İran mətbuatında Azərbaycan və Türkiyənin şeytanlaşdırılması kampaniyası
İkinci Qarabağ müharibəsindən sonra Zəngəzur dəhlizi ətrafında yaşanan geosiyasi proseslər daha da alovlanmış və İran tərəfinin sərt reaksiyası ilə diqqət çəkmişdir. İran İslam İnqilabı Keşikçiləri Korpusu müharibədən sonra artıq ikinci dəfədir ki, Azərbaycanla sərhəddə hərbi təlimlər keçirir. Lakin bu dəfəki təlimlər digərindən fərqli olaraq genişmiqyaslı olmuş və Araz çayının üzərində baş tutmuşdur. Təlimlər Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Zəngilana səfərinə paralel olaraq baş tutması da diqqətdən yayınmamalıdır.
Ümumiyyətlə, İran rəsmi orqanlarından daima Azərbaycan və Türkiyə ilə bağlı müsbət mesajlar verilsə də, başda hökumətə yaxınlığı ilə bilinən media qurumları olmaqla İran mətbuatında Azərbaycan və Türkiyəni təhdid edən yazılar dərc edilir və “şeytanlaşdırma” kampaniyası aparılır. “SEPAH”-a yaxınlığı ilə bilinən “Javan” qəzetində “Araz və Fars körfəzindən kənara bir mesaj” başlıqlı məqalə dərc edilmişdir. Məqalədə qeyd edilir:
“Ölkənin şimal-qərbində böyük, lakin boş xəyalları olanlar var. Bakı rəhbərlərinin ambisiyaları onları regionun geosiyasətini poza biləcəklərini düşünməyə vadar edirdi. Onlar Qarabağ müharibəsi ilə bağlı hələ də fərqinə varmayıblar ki, “Bayraktar” PUA-ları və MOSSAD-ın köməyi ilə deyil, Tehran və Moskvanın rasional güzəştləri sayəsində qalib gəliblər. Paşinyana da Qərbə ümid bəslədiyi üçün sərt şillə vuruldu. Zəngəzura yönəlmiş istənilən xam fikirlər İran silahlı qüvvələrinin güclü reaksiyası ilə üzləşəcək. İran qonşularının ənənəvi ərazi bütövlüyünə hörmət edir və ötən ilki güzəştlər də sırf Qarabağın sovet dövründən Bakıya məxsus olması ilə bağlı olub. Amma beynəlxalq sərhədləri pozmaq oyununa başlamaq istəyənlər uduzacaqlar.”
Reformistlərin “Şərq” qəzetində Cənubi Qafqazda baş verənləri Türkiyənin planlaşdırdığını və Azərbaycanın bu “provokasiya”nı Türkiyənin dəstəyi ilə həyata keçirdiyi qeyd edilib. İranın rəsmi xəbər agentliyi İRNA-nın tərkibində yer alan “İran” qəzetinin “Arazı keçmə cəhdi” və parlamentin sədri Məhəmməd Qalibafa yaxınlığı ilə bilinən “Xorasan” qəzetinin “Arazı keçmək üçün təlim” başlıqlı məqalələrində də Azərbaycan və Türkiyə təhdid edilmiş və İranın “qırmızı xətləri”ndən bəhs edilmişdir. Ali dini liderə yaxınlığı ilə tanınan “Vətən Əmruz” qəzetində yayımlanan “Arazda hazır olun” başlıqlı məqaləsində “İran Azərbaycan Respublikasının sərhədlərindəki terrorçularla mübarizəyə hazırdır” ifadələri yer almışdır.
İranlı politoloqlar “Iranian Diplomacy” saytında yayımladıqları təhlil yazısında rəsmi Bakının təhlükəli sularda üzdüyünü qeyd etmiş, Türkiyə və İsrailin Balkandan tutmuş Çinə qədər türk dünyası ilə əlaqələr qura bilməsi üçün Ermənistan və İran arasındakı sərhəd dağıtmaq niyyətində olduğunu bildirmişlər. Bu səbəbdəndir ki, iranlı siyasətçilər müsahibə və yazılarında Zəngəzur dəhlizi yerinə “Turan dəhlizi”, “NATO dəhlizi” və “Sionist dəhlizi” kimi ifadələr işlədirlər.
Həmçinin, İranda baş verən aksiyalarda da Türkiyə və Azərbaycanın əlinin olduğunu düşünən iranlı siyasilər və akademiklər də az deyil. Onlar Güney Azərbaycan məsələsinin Türkiyənin “pantürkist” ideyaları uğrunda İranda ara qarışdırmaq üçün istifadə etdiyini iddia edirlər. Tehran Universitetinin politoloqu Həmid Əhmədinin “Dünya İqtisad” qəzetində yayımladığı analizdə Azərbaycanın Osmanlı və Qafqaz elitləri tərəfindən İranı məhv etmək və “pantürkizm” ideyasını həyata keçirmək üçün yaradıldığı qeyd edilib. Maraqlıdır ki, İranda “pantürkizm” və Cənubi Azərbaycanla bağlı narahatlıqlar əvvəllər də var idi, lakin indi mühafizəkar və reformist cinah bu məsələni daha da qabartmağa başlamışdır. MASAF İnstitutunun rəhbəri professor Əli Əkbər Raifipur dövlət kanalında çıxışı zamanı Güney Azərbaycan məsələsində geniş təhlil aparmış və Türkiyəni sərt tənqid etmişdir.
İran mətbuatında Azərbaycan və Türkiyənin “şeytanlaşdırılması” prosesi xarici aspektlərlə yanaşı, daxili auditoriyaya da hesablanmışdır. İran daxili işlər nazirliyi aksiyalarda kürdlərin “Komele”, “PJAK” və bəlucların “Cundullah” kimi terror təşkilatlarının əlinin olduğunu bildirsə də, görünən odur ki, əsas mübarizə türklərin yaşadığı bölgələrdəki dinc aksiya iştirakçılarına qarşı aparılır. Kürdlər və bəlucların silahlı şəkildə “SEPAH” və “Bəsic” qüvvələrinə hücum etsə də, Güney Azərbaycandakı etirazçılar dinc şəkildə aksiyalar keçirmişdir. Etiraz aksiyaları zamanı türklərin yaşadığı şəhərlərdəki aksiya iştirakçılarının Türkiyə və Azərbaycan lehinə şüarlar səsləndirməsi, Türkiyə simvolları olan geyim və aksesuarlardan istifadə edən gənclərin öldürülməsi də İran üçün “təhlükə” anlayışını bir daha sübut etmiş olur.
Türkiyə və İran arasında qeyri-rəsmi səviyyədə soyuq münasibətlər daima olsa da, İkinci Qarabağ müharibəsindən sonra İran tərəfinin proseslərdən kənar qalması və Türkiyənin proseslərdə aktiv iştirakı rəsmi münasibətlərə də təsirsiz ötüşməyəcəkmiş kimi görünür. İran mətbuatı və siyasiləri Türkiyə ilə Azərbaycan arasında yeni əlaqəni yaradacaq Zəngəzur dəhlizini yekdilliklə milli təhlükəsizlik məsələsi kimi təqdim edirlər və İran üçün regionun geosiyasətində dəyişiklik riskləri vurğulanır. İran mətbuatının bu cür kampaniyası gələcək təhlükəli addımların xəbərçisi ola bilər. Yerli auditoriyanın buna hazırlanması da Türkiyə və Azərbaycana qarşı yersiz nifrətin yaranmasına səbəb ola bilər. İran siyasilərinin və dövlət mətbuatının bu kampaniyası yaxından izlənilməsi və təhlil edilməsi labüddür.