Qubadlı, Zəngilan və Laçının “DQR” iqtisadiyyatında rolu
Regionda məskunlaşma
Laçın, Qubadlı və Zəngilan rayonları işğal edildikdən sonra 1993-cü ilin dekabr ayında yeni formalaşdırılan “Kaşatağ” rayonunun tərkibinə verildi. 1993-1998-ci illərdə bu rayonda faktiki yaşayış var idi.[1] Lakin bu zaman aralığında regionda məskunlaşma separatçı qurum tərəfindən qeydə alınmadığından, bölgədə əhali yaşasa da, formal olaraq yaşayış məntəqələri mövcud deyildi. Yalnız 12 dekabr 1998-ci ildə “DQR” lideri Arkadi Qukasyanın əmri ilə Laçın, Qubadlı və Zəngilan rayonlarında aşağıdakı yaşayış məntəqələri formalaşdırıldı: “Berdzor (Laçın şəhəri), Micnavan (Mincivan, Zəngilan), Alaşkert (Qıraq Müşlan, Zəngilan), Ağanus, Agavno (Zabux, Laçın), Aygeovit (Balasoltanlı, Qubadlı), Artaşen (Ərdəşəvi, Laçın), Arvakan (Alxaslı, Laçın), Bululvank (Bülüldüz, Laçın), Qandza (Seyidlər, Laçın), Getap (Qaraağac, Qubadlı), Qoxtanik (Pircahan, Laçın), Ani (Qoşasu, Laçın), Spitakadjur (Ağbulaq, Laçın), Yeritsvank (Birinci Alıbəyli, Zəngilan), Tsaxkaberd (Güləbird, Laçın), Tsitsernavank (Hüsülü, Laçın), Kovsakan (Zəngilan şəəhəri), Kumayri (Qilican, Qubadlı), Xak (Minkənd, Laçın), Aykazyan (Qəzyan, Qubadlı), Xaytax (Qorçu, Laçın), Xarar (Aşağı Fərəxan, Laçın), Xerik (Əhmədli, Laçın), Xoçants (Hoçaz, Laçın), Qazarapat (Alıqulu, Laçın), Maratuk (Malxələf, Laçın), Margis (Mayis, Laçın), Martunaşen (Qaracallı, Qubadlı), Melikaşen (Hüsülü, Laçın), Mirik (adı dəyişdirilməyib), Mşeni (Mişni, Laçın), Moşatağ (Bozlu, Laçın), Movsesaşen (Kürdhacı, Laçın) , Noraşenik (Təzəkənd, Laçın), Şirak (Qiyaslı, Qubadlı), Saratak (Sarıyataq, Qubadlı) , Sonasar (adı dəyişdirilməyib), Sus (adı dəyişdirilməyib), Vazgenaşen (Hacısamlı, Laçın), Vakunis (Piçənis, Laçın), Vağazin (adı dəyişdirilməyib), Vardabats (Əbilcə, Qubadlı), Vurqavan (Xəndək, Qubadlı), Tiqranavan (Padar, Qubadlı), Urekan (İşıqlı, Qubadlı), Pakahan (Xocahan, Qubadlı), Kaşunik (Qubadlı şəhəri), Verişen (Daşlı, Laçın), Kareqak (Qarıkaha, Laçın).”
2000-ci illərdən sonra “DQR” dövlət proqramı sayəsində Laçın, Qubadlı, Zəngilanda böyük məskunlaşma həyata keçirməyi planlaşdırırdı. Hökumətin müvafiq qərarına əsasən, bu rayonlara köçmüş ailələrə istifadə etdikləri elektrik enerjisi və ya oduna görə kompensasiya nəzərdə tutulurdu , dövlət büdcəsindən repatriant ailələrə evlərin tikintisi və təmiri üçün təxminən 500 milyon dram, yenidənqurma işləri zamanı istifadə ediləcək tikinti materialları üçün 200 milyon dram, su təchizatı sistemi və infrastrukturun inkişafı üçün isə təxminən 300 milyon dram vəsait ayrıldı. 2004-cü ildə Qubadlının Xanlıq qəsəbəsində İşxanadzor, 2011-ci ilin martın sonunda isə Zəngilanın Şayıflı kəndində Qrham, Zəngilanın Ağkənd kəndində[2] Spitakaşen, Qubadlının Əliquluuşağı kəndində Andokaberd, Qubadlının Bəxtiyarlı kəndində Barkuşat, Qubadlının Məzrə kəndində Vanand məntəqələri yaradıldı. Laçın rayonunda qurulan yeni yaşayış məntəqəsi Vardut isə Pircahan kəndinin şərqində, Şəlvə çayı sahilindəki R19-Y41-04 yolunun kənarında yerləşirdi.
2013-cü ildə “DQR” baş naziri Arayik Arutyunyan “Azat Artsax” qəzetinin əməkdaşı ilə müsahibədə Qubadlı, Zəngilan və Laçınla bağlı gələcək planlar haqqında suallara belə cavab verir:
- “DQR” hökumətinin 2 nömrəli strateji vəzifəsi insanların Qarabağa köçürülməsidir. Bu mühüm proses necə gedir və yeri gəlmişkən, hazırda DQR-nin əhalisi nə qədərdir?
- Hazırda 150 min nəfərdir. Qeyd etmək lazımdır ki, bizdə xüsusi dövlət köçürmə proqramı qəbul edilməyib, bunun üçün böyük vəsait tələb olunur ki, o da bizdə yoxdur. Biz bu problemi ümumi demoqrafik vəziyyətin, eləcə də ayrı-ayrı regionların iqtisadi inkişafının yaxşılaşdırılması kimi daha geniş kontekstdə nəzərdən keçiririk. Demoqrafik sahədə mövcud müsbət dinamikanın repatriasiya, köçürmə və ya Qarabağ əhalisinin təbii artımı hesabına olub-olmayacağı o qədər də vacib deyil. Əhalinin artımı Dağlıq Qarabağın, xüsusən də əhalinin az məskunlaşdığı Kaşatağ, Cəbrayıl və Kəlbəcərin demoqrafik məsələsi ilə bağlı mühüm problemi həll edəcək.
“DQR” rəhbərliyi bu məskunlaşma ilə birlikdə regionda yeni şəhər layihəsi hazırladı. Laçın yolunun üzərində yerləşən şəhərin adı “Ariavan” adlandırıldı. 2018-ci ildə Livan ermənilərindən təşkil olunan “Artsakh Roots Investments” (ARI) şirkəti burada 50 evin tikintisini həyata keçirdi. Şəhərin tikintisində Qarabağın “Daşnaksütyun” bürosu da iştirak edirdi. Bu layihəni daha da böyütmək üçün çoxlu maddi vəsait lazım olduğundan “DQR”-in dövlət naziri Qriqori Martirosyan 2019-cu ildə Livana səfər edərək buradakı erməni disaporası üzvlərindən maddi yardım istədi. 2020-ci ilin sonuna qədər Zabuxda yeni 30 evin tikilməsi planlaşdırılsa da, müharibənin baş verməsi ilə bu məsələ yarımçıq qalır. Regionda tikinti və infrastrukturun formalaşdırılmasında “ARI”, “Daşnaksütyun” ilə bərabər “Tufenkian” fondu da iştirak edirdi. 2004-2014-cü illərdə bu fond 4 milyon dram (15 min manat) ayıraraq Zəngilanda Suriya erməniləri üçün 2 mərtəbəli yaşayış binası, 10 milyon dram ayıraraq Qubadlının Xanlıq qəsəbəsində 10 mənzilli ev və 2 ailə üçün 1 mərtəbəli ev tikir. Fondun Laçın rayonunda gördüyü işlər daha çox idi. Belə ki, Bozlu kəndində 25 yerlik uşaq bağçası[3], Əhmədli kəndində çox uşaqlı ailə üçün ev, Quşçular kəndində İraqdan gələn ermənilər üçün evlər tikildi. Bundan başqa, Minkənd kəndindəki kilsə təmir edildi, Aşağı Sus kəndinin içməli su problemi də fondun yardımı ilə aradan qaldırıldı.
Qubadlıda ermənilərin böyük əksəriyyəti Həkəri çayı boyunca yaşayırdı. Bu səbəblə, əsas infrastruktur və investisiya da bura qoyulurdu. 2018-ci ildə regionda ən çox tikinti aparılan ərazi Qubadlının Xanlıq qəsəbəsi idi. “DQR”-in vitse-baş naziri Artur Ağabekyan burada əhalini qısa müddətdə 1000 nəfərə çatdırmağı düşündüyünü bildirmişdi. Həmin il “DQR” hökuməti və “Kaşatağ” xeyriyyə fondununun yardımı ilə qəsəbədə 50 fərdi yaşayış evinin tikilməsinə başlandı. 2019-cu ilin əvvəlində artıq qəsəbədə 80 yeni ev yaşam üçün hazır vəziyyətə gətirilmişdi. Bu rayonda həyata keçirilən tədbirlər çərçivəsində Qubadlının Qaraağac kəndindəki evlər bərpa olundu, Xanlıq qəsəbəsində isə təcili yardım məntəqəsi tikildi. Əhalinin işlə təminatı üçün isə Balasoltanlı və İşıqlı kəndlərindəki 40 hektar sahədə baxımsız vəziyyətdə olan üzüm bağları bərpa edilərək kənddə yaşayan əhaliyə verildi.
Zəngilan istiqamətində ermənilər Oxçuçay boyunca yaşayırdı. Əsas yaşayış məntəqələri Zəngilan, Mincivan və Məmmədbəyli idi. “DQR” rəhbərliyi Birinci Alıbəyli kəndinə ciddi investisiya qoymuşdu. Burada İngiltərədəki erməni icmasının vəsaiti ilə istixanalar tikilmiş, 7 hektar sahədə nar bağı salınmışdı. Fond eyni zamanda nəqliyyat və kommunikasiya ilə bağlı “DQR” hökumətinə yardım edirdi. Belə ki, Qubadlının Xanlıq və Zəngilanın Mincivan qəsəbəsində internet mərkəzlərinin tikintisi, Laçının Güləbird kəndindəki yolun təmiri də bu fondun vəsaiti hesabına həyata keçirilmişdi. Nəqliyyat kommunikasiyası problemini həll etmək üçün Mincivan-Xanlıq, Birinci Alıbəyli-Zəngilan yolları təmir edildi. Bundan əlavə, Mincivan qəsəbəsinə yerləşmək istəyən mütəxəssislər üçün 8 mənzilli bina tikildi. Zəngilan şəhərində isə digər infrastruktur layihələri həyata keçirildi. 2014-cü ildə burada yeni xəstəxana və uşaq bağçası açıldı. Tədbirdə “DQR” lideri Bako Saakyan da iştirak etmişdi.
Məskunlaşdırma siyasətindən başqa, erməni diasporu üzvləri keçmiş DQMV ətrafı ərazilərlə bağlı beynəlxalq çərçivədə də erməniləşdirmə siyasəti aparırdı. Belə ki, 2018-ci ilin mayın 18-də Zəngilanla Livanın Əncər şəhəri arasında “əməkdaşlıq memorandumu” təsdiq edilir. Bu memoranduma Zəngilanın meri Razmik Marqaryan və Əncər şəhərinin meri Vardqes Xoşyan imza atmışdı.
Regionda kənd təsərrüfatı və heyvandarlıq
Qubadlı, Zəngilan və Laçın “DQR” rəhbərliyi üçün əsas taxılçılıq mərkəzi idi. Regionun su ehtiyatları və münbit torpağı fermerlərə bol məhsul götürmək üçün şərait yaradırdı. Kənd təsərrüfatının inkişafı və əhalinin su ilə fasiləsiz təminatını həyata keçirmək üçün 2017-ci ildə Laçın, qonşu Qarıkaha və Aşağı Sus kəndləri su ilə təmin olundu. Bunun üçün Laçının şimal-şərqində yerləşən Sarıbaba dağının bulaqlarının mənbəyində su anbarı tikilmişdi.
Zəngilan və Qubadlıda isə taxıl sahələrinin suvarılması üçün uzunluğu 40 km olan Zəngilan-Balasoltanlı su kəməri çəkildi. 2014-cü ildə Laçın, Qubadlı və Zəngilanda şumlanmış 14 min 330 hektar sahədən 13 min 685 hektarında payızlıq dənli bitkilərin səpini aparıldı. Zəngilan şəhərinin ətrafında 1000 hektar şumlanmış sahədə 850 hektar buğda, 150 hektar arpa, Laçının Güləbird kəndində 700 hektar ərazidə 550 hektar buğda, 150 hektar arpa, Qubadlının Kürd Mahruzlu kəndində 650 hektarda şumlanmış ərazinin 200 hektarında buğda, 450 hektarında isə arpa səpildi.
2-3 il ərzində bu göstərcilər xeyli artdı. 2018-ci ildə Kaşatağ rayonunun icra hakimiyyəti başçısı olan Suren Xaçatryan bu formada statistik rəqəmlər qeyd edir: “2016-cı ilin payızında və 2017-ci ilin yazında Qubadlı, Zəngilan və Laçında 20 min 207 hektar sahənin 6620 hektarında buğda, 1253 hektarında isə arpa səpilib. Bundan başqa, 2017-ci ildə bu ərazilərdə 281 hektar ərazidə qarğıdalı, 79 hektar ərazidə günəbaxan, 29 hektar ərazidə paxla, 275 hektar ərazidə qarpız, 295 hektar ərazidə tərəvəz əkilmişdi. Rayonda mal-qaranın sayı getdikcə artır, ona görə də 135 hektarda yonca, 400 hektarda esparset (çəmən xaşası) əkilib. Rayonun bəzi ərazilərində ənənəvi bitkilərlə yanaşı, soya, kətan, qarabaşaq yarması becərilir. Taxıl yığımı mayın sonunda başlayıb, payızda başa çatıb. Ümumi məhsul 55817 ton, orta məhsuldarlıq 27,6 s/ha təşkil edib. Artıq bir neçə ildir ki, oktyabrın əvvəlində rayonumuz Xankəndidə keçirilən “Məhsul bayramı”nda iştirak edir və biz həmişə bu yarışmada birinci oluruq. Heyvandarlığa gəlincə, rayonda 10145 baş iribuynuzlu və 19 min baş xırdabuynuzlu mal-qara, 4000-dən çox donuz, 5700-ə yaxın arı pətəyi mövcuddur. Bu yaxınlarda isə Rusiyadan 440 baş damazlıq qoyun gətirilib.”
2018-ci ildə “DQR” kənd təsərrüfatı nazirinin müavini Vilen Avetisyan müsahibəsində qeyd edirdi: “Ermənistanda əkin sahələri azaldığı halda, Qarabağda artır. Burada torpaqların becərilməsinin stimullaşdırılmasına yönəlmiş dövlət proqramları həyata keçirilir. 5-10 il əvvələ qədər əkin sahələrinin yarısı belə becərilmirdi. Bunun nəticəsidir ki, bu gün “DQR”-də torpağın təxminən 70%-i becərilir. Məsələn, keçən illə müqayisədə bu il payızlıq bitkilərin əkin sahəsi 20 min hektar artıb.” Ətraf rayonlar hesabına həyata keçirilən bu yığım sayəsində “DQR” özünü tam taxılla təmin edirdi və 2018-ci ildən etibarən Ermənistana da ixrac etməyə başlamışdı. Həmin il Ermənistana təxminən 20 min hektar taxıl məhsulu ixrac edilmişdi.
Regionda taxılçılıqla yanaşı, digər kənd təsərrüfatı sahələri inkişaf edirdi. 2017-ci ildə Qarabağa səfəri zaman Ermənistanın baş naziri Karen Karapetyan 200 hektar sahədə nar bağları salmaq niyyətində olduğunu bəyan etdi. Bu dövrdə Qubadlı, Zəngilan və Laçın rayonunda 315 hektar hektar ərazi bu sahənin inkişafı üçün ayrıldı. “DQR” kənd təsərrüfatı nazirinin müavini Vilen Avetisyan 2018-ci ildə nar bağlarının 100 hektar artdığını, ümumi sahənin isə 1360 hektar olduğunu bildirmişdi. İstehsal xüsusilə Qubadlı, Zəngilan və Cəbrayıl rayonları torpaqlarında əkilən nar bağlarının hesabına artdı. DQMV əraziləri dağlıq olduğu üçün burada bəzi bostan bitkilərini yetişdirmək mümkün deyildi. Bu səbəbdən, qarpızçılıq Zəngilanın kəndlərində daha geniş yayıldı. Fındıqçılıq və qozçuluq isə daha çox Qubadlı rayonunda inkişaf etdi. “Daşnaksütyun” partiyası xaricdən xüsusi toxum gətirərək Qubadlıda 10 hektar ərazidə qoz bağı saldı.
Tütünçülüyün inkişafı üçün əsasən Qubadlı və Zəngilan rayonundakı ərazilərdən istifadə edilirdi. Qarabağda tütünçülüyə “Masis Tobacco” və “Grand Holdinq” şirkətləri investisiya qoydu. 2019-cu ildə “Masis Tobacco” tütün şirkəti Qubadlının Xanlıq qəsəbəsində 35 hektar sahədə tütün əkdi. Qəsəbədə yerləşən tütün fabrikinin texnoloqu Ayrapet Petrosyan qeyd edirdi: “Hazırda 47 ton tütün yarpağı alınıb. İş hələ də davam edir. Ümumilikdə işlərin noyabrın ortalarına qədər yekunlaşdırılması planlaşdırılır. Quruducu kabinələrin ümumi sayı 16-dır ki, bu da 50 hektara qədər ərazidə tütünçülüyə imkan verir. Hazırda tarlada Xanlıq və əraf kəndlərdən 22 nəfər işləyir. Gələn il istehsalın artması daha çox insanın işlə təmin olunmasına imkan verəcək.” Ümumilikdə, “DQR” Ermənistanın tütün ehtiyacının 30 faizini təmin edirdi. Müharibədən sonra, hesablamalara görə, Xanlıq qəsəbəsində tütün fabriki açan “Masis Tobacco” şirkətinin ümumi zərərinin 100 milyon dollara yaxın olduğu hesab edilir.[4]
Şumlanmış sahələrın ərazisi hər il artmaqda idi. 2020-ci ildə isə 74 min 194 hektar ərazidə səpilən dənli bitkilərin 40 min 250 hektarını arpa, 32 min 588 hektarını isə buğda təşkil edirdi. Həmin ilin yayında Zəngilanda arpa biçinini “DQR” lideri Arayik Arutyunyan da izləmişdi.
Müharibə sonrası vəziyyət
Erməni biznesmen Arutyun Mnatsakanyan Qubadlı və Zəngilan ərazisində 200 hektar sahədə üzvi paxlalı bitkilər, əsasən sorqo becərib. Bu istehsal edilən məhsulun böyük hissəsi ixrac edilib, qalan hissəsi isə “DQR” və Ermənistanda istehlak edilib. Ümumilikdə, Ermənistan və “DQR”-də hər il 500-600 min ton taxıl istehlak edilirdi. Bu taxıl ehtiyatının təkbaşına 30 faizi “DQR”-in payına düşürdü. Müharibədən sonra Azərbaycanın nəzarətinə verilən keçmiş DQMV ətrafı rayonlarda nə qədər taxıl və paxlalı bitkilərin olduğu açıqlanmır. “DQR”-in kənd təsərrüfatı nazirliyinin rəsmi məlumatına görə, taxıl və paxlalı bitkilər Qubadlı, Zəngilan, Cəbrayıl, Xocavənd və Ağdam rayonlarında becərilib. Taxıl sadəcə Şuşa və Kəlbəcər rayonunda, az miqdarda əkilmişdi. Beləliklə, ümumiləşdirsək, müharibədən sonra taxıl əkilən sahələrin təxminən 90%-nin Azərbaycanın nəzarətinə keçdiyini güman etmək olar. Taxıl əkilən ərazilərin Azərbaycanın nəzarətinə keçməsi Ermənistan, eləcə də “DQR”-də ciddi ərzaq böhranına səbəb oldu. Erməni fermer və biznesmen Arutyun Mnatsakanyan qeyd edir: “Ermənistan və “DQR” hökumətlərinin vaxt itirməyə haqqı yoxdur. Aydın addımlarla plan hazırlamaq və həyata keçirməyə başlamaq lazımdır. Əks halda, buğdanın ərzaq təhlükəsizliyində ciddi problemlər yaranacaq.” Ermənistan keçmiş kənd təsərrüfatı naziri Artur Xaçatryan DQMV ətrafı rayonların Azərbaycana verilməsi nəticəsində, taxılla bağlı ölkənin ciddi problemlərlə üzləşəcəyini qeyd edir: “Ermənistan hər il təxminən 200 min ton taxıl istehsal və 250 min tona yaxın taxıl idxal edir. Ümumilikdə ölkənin taxıla olan illik tələbatı təxminən 450 min tondur. Bu həcmin çox cüzi hissəsi araq istehsalı, mütləq əksəriyyəti isə ərzaq ehtiyacları üçün istifadə olunur. 2017-2018-ci illərin məlumatlarına görə, “DQR”-də təxminən 135-150 min ton taxıl istehsal edilib ki, bunun da 100 min tondan çoxu Ermənistana idxal olunub. Yəni, bundan sonra başqa ölkələrdən 20-25 faiz çox taxıl almalıyıq. Rusiya da bizə taxılını dollara satır. Dolların indiki devalvasiyasını da nəzərə alsaq, təsəvvür edin ki, nə qədər böyük problemlə üzləşəcəyik. Nəticədə taxılın və çörəyin qiyməti qalxacaq”. Bu proqnoz özünü 2021-ci ildə doğruldur. Belə ki, Ermənistanda, sentyabrda kiçik çörəyin qiyməti 100 dramdan 110 drama, 2 ay sonra isə 110 dramdan 140-150 drama qədər yüksəlir.
Ermənistanın kənd təsərrüfatı naziri Tiqran Qabrielyan isə yaxın gələcəkdə ərzaq təhlükəsizliyi ilə bağlı problemlərlə üzləşməyəcəklərini hesab edir: “Ərzaq kəsri idxal hesabına ödəniləcək. Bundan əlavə, hazırda payızlıq buğda toxumlarının subsidiyalaşdırılması proqramı gündəlikdə var və bununla bağlı məsələlər 2022-ci ilin yayında bəlli olacaq. Müharibədən sonra Qarabağda məhsul çatışmazlığını bərpa etməyə və torpaqlarını itirmiş fermerlərə dəstək verməyə yönəlmiş ayrıca proqramlar isə, hələ ki, yoxdur.” Problemin çox ciddi olması səbəbilə, Ermənistan iqtisadiyyat nazirliyi yazlıq, paxlalı bitkilərin və yem bitkilərinin istehsalının stimullaşdırılmasına görə dövlət proqramını təşkil etməyə məcbur olur. Yazlıq buğda, arpa, yulaf, fıstıq, lobya, mərcimək, noxud, yonca toxumlarının alınmasına subsidiya verilməsi nəzərdə tutulan proqrama görə, 2021-ci ildə Ermənistan büdcəsindən 1 milyon 500 min dollara yaxın pul xərclənir. 2021-ci ilin fevralında “DQR” kənd təsərrüfatı nazirinin müavini Vilen Avetisyan ermənilərin nəzarətində qalan ərazilərlə bağlı gələcək strategiyanı belə görür: “İlkin hesablamalara görə, müharibədən sonra nəzarətimizdə təxminən 35 min hektar əkin sahəsi var. Təəssüf ki, payız səpini döyüşlərlə üst-üstə düşdü. Bununla belə, ən qısa müddətdə ölkədə 20 min hektara yaxın dənli bitkilər, o cümlədən 11 min hektar buğda, 9 min hektar arpa səpilib. Hazırda nəzarətimizdə 500 hektar nar bağı, 900 hektar üzüm bağı, 650 hektar tut bağı, 450 hektar qoz bağı qalıb. 35 min hektar əkin sahəsinin düzgün və səriştəli idarə olunması ilə yaxın gələcəkdə Qarabağın ərzaq təhlükəsizliyini təmin edə bilərik”
Keçmiş DQMV ətrafı rayonların itirilməsi öz təsirini ən çox kənd təsərrüfatında göstərdi. Kənd təsərrüfatı 2019-cu ildə “DQR” ÜDM-nin təxminən 10%-ni təşkil edirdi. Qarabağ erməniləri müharibədən sonra mal-qaranın yarısı, əkin sahələrinin 75 faizini itirdi. Bu səbəbdən kənd təsərrüfatının həcmi 54 faizi azaldı. 2019-cu ildə burada 11 min tona qədər üzüm istehsal edilmişdi, 2020-ci ildə isə bu göstərici 5 min tona yaxın idi.
Nəticə
Beləliklə, müharibə nəticəsində ermənilər 2020-ci ilə qədər əldə etdikləri intensiv inkişafı həmişəlik itirdilər. Bu dövrə kimi ətraf rayonlar hesabına “DQR”-in iqtisadiyyatı illik 10% böyüyürdü. 2019-cu ildə de-fakto qurumun ÜDM-i təxminən 713 milyon dollar təşkil edirdi və adambaşına düşən gəlirə görə “DQR” (4803 dollar) hətta Azərbaycanı (4794 dollar) ötüb keçmişdi. Lakin müharibədən sonrakı bir il ərzində ÜDM 28% azalır və bu azalma növbəti ildə də müşahidə edilir. Kənd təsərrüfatı ilə birlikdə mədən sənayesi də ciddi zərər gördü. Müharibəyə qədər mədənçıxarma sənayesi ÜDM-in 13,7%-ini təşkil edirdi. Ermənilərin “Tondirget” adlandırdığı Vejnəli yatağına “Gold Star” şirkətinin erməni əsilli isveçrəli rəhbəri Vartan Sirmakes investisiya qoymuşdu. “Gold Star” 2019-cu ilə əsasən, “DQR” büdcəsinə ən çox vergi ödəyən 4-cü şirkət idi. [5]
Erməni tərəfinin bəzi müsbət proqnozlarına baxmayaraq, hazırda “DQR” Ermənistanın subsidiyasından asılı olan de-fakto quruma çevrilib. Belə ki, taxıl istehsalı üçün toxumlara Ermənistan 50-70% subsidiya verir. Bundan başqa, Ermənistan Qarabağdakı istixana sahiblərinin təxminən 50 faizinə, meyvə bağları salanlara 2 min, tərəvəzçiliklə məşğul olanlara isə 622 ABŞ dolları məbləğində yardım edir. “DQR”-in iqtisadiyyat və kənd təsərrüfatı naziri Armen Tovmasyan müharibədən sonra “DQR” büdcəsinin 90%-nin Ermənistanın maliyyəsi hesabına formalaşdığını bildirir. Bu səbəbdən xarici eskpertlər də de-faktor qurumun heç bir gələcəyinin olmadığını qeyd edirlər. “Moskva Karnegi fondu” əməkdaşı Kiril Krovoşeyev da hazırda “DQR”-i kənd təsərrüfatı və turizm hesabına özünü dolandıran zəif siyasi qurumdan yalnız subsidiyalarla mövcud olan kiçik və perspektivsiz regiona çevrildiyini qeyd edir. Krivoşeyev, eyni zamanda kənd təsərrüfatına yararlı torpaqların 70%-ini itirən DQR-in aqrar iqtisadiyyatdan sənayeyə çevrilməsini də utopiya adlandırır.
[1] Misal üçün, Laçının Mirik kəndində ermənilər atəşkəsdən dərhal sonra məskunlaşmağa başladılar. Hətta 1 il sonra bu kənddə orta məktəb də fəaliyyət göstərirdi.
[2] Müharibədən sonra yandırılan bu kəndin görüntülərini Qafandan izləmək mümkün idi.
[3] Bu kənddə 2019-cu ildə yeni məktəb tikilmişdi. Həmin tədbirdə “DQR” lideri Bako Saakyan da iştirak edirdi.
[4] Bu rəqəm Hadrutun Tuğ kəndində istehsal edilən “Kataro” şərab zavodunun zərəri ilə birlikdə hesablanıb.
[5] Hazırda Drmbon (Heyvalı) kəndindəki qızıl yatağı “DQR”-in nəzarətində qalmaqdadır. Bu qızıl yatağını istismar edən “Base Metals” şirkəti 2019-cu ildə “DQR” büdcəsinə ən çox vergi ödəyən şirkət olub. Bu şirkətə isə erməni əsilli Rusiya vətəndaşı Valeri Meclumyan rəhbərlik edir. Ermənilərin nəzarətində qalan digər mədən isə Keçmiş Ağdərə rayonunda daxil olan Pircamal, Canyataq və Nerkin Oratağ kəndlərinin ətrafında yerləşən “Kaşen” (Dəmirli) mis-molibden yatağıdır. Bu yatağı da “Base Metals” şirkəti istismar edir. Şirkət 1500 nəfərin işlədiyi yatağa 2020-ci ildə 250 milyon dollar sərmayə qoyub.