Demoqrafik uçurum: Cənubi Koreyanın ölüm-qalım mübarizəsi
Asiyanın ən böyük dördüncü iqtisadiyyatı olan Cənubi Koreyada hökumətin son bir neçə ildə əhali artımını təşviq etmək üçün 188 milyard ABŞ dolları vəsait xərcləməsinə baxmayaraq, ölkə üzrə ümumi ölüm sayı doğum sayını üstələmiş vəziyyətdədir. Daha əvvəl haqqında danışdığımız Yaponiya və Çindən belə mürəkkəb demoqrafik vəziyyətin hakim olduğu C. Koreyada əhali sayının stabilliyini təmin etməli olan doğum nisbəti 2.1% olmalıykən, bu rəqəm hazırda 0.84%-ə qədər geriləyib. Dünyada ən çox yaşlı insanın yaşadığı ölkələrdən biri olan C. Koreyada əhalinin azalma və qocalma tendensiyaları bu sürətlə davam edəcəyi halda, 2070-ci illərə qədər ölkə əhalisinin 10 milyonundan çoxunu itirməli olacaq. Doğum əmsalındakı azalma və əhali ixtisarına parallel olaraq da yaşı altmış beşi ötmüş insanların cəmiyyətdəki xüsusi çəkisi tədricən artaraq bütün əhalinin 30%-ni təşkil edəcək.
52 milyon əhalisi olan C. Koreyada məhsuldarlıq və əvəzetmə nisbətinin kritik həddə çatması ölkə miqyasında həyəcan təbilinin çalınmasıyla nəticələnib. Yaxın illərdə əhalinin ümumi strukturu və dinamikası baxımından çətin sosial-iqtisadi vəziyyətin formalaşacağından narahat olan hökumət nümayəndələri, ölkəboyu çoxuşaqlılğın təşviqi naminə növbəti il üçün də ailələrə böyük həcmdə maliyyə vəsait ayıracağını bəyan edib. Dövlətin aztəminatlı evliləri daha böyük ailələrə sahib olmağa təşviq etmə təşəbbüslərinə: hamilə qadınlar üçün doğuş sonrası birdəfəlik ödəniş, uzunmüddətli ödənişli atalıq və analıq məzuniyyətlərinin verilməsi, doğuşla əlaqədar səhiyyə xərclərinin qarşılanması və körpələrə bir yaşı tamam olanadək aylıq müavinətin təyin edilməsi kimi çoxşaxəli yardım paketləri daxildir.
Dünya dövlətlərinin əksəriyyətində aşağı doğum səviyyəsinin səbəbləri təxminən eynidir. Belə ki, sosial-iqtisadi inkişafa paralel olaraq, ictimai rifah səviyyəsinin artması, sürətli şəhərləşmə, şəxsi və sosial həyat tərzində yaşanan köklü dəyişikliklər, yüksək texnologiyaların səhiyyə sistemində geniş tətbiqi və bu xidmətlərin əksəriyyət tərəfindən əlçatan olması, uzun və ağır iş rejimi, bahalı həyat standartları - yüksək təhsil və mənzil xərcləri kimi maliyyə ilə bağlı əngəllər, qadınların əmək bölgüsündə fəal iştirakı, o cümlədən, uşaq yetişdirməyin olduqca əziyyətli və məsrəfli olması kimi sosial-iqtisadi faktorlar, adətən müasir və gənc ailələrin bir və ya ən çoxu iki uşaqla qane olmasına şərait yaradır (hətta, ümumiyyətlə uşaq sahibi olmama tendensiyası yayılmağa başlayıb). Son iki ildə bütün dünyanı cənginə almış Koronavirus pandemiyasının da ölkələrin genefonduna mənfi təsiri istisna edilmir (evlilik və doğuş planlarının təxirə salınması kimi hallar ucbatından). Təbii olaraq, yaşlı vətəndaşların sayının dayanmadan artması və təbii artım tempinin azalması hökumətlərin uzunmüddətli perspektivdə iqtisadi inkişafın dinamikasından narahat olmağına səbəb olur. Bu mənada, Cənubi Koreya da istisna deyil, lakin ölkə genofondunda qəfil və sürətli dəyişiklik bir çox demoqrafın proqnozlaşdırdığı vaxtdan daha tez başlayıb. Ümumölkə doğum nisbətlərinin qrafikinə nəzər saldıqda, 70 il əvvəl Cənubi Koreyada hər qadın başına düşən doğum nisbəti 5.6 olmasına baxmayaraq, hazırda bu nisbət 1-dən belə aşağıdır. Dəhşətlisi də odur ki, əgər artım tempindəki göstərilən rəqəmlərdə müsbətə doğru dəyişiklik olmazsa, 2750-ci ildə C. Koreyada bir nəfər insan belə qalmayacaq.
Ümumiyyətlə, Cənubi Koreyada uşaq dünyaya gətirmək birbaşa maddi imkanla assosiasiya edilir. Buna görə də, aztəminatlı bəzi cütlüklər izdivaca girməkdən, ailə həyatı qurmuşlar isə uşaq sahibi olmaqdan birdəfəlik imtina edirlər. Dünyanın ən rəqabətcil və ağır iş mühitlərindən birinə sahib C. Koreyada iqtisadi rifah səviyyəsini artırmaqdan ötrü 30+ yaşa qədər çalışan qadınlar isə sonda yaşlarından dolayı uyğun partnyor tapmaqda çətinlik çəkirlər. Nikaha daxil olmaq istəməyən və ya karyera qurmağa görə evlənməyi gec yaşlara qədər təxirə salan koreyalı qadınların bir qismi isə gələcəkdə uşaq sahibi olmaqdan ötrü kriogen dondurma üsulundan istifadə edərək yumurtalıq toxumalarının dondurularaq mühafizə edilməsinə üstünlük verirlər. Əlavə məlumat olaraq qeyd edək ki, analoji vəziyyətdən əziyyət çəkən bir digər Şərqi-Asiya ölkəsi olan Çində kriogen dondurma metodu hökumət tərəfindən tamamilə qadağan edildiyindən, çinli qadınlar başqa ölkələrə, əsasən də C. Koreyaya gedərək haqqında danışılan xidmətdən yararlanırlar.
Övladlarının keyfiyyətli təhsil almalarından ötrü ailə büdcəsinin böyük hissəsini sərf edən valideynlər üçün çoxuşaqlılıq maddi cəhətdən ağır yükə çevrilir. Dünyanın ən stresli təlim-tədris mühitlərindən birinə malik ölkədə, koreyalı ailələr uşaqlarının ölkənin prestijli universitetlərinə daxil olmalarından ötrü hər şey edirlər. Gündəlik məktəb dərslərindən əlavə, koreyalı abituriyentlər “hagwon” adlı bahalı özəl məktəblərdə də təhsil alırlar. Koreya cəmiyyətində standart hala gəlmiş depressiv tədris metodikası, şagirdlərə psixoloji, valideynlərə isə sosial-iqtisadi cəhətdən ciddi sıxıntılar yaşadır. Bütün yuxarıda sadalanan amillərdən dolayı, məhdud maliyyə imkanına sahib valideynlər, bir neçə uşağa sərmayə qoyub risk almaq əvəzinə, bütün potensial və resurslarını maksimum dərəcədə tək uşağa yönəltməyi məqbul hesab edirlər. Təəssüf ki, ağır dərs yükü və təzyiqlər ölüm hallarını da bərabərində gətirir. Belə ki, C. Koreya böyük iqtisadiyyatlar arasında məktəb yaşında olan uşaqların intiharlarının sayına görə qabaqcıl yerlərdədir.
Qeyd edək ki, C. Koreya eyni zamanda yaşlıların ən çox özünə qəsdin müşahidə edildiyi ölkələrdən biridir. Yaş ötdükcə tibbi xərclərin artması, yaxınlarını itirməsi, pensiya məbləğinin qaneedici olmaması, uşaqlarına yük olma dərdi, mənəvi-əxlaqi dəyərlərin deqredasiyası nəticəsində övladların yaşlı valideynlərindən imtinası, habelə sosial müdafiənin zəif təşkili kimi sosial-psixoloji hallar intiharların əsas səbəbi kimi göstərilir. Üstəlik, əhalinin yaş strukturunda yaşlı təbəqənin kəskin artmasıyla yanaşı, təkliyin və övladsızlığın geniş vüsət alması gələcəkdə intihar hadisələrinin sayının artacağına dəlalət edir.
Bundan başqa, subay qalmağa üstünlük verən gənclərin də sayı günbəgün artan ölkədə cavanlar daha çox işsizlikdən və sosial təminatın zəifliyindən şikayətlənir. Evlilik yaşına çatmış kişilərdən ev tələb edilməsi, əmlak qiymətləri olduqca baha olan ölkədə insanları müşkül vəziyyətə salır. Haqqında daha əvvəlki məqalələrdə qeyd etdiyimiz, yapon cəmiyyətinə xas subaylıq sindromuna (sekkusu şinai şokoqun) bənzər bir hal C. Koreyada da yaşanır. Sampo nəsli olaraq adlandırılan yeni ictimai fenomen - münasibətdən, evlilikdən və uşaqdan imtina edilməsi kimi destruktiv hallarla xarakterizə edilir.
Patriarxal dəyərlər əsasında qurulmuş koreya cəmiyyəti uşaq böyütmə prosesini, adətən ancaq qadınların məsuliyyətində olan bir iş kimi görürlər. Uşaq böyütməklə peşə fəaliyyəti arasında seçim qarşısında qalan qadınların bir çoxu da sonda ikincini seçirlər. İş həyatında hamiləliyin birmənalı qarşılanmaması, hamilələrin rəhbərliyin yuxarı eşelonları tərəfindən diskriminasiyaya məruz qalmaları kimi xoşagəlməz hallar bir çox reproduktiv yaşda olan qadının övlad sahibi olmasına maneə olan süni əngəllər hesab edilir. Uzun illərdən bəri ölkədə qadın və kişilərin bərabər hüquq və imkan azadlıqları siyasətinin aparılmasına baxmayaraq, C.Koreya gender bərabərsizliyindən ən çox əziyyət çəkən dövlətlərin siyahisində ilk yerlərdə gəlir. Təhsil sisteminin yüksək inkişafına və qadınların əmək bazarının bir çox sahəsində kişiləri əvəz edə bilmələrinə rəğmən, koreya cəmiyyəti hazırda gender əsaslı ayrı-seçkiliyin mürəkkəb vəziyyətdə olmasıyla səciyyələnir. Gəlir bərabərsizliyini özüylə gətirən gender bərabərsizliyi kimi fundamental məsələlərin həllinə yönəlik sistematik dəyişikliklərin, bərabərlik ideyalarının cəmiyyətdə yayılması üçün bir sıra universal mexanizmlərin tətbiqinin artırılmasına baxmayaraq, iş və mülki həyatda mənsub olduğu cinsdən dolayı diskriminasiyaya məruz qalma hadisələri baş verməyə davam edir.
Mütəxəssislərin fikrincə, rəsmi Seulun gördüyü qabaqlayıcı və həvəsləndirici tədbirlər, habelə həcmi ilbəil artırılan maliyyə yardımları, təbii artım tempini uzunmüddətli perspektivdə artırmağa və genefondu qorumağa kifayət etməyəcək. Hərçənd, hökumətin təklif etdiyi subsidiyalar uşaq böyütmək üçün əsas xərclərin müəyyən hissəsini ödəməyə yetərli olsa da, bu gün Cənubi Koreya cəmiyyətində normaya çevrilmiş standartlara uyğun olaraq uşaq həyatının hər sferasının hərtərəfli maliyyələşdirilməsi mümkünsüzdür. Sadalanan preventiv tədbirlərlə yanaşı, dövlət, ictimai-iqtisadi müstəvidəki bərabərsizliklərin və gender ayrı-seçkiliyinin minimuma endirilməsi, hər bir fərdin maliyyə azadlığını təmin edəcək adekvat sosial-iqtisadi mühitin yaradılması, valideynlər arasında öhdəliklərin bərabər bölünməsi və ən əsası, hər iki cinsin nümayəndəsi üçün ailə həyatı ilə iş həyatının effektiv şəkildə uzlaşdırılmasını təşkil edəcək korporativ mədəniyyətin formalaşması istiqamətində səmərəliliyi yüksək tədbirlərin görülməsinə daha çox diqqət ayırmalıdır.