Qarakənd: faciəyə gedən yol (1-ci hissə)
Müstəqillik ərəfəsində siyasi vəziyyət
1991-ci ilin yaz-yay ayları Azərbaycan üçün uğurlu keçmişdi. Aprel ayında başlanan Halqa əməliyyatı nəticəsində Azərbaycan OMON-u və 4-cü Sovet Ordusu Qarabağda və Ermənistan-Azərbaycan sərhəddindəki silahlı erməniləri tərk-silah edərək regionda sabitliyi bərpa etdi. Ermənistan kapitulyasiyaya bənzər razılaşma ilə Dağlıq Qarabağa olan iddiadan imtina etməli oldu. İyul ayında DQMV nümayəndə heyəti Prezident Ayaz Mütəllibovla görüşmək üçün Bakıya gəldi. Bununla DQMV-nin Azərbaycan tərkibində qalması razılaşdırıldı. Bu qərar Qarabağdakı erməni radikalları tərəfindən çox sərt qarşılandı. Bakıda danışıqları aparan DQMV partiya komitəsi aparatının təşkilat və kadr işləri şöbəsinin müdiri Valeri Qriqoryan avqustun 10-da Stepanakertin mərkəzində öldürüldü (Cheterian,2008:145). Köhnə nomenklatura rəhbərlərindən birinin öldürülməsi radikalların Bakı ilə danışıqlar tərəfdarlarını susdurmaq cəhdi idi. Rəsmi olaraq Qriqoryanın qətlini heç kəs üzərinə götürmədi. Lakin Qarabağ ermənilərinin radikal qanadının liderlərindən biri Janna Qalstyanın açıqlamaları qətlin dolayı yolla məhz Bakıdakı sənədlə bağlı olduğunu göstərmişdi: “Kim belə bir sənədə imza atarsa onun həyatını təhdid edərik. O, bizim yaxın dostumuz olsa belə, güllələnərdi.” (Melander, 2001:71). Bu ərəfədə Moskvada baş verən hadisələr tarixin gedişatını dəyişdirdi. Mixail Qorbaçovun müəllifi olduğu yeni ittifaq müqaviləsi – Suveren Respublikalar İttifaqına qarşı olan mühafizəkar kommunistlər avqustun 19-da hərbi çevriliş həyata keçirdilər. “QKÇP” çevrilişi kimi tarixdə qalan cəhd uğursuzluqla nəticələndi. Rusiya Prezidenti Boris Yeltsinin xalqı küçələrə çağırması, müdafiə naziri Yazovun qətiyyətsizliyi nəticəsində 3 gün sonra çevriliş məğlub oldu. Bu məğlubiyyət ən çox Azərbaycana təsirini göstərdi. Azərbaycan KP MK-nın ikinci katibi, DQMV Təşkilat Komitəsinin sədri Viktor Polyaniçko çevriliş tərəfdarı idi. Azərbaycanın mühafizəkar kommunist elitası çevriliş liderlərinin köməyi ilə Qarabağ məsələsinin topyekun həll ediləcəyini düşünürdü. Bu hadisələr zamanı Halqa əməliyyatının memarı - daxili işlər naziri Boris Puqo intihar etdi. Çevrilişin uğursuz nəticələnməsi ilə SSRİ-nin süqutu sürətləndi. Boris Yeltsin avqustun 23-də RSFSR Kommunist partiyasının dayandırılması haqqında qərar verdi. Rusiyanın mərkəzdən uzaqlaşması müttəfiq respublikalara öz təsirini göstərdi. Əvvəlcə Ukrayna, daha sonra Moldova müstəqilliyini elan etdi. Azərbaycan rəhbərliyi müxalifətin də təzyiqi ilə siyasi istiqamətini tam şəkildə dəyişdirməyə başladı. Avqustun 27-də Azərbaycan Ali Soveti “Azərbaycan Kommunist Partiyasının mülkiyyəti haqqında” dekret qəbul etdi. Bir gün sonra verilən açıqlama Azərbaycan KP-nin taleyini həll etdi: “QKÇP üzvləri ilə yanaşı, Sov.İKP-nin bəzi rəhbər işçiləri də dövlət çevrilişinin hazırlanmasında və həyata keçirilməsində bilavasitə iştirak etmiş, onun rəhbər orqanları və bir sıra təşkilatları açıq şəkildə bu konstitusiyaya zidd aktı müdafiə etmişdir. Bu, artıq cəmiyyətdə nüfuzunu itirən partiyaya böyük mənəvi-siyasi ziyan vurdu. Bu hadisələr Sov.İKP yarandığı gündən onun tərkib hissəsi olan və onun rəhbər orqanlarının himayəsi altında fəaliyyət göstərən Azərbaycan Kommunist Partiyasının nüfuzunda özünü tam şəkildə büruzə verir. Sov.İKP-də mövcud olan böhranlı vəziyyət Azərbaycan Kommunist Partiyasının taleyi ilə bağlı məsələni gündəliyə daxil etmişdir.” (Çernyavski, 2002:60-61). Avqustun 29-da Azərbaycan Ali Sovetinin növbədənkənar sessiyası keçirildi. Sessiyada çıxış edən Prezident Ayaz Mütəllibov Bakıda fövqəladə vəziyyətin aradan qaldırılmasının lehinə çıxış etdi. O, həmçinin növbəti gün parlamentdə Azərbaycanın dövlət müstəqilliyinin bərpası və milli özünümüdafiə qüvvələrinin yaradılması haqqında müzakirənin başlanmasını dəstəklədi. Avqustun 30-da Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Bəyannaməni qəbul etdi. Azərbaycanın öz müstəqilliyini elan etməsi ölkənin daxilindəki proseslərə ciddi təsir göstərdi. SSRİ müdafiə naziri Yevgeni Şapoşnikovun əmri ilə 4-cü Sovet Ordusuna daxil olan 23-cü diviziyanın Qarabağdan çıxarılmasına başlandı (Harutyunyan, 1994:71). Bundan başqa, SSRİ daxili qoşunları komandanlığın əmri ilə DQMV-də fövqəladə vəziyyət rejiminin təmin edilməsi praktiki olaraq dayandı. Bu şəraitdən istifadə edən separatçı hərəkatın rəhbərliyi 1991-ci il sentyabrın 2-də muxtariyyət ərazisində “Dağlıq Qarabağ Respublikası”nın yaradıldığını elan etdi. Həmin günü Ermənistanın keçmiş dövlət başçısı olmuş Robert Köçəryan belə xatırlayır: “1990-cı il dekabrın 1-də Ermənistan SSR-in tərkibinə daxil olmaq qərar aktuallığını itirdi. Bəyannamə üzərində Karen Baburyanla birlikdə işlədik. Ermənistanın Fəlsəfə və Hüquq İnstitutunun hüquqşünasları ilə məsləhətləşdik. Biz “respublika”nı yaratdıq, lakin sürətlə dəyişən vəziyyətdə SSRİ-dən çıxmaq və ya qalmaq məsələsini bəyannamədə bilərəkdən açıq qoymuşduq. Baş verənlər o demək idi ki, əslində Sovet İttifaqının dağılması prosesində keçmiş Azərbaycan SSR ərazisində iki dövlət quruluşu yarandı: Azərbaycan Respublikası və “DQR”.”(Koçaryan,2019:61-62). Britaniyalı jurnalist Tomas de Vaal həmin qərarı kitabında belə dəyərləndirib: “Yerli ermənilər iddia edirdilər ki, Sovet qanunlarına əsasən muxtar vilayətlər yenicə müstəqillik qazanmış dövlətlərin tərkibindən çıxmaq hüququna malikdirlər. 100.000 nəfər sakini olan Dağlıq Qarabağın özünü "müstəqil" elan etməsi əslində Ermənistanın münaqişə iştirakçısı deyil, yalnız marağı olan müşahidəçi qismində çıxış etdiyini təsdiqləyən siyasi hiylə idi.” (De Vaal, 2008:189).
DQMV ermənilərinin bəyanatla bağlı hüquqi əsaslandırmaları reallıqla uyğunlaşmırdı. Sentyabrın 2-də verilən qərar 1977-ci il SSRİ Konstitusiyasının 78 və 86-cı, 1978-ci il Azərbaycan SSR Konstitusiyanın 70 və 83-cü maddələrinə zidd idi. DQMV erməniləri “müstəqillik” bəyanatından sonra silahlı dəstələri formalaşdırmağa başladı. Tezliklə 15.000-ə qədər yaraqlıdan ibarət silahlı dəstələr vahid komandanlıqda birləşdirildi və Müdafiə Komitəsinə tabe edildi (Araslı,1995:14). Azərbaycan isə bu vəziyyətə hazır deyildi. Sentyabrın 5-də ölkə prezidentinin qərarı ilə Valeh Bərşadlı müdafiə naziri təyin olundu və ona silahlı bölmələrin formalaşdırılması tapşırıldı. Bu dövrdə Azərbaycanın çevik milis bölmələrindən ibarət az sayda qüvvəsi vardı. Bu vəziyyətdən istifadə edən ermənilər Goranboyun cənubunda hücuma keçərək yayda itirdikləri Buzluq, Manaşid və Erkeç kəndlərini ələ keçirdilər (De Vaal, 2008:188). Ermənilərin aktivləşməsi Bakıdakı siyasi proseslərlə üst-üstə düşdü. Sentyabrın 8-də Azərbaycanda prezident seçkiləri keçirildi. Müxalifətin boykot etdiyi seçkilərdə tək namizəd olan Ayaz Mütəllibov 98,5 faiz səslə qalib gəldi (Çernyavski, 2002:61). Bu seçkilərdən 1 həftə sonra Azərbaycan Kommunist Partiyasının sonuncu sessiyası keçirildi. Sentyabrın 14-də keçirilən həmin sessiyada böyük çoxluq Azərbaycan Kommunist Partiyasının buraxılmasına səs verdi.[1](Goltz,2015:56). Həmin gün Azərbaycan KP MK-nın ikinci katibi olan Viktor Polyaniçkonun vəzifəsi ləğv olundu. O, sadəcə DQMV Təşkilat Komitəsinin sədri vəzifəsində qaldı. Lakin həmin komitənin də SSRİ DİN daxili qoşunlarının neytrallığı nəticəsində DQMV-yə təsiri faktiki olaraq qalmamışdı. İttifaq çərçivəsində partiyaların buraxılması ilə SSRİ Prezidenti Mixail Qorbaçovun təsir imkanları azaldı. Bununla da yeni güc mərkəzi yarandı. Həmin güc mərkəzinə isə Rusiya Prezidenti Boris Yeltsin başçılıq edirdi. Sentyabrın ortalarında Boris Yeltsin və Qazaxıstan SSR Prezidenti Nursultan Nazarbayev münaqişəni nizamlamaq üçün vasitəçiliyə başladılar.
Rusiya və Qazaxıstan SSR-in sülhməramlı missiyası
Qazaxıstan SSR Prezidenti Nursultan Nazarbayev və Rusiyanın Prezidenti Boris Yeltsinin Dağlıq Qarabağ münaqişəsində vasitəçilik ideyası avqustun 17-də müəyyən edilmişdi. Həmin vaxt Yeltsin Alma-Atada səfərdə idi və tərəflər bu məsələni müzakirə etmişdi. 2 gün sonra Moskvada baş verən hərbi çevrilişdən sonra vasitəçilik missiyası müəyyən müddət ertələndi. Avqust hadisələri Rusiya Prezidenti Boris Yeltsinin sağlamlığına pis təsir göstərmişdi. O, sentyabrın əvvəllərində yüngül infarkt keçirdi və respublikanın mərkəzi planlaşdırmadan bazar iqtisadiyyatına keçidinin təfərrüatlarını işləyəcək Rusiya Ali Sovetinin mühüm sessiyasının ilk iki günündə iştirak etmədi. Azərbaycanın avqustun 30-da, “DQR”-in isə sentyabrın 2-də müstəqilliyini elan etməsindən sonra SSRİ Prezidenti Mixail Qorbaçov mərkəzin təsirinin azalmasına imkan verməmək üçün sentyabrın 16-da Dövlət Şurasının növbəti iclasını çağırdı. Bu iclasda Ermənistan Ali Sovetinin sədri Levon Ter-Petrosyan və Azərbaycan Prezidenti Ayaz Mütəllibov iştirak edirdi. İclasdan sonra TASS agentliyi yaxın günlərdə Qorbaçovun DQMV haqqında fərman hazırlayacağını bildirdi. Bu açıqlama həm Rusiya, həm Qazaxıstan SSR, həm də Azərbaycan tərəfindən narazılıqla qarşılandı. Levon Ter-Petrosyan respublika televiziyasında çıxışında fərman layihəsinin DQMV-də fövqəladə vəziyyətin ləğvini, Sovet hakimiyyətinin bərpasını nəzərdə tutduğunu bildirdi. Azərbaycan rəhbərliyi isə sentyabrın 19-da verdiyi açıqlamada Moskvada DQMV ilə bağlı hər hansı fərmanın hazırlanmasını ölkənin daxili işlərinə qarışmaq kimi dəyərləndirdi. Nazarbayev daha qəti idi: “Bu fərmana ehtiyac yoxdur, iki müstəqil respublika təkbaşına razılığa gəlməlidir”. Nazarbayevin bu açıqlaması Dağlıq Qarabağı danışıqların predmeti deyil, iki müstəqil respublika arasında mübahisə obyekti olduğunu göstərmişdi (Melik-Şaxnazarov, 2009:597).
Qorbaçovun açıqlamasından 3 gün sonra Rusiya və Qazaxıstan SSR nümayəndə heyəti Bakıya yola düşdü. Ürəyinin ağrıdığı xəbərlərindən sonra ictimaiyyət arasında görünməyən Yeltsin aeroportda verdiyi müsahibədə Qafqazdakı etnik münaqişənin həllinin zəruri hesab etdiyini, ərazidəki rus qoşunlarının da bundan əziyyət çəkdiyini bildirdi. Qazaxıstan SSR Prezidentinin mətbuat xidmətinin məsləhətçisi Mixail Çirkov Bakıya uçuşunu belə xatırlayır: “Tu-134 yüksəkliyə qalxan kimi Nursultan Abişeviç nümayəndə heyətinin üzvlərinə müraciət etdi. Prezident dedi ki, biz tamamilə bitərəf olmalıyıq. Azərbaycan və Ermənistan Qazaxıstan və Rusiya kimi eyni suveren dövlətlərdir. Onlara heç bir şey məcbur oluna və ya diqtə edilə bilməz. Biz sadəcə vasitəçiyik.” Yeltsin və Nazarbayevin Azərbaycana gəlişi ölkə elitası üçün gözlənilməz idi. Qonaqların Bakıya gəlişi haqqında mətbuatda gec məlumat verildi. Müxalifət səfərdən narazı idi. AXC icraiyyə komitəsinin sədri İsa Qəmbərov qeyd edirdi: “Rusiya və Qazaxıstanın öz problemləri, o cümlədən millətlərarası problemləri mövcuddur və onların prezidentləri bizə məsləhətlər verməyi öhdələrinə götürürlər.”(“İzvestiya” qəzeti, 23.09.91:1-2). Yeltsinin milli məsələlər üzrə müşaviri Qalina Starovoytovanın erməni icmasını hazırlamaq üçün zirvə görüşü ərəfəsində Stepanakertə getməsi müxalifət tərəfindən şübhə ilə qarşılanmışdı (“Nezavisimiya qazeta” qəzeti, 24.09.91:1-3). Ayaz Mütəllibov dövlət televiziyasına verdiyi müsahibədə Yeltsin və Nazarbayevi Azərbaycana səfərə şəxsən dəvət etdiyini bildirdi. Sentyabrın 20-də saat 22:30-da Yeltsinin təyyarəsi Bakının Binə hava limanına endi. Nazarbayev Yeltsindən bir müddət əvvəl gəlmişdi. Sentyabrın 21-i səhər saatlarında Respublika sarayında üçtərəfli danışıqlar başlandı. Prezident Ayaz Mütəllibov görüş zamanı DQMV haqqında planını açıqladı. Plana görə, Azərbaycan rəhbərliyi ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı çərçivəsində muxtar vilayət haqqında status-kvonunun bərpasına hazırdır (“İzvestiya” qəzeti, 23.09.91:1-2). Bundan başqa, Mütəllibov Qarabağda silahsızlaşdırılmış ərazi formulasını təklif etdi. Yeltsin və Nazarbayev planla bağlı şərh vermədi və nümayəndə heyəti Mütəllibovun fikirlərini qeydə aldı. Danışıqlar gedən zaman Respublika sarayının qarşısında AXC rəhbərliyi izdihamlı mitinq təşkil etmişdi. Həmin anı Qazaxıstan SSR Prezidentinin mətbuat xidmətinin məsləhətçisi Mixail Çirkov belə xatırlayır: “Danışıqlar gedən zaman binanın qarşısında mitinq təşkil olunmuşdu. Boris Nikolayeviç müxalifətin mövqeyini aydınlaşdırmaq üçün həmkarlarını etirazçıların yanına getməyə dəvət etdi. Nursultan Abişeviç əsaslı şəkildə etiraz etdi: “Mitinqlərdə hansı dəqiqləşdirmələr, müzakirələr ola bilər?” Sonda hər kəs onunla razılaşdı. Yeltsin hərəkat liderlərini dəvət edib onları dinlədi.” AXC liderləri ilə danışıq zamanı Yeltsin və Nazarbayev sərhədlərin toxunulmazlığı prinsiplərinə sadiq olduqlarını və Azərbaycanın daxili işlərinə qarışmaq niyyətində olmadıqlarını izah etdilər. AXC nümayəndələri isə Ermənistanın DQMV-yə birləşmək qərarını ləğv edəcəyi və Qarabağdakı silahlı dəstələri regiondan çıxaracağı təqdirdə Ermənistanla danışıqların əleyhinə olmadıqlarını bildirdilər (“Nezavisimiya qazeta” qəzeti, 24.09.91:1-3). Bu görüşdən sonra nahar edən nümayəndə heyəti Azərbaycan hökumət üzvləri ilə birlikdə axşam saatlarında Gəncəyə yola düşdü. Həmin gün Nursultan Nazarbayev, Boris Yeltsin, SSRİ daxili işlər naziri Viktor Barannikov, SSRİ müdafiə nazirinin birinci müavini Pavel Qraçov səhər planlaşdırdıqları səfərin təfərrüatlarını danışmağa başladılar.
22 sentyabrda səhər tezdən 3 ölkənin nümayəndə heyəti helikopterlərlə Stepanakert şəhərinə doğru yola düşdü. Mixail Çirkov xatırlayır: “Bizim uçduğumuz Mİ-8-in komandiri həmyerlimiz çıxdı. Kapitan Erbolat Abışev iki ildir ki, burada xidmət edirdi. Aşağıda yaşıl təpələr, qayalı yaylalar, dağ çaylarının dolama vadiləri görünürdü. Bu gözəllik nədənsə dərk edilmirdi. Yəqin ki, buna səbəb belə mənzərəli yerlərdə insanların bir-birini öldürməsi düşüncəsi idi. Sonda münaqişənin düyün mərkəzi olan Stepanakert şəhərinə çatdıq. Hava limanından şəhər mərkəzinə doğru hərəkət edirdik. Yol boyu atəş nöqtələri, kamuflyajlı hərbçilər, zirehli transportyorlar var idi.” Səhər saat 9:30-da heyət üzvləri Stepanakertə çatdılar. (Harutyunyan, 1994:78). Nümayəndə heyəti Əfqanıstan müharibəsi veteranlarından ibarət xüsusi kontingent tərəfindən qorunurdu. Alfa qrupunun mühafizəsi altında olan avtomobil korteji on minlərlə insanın toplaşdığı Lenin meydanına doğru hərəkət edəndə Yeltsin avtomobildən düşdü və SSRİ Prezidenti Mixail Qorbaçovu məzəmmət edən açıqlama ilə yadda qaldı : “Əlbəttə, Qorbaçovun buraya üç-dörd il əvvəl gəlməsi lazım idi. Amma gəlmədi.” (Melik-Şaxnazarov, 2009:596). Lenin meydanına 40 min nəfər toplaşmışdı (“Nezavisimiya qazeta” qəzeti, 24.09.91:1-3). Onlar əllərində “Yeltsin və Nazarbayevi Qarabağ torpağında salamlayırıq”, “Azadlıq”, “Boris, sən Qarabağın ümidisən” bannerləri tutmuşdular. Robert Köçəryan xatırlayır: “Bizdən qonaqları DQMV vilayət şurasının sədri Leonard Petrosyan, DQMV Regional Soveti İcraiyyə Komitəsi sədrinin birinci müavini Oleq Yesayan və SSRİ xalq deputatı Zori Balayan qarşıladı. O vaxt mən icraiyyə komitəsinin binasında idim. Binanın qarşısındakı meydana az qala bütün şəhər toplaşmışdı. Meydan hərbçilər tərəfindən mühasirəyə alınsa da gərginlik hiss olunmurdu. Bizə məlum oldu ki, Mütəllibov Rusiya və Qazaxıstan prezidentləri ilə birgə Qarabağa gəlib. Prezidentlərin səfərini hazırlayan qabaqcıl qrup görüşdə Azərbaycan prezidentinin iştirak etməli olduğunu bildirdi. Biz qəti şəkildə imtina etdik. Bizə şərt irəli sürməyə çalışdılar. Mütəllibovu qəbul etməsək Yeltsinlə də görüş olmayacaqdı. Sonra icraiyyə komitəsinin binasından Ermənistanın dövlət bayrağının götürülməsini tələb etdilər. Oleq Yesayan buna imkan vermədi.” (Koçaryan,2019:62). Mixail Çirkov xatırlayır: “Missiyanın ən dramatik dəqiqələri başladı. Tərəflərin nümayəndələri ümumi masa arxasında əyləşdilər. Amma söhbəti davam etdirmək mümkün deyildi. Meydanda elə səs-küy yaranmışdı ki, bir-biri ilə danışmaq üçün qışqırmaq lazım idi. Görünür, kimsə əmr verdi və meqafon səsləndi: “Yoldaşlar! Nazarbayevlə Yeltsin bizimlə görüşə gəliblər. İndi danışıqlar gedir və susmaq tələb olunur”. Beləcə, səs-küy azaldı. Danışıqlar zamanı DQMV deputatı Arkadi Manuçarov Rusiya rəhbərliyindən ya “DQR”-in müstəqil respublika kimi ittifaqa daxil olmasını, ya da regionun Rusiyaya birləşməsini təklif etdi. Bu təklif rədd edildi (“Nezavisimiya qazeta” qəzeti, 25.09.91:1-3). Danışıqlar davam edən zaman Lenin meydanında toplaşan əhaliyə müraciət edən Yeltsin və Nazarbayev bir daha əsas məqsədlərini açıqladılar: “Əsas məqsəd qan tökülməsini dayandırmaq və danışıqlara başlamaqdır. Bizi düzgün başa düşün. Biz mərkəz deyilik, eyni azad respublikalarıq. Biz sadəcə vasitəçiyik. Hələlik biz ancaq dinləyirik, sonra danışıqlar masasına oturub kompromis tapmağa çalışacağıq. Biz neytralıq.” (“İzvestiya” qəzeti, 23.09.91:1-2). Əhaliyə müraciətdən sonra danışıqlar davam etdirildi. Azərbaycan Prezidenti Ayaz Mütəllibov DQMV nümayəndələri ilə iclasda iştirak etmədi (“Nezavisimiya qazeta” qəzeti, 24.09.91:1-3). Azərbaycan hökuməti adından Ali Sovetin sədr müavini Tamerlan Qarayev görüşlərdə təmsil olundu (Harutyunyan, 1994:79). Ümumilikdə 6 saatlıq görüşdən sonra növbəti danışıqların Şimali Qafqazda davam etdirilməsi qərarlaşdırıldı. Tut arağından içən Rusiya Prezidenti Boris Yeltsin və Nursultan Nazarbayev daha sonra İrəvana yola düşdülər (Koçaryan,2019:63). Azərbaycan Prezidenti Ayaz Mütəllibov isə Viktor Polyaniçko ilə birlikdə Şuşaya getdilər. Tərəflər arasında danışıqlar əvvəlcə Mineralnıye vodı şəhərində nəzərdə tutulmuşdu. Daha sonra isə plan dəyişdi və görüş Jeleznovodsk şəhərində baş tutdu.
Jeleznovodsk görüşləri
Yeltsin və Nazarbayev İrəvanda Ermənistan Ali Sovetinin sədri Levon Ter-Petrosyanla qısa müddətli görüşdən sonra Jeleznovodsk şəhərinə getdilər. Bu ərəfədə Ermənistanda müstəqillik referendumu keçirilirdi. Seçicilərin 95 faizi Sovet İttifaqından çıxmaq ideyasını dəstəklədi (De Vaal,2008:189). Seçkiləri izləyən ABŞ Konqresinin nümayəndə heyəti prosesin ədalətli keçirildiyini və prezident Buşu Ermənistanın müstəqilliyini tanımağa və iqtisadi yardım göstərməyə çağıracaqlarını bildirdilər. Seçkilərdən sonra Levon Ter-Petrosyanın rəhbərliyi ilə Jeleznovodska yola düşmək üçün nümayəndə heyəti hazırlandı. Azərbaycan danışıqlara ən böyük nümayəndə heyəti ilə qatılırdı. Jeleznovodska gedənlər arasında Şuşa rayon vilayət komitəsinin katibi Vaqif Cəfərov, Şuşa rayon icra başçısı Mikayıl Gözəlov, Baş nazirin müavini Matvey Radayev var idi (Harutyunyan, 1994:80). Ermənistan nümayəndə heyətinin tərkibində DQMV rəhbərliyi də təmsil olunmuşdu. Robert Köçəryan xatırlayır: “Leonard Petrosyanla mən xüsusi vertolyotla Ermənistandan Jeleznovodska getdik.[2] Görüşdə Azərbaycan nümayəndə heyətindən Ayaz Mütəllibov, parlamentin sədr müavini Tamerlan Qarayev və xarici işlər naziri Həsən Həsənov iştirak edirdi. Qarayev məni sakit və balanslı bir insan kimi heyran etdi. Həsənov isə özünü isterik və aqressiv aparırdı. Danışıqların birgə bəyannamənin imzalanması ilə yekunlaşacağı güman edilirdi, lakin Azərbaycan tərəfi bizim üçün qəbuledilməz olan maddələri sənədə daxil etməyə çalışdı və mən qəti etirazlarla çıxış etməli oldum. Fasilə zamanı Həsənovla qısa və çox emosional dialoq apardım. O, Qarayevlə söhbət etdiyimiz zaman bizə yaxınlaşdı və hədələməyə başladı: “Gec olmadan razılaşın! Fikirləşin, ruslar gedəndə nə edəcəksiniz, harda olacaqsınız?!”(Koçaryan,2019:63). Əsas danışıqlar sentyabrın 23-də səhər saat 10 radələrində başladı. Tərəflər görüş ərzində dəfələrlə fasiləyə çıxdı və yenidən toplandı. Müzakirələrdə Azərbaycan tərəfi diplomatik pressinq edərək daha çox güzəşt əldə etmək istəyirdi. Fasilələrin birində Qazaxıstan nümayəndə heyətinin üzvü Anuar Alimjanov danışıqlar prosesini belə xarakterizə etdi : “Biz dözməliyik, səbr etməliyik. Əgər bu gün sənəd imzalanmasa, bu, bir də heç vaxt baş verməyəcək.” (“İzvestiya” qəzeti, 24.09.91:1). 14 saat davam edən çətin danışıqlar sentyabrın 23-ü saat 23:35-də yekun sənədin imzalanması ilə yekunlaşdı. Rusiya Federasiyasının Prezidenti Boris Yeltsin və Qazaxıstan SSR Prezidenti Nursultan Nazarbayevin vasitəçilik missiyasının yekunlarına dair birgə kommünikedə deyilirdi: “Dörd ildir ki, Dağlıq Qarabağ bölgəsində kəskin münaqişə səngimir, çoxlu sayda müxtəlif millətlərdən olan insanların - mülki əhalinin və daxili qoşunların hərbçilərinin həyatına son qoyur. SSRİ-nin mərkəzi orqanları regionda vəziyyəti normallaşdırmaq üçün təsirli tədbirlər hazırlayıb həyata keçirə bilmədilər. Kobud səhvlərə yol verildi ki, bu da tərəflər arasında qarşıdurmanın kəskinləşməsinə və federal hakimiyyət orqanlarına etimadsızlığın artmasına səbəb oldu. İndiki şəraitdə regionda vəziyyətin normallaşmasına tədricən zəmin yarada biləcək danışıqlar prosesinin başlanması üçün şəraitin yaradılmasına yönəlmiş vasitəçilik səylərinə ehtiyac yaranıb. Azərbaycan və Ermənistan tərəfləri ilə razılığa əsasən, Rusiya Federasiyası və Qazaxıstan SSR liderləri vasitəçi rolunu öz üzərinə götürdülər. 1991-ci il sentyabrın 20-23-də Rusiya Federasiyasının Prezidenti Boris Yeltsinin və Qazaxıstan SSR Prezidenti Nursultan Nazarbayevin rəhbərlik etdiyi vasitəçilik missiyası Bakı, Gəncə, Stepanakert və İrəvana səfər etmiş, münaqişənin həlli ilə bağlı suveren dövlətlərin daxili işlərinə qarışmama çərçivəsində beynəlxalq hüquq normalarına uyğun olaraq vətəndaşların mülki hüquqlarına ciddi riayət edilməsi ilə bağlı müzakirələr aparmışdır. Müzakirənin əsas nəticələri bunlardır:
1. Tərəflər münaqişənin həlli üçün zəruri və məcburi şərtlər çərçivəsində atəşkəs imzalayır. 1992-ci il yanvarın 1-dək Azərbaycan və Ermənistanın Dağlıq Qarabağla bağlı bütün qeyri-konstitusion aktları ləğv edir və qanuni hakimiyyətin səlahiyyətlərini tanınır. SSRİ Daxili İşlər Nazirliyinin daxili qoşunlarının hissələri və SSRİ Müdafiə Nazirliyinin qoşunları istisna olmaqla, bütün silahlı qüvvələr münaqişə zonasından çıxarılır. Bu müddətdən sonra ərazidəki silahlı qüvvələrin mövcudluğu və onların fəaliyyəti bütün tərəflər tərəfindən qeyri-qanuni tanınacaq. Yanvarın 1-dən sonra ərazidəki silahlı şəxslər Daxili İşlər Nazirliyinin daxili qoşunları tərəfindən məsuliyyətə cəlb olunacaqlar. Müşahidəçilərdən ibarət işçi qrupuna atəşkəsin təmin edilməsi, qeyri-legitim kimi tanınan bütün silahlı birləşmələrin zərərsizləşdirilməsi, münaqişə zonasında yaşayan bütün vətəndaşlar üçün təhlükəsizlik təminatlarının yaradılması üzrə tədbirlərin işlənib hazırlanması həvalə edilib.
2. Münaqişə zonasında vəziyyətin normallaşdırılması üçün əlaqələndirilmiş tədbirlərin görülməsi məqsədilə Rusiya Federasiyası və Qazaxıstanın səlahiyyətli nümayəndələrindən ibarət müvəqqəti işçi qrupu yaradılır. İşçi qrupu oktyabrın 1-dən fəaliyyətə başlayır.
3. Azərbaycan Respublikası və Ermənistan Respublikası deportasiya edilmiş şəxslərin öz evlərinə mümkün qayıtmasını təmin etməlidir. Tərəflər daimi yaşayış yerlərində təhlükəsizliyə zəmanət verirlər. Bu problemlə bağlı danışıqlara 1991-ci ilin oktyabrında başlanmalıdır.
4. Münaqişə tərəfləri girovların dərhal azad edilməsinə başlayırlar. Bu proses iki həftə ərzində başa çatdırılmalıdır, bundan sonra girovların saxlanmasında iştirak edən şəxslər qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb oluna bilərlər. Bu müddəaya əməl olunmasına vasitəçi tərəflərin səlahiyyətli nümayəndələri nəzarət edirlər.
5. Tərəflər federal hakimiyyət orqanları ilə birlikdə iki həftə ərzində bütün dəmir yolu, hava və rabitə sistemlərinin normal fəaliyyətinə zəmanət verirlər.
6. Danışıqlar zamanı tərəflər münaqişə zonasına obyektiv informasiya axınının təmin edilməsi ilə bağlı yekdil qərara gəldilər. Münaqişə zonasında baş verən hadisələrlə bağlı rəsmi məlumat hazırlamaq səlahiyyətinə malik Rusiya Federasiyası və Qazaxıstan nümayəndələrindən ibarət informasiya qrupunun yaradılması qərara alınıb.
7. Azərbaycan və Ermənistanın ali dövlət orqanları səlahiyyətli nümayəndə heyətlərini təsdiq edirlər, onlar dərhal daimi əsasda ikitərəfli danışıqlara başlayırlar.
8. Tərəflər hesab edirlər ki, Rusiya Federasiyası ilə Azərbaycan Respublikası, Rusiya Federasiyası ilə Ermənistan Respublikası, Qazaxıstan və Azərbaycan Respublikası, Qazaxıstan və Ermənistan Respublikası arasında ikitərəfli sazişlər hazırlandıqdan və imzalandıqdan sonra danışıqlar prosesi başlayacaq.
9. Müşahidəçilərdən ibarət işçi qrupuna tapşırılsın ki, bir ay müddətində münaqişənin həllinin sonrakı mərhələləri ilə bağlı təkliflər hazırlasın.
10. Müşahidəçilərdən ibarət işçi qrupu bu kommünikedə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinin gedişatı barədə dörd respublikanın ali rəhbərlərinə mütəmadi olaraq məlumat verəcəkdir. Bu kommünikedə olan müddəalar vasitəçilərin suveren dövlətlərin - Azərbaycan Respublikasının və Ermənistan Respublikasının daxili işlərinə qarışmaq hüququ sayıla bilməz."
Kommünikeni Rusiya Federasiyası Prezidenti Boris Yeltsin, Qazaxıstan SSR Prezidenti Nursultan Nazarbayev, Azərbaycan Prezidenti Ayaz Mütəllibov və Ermənistan Ali Sovetinin sədri Levon Ter-Petrosyan imzaladı. Sənədin ən vacib bəndi birinci maddədə əks olundu. Dağlıq Qarabağla bağlı qeyri-konstitutsion aktlar kimi aşağıdakılar nəzərdə tutulmuşdu:
1. DQMV-nin 1988-ci ilin fevralın 20-də Sovet Azərbaycanının tərkibindən çıxaraq Sovet Ermənistanına birləşmək istəyini ifadə edən qərar.
2. 1989-cu il noyabrın 28-də DQMV-nin idarə olunması ilə bağlı SSRİ Ali Sovetinin Xüsusi Komissiyası nəzarəti altında Təşkilat komitəsinin yaradılması. Bu qərara əsasən Azərbaycan SSR DQMV Xalq Komissarları Sovetini ləğv edərək regionda birbaşa idarəetmə yaratmışdı.
Tərəflərin bu anlaşması Ermənistanın 1988-ci ildə DQMV ilə birləşmə qərarından imtina etməsi demək idi. Faktiki olaraq tərəflər 1988-ci ilin fevralındakı status-kvoya geri döndülər. Ermənistan Ali Sovetinin sədri Levon Ter-Petrosyan imzalanma mərasimindən sonra jurnalistlərə verdiyi müsahibədə kommünike ilə bağlı fikirlərini bildirdi: “Bu, kompromis sənəddir" dedi. “Heç kim bundan tam razı deyil və bütün məqamlar üzrə tam anlaşma yoxdur”. Erməni tarixçisi Ohannes Geukjian öz kitabında anlaşmanı belə dəyərləndirib: “Böyük bir güzəştlə Ermənistan Azərbaycan ərazisinə dair bütün iddialardan imtina etdi. Ter-Petrosyan birləşmə ideyasının “utopik və əbəs” olduğunu düşünürdü. O, həmçinin DQMV-də yerli Sovetlərin səlahiyyətlərini bərpa edəcək kompromis həll yolu ilə razılaşmağa hazır olduğunu nümayiş etdirdi. Ola bilsin ki, Ter-Petrosyan 1991-ci il sentyabrın 21-də Sovet İttifaqından müstəqilliyini elan etdikdən sonra Ermənistandakı daxili kövrək siyasi vəziyyətə görə kompromis həll yolunu qəbul edib. Göründüyü kimi, Ermənistan müəyyən dərəcədə siyasi gücünü saxlamaq üçün dövləti möhkəmləndirməli idi. Əsas prioritet yeni müstəqillik əldə etmiş Ermənistanın suverenliyinin qorunması və daha sonra Azərbaycanla danışıqlar prosesinin davam etdirilməsi idi. Ter-Petrosyan Ermənistan iqtisadiyyatının qonşu dövlətlərdən asılı olduğunu dərk edirdi. Ermənistanın dənizə çıxışı olmayan coğrafi mövqeyinin ölkə iqtisadiyyatının çiçəklənməsi üçün təhlükəli olduğunu etiraf etmişdi. Bununla belə, Ter-Petrosyanın mülayim mövqeyi DQMV-nin gələcək statusu, Azərbaycan və Türkiyə ilə siyasi və iqtisadi əlaqələrlə bağlı dərin fikir ayrılıqlarını ifadə edən Ermənistan parlamenti tərəfindən bəyənilməmişdi.” (Geukjian,2016: 40). Jeleznovodsk danışıqlarının yekunları Azərbaycanda müsbət qarşılandı. Ali Sovet sədrinin müavini Tamerlan Qarayev və Sosial-Demokrat partiyasının lideri Araz Əlizadə Jeleznovodsk kommünikesini Azərbaycanın diplomatik qələbəsi adlandırdı (Harutyunyan, 1994:84). Lakin bu diplomatik qələbəni şərtləndirən digər amil hərbi güc faktoru idi. Kommünike imzalanan gün Dağlıq Qarabağda azərbaycanlılar yaşayan İmarət-Qərvənd kəndində baş verən hadisələr ermənilərin sadəcə vaxt qazanmaq üçün bu müqaviləni imzaladığını göstərdi. Qarşıda Azərbaycanı ağır günlər gözləyirdi.
İstifadə edilən ədəbiyyat
Cheterian, V. (2008). War and peace in the Caucasus: ethnic conflict and the new geopolitics. Columbia University Press.
De Vaal, T. (2008). Qarabağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında. İlay MMC.
Geukjian, O. (2016). Ethnicity, nationalism and conflict in the South Caucasus: Nagorno-Karabakh and the legacy of Soviet nationalities policy. Routledge.
Goltz, T. (2015). Azerbaijan Diary: A Rogue Reporter's Adventures in an Oil-rich, War-torn, Post-Soviet Republic: A Rogue Reporter's Adventures in an Oil-rich, War-torn, Post-Soviet Republic. Routledge.
Melander, E. (2001). The Nagorno-Karabakh conflict revisited: was the war inevitable?. Journal of Cold War Studies, 3(2), 48-75.
Араслы, Д. (1995). Армяно-азербайджанский конфликт: Военный аспект. Баку-1995, Издательство" Эргюн.
Арутюнян, В. Б. (1994). События в Нагорном Карабахе: Хроника:[часть 4]. Изд-во Гитутюн.
Кочарян, Роберт (2019), Жизнь и свобода: Автобиография экс-президента Армении и Карабаха, Москва : Интеллектуальная Литература
Мелик-Шахназаров, А. (2009). Нагорный Карабах: факты против лжи. Волшеб. фонарь.
Чернявский, С. И. (2002). Новый путь Азербайджана. Азер-Медиа, Книга и бизнес.
Чернявский, С. И. (2002). Новый путь Азербайджана. Азер-Медиа, Книга и бизнес.
Qəzetlər
“İzvestiya” qəzeti, 1991-ci il.
“Kommersant” qəzeti, 1991-ci il.
“LA Times” (LA tayms) qəzeti, 1991-ci il.
“Nezavisimaya qazeta” qəzeti, 1991-ci il.
“The New York Times” (Ze Nyu York Tayms) qəzeti, 1991-ci il.
“The Washington Post” qəzeti, 1991-ci il.
[1] 3 nəfər əleyhinə səs vermişdi.
[2] DQMV tərəfdən görüşlərdə iştirak edənlərdən biri də Samson Voskanyan idi.