Qarakənd faciəsinə gedən yol (2-ci hissə)
Məqalənin birinci hissəsini buradan oxuya bilərsiniz.
Vəziyyətin yenidən gərginləşməsi
Jeleznovodsk görüşləri ərəfəsində Dağlıq Qarabağda vəziyyət gərginləşdi. Sentyabrın 18-də Mardakert rayonunun Çapar kəndindəki erməni dəstəsi azərbaycanlılar yaşayan qonşu İmarət-Qərvənd kəndinə hücum etdi. Kənd “Alazan” raketləri ilə ağır formada bombalandı. Ərazidəki SSRİ DİN daxili qoşunları döyüşlərin ilk günü vəziyyətə müdaxilə etmədi. İmarət-Qərvənddəki OMON bölmələri ciddi müqavimət göstərsə də, ermənilər kəndin bir hissəsini ələ keçirdilər. Əhalinin əksəriyyəti dağlara qaçmaq məcburiyyətində qaldı. Ümumilikdə 7 ev yandırıldı. Daxili qoşunların müdaxiləsindən sonra vəziyyət sabitləşdi. İmarət-Qərvənddəki döyüşlər dünya mətbuatında geniş işıqlandırıldı. Əraziyə amerikalı jurnalist Tomas Qolts getdi. O, gördüklərini belə nəql edirdi: “BTR-lə yaşayış məntəqəsinə gəlib çatdıq. Bura qonşu erməni kəndi Çapardan dayaz çayla ayrılmışdı. 900 nəfər əhalisi olan kənddə kərpicdən və daşdan tikilmiş evlər var idi. Evlərdən dördü yanmışdı, biri hələ də yanırdı. 54 yaşlı Mahmud Mirzəyev dərənin o tayındakı ən yaxın erməni evini mənə göstərdi və hücum edənin Heno adlı şəxs olduğunu bildirdi. Şəxsi əşyalarını toplamaq üçün evinə qayıdan Validə Qafarova hücum edənlərin Heno, Limberk, Vladik və Akop adlı şəxslər olduğunu söylədi. Axşam düşən kimi geri qayıtdıq. Şuşada olanda İmarət-Qərvəndə daha bir hücumun olduğunu öyrəndik”.
İmarət-Qərvəndə gedən jurnalistlər arasında Türkiyənin “Hürriyət” qəzetinin əməkdaşı Muammer Elveren də var idi. Onun verdiyi məlumata görə, bombalama zamanı 85 yaşlı Zeynəb Əliyeva evində yanaraq həlak olmuşdu. Kəndə edilən hücuma cavab olaraq sentyabrın 23-də Azərbaycan OMON-u Çapar kəndinə daxil oldu və buradakı 6 erməni silahlısını məhv etdi (“Nezavisimiya qazeta” qəzeti, 26.09.91:1). SSRİ DİN daxili qoşunlarının müdaxiləsindən sonra ərazidə sabitlik bərpa olundu. Dağlıq Qarabağdakı toqquşmalar Jeleznovodsk danışıqlarının nəticələrinə və sonrakı proseslərə təsir göstərmədi. Azərbaycan Ali Sovetinin Rəyasət Heyəti 1991-ci il oktyabrın 7-də sənədlə bağlı işgüzar təkliflər hazırladı. Oktyabrın 15-i Rusiya və Qazaxıstan nümayəndələrindən ibarət işçi qrup Bakıya səfər etdi. Ayaz Mütəllibovla görüşdən sonra Stepanakertə (*26 noyabr 1991-ci il DQMV-nin ləğv olunması haqqında qanuna qədər Xankəndi Stepanakert adlanırdı) gedən nümayəndə heyəti silahlıların Qarabağdan çıxarılmasını müzakirə etdi (Harutyunyan,1994:86). Həmin gün tərəflər növbəti görüşün oktyabrın 25-də İcevanda keçiriləcəyini qərarlaşdırdılar.
Bu görüşə qədər isə həm Azərbaycanda, həm də Ermənistanda bəzi siyasi proseslər baş verdi. Oktyabrın 16-da Ermənistanda prezident seçkilərində Erməni Milli Hərəkatı lideri Levon Ter-Petrosyan inamlı qələbə qazandı. Azərbaycanda isə 2 gün sonra dövlət müstəqilliyi haqqında Konstitusiya aktı qəbul edildi. Bununla Azərbaycan rəsmən müstəqilliyini elan etdi. Həmin gün Azərbaycan Prezidenti Ayaz Mütəllibov ittifaq müqaviləsini bağlamaqdan və Qarabağ məsələsini Qorbaçovla müzakirə etməkdən imtina etdi (Harutyunyan,1994:86-87). Bu açıqlama Azərbaycanın Suveren Respublikalar İttifaqına girməkdən imtina etdiyini göstərirdi. Azərbaycan müstəqilliyini elan etsə də, de-fakto SSRİ tərkibində qalmağa davam edirdi. Oktyabrın 25-də İcevanda RSFSR, Qazaxıstan SSR, Ermənistan və Azərbaycan nümayəndə heyəti arasında növbəti görüş baş tutdu. Ermənistan Ali Soveti sədrinin birinci müavini Babken Ararktsyan və Azərbaycan Ali Soveti sədrinin birinci müavini Ziyad Səmədzadə arasındakı görüş uğurlu keçdi (Harutyunyan, 1994:87). Ziyad Səmədzadə görüşdən sonra verdiyi açıqlamada problemin həllində sülhdən başqa yolun olmadığını, məsələnin xalq diplomatiyası çərçivəsində həll ediləcəyinə inandığını söylədi (Geukjian, 2016:41-42). Babken Ararktsyan isə hər iki tərəfi məqsədə gedən yolda birgə səylər və xoş niyyət tələb edən çətin işlərin gözlədiyini vurğuladı (“İzvestiya” qəzeti, 26.09.91:1). Daxili işlər naziri Məhəmməd Əsədov İcevanda verdiyi müsahibədə gündəlikdə duran əsas məsələnin Qarabağdakı erməni silahlılarının regiondan çıxarılması olduğunu bildirdi. İcevan danışıqlarından sonra tərəflər növbəti görüşün noyabrın 22-də baş tutacağını müəyyənləşdirdilər. Danışıqlar zamanı verilən sülh vədləri reallıqla uyğunlaşmırdı. Qarabağdakı erməni silahlıları azərbaycanlılar yaşayan kəndləri ətraf aləmdən təcrid edirdilər. RSFSR Prezidenti Boris Yeltsin və SSRİ Prezidenti Mixail Qorbaçovun qarşıdurması orduya da öz təsirini göstərirdi. SSRİ DİN daxili qoşunları əhalinin təhlükəsizliyini qorumaq üçün heç bir addım atmırdı. Beləliklə, Qarabağda ilk böyük toqquşma oktyabrın sonunda Hadrutun Tuğ kəndində baş verdi.
Oktyabrın 30-da Tuğdakı erməni dəstəsinin lideri Vigen Qriqoryan kəndin azərbaycanlılar yaşayan hissəsinə hücum etdi. Əməliyyatın ümumi komandanı Arkadi Ter-Tadevosyan idi. O, xatırlayır: “Tuğ əməliyyatı özünümüdafiə qüvvələri komandanlığı tərəfindən planlaşdırılan və həyata keçirilən ilk döyüş tapşırığı idi. Hücumda 87 nəfər hərbçi iştirak edirdi, 11 nəfər isə ehtiyatda idi. Onlara Azərbaycanın 75 nəfər çevik milisi müqavimət göstərdi. Kəndin azərbaycanlılar yaşayan hissəsinə gecə basqın edildi. Düşmən qərargahının yerləşdiyi binaya "RPQ-7"-dən zərbələrin endirilməsi həlledici oldu. Əməliyyat tərəfimizdən itkisiz həyata keçirildi” (Tadevosyan,2007:564). Beləliklə, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsində itirdiyi ilk yaşayış məntəqəsi Tuğ kəndi oldu. Həmin gün erməni bölmələri Hadrutun azərbaycanlılar yaşayan digər kəndi Salakətini ələ keçirdilər[1] (“Azərbaycan” qəzeti, 02.11.12:5).
SSRİ DİN daxili qoşunlarının neytrallığı nəticəsində hərbi baxımdan zəif olan Azərbaycan rəhbərliyi iqtisadi təzyiqə əl atdı. 1991-ci il noyabrın 5-də Ermənistan və Qarabağa təbii qaz nəqli tamamilə dayandırıldı və nəqliyyat blokadası tətbiq edildi (Çernyavski, 2002:67). Bu tədbir Ermənistanda ciddi enerji böhranı yaratdı. Azərbaycanın təbii qazı kəsmək qərarı Qərb ölkələrinin, xüsusən də Vaşinqtonun mənfi reaksiyasına səbəb oldu. ABŞ Konqresinndə Azərbaycana qarşı siyasi və iqtisadi sanksiyalar tətbiq etməsini nəzərdə tutan qətnamə layihəsi hazırlandı (“Nezavisimiya qazeta” qəzeti, 20.11.91:3).
Azərbaycan hökuməti noyabrın əvvəlində DQMV üzrə Təşkilat Komitəsini Stepanakertdən çıxararaq Ağdama köçürdü. Burada Təşkilat Komitəsi ləğv olundu və DQMV üzrə respublika qərargahı yaradıldı.[2] Qərargahın rəisi baş nazirin müavini Rəhim Hüseynov təyin edildi. Bundan sonra Azərbaycan rəhbərliyinin DQMV daxilində baş verən proseslərə təsiri tamamilə itdi (Vəliməmmədov, 2021:267-268). Regionda vəziyyət getdikcə nəzarətdən çıxırdı. Noyabrın 14-də Stepanakertə ezam olunmuş Bakı şəhər istintaq şöbəsinin prokuroru Şükür Rzayev öz ofisində ermənilər tərəfindən girov götürüldü (Human Rights Watch, 1992:532). Növbəti gün “Halqa” əməliyyatı zamanı ələ keçirilən Hadrutun Axullu və Tsur[3] kəndləri ermənilərin nəzarətinə keçdi. Azərbaycan rəhbərliyi işğal edilmiş kəndlərdəki əhalinin yaşadıqları yerə geri dönməsi müqabilində təbii qazın Ermənistana verilməsinə hazır idi. Noyabrın 17-də Ermənistan və Azərbaycanın nümayəndə heyətlərinin Qazaxda keçirilən görüşü Ermənistanın qaz blokadasına son qoyulmasını nəzərdə tutan protokolun imzalanması ilə başa çatdı. Protokola görə, Azərbaycan noyabrın 19-da saat 24:00-dək Ermənistana qaz təchizatını bərpa etməli idi (“İzvestiya” qəzeti, 18.11.91:1).
Protokol imzalanan gün erməni qüvvələri Hadrut rayonu istiqamətində hücuma keçərək Banazur, Zamzur və Şaqax kəndlərini ələ keçirdilər.[4] Bu əməliyyata Arkadi Ter-Tadevosyan rəhbərlik edirdi: “Teleqüllənin yerləşdiyi Sarinşen (Şaqax) kəndi yaxınlığındakı yüksəklik Azərbaycan milisinin nəzarətində idi. Yaxınlıqda SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının postu yerləşirdi. Əməliyyatda ümumilikdə 79 nəfər iştirak etdi. İki istiqamətə bölünən dəstələrimizin bir qismi yüksəkliyə gedən yola nəzarəti ələ keçirdi, digərləri isə yüksəkliyi hücuma keçərək Azərbaycan milisinin oradan çıxarılmasında iştirak etdilər. Əməliyyatın dərinliyi təxminən 12 km olmuşdu.”[5] (Tadevosyan,2007:564).
Hadrutdakı baş verən hadisələr noyabrın 18-də Azərbaycan Ali Sovetin iclasında müzakirə olundu. Müxalifətçi deputat Şadman Hüseynov hərbi üstünlüyü əldə etmək üçün Azərbaycan ərazisində yerləşən bütün hərbi hissələrdəki silah və texnikanın inventarlaşdırılmasını təklif etdi (Vəliməmmədov,2021:268). Müxalifət ordu quruculuğunu həyata keçirə bilmədiyi üçün müdafiə naziri Valeh Bərşadlını ciddi tənqid etdi. Həmin gün Qazaxıstan SSR və RSFSR nümayəndələri yenidən tərəfləri bir araya gətirdi. Görüş Azərbaycan-Ermənistan sərhəddində baş tutdu. Aparılan danışıqlarda Jeleznovodsk kommünikesinin əsas bəndlərinin həyata keçirilməsi ilə bağlı razılaşmanın noyabrın 22-də həyata keçiriləcəyi razılaşdırıldı. Həmin gün Babken Ararktsyan və Ziyad Səmədzadə arasında görüş planlanmışdı. Lakin noyabrın 19-da Martuni şəhərinə bitişik Xocavənd kəndində baş verən hadisələr buna imkan vermədi.
Xocavəndin işğalı və Ağdam müşavirəsi
1991-ci ilin noyabrında ən gərgin sektorlardan biri Martuni şəhəri və ətrafı idi. Şəhərin şərqində Əmiranlar və Muğanlı, qərbində isə Xocavənd kəndi yerləşirdi. Bu kəndlərin əhalisi azərbaycanlılardan ibarət idi. Xocavənd kəndi Martuni şəhərinə demək olar ki, bitişik idi və onun ərazisi sayılırdı.
Martuni şəhərində həmin dövrdə 2 erməni dəstəsi fəaliyyət göstərirdi. Onlardan birinə Abrik Arzumanyan, digərinə isə Vladik Xaçatryan rəhbərlik edirdi. Azərbaycanlılar və ermənilərin bir-birinə yaxın yaşadığı bu regionda ilk güclü toqquşmalar noyabrın 16-da başladı. Səhər saatlarında ermənilərin atdığı raket nəticəsində bir Xocavənd sakini həlak oldu, səkkiz nəfər yaralandı. Noyabrın 18-də Xocavəndin müdafiəsinin təşkili üçün Ağdamdan əraziyə “Alazan” raketləri gətirildi. Həmin gün Martunidən atılan raket hücumuna Azərbaycan OMON-u qarşı zərbə ilə cavab verdi. SSRİ DİN daxili qoşunlarının polkovniki Aleksey Polozov xatırlayır: “Xocavənddən Martuniyə atılan “Alazan” raketindən birinin uşaq bağçasının binasına dəyməsi haqqında məlumat aldıq. Bölgədəki vəziyyətlə bağlı xəbər verilən kimi general-mayor Nikolay Jinkin və DQMV Xalq Komissarları Soveti sədri Leonard Petrosyanla birlikdə hadisə yerinə getdik. Yerli sakinlər bizə binanı göstərdilər. Bağçanın divarları qaralmışdı. “Alazan” raketinin partlayış zamanı qara tüstü və his əmələ gətirmədiyini bilirdim və bunu Petrosyana izah etməyə çalışdım. Ermənilər qorxulu mənzərə yaratmaq üçün divarları qaraltmışdılar. Uşaqlardan heç biri xəsarət almamışdı.”(Polozov,2022:87-88). Bu hadisəni bəhanə edən Martunidəki erməni dəstəsi noyabrın 19-u gecə saat 01:15 radələrində böyük qüvvə ilə Xocavəndə hücum etdi (“Martik” qəzeti, 28.01.98:4). Kəndin Martuniyə bitişik hissəsində iki Xocavənd sakini öldürüldü. Əraziyə nəzarət edən OMON bölməsi ermənilərin üstün qüvvələri qarşısında geri çəkilməyə məcbur oldu. Kənd ələ keçirildi və yandırıldı.
İşğaldan sonra Xocavəndin əhalisi Ağdama sığındı. Özü ilə həlak olan şəxslərin meyitlərini gətirən əhalinin vəziyyəti Ağdam əhalisi tərəfindən hiddətlə qarşılandı. Azərbaycan DİN idarə rəisi Bəkir Mamoyev xatırlayır: “Hava soyuq idi. İnsanlar ayaqyalın qaçmışdılar. Yaralılar arasında 2 nəfər azyaşlı uşaq var idi. Bütün Ağdam ayağa qalxmışdı. Mən hadisə ilə bağlı dərhal dövlət katibi Tofiq İsmayılova məlumat verdim. Tofiq İsmayılov məni diqqətlə dinlədi, məsələni prezidentlə müzakirə etdikdən sonra zəng edəcəyini bildirdi. Saat 17 radələrində Tofiq İsmayılov mənə zəng etdi və sabah Ağdama gələcəyini bildirdi.”
Həmin gün dövlət katibi Tofiq İsmayılov Ağdamda DQMV üzrə respublika qərargahının iclasını təşkil etdi və Bakıdan regiona gedəcək nümayəndə heyətinin siyahısını tutdu. Nümayəndə heyəti içərisində müdafiə və dövlət təhlükəsizliyi məsələləri üzrə Dövlət müşaviri Məhəmməd Əsədov, Ali Sovet sədrinin müavini Tamerlan Qarayev, müdafiə naziri Valeh Bərşadlı, Meliorasiya və Su Təsərrüfatı nazirinin birinci müavini Qurban Namazəliyev, deputat Vəli Məmmədov, dövlət katibinin köməkçisi Rafiq Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev var idi. Tofiq İsmayılov protokola uyğun olmayaraq siyahıya prezidentin mətbuat katibi Osman Mirzəyevi daxil etmişdi. Siyahı hazırlanan zaman baş prokuror İsmət Qayıbov Ağdamda idi. O, noyabrın 14-də girov götürülən Şükür Rzayevin azad edilməsi üçün Stepanakertə gedərək orada DQMV nümayəndələri ilə danışıqlar aparmışdı.[6] Noyabrın 19-da Bakıya qayıtmalı olan İsmət Qayıbov Tofiq İsmayılovun iclas qərarına görə Ağdamda gecələməli oldu. Jeleznovodsk kommünikesi çərçivəsində müzakirələr aparılacağı üçün iclasla bağlı Qazaxıstan SSR və RSFSR nümayəndələrinə məlumat verildi. Həmin gün axşam Kiyevdən Bakıya qayıdan Azərbaycan Prezidenti Ayaz Mütəllibovu Binə hava limanında protokola uyğun olaraq dövlət katibi Tofiq İsmayılov qarşıladı. Həmin görüşü Ayaz Mütəllibov belə xatırlayır:
“- Mən sabah Ağdama gedirəm.
- Xeyir ola?
- Ağdamda müşavirə aparacam. Camaatı da özümlə yığıram. Qarabağa da getmək fikrim var.
- Bax, bunu saxla. Bu sözü bir də mənim yanımda işlətmə. Qarabağa uçmağın nə olduğunu bilirəm. Nə badə.
- Narahat olma, hər şey yaxşı olacaq. (Əlini çiynimə vurdu).
- Sən gedirsən, Ağdamda müşavirəni aparırsan. Sonra da gəlirsən Bakıya. Bununla da məsələ bitir.”
Noyabrın 20-i səhər tezdən Tofiq İsmayılovun rəhbərliyindəki nümayəndə heyəti Ağdama yola düşdü. Saat 11 radələrində təyyarə Ağdamın hava limanına endi. Nümayəndə heyəti şəhərdə həm AXC tərəfdarları, həm də Xocavənddən qovulan mülki insanlar tərəfindən ağır tənqidlərə məruz qaldı. Əhali dövlət nümayəndələrini heç bir iş görməməkdə günahlandırdı. Bu vəziyyət yüksək rütbəli məmurlar üzərində dərin psixoloji gərginlik yaratmışdı. Nümayəndə heyəti Ağdam Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri Xuraman Abbasovanın xidməti otağına yığıldı. Müşavirəyə SSRİ DİN Daxili qoşunlarının zabitləri, DQMV Prokuroru və region üzrə komendant, general-mayor Nikolay Jinkin çağırıldı. Polkovnik Aleksey Polozov xatırlayır: “SSRİ Daxili İşlər Nazirliyinin helikopterləri ilə Ağdama uçduq. Bizimlə DQMV prokuroru İqor Plavski, Daxili İşlər İdarəsinin rəisi, general Vladimir Kovalyov və RSFSR Ali Sovetinin iki deputatı var idi. Ağdam hava limanına gələndə dayanacaqda Yak-40 təyyarəsini gördük. Ağdam şəhərinin rəhbərliyindən heç kim bizi qarşılamadı. Hava limanında mühafizə edən SSRİ DİN daxili qoşunlarının tabor komandiri komendanta məruzə etdi ki, Bakıdan gələn nümayəndə heyəti bir saat əvvəl Ağdama yola düşüb. Mən vağzal binasına daxil oldum və oradan polis şöbəsinin rəisi, polkovnik İslah Paşayevə zəng etdim. Bizim üçün dörd avtomobil göndərildi və biz Ağdama getdik. Orada vəziyyət son dərəcə ağır idi. Ağdamda Xalq Cəbhəsinin üç minə yaxın tərəfdarı getdiyimiz binanı mühasirəyə almışdı. Maşınlarımız silahlı insanların izdihamı arasından çətinliklə keçərək qərargah binasına daxil oldu.” (Polozov, 2022:88).
İclas gərgin başladı. DQMV Daxili İşlər İdarəsinin rəis müavini, polis polkovniki Sadir Məmmədov xatırlayır: “Tofiq İsmayılov çox emosional tərzdə hadisənin necə baş verdiyini, nə üçün vaxtında bunun qarşısının alınmadığını soruşdu. O, Jinkini və Kovalyovu ayağa qaldıraraq dedi ki, bütün bu cür vəziyyətin yaranmasına siz şərait yaratmısınız, sizin və digər günahkarlar haqqında ciddi tədbir görüləcəkdir.” Müşavirədəki iştirak edən “Qarabağ” qəzetinin əməkdaşı Salman Alıoğlu vəziyyəti təxminən eyni formada nəql edir: “Tofiq müəllim Jinkindən hadisə barədə məlumat verməsini istədi. Hərbi komendantla Tofiq İsmayılovun çox sərt söhbəti oldu. Tofiq İsmayılov Jinkinə dedi ki, əgər orda azərbaycanlılar öldürülürsə, talanırsa, mən özüm sənin cəzanı verəcəyəm. Dramatik və gərgin vəziyyət idi. Təxminən bir saat, bir saat yarım iclas keçirildi.” Jinkin ona ünvanlanan ittihamları rədd etdi və real vəziyyəti görmək üçün nümayəndə heyətinə hadisə yerinə getməyi təklif etdi (Polozov, 2022:89). SSRİ DİN daxili qoşunları üzvlərinin israrından sonra Tofiq İsmayılov Xocavənd kəndinə getmək barədə planlaşdırılmayan qərar verdi. Saat 12:30 radələrində verilən bu qərardan sonra nümayəndə heyəti hazırlığa başladı. Müdafiə naziri Valeh Bərşadlı Tofiq İsmayılovdan Bakıdan Ağdama gətiriləcək silahla bağlı xüsusi nümayəndənin lazım olacağını bildirdi. Bu səbəbdən Tamerlan Qarayevin Ağdamda qalmasını təklif etdi. Sadir Məmmədov xatırlayır: “Yadımdadır ki, Tofiq İsmayılov getmək barədə qərar verən vaxt Tamerlan müəllim nəsə yazırdı. Hamı ayağa qalxanda o da durub çıxmaq istədi. Ancaq Tofiq müəllim ona dedi ki, sən bizimlə gəlmə, qal, verilmiş tapşırığı tamamla. Tamerlana verilmiş tapşırığın konkret nədən ibarət olduğunu bilmədim.”
Getmək barədə qərar veriləndən sonra Osman Mirzəyev jurnalistlər və müxbirləri Ağdam aeroportuna dəvət etdi. Nümayəndə heyəti növbə ilə yola düşdülər. Qazaxıstan SSR daxili işlər nazirinin müavini Saylau Serikovun təklifi ilə Ağdam aeroportuna Mi-8 helikopteri gətirildi. Ekipaj Qazaxıstan SSR-ə məxsus 3656 saylı hərbi hissənin üzvlərindən təşkil edilmişdi. Vertolyotun komandiri mayor Vyaçeslav Kotov, bort-texnik kapitan Gennadi Dolqov, şturman isə leytenant Dmitri Yalovenko idi. Sadir Məmmədov xatırlayır: “Hamını vertolyota Məhəmməd Əsədov yerləşdirirdi. Mən vertolyota daxil olanda Əsədov qolumdan tutaraq dedi ki, sən qal, adam çoxdur. Həqiqətən də pilot komandiri Kotov və heyət üzvü Domov vertolyotun yükünün ağır olduğunu deyirdilər. Mən helikopterdən düşəndə İsmət Qayıbov qaça-qaça gəlirdi. O, tezliklə qayıdacağını və birlikdə Bakıya uçacağımızı söylədi.” Gecikənlər arasında SSRİ DİN Daxili qoşunlarının milisləri də var idi. Polkovnik Aleksey Polozov xatırlayır: “Binanın çıxışında qəzəbli insanlar çiyin qayışlarımızı qoparıb bizi izdihamın içinə sürükləməyə çalışdılar. Biz onlarla çətinliklə mübarizə apardıq və hamıdan gec çıxdıq. Camaat məni əsas qrupdan, polkovnik-leytenant Sergey Potapovdan və iki üzvümüzdən ayırdı. Bizim Volqa tək və sürücüsüz idi. Polislər onu axtararkən konvoy hava limanına yola düşdu. Oraya çatanda gecikdiyimizi anladıq. Vertolyot həddən artıq yüklənmişdi, mühərrik işləyirdi, ön qapı hələ də açıq idi. Dördümüz də helikopterə minmək istədik, amma texnik həddindən artıq yükün olduğunu bildirdi. Bizimlə olan RSFSR xalq deputatları - general-mayor Mixail Lukaşov və podpolkovnik Oleq Koçerev vertolyota minməkdə israr etdilər. Onları vertolyota itələdik, saat 13:30-u göstərirdi.” (Polozov, 2022:89). Helikopter havalanan ərəfədə Şuşa rayon komitəsinin 1-ci katibi, deputat Vaqif Cəfərov özünü əraziyə çatdırdı. O, vertolyota minən sonuncu şəxs oldu. Saat 13:48 radələrində N72 saylı Mi-8 helikopteri Ağdamdan Xocavənd kəndi istiqamətində yola düşdü.
Helikopterin vurulması
Nümayəndə heyətini aparan vertolyotun hadisə yerinə gedib qayıtması təxminən 1 saat çəkməli idi. Qonaqlar üçün yemək hazırlanmışdı. Ağdamdakı dövlət nümayəndələri onları gözləyirdi. 2 saat keçməsinə baxmayaraq 72 saylı vertolyotdan xəbər çıxmadı. Faciə ilə bağlı Azərbaycan rəsmilərindən ilk məlumatı alan milis polkovniki Sadir Məmmədov idi. O, 20 noyabrda hadisə yerinə gedən ilk rəsmi şəxs oldu: “Vertolyot uzaqlaşandan sonra biz şəhərə qayıtdıq. İki saata yaxın vaxt keçdi. Xuraman Abbasova bərk narahat idi və tez-tez məndən niyə vertolyotun qayıtmadığını soruşurdu. Artıq saat 16 radələri idi. Mən Xuraman xanımla Ağdam rayon partiya komitəsi binasının qarşısında dayanmışdıq. Elə bu vaxt vilayət hərbi komendantı Vladimir Kuşnarikin Vidadi adlı sürücüsü gəldi. Məni kənara çəkib dedi ki, Kuşnarik ratsiya ilə hərbi hissəyə təcili tapşırıq yollayıb. Tapşırıq verib ki, Sadir Məmmədova deyin ki, bütün təcili yardım maşınlarını Mərzili postuna yığsın. Deyəsən, nümayəndə heyəti gedən vertolyot vurulub. Xəbəri aldıqdan sonra dayanmadan həmkarım Mehman Hüseynovla teletaypaqramla Bakıya Daxili İşlər Nazirliyinin növbətçi hissəsinə məlumat verdim. Daha sonra Mehman Hüseynovla birlikdə Mərzili postuna getdik. Həmin əraziyə çatanda artıq qaranlıq idi. Hərbçilər ratsiya vasitəsilə məni Kuşnariklə bağladılar. O dedi ki, heç kəs sağ qalmayıb, ətrafda güclü alov var. Mən təkid etdim ki, mütləq hadisə yerinə baxmalıyam. Onun göstərişi ilə 2 nəfər əsgər bizim avtomobilə əyləşdi və biz avtomobilin işığı sönülü vəziyyətdə alova tərəf getdik. Sanki zülmət gecədə bütün dağ yanırdı. Bizi Kuşnarik qarşıladı və vertolyota yaxın düşməyin mümkün olmadığını bildirdi. Həqiqətən də, bir neçə yüz metrlikdə istilik adamı yandırırdı. Kuşnarik əraziyə dairəvi post qoyduğunu bildirdi. Mən Kuşnariklə razılaşdım ki, o səhərə qədər posta nəzarət etsin və mən Ağdama qayıdım.”
Qarakənddəki faciə ölkədə şok effekti yaratdı. Azərbaycan Dövlət Televiziyası hadisə ilə bağlı məlumatı axşam saatlarında xalqa çatdırdı. Ölkədə rəsmi matəm elan edildi. DQMV üzrə Təşkilat Komitəsinin sabiq sədri Viktor Polyaniçko gecə saatlarında Ağdama gəldi. Hadisənin araşdırılması üçün Adil Ağayevin rəhbərliyində istintaq qrupu, jurnalistlər və digər dövlət nümayəndələri göndərildi. Hadisə yerinin müayinəsi zamanı vertolyotdakı sərnişin və ekipaj üzvlərindən heç kəsin sağ qalmadığı məlum oldu. Ərazidəki cəsədlərin 12-i tam tanınırdı, 3 nəfər xüsusi nişanələri ilə müəyyənləşdi, 7 nəfər isə külə dönmüşdü. Həlak olan İsmət Qayıbovun cibində Ömər Xəyyamın rübaisi var idi. 1991-ci ilin noyabrında DİN-in baş əməliyyat müvəkkili vəzifəsində işləmiş Bayram İsmayılov xatırlayır: “Hadisə yerinə qalxdıq, vertolyot yanmış vəziyyətdə idi və onun bəzi hissələri ətrafa səpilmişdi. Qanadlarında isə iriçaplı silahdan atılmış güllə yerləri aydın görünürdü. Vertolyotun düşdüyü yerdən təxminən 10 metr aralıda təpəlik var idi, üstündə kol-kos, çox da hündür olmayan ağacların qol-budağı qırılmışdı. Həmin yerə qalxdım. Hiss olunurdu ki, vertolyot vurulandan sonra əvvəlcə həmin ağacların üzərinə oturtmaq istəyiblər. Bundan sonra isə vertolyot sürüşüb partladılan yerə gəlib düşmüşdü. Çox güman ki, vertolyot 10-12 metr aşağı sürüşüb düşəndə Tofiq İsmayılov və ekipaj üzvü yerə tullananda ağır zərbəyə məruz qalmışdılar. Onların cəsədlərində yanma əlaməti yox idi.” Polkovnik Aleksey Polozov xatırlayır: “Dağın yamacında helikopterin qalıqları və onun ətrafında yanan qara ləkə var idi. Biz platformada oturub helikopterdən düşdük. Ölənlərin cəsədlərini daşımaq üçün təcili yardım briqadası gəlmişdi. Dəhşətli mənzərə idi. Ekipaj komandiri mayor Kotov, şturman Yalovenko və baş texnik Dolqovun cəsədləri tamamilə yanmışdı. Salonda ölənlər arasında Azərbaycan daxili işlər nazirinin cəsədi var idi. Yanmış meyitin qolu, ayağı, başı yox idi. Cəsədin ona məxsus olduğunu üzərindəki PSM tapançası ilə müəyyən etdik.” (Polozov, 2022:90). Qarabağ üzrə Təşkilat Komitəsinin üzvü Aleksandr Şaqiəhmədov xatırlayır: “Noyabrın 21-də səhər tezdən hərbi prokuror Lazutinlə hadisə yerinə getdik. Vertolyotların qalıqlarına baxış keçirildi. Artıq yoxlamanın ilk saatlarında helikopterin vurulduğu aydın idi. Bəzi hissələrdə güllə dəlikləri aşkar görünürdü. Qəza yerinə baxışın əsas mərhələsi başa çatdıqdan sonra Viktor Polyaniçko SSRİ Daxili İşlər Nazirinin müavini general-leytenant Turbinə, SSRİ Daxili İşlər Nazirliyi Qoşunları komandanının birinci müavini general-leytenant Ponomaryova və digər rəsmi şəxslərə bütün məsələləri Ağdamda hərtərəfli müzakirə etməyi təklif etdi.”
Həlak olan hökumət nümayəndələri ilə vidalaşma prosesi noyabrın 22-də keçirildi. Bakı küçələrinə yarım milyona yaxın insan yığılmışdı. Həlak olmuş hökumət üzvləri 1-ci Fəxri xiyabanda dəfn edildilər. Həmin gün Gəncədən “AN-24” təyyarəsi ilə Nikolay Jinkinin tabutu Mineralniye Vodı şəhərinə, Mixail Lukaşov və Oleq Koçerevin tabutu Moskvaya, Vladimir Kovalyovun tabutu isə Nijni-Novqorod şəhərinə göndərildi. Qazaxıstan SSR vətəndaşları – daxili işlər nazirnin müavini Saylau Serikov, ekipaj üzvləri - Vyaçeslav Kotov, Gennadi Dolqov və Dmitri Yalovenkonun tabutları Alma-ataya aparıldı. Cənazə mərasimindən sonra Kotov, Yalovenko və Serikov Alma-Ata şəhər qəbiristanlığında dəfn edildi. Gennadi Dolqovun ailəsi Ukraynada yaşadığı üçün onun tabutu Alma-Atadan Xarkova göndərildi.
Hadisə ilə bağlı hökumət Ali Sovet sədrinin müavini Tamerlan Qarayevin başçılığı altında istintaq komissiyası yaratdı (Vəliməmmədov, 2021:270). Hadisədə hər iki ölkədən yüksək rütbəli şəxslər həlak olduğu üçün SSRİ və Azərbaycan ayrı-ayrı istintaq qrupu yaratmışdı. İlkin olaraq mətbuatda helikopterin pis hava şəraitində qəzaya uğraması ilə bağlı məlumat verildi. Bu məlumat ermənilər tərəfindən hadisənin real səbəbini ört-basdır etmək üçün uydurulmuşdu. RSFSR Prezidenti Boris Yeltsinin köməkçisi Qalina Starovoytova bu məlumatı TASS-a ötürdükdən sonra bütün dünyada hadisə qəza kimi təqdim edildi[7] (Harutyunyan, 1994:92-93). Bu versiya tezliklə hər iki ölkənin istintaq qrupu tərəfindən rədd edildi. Həmin gün görüntü məsafəsi 6-8 km idi. SSRİ Baş prokurorluğu helikopterin gövdəsində və qanadlarında 14,5 mm çaplı KPVT tank pulemyotunun izlərinin müşahidə edildiyini bildirdi. Bəzi mənbələrdə helikopterin 12,7 mm-lik DŞK pulemyotu ilə vurulduğu qeyd olundu (Jiroxov,2012:60). Bundan başqa, ərazidə 12 tapança, Azərbaycan televiziyası müxbirlərinin ləvazimatları, ölənlərin qiymətli əşyaları, helikopter alətləri yoxa çıxmışdı (Melik-Şaxnazarov, 2009:598). SSRİ DİN Daxili Qoşunlarının Komandanı, general-leytenant Vasili Savin “İzvestiya” müxbirinə verdiyi müsahibədə bunları deyirdi: “Faciənin səbəbləri barədə yekun nəticə çıxarmaq hələ tezdir. Helikopterin gövdəsində və qanadlarında olan dəliklərin mənşəyini ballistik ekspertiza izah edəcək. İstintaqın gedişi bu sualın cavabından asılı olacaq. Hadisə yerindəki talançılığa gəlincə, daxili qoşun bölmələri hava qaraldıqdan sonra həmin yerə gedib və həqiqətən də naməlum şəxslərin izlərini aşkar ediblər. Hazırda ərazi mühafizə altındadır. Qəzaya pis havanın səbəb olması barədə məlumatlar həqiqətə uyğun deyil.” (“İzvestiya” qəzeti, 18.11.91:1). Noyabrın 23-də Azərbaycan MTN bortdakı registratorda pilotların onlara atəş edilməsi barədə məlumat verildiyini bildirdilər. 13:48-də yola düşən helikopter 14:42-də vurulmuşdu. Ağdamdan Xocavəndə helikopterlə 20 dəqiqəyə çatmaq mümkün idi (Polozov, 2022:89). Bu isə vertolyotun əks istiqamətdə geri qayıdan zaman vurulduğunu göstərirdi. İstintaqın əlində əsas dəlil isə qara qutu idi. Qara qutunu hadisə yerində ilk çəkiliş aparan AZTV-nin Qarabağ üzrə müxbiri Allahverdi Əsədov aşkarlayaraq bir müddət özündə saxlamışdı. Ərazini mühasirəyə alan Sovet hərbçiləri daha sonra qara qutunu jurnalistdən götürdü və Azərbaycan istintaq qrupuna verdi. Müdafiə Şurasının üzvü Araz Əlizadə qara qutunu Beynəlxalq Aviasiya Komitəsinin yerləşdiyi Kanadanın Monreal şəhərinə göndərilməsini təklif etdi. Lakin bu qərar icra edilmədi. 1991-ci ildə Azərbaycan Baş prokuroru səlahiyyətlərini icra edən Murad Babayev xatırlayır: “Baş vermiş yanğının mərkəzində qara qutunu tapdıq. Biz istəyirdik ki, qara qutunu özümüz analiz edək. Azərbaycanın görkəmli ekspertləri bu işə cəlb olunmuşdu. Lakin bizdə şərait yox idi. Biz qara qutunu özümüzlə Moskvaya apardıq və açanda məlum oldu ki, içindəki lent yüksək temperatur şəraitində əriyib.” (“İzvestiya” qəzeti, 07.12.91:1). Hadisə ilə bağlı istintaqa Mərzili kəndində azərbaycanlı çoban və oğlu, eləcə də bir qadın ifadə verdi. Hadisə şahidlərinin ifadələri çox ziddiyyətli idi. Onlar hadisə baş verən zaman Martunidən əraziyə gedən avtomobilin rəngi, eləcə də markası barədə tamamilə fərqli açıqlamalar verdilər. Bununla belə, hadisə ilə bağlı saxlanılan ermənilər də var idi. Baş Prokuror Murad Babayev xatırlayır: “Bir nəfər erməni tutulmuşdu. Onun ifadəsinə görə, vertolyot Qarakənd icra nümayəndəsi Edik və Martunidən olan taksi sürücüsü Slavik tərəfindən vurulub. Bir şahidin dediklərinə əsasən də Martunidən ərazi yük maşını gəlmiş, sonra həmin ərazidən uzaqlaşmışdır. Lakin bunlar ehtimallardır. Həmin ərazi ermənilərin nəzarətində olduğu üçün həmin şəxsləri istintaqa cəlb edə bilmədik.”[8]
Vertolyotun vurulması ilə bağlı sübutlara baxmayaraq hadisədən sonra erməni və onlara simpatiyası olan bəzi rus media nümayəndələri real vəziyyəti təhrif edən xəbərlər yayımladılar. Bu məsələdə Qalina Starovoytova ilə birlikdə Svetlana Sorokina xüsusilə fərqlənirdi. 1991-ci ilin dekabrın 3-də Svetlana Sorokinanın “Vremya” proqramında SSRİ DTK-nın sədri Vadim Bakatinə istinadən xəbər yayımlandı. Xəbərə görə, Vadim Bakatin Prezident Ayaz Mütəllibova vertolyotun bu hadisə zamanı vurulmadığı barədə məktub göndərmişdi (Harutyunyan,1994:94). Lakin üzərindən bir neçə gün keçdikdən sonra Bakatinin belə bir açıqlamasının olmadığı, onunla bağlı xəbərin Ermənistana məxsus “Lur” informasiya agentliyi tərəfindən uydurulduğu bəlli oldu. (“Komsomolskaya pravda” qəzeti, 07.12.91:1). Ermənistan hökumətinin hadisə ilə bağlı rəsmi açıqlaması belə idi: “Biz erməni xalqı adından Azərbaycan rəhbərliyinə, həlak olanların ailələrinə və yaxınlarına başsağlığı veririk. Xüsusilə, faciənin səbəbləri ilə bağlı səlahiyyətli komissiyanın yekun qərarından əvvəl bu barədə spekulyasiya etməyə tələsmiş bəzi kütləvi informasiya vasitələrinin və siyasi dairələrin mövqeyini pisləyirik. Ermənistan hökuməti bu cür təmkinsiz tendensiya xarakterli şərhləri Ermənistanla Azərbaycan arasında gərginliyin yeni raundunu təşkil etmək cəhdi kimi qiymətləndirir. Helikopterin erməni silahlıları tərəfindən vurulması ilə bağlı ittihamın heç bir əsası yoxdur. Ermənistan Respublikası hökuməti qəzanın səbəbini araşdırmaq üçün beynəlxalq komissiyanın yaradılmasının tərəfdarıdır. Biz Azərbaycan hökumətini sabitliyi daha da poza biləcək hər hansı hərəkətlərdən çəkinməyə çağırırırıq.” (“Nezavisimiya qazeta” qəzeti, 23.11.91:1-3, “İzvestiya” qəzeti, 23.11.91:1 ).
Hadisənin təhrif edilməsində Qərb mediası da yaxından iştirak etdi. “Reuters”-in müxbiri Qarabağa gedərək absurd bir açıqlama ilə yadda qaldı. Müxbir erməni döyüşçülərinin təlim zamanı pulemyotla hərəkətsiz olan tank maketini dəqiq nişan almamasını əsas gətirərək havada olan helikopterin ermənilər tərəfindən vurula bilməyəcəyini bildirdi. Daha sonra həmin jurnalist vertolyotun anti-erməni isteriyasını qızışdırmaq üçün Azərbaycan Xalq Cəbhəsi tərəfindən vurula biləcəyini qeyd etmişdi[9](Goltz,2015:112-113). Ermənilərə real vəziyyətin təhrif edilməsində Azərbaycan media nümayəndələri “böyük köməklik” göstərdi. Ölkə mətbuatında hadisə ilə bağlı ilk verilən məlumatda hadisənin pis hava şəraiti nəticəsində baş verdiyi qeyd edilmişdi. Sonrakı illərdə Qarakənd faciəsi ilə bağlı bir neçə konspirasiya nəzəriyyələri ortaya atıldı. Bunlardan biri helikopterin Tamerlan Qarayevin əmri ilə Yaqub Rzayev tərəfindən vurulması idi. Bu cür ittihamlar erməni informasiya kanalları tərəfindən aktiv şəkildə istifadə edildi. “CivilNet” portalının keçmiş əməkdaşı, erməni jurnalist Tatul Hakobyan vertolyotun AXC tərəfindən vurulduğunu iddia etdi. Təxminən eyni formada ittihama SSRİ DİN daxili qoşunlarının polkovniki olmuş Aleksey Polozovun kitabında rast gəlmək mümkündür (Polozov, 2022:90-91). Bundan başqa, daha fantastik nəzəriyyələr irəli sürənlər də var idi. Helikopterdəkilərin pilotlar tərəfindən güllələnməsi, SSRİ DTK-sının üzvləri olan başqa bir vertolyotun içindəki şəxsləri öldürməsi və s. (Goltz,2015:113). Bütün bu informasiya çirkliliyinə baxmayaraq, hadisə ilə bağlı erməni tarixçilərin, eləcə də dövlət nümayəndələrinin sonrakı illərdə açıqlamaları real vəziyyəti göstərdi. Cenevre universitetində dərs deyən erməni jurnalist Viken Çeterian və Beyrut Amerika Universitetində dosent köməkçisi işləyən Ohannes Gökçüyan yazdıqları kitablarda hadisənin Qarabağdakı erməni qüvvələri tərəfindən törədildiyini etiraf etdilər (Geukjian,2016:42; Cheterian,2008:145). Ermənistanın eks prezidenti Robert Köçəryanın hadisə ilə bağlı fikirləri hadisənin erməni qüvvələri tərəfindən törədildiyini dolayı yolla etirafına bənzəyir: “Biz hələ də əminik ki, bu hadisəyə pis hava şəraiti səbəb olub. Çox güman ki, qatı duman səbəbindən helikopterin quyruğu ağaca dəyib, idarəetməni itirib və qəzaya uğrayıb. Azərbaycan tərəfi vertolyotun silahlı birləşmələrimizin atdığı raketlə vurulduğunu iddia edir. Araşdırma aparan komissiya yekun nəticəyə gəlməyib. Mübahisə etməyəcəyəm və günahsızlığımızı sübut etməyəcəm. Bircə onu deyə bilərəm ki, bu helikopterdə düşmənlərimizlə yanaşı, dost saydığımız şəxslər də öldürülüb.” (Koçaryan,2019:64-65).
2012-ci ildə Ermənistan Müdafiə Nazirliyinin rəsmi qəzeti “Hayzinvor”da hadisənin ermənilər tərəfindən törədildiyi etiraf edildi. Polkovnik-leytenant Tiqran Devrikyanın məqaləsində vertolyotun “Strela-2” zenit kompleksi tərəfindən vurulduğu qeyd edilmişdi.
Qarakənd faciəsinin siyasi təsiri
Qarakənddə baş verən faciə Azərbaycanda həm müxalifət, həm də hökumət tərəfindən hiddətlə qarşılandı. Azərbaycan Təşkilat Komitəsinin keçmiş rəhbəri Viktor Polyaniçko hadisədən sonra açıqlaması belə idi: “Bu faciə ilə Azərbaycan xalqı şeytanın yerə endirə biləcəyi hər şeyi yaşadı. İki xalqı qan tökməyə aparanlar Qarabağ faciəsinə görə cavab verməlidirlər. Qoy onları Qarakənddə törətdikləri dəhşətli faciə cəza kimi həmişə təqib etsin. Allah hər şeyi görən və biləndir!” (Melik-Şaxnazarov, 2009:598). Faciədən sonra Müdafiə Şurasının üzvü Araz Əlizadə hökuməti Ermənistana müharibə elan etməyə çağırdı. Noyabrın 23-də Azərbaycan Ali Sovetinin növbədənkənar iclası keçirildi. Deputatlar aşağıdakı məsələləri müzakirəyə çıxardı:
- DQMV-nin azərbaycanlı əhalisinin təhlükəsizliyinin təmin edilməsi tədbirləri haqqında;
- Respublikanın müdafiə qabiliyyətinin təmin edilməsi haqqında;
- Azərbaycanın dövlət sərhədi haqqında qanun;
- Respublikada hərbi vəziyyətin elan edilməsi haqqında; Azərbaycan milliyyətindən olan bütün zabit və əsgərlərin Sovet Ordusundan geri çağırılması haqqında;
- Ermənistanla danışıqların dayandırılması və bütün iqtisadi əlaqələrin kəsilməsi haqqında;
- DQMV-nin statusu haqqında. (“İzvestiya” qəzeti, 23.11.91:1).
Noyabrın 23-də Ziyad Səmədzadə Ermənistanla Jeleznovodsk kommünikesi çərçivəsində bütün danışıqların dayandırıldığını elan etdi: “Ermənistanın davam edən təcavüzü kontekstində qonşu respublikanın xoşməramlılığına ümid edərək biz Rusiya və Qazaxıstan nümayəndələrinin vasitəçiliyinə razılaşdıq. Lakin Ermənistan rəhbərliyi Azərbaycanla bütün sərhəd boyu və DQMV-də erməni silahlılarının təcavüzünü dayandırmaq üçün heç bir addım atmadı. Bundan sonra Ermənistanla danışıqların davam etdirilməsi mənəviyyat normalarına zidd olacaq və Azərbaycan xalqı tərəfindən başa düşülməyəcək. Danışıqların bərpası o halda mümkün olacaq ki, Ermənistan ərazi iddialarına və Azərbaycana qarşı düşmənçilik hərəkətlərinə son qoyacaq.” (“Nezavisimiya qazeta” qəzeti, 26.11.91:1). Həmin gün Yevlax-Stepanakert dəmiryolu xətti bağlandı, Rusiyadan Ermənistana göndərilən təbii qaz xəttinin nəqli dayandırıldı (Melik-Şaxnazarov, 2009:599). Qarakənd faciəsi AXC-nin hökumətə güclü təzyiqi ilə nəticələndi. Müxalifət nümayəndələri hökuməti DQMV-də yaşayan azərbaycanlıların müdafiəsi üçün heç bir iş görməməkdə və Ermənistana qarşı yumşaq siyasətdə günahlandırdı. Tənqidlərin əsas hədəfi müdafiə naziri Valeh Bərşadlı idi. 4 gün davam edən böyük mitinqlərdən sonra Prezident Ayaz Mütəllibov müxalifət qarşısında geri çəkildi. Noyabrın 26-da 360 nəfərlik parlamentin səlahiyyətləri dayandırıldı, 50 nəfərdən ibarət olan Milli Şura formalaşdırdı. Milli Şuranın 25 nəfərini müxalifətçilərin formalaşdırdığı “Demokratik Azərbaycan” bloku təşkil edirdi. Beləliklə, Mütəllibov iqtidarı müxalifət üzvləri ilə bölməyə məcbur oldu (De Vaal, 2008:190).
Milli Şura formalaşdıqdan sonra ilk verdiyi qərarla Dağlıq Qarabağ Muxtar Vilayətinin statusunu ləğv etdi.
- Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin üçüncü hissəsi, 104-cü maddəsinin 2-ci bəndi, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının 4-cü maddəsi əsas tutularaq Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayəti milli ərazi qurumu kimi ləğv edilsin. “Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında” Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 1923-cü il 7 iyul tarixli Dekreti və “Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında” Azərbaycan SSR-in 1981-ci il 16 iyun tarixli Qanunu qüvvədən düşmüş sayılsın.
- Stepanakert, Mardakert, Martuni şəhərlərinin tarixi adları qaytarılaraq Stepanakert şəhəri Xankəndi şəhəri, Mardakert şəhəri Ağdərə şəhəri və Mardakert rayonu Ağdərə rayonu, Martuni şəhəri Xocavənd şəhəri və Martuni rayonu Xocavənd rayonu adlandırılsın.
- Əsgəran və Hadrut rayonları ləğv edilsin.
- Xocalı şəhəri mərkəz olmaqla Xocalı rayonu yaradılsın, ləğv edilmiş Əsgəran rayonunun ərazisi Xocalı rayonunun tərkibinə, Hadrut rayonunun ərazisi isə Xocavənd rayonunun tərkibinə verilsin. Xankəndi və Şuşa şəhərləri respublika tabeli şəhərlərin, Ağdərə, Xocavənd, Xocalı və Şuşa rayonları respublika tabeli rayonların sırasına daxil edilsin.
ABŞ hökuməti noyabrın 27-də Azərbaycan parlamentinin DQMV-nin ləğvi haqqında verdiyi qərarı tanımadığını bildirdi. SSRİ Konstitusiyaya Nəzarət Komitəsi noyabrın 28-də verdiyi qərarla Azərbaycan parlamentinin qərarını SSRİ Konstitusiyasının 86-cı və 87-ci maddələrinə zidd olduğunu bildirərək ləğv etdi. Həmin gün Moskvada SSRİ Dövlət Şurasının iclası keçirildi. İclasda Azərbaycan Prezidenti Ayaz Mütəllibov və Ermənistan Prezidenti Levon Ter-Petrosyan iştirak edirdi. SSRİ Prezidenti Mixail Qorbaçov yenidən tərəfləri 1988-ci ildən bəri SSRİ Konstitusiyasına zidd olan qərarları ləğv etməyə və Jeleznovodsk kommünikesində qeyd edilən bəndlərin yerinə yetirilməsinə çağırdı. Ayaz Mütəllibov bu təkliflə razılaşdı və hər iki ölkənin sərhəddində təhlükəsizlik zonalarının yaradılmasını təklif etdi. (“İzvestiya” qəzeti, 28.11.91:1). Bu fikir SSRİ Prezidenti Mixail Qorbaçov tərəfindən müsbət qarşılandı. Buna baxmayaraq, RSFSR rəhbərliyi Sovet Ordusunun sülhməramlı kimi Qarabağda fəaliyyətinin qəti əleyhinə idi. Bu qərar eyni zamanda Birlik Müqaviləsi layihəsinə zidd idi. (“Nezavisimiya qazeta” qəzeti, 30.11.91:1). Mütəllibovun bu təklifi Ermənistan Prezidenti Levon-Ter Petrosyan tərəfindən də rədd edildi (“Nezavisimiya qazeta” qəzeti, 28.11.91:1-3).
Dekabrın əvvəllərində SSRİ-də vəziyyət tamamilə dəyişdi. RSFSR Prezidenti Boris Yeltsinin Ukraynanın müstəqilliyini tanımasından sonra SRİ layihəsi ilə bağlı ümidlər puça çıxdı. RSFSR, Ukrayna və Belarus liderləri dekabrın 8-də Mixail Qorbaçovdan xəbərsiz Belovej ərazisində SSRİ-nin məhvini rəsmiləşdirəcək sənədi imzaladılar. Bu vəziyyətdən istifadə edən Dağlıq Qarabağ erməniləri həmin gün “müstəqillik” haqqında referendum keçirdilər. Azərbaycanlı əhalinin boykot etdiyi referendumda 108.615 nəfər Dağhq Qarabağın müstəqilliyinin lehinə, 24 nəfər isə əleyhinə səs verdi (De Vaal, 2008:190). Bu qərar Azərbaycandakı müxalifətin hökumətə təzyiqini artırdı. Müxalifətin güclü təzyiqindən sonra Ayaz Mütəllibov dekabrın 11-də Valeh Bərşadlını istefaya göndərdi və onun yerinə Tacəddin Mehdiyevi müdafiə naziri təyin etdi. SSRİ-nin dağılmasının sürətlənməsi ilə Qarabağda vəziyyət tamamilə nəzarətdən çıxdı. Bir-birinin ardınca Ağdərə, Xocalı və Xocavənddəki yaşayış məntəqələri ermənilər tərəfindən ələ keçirildi. Dekabrın sonunda Azərbaycanın Dağlıq Qarabağda nəzarət etdiyi 2 yaşayış məntəqəsi – Xocalı şəhəri və Qaradağlı kəndi qalmışdı.[10] Azərbaycan Milli Şurasının 1991-ci il dekabrın 20-də Müstəqil Dövlətlər Birliyinə qoşulmama haqqında qərarı həmin yaşayış məntəqələrinin taleyini həll etdi. Bu qərar Rusiya və Azərbaycan arasındakı münasibətlərin pisləşməsinə, Azərbaycanın Alma-Ata şəhərində keçirilən görüşə dəvət olunmamasına gətirib çıxardı (Çernyavski, 2002:69).
Nəticə
Qarakənd faciəsi Azərbaycan və Ermənistan arasındakı müharibənin fitilini yandırdı. Azərbaycan Ali Sovetinin sədri Yaqub Məmmədovun əmri ilə 1992-ci ilin martın 25-də “Azərbaycan Milli Qəhrəmanı” fəxri adı təsis edildi. Qarakənd faciəsində həlak olan AZTV əməkdaşları – Arif Rəhimzadə, Fəxrəddin Şahbazov, Alı Mustafayev “Azərbaycan Milli Qəhrəmanı” fəxri adına layiq görülsə də Məhəmməd Əsədov, Tofiq İsmayılov, Zülfü Hacıyev, İsmət Qayıbov, Vəli Məmmədov, Qurban Namazəliyev, Osman Mirzəyev, Vaqif Cəfərov və Rafiq Məmmədova heç bir status verilmədi. Qarakənd faciəsini törədənlər isə indiyədək məsuliyyətə cəlb olunmayıb və hadisə beynəlxalq aləmdə layiq olduğu qiyməti almayıb.
İstifadə edilən ədəbiyyat
Kitablar
Cheterian, V. (2008). War and peace in the Caucasus: ethnic conflict and the new geopolitics. Columbia University Press.
De Vaal, T. (2008). Qarabağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında. İlay MMC.
Geukjian, O. (2016). Ethnicity, nationalism and conflict in the South Caucasus: Nagorno-Karabakh and the legacy of Soviet nationalities policy. Routledge.
Goltz, T. (2015). Azerbaijan Diary: A Rogue Reporter's Adventures in an Oil-rich, War-torn, Post-Soviet Republic: A Rogue Reporter's Adventures in an Oil-rich, War-torn, Post-Soviet Republic. Routledge.
Human Rights Watch (1992) World Report 1992: Events of 1991.
Арутюнян, В. Б. (1994). События в Нагорном Карабахе: Хроника:[часть 4]. Изд-во Гитутюн.
Велимамедов М. (2021) Карабахская война 1991-1994. Москва :Эдитус
Жирохов, М. А. (2012). Меч и огонь Карабаха: Хроники незнаменитой войны. Центрполиграф.
Кочарян, Роберт (2019), Жизнь и свобода: Автобиография экс-президента Армении и Карабаха, Москва : Интеллектуальная Литература
Мелик-Шахназаров, А. (2009). Нагорный Карабах: факты против лжи. Волшеб. фонарь.
Полозов А. (2022) Офицерская жизнь. ЛитРес: Самиздат
Тер-Тадевосян, А. (2007) Анализ боевых действий в Арцахе (в период с июля 1991 по июль 1992 гг.) , Вопросы стратегии и безопасности (Армен Айвазян), книга II.
Чернявский, С. И. (2002). Новый путь Азербайджана. Азер-Медиа, Книга и бизнес.
Qəzetlər
“Azərbaycan” qəzeti, 2012-ci il.
“İzvestiya” qəzeti, 1991-ci il.
“Martik” qəzeti, 1998-ci il.
“Komsomolskaya pravda” qəzeti, 1991-ci il.
“Nezavisimaya qazeta” qəzeti, 1991-ci il.
“The New York Times” (Ze Nyu York Tayms) qəzeti, 1991-ci il.
“The Washington Post” qəzeti, 1991-ci il.
[1] Erməni mənbələri kəndin döyüşsüz təslim olduğunu bildirir.
[2] Viktor Polyaniçko həmin gün istefa verdi.
[3] 1992-ci ilin dekabrın 29-da yaşayış məntəqəsinin adı Sor olaraq dəyişdirilib.
[4] 1992-ci ilin dekabrın 29-da Banazur kəndi Binədərəsi, Zamzur kəndi Dərəkənd, Şaqax kəndi Şahyeri adlandırılıb.
[5] Bu döyüşlər zamanı təkcə Zamzur kəndində 7 Azərbaycan milisi həlak oldu, ermənilərin 2 nəfər itkisi var idi.
[6] Şükür Rzayev 1991-ci ilin dekabrın 7-də altı erməni əsiri müqabilində Azərbaycana qaytarıldı.(str 532)
[7] Bu dezinformasiyaya görə noyabrın 24-də Rusiya dövlət televiziyasının Azərbaycanda yayımlanması dayandırıldı.
[8] Faciə ilə bağlı istintaq 2008-ci ildə dayandırıldı.
[9] Latınca bu cür mühakimə “reductio ad absurdum” adlanır.
[10] Şuşa rayonu istisna.