdiyinə görə, azadlığa buraxıldıqdan sonra Ərşayə etiraf edib ki, "hər gecə bizi həb almağa məcbur edirdilər". Bu azərbaycanlı yeniyetmə həbs olunarkən gördüyü kobud davranışlara görə müvəqqəti azadlığa çıxdıqdan sonra ağır depressiya keçirib. Nəhayət, o, həbsdən qayıtdıqdan cəmi bir neçə gün sonra intihar etdi və həyatına son qoydu.
"Amnesty International" təşkilatının məlumatına görə, İranda 26 nəfər edam təhlükəsi ilə üzləşib. Rejim əhalidə qorxu hissi yaymaq üçün ölüm cəzasından istifadə edir. Ən azı altı Azərbaycan türkü edam cəzasına məhkum edilib. Edama məhkum edilmiş şəxslərin həbsi həbsxanalarda və ya təkadamlıq kameralarda ağır işgəncələrlə müşayiət olunur.
Müəlliflərə görə, 2020-ci ilin sentyabrında İran İslam Respublikasına qarşı dinc nümayişlər başlayandan bəri azərbaycanlı vəkillərə qarşı təhlükəsizlik təzyiqləri görünməmiş şəkildə artıb, çünki onlar həbs olunanları təmsil etməyə və onlara hüquqi dəstək verməyə başlayıblar. Bu müddət ərzində azı dörd vəkil həbs cəzasına məhkum edilib. Bundan əlavə, bir neçə vəkilin lisenziyası ləğv edilib. Hesabatda qeyd edilir ki, 50-dən çox vəkilin adları kəşfiyyat nazirliyi tərəfindən lisenziyalarının ləğvi kimi inzibati qaydada tədbir görülməsi üçün Şərqi Azərbaycan Mərkəzinə göndərilib.
Əlavə olaraq, son günlər İran İslam Respublikasının Kəşfiyyat Nazirliyi Azərbaycan regionunun müxtəlif şəhərlərində fəalları və onların yaxınlarını həbs edib, onlara işgəncə verməklə hədələyir. Kəşfiyyat Nazirliyi azərbaycanlı fəalların nümayişlərdə iştirakının qarşısını almaq üçün bu üsuldan istifadə edir. Yerli mənbələrin məlumatına görə, Ərdəbildə bir neçə vətəndaş azərbaycanlı fəal kəşfiyyat nazirliyinin şöbəsinə çağırılıb. Əksər azərbaycanlı fəallar bu hərəkəti qanunsuz hesab edərək məhkəmədən xəbərdarlıq tələb ediblər. Son bir ayda 6-dan çox azərbaycanlı telefon zəngləri ilə çağırılıb və Ərdəbildə həbslə hədələnib.
Hesabatın müəllifləri oxuyucuların diqqətinə çatdırır ki, davam edən nümayişlər zamanı insanların öldürülməsi ilə bağlı qurbanların ailələri, şahidlər, insan haqları müdafiəçiləri, İran daxilində və xaricdə olan beynəlxalq hüquq müdafiə təşkilatlarından çoxlu məlumatlar dərc edilsə də, İran bu iddiaları təkzib edir. Müəlliflər əlavə edir ki, rejim etirazları yatırtmaq üçün kişi və qadınların zorlanması, zorla etiraf etdirmə və ağır silahlar kimi müxtəlif işgəncə üsullarından istifadə edib. Rejim həbs olunanları ölüm cəzasına məhkum etmək üçün məcburi etiraflardan istifadə edir. Fəallar xəbərdarlıq edir ki, İran əhalidə qorxu yaratmaqla etirazları boğmaq üçün ölüm cəzasından istifadə etməyi planlaşdırır. Nümayişlər zamanı həbs olunanların sayının çox olması səbəbindən edama məhkum edilənlərin sayının artacağı gözlənilir.
Son olaraq, müəlliflər beynəlxalq icmalar və təşkilatlar tərəfindən əhəmiyyətli təzyiq olmadan və lazımi tədbirlər görülmədikdə, qadın və uşaqlar da daxil olmaqla etirazçıların həyatının ciddi risk altında olmasından narahatlıqlarını qeyd ediblər.