Murovdağ döyüşləri (2020)
Azərbaycan bölmələrinin müharibədən əvvəl Murovdağ istiqamətindəki mövqeləri son dərəcə əlverişsiz idi. 1993-1994-cü illərdəki döyüşlərdən sonra Kəlbəcərin ətrafındakı bütün yüksək zirvələr ermənilərin əlinə keçmişdi. Silsilənin əsas hündür hissələrinə ermənilər, kiçik hissələrinə isə Azərbaycan nəzarət edirdi. Erməni ordusu bir-iki istiqamətdə, hətta Göygöl rayonunun da ərazisinə doğru irəliləmişdi. Belə ki, xüsusi əhəmiyyətli Ömərdağ (3395,5 metr) və Koroğludağ (3462,7 metr) bu rayona daxil idi. Bundan başqa Murovdağ silsiləsinə daxil olan Ağdağ (3200,1 metr) və bu silsilənin ən hündür zirvəsi Camışdağ (3724,6 metr) da Ermənistan bölmələrinin nəzarətində idi. Camışdağdakı erməni postundan yay vaxtlarında Gəncəyə qədər olan ərazi açıq şəkildə görünürdü və bu post müharibə başlayana qədər dünyada ən hündür hərbi məntəqə hesab olunurdu. Ümumilikdə, Murovda cəbhə xətti qərbdən şərqə 50 km-dən çox məsafədə uzanırdı. Orta hündürlüyün 3000 m-dən çox olduğu ərazilərdə dağ zirvələri qayalıq olub heç bir bitki örtüyünə malik deyildi. Bu ərazidə sərt relyef şəraitinə görə davamlı istehkam xətti qurmaq ehtiyacı yoxdu və mövqelər bir-birindən aralı şəkildə zəncirlənmiş postlar vasitəsilə tənzimlənmişdi. Bu silsilənin üzərində ağır texnikanın hərəkət etməsi üçün yalnız bir keçid vardı ki, o da “Ömər aşırımı” (3261,4 metr) adlanırdı. Bu aşırım və yanındakı Ömər dağının ermənilərin nəzarətində olması Azərbaycan bölmələrinin operativ hücum əməliyyatını həyata keçirmək imkanlarını zəiflədirdi.
Kəlbəcərdə həm Ermənistan, həm də “Müdafiə Ordusu”nun hərbi hissələri yerləşirdi. 2017-ci il məlumatlarına əsasən, Ermənistan ordusunun Susuzluq istiqamətində 538 saylı hərbi hissəsi, Ağdağ istiqamətində 2-ci ordu korpusunun 759375 saylı hərbi hissəsi və 38 nömrəli ayrıca motoatıcı alayı, Zod istiqamətində 2-ci ordu korpusunun 555 saylı hərbi hissəsi, Kəlbəcər şəhərində isə 38043 nömrəli dağ-atıcı diviziyası mövcuddu. Bu ordu qrupunun rezerv batalyonları isə Kəlbəcərlə qonşu olan Vardenis rayonunda yerləşirdi. Murovdağın Goranboy və Ağdərə sektorunda isə Ermənistan ordusuna məxsus 33651 və 33882 saylı motoatıcı alay yerləşirdi. Bu səbəbdən cəbhənin bu istiqamətindəki əməliyyatlarda uğur qazanma imkanı çox minimal olub risk tələb edirdi. Hücum əməliyyatı 3-cü Ordu Korpusu tərəfindən hazırlanmışdı və bu əməliyyata ümumi rəhbərliyi korpus komandiri, general-mayor Xəqani Cəbrayılov həyata keçirirdi. Burdakı əməliyyatların əsas məqsədi xüsusi qruplar vasitəsi ilə ermənilərin nəzarətində olan zirvələri ələ keçirərək Kəlbəcərə maksimum yaxınlaşmaq və Vardenis-Ağdərə yoluna vizual nəzarət yaratmaqdan ibarətdi. Goranboy istiqamətindən təşkil olunacaq hücumda isə ordu Murovdağ (3340,3 metr) və Ağuçuq (2777,1 metr) zirvəsini götürdükdən sonra Suqovuşan istiqamətindən gələn bölmələrlə birləşərək Sərsəng su anbarına qədər enməli idi. Bu səbəbdən bu istiqamətdə əsas hücum da Murovdağ zirvəsi istiqamətində başlandı.
Goranboy-Ağdərə istiqamətində döyüşlər
Sentyabr ayının 27-si səhər saatlarından etibarən Goranboyun Gülüstan kəndi ətrafında və Ballıqaya ərazisində əməliyyatlar başlayır. 27 sentyabr günorta saatlarında Azərbaycan MN Murovdağı istiqamətlərində vacib yüksəkliklər uğrunda döyüşlər aparıldığı barədə məlumat yayır. Murovdağ zirvəsi uğrunda əməliyyatda 3-cü korpusla birlikdə 1-ci korpusun “həmlə tabor”u iştirak edirdi. Polkovnik Nəsimi Şıxəliyevin rəhbərlik etdiyi qrup bu əməliyyatı uğurla icra edərək zirvənin alınması xəbərini məruzə etdi. Azərbaycan MN həmin gün axşam saatlarında Murovdağın alınması barədə rəsmi məlumat verir: “Cəbhənin Goranboy istiqamətində qoşunlarımızın keçirdiyi hərbi əməliyyat nəticəsində Murov dağı silsiləsindəki Murov zirvəsi azad olunub. Əməliyyat nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərini Ermənistanla birləşdirən hərbi əhəmiyyətli Vardenis-Ağdərə avtomobil yolu vizual, eləcə də atıcı silahların və artilleriya vasitələrinin atəş nəzarətinə götürülüb.”
Bu məlumatı həmin gün “Müdafiə Ordusu” rəsmisi Suren Sarumyan təkzib etsə də, 1 gün sonra səhər saatlarında “DQR” rəhbərliyi Vardenis-Ağdərə yolunun “təhlükəsizlik məqsədi ilə” bağlanması haqqında açıqlama verir. Həmin gün axşam saatlarında "Azərkosmos" Vardenis-Ağdərə yolunda “Azersky” peyki vasitəsilə davamlı monitorinqlər aparıldığını açıqlayır. Murovdağ zirvəsinin alınması oktyabrın 4-də “Caliber” portalı tərəfindən çəkilən kadrlarda öz təsdiqini tapdı. Bu videokadrda Murovdağ zirvəsinin yaxınlığında, 3315 metrlik zirvədə Azərbaycan bayrağının dalğalandığını görmək mümkün olur. Lakin rəsmi məlumatdan fərqli olaraq, bu ərazidə heç bir erməni postu yox idi. 30 ilə yaxın müharibə dövründə bu ərazidə heç bir erməni istehkamı da tikilməmişdi. Çətin çıxılan qayalı zirvədə erməni mövqeləri dağın cənub istiqamətində yerləşirdi. Bunu həmin döyüşdə iştirak edən 32 nəfər xüsusi təyinatlıdan biri Təbriz Zöhrablı da təsdiqləyir: “Sentyabrın 27-də bizim xüsusi təyinatlı bölük komandirimiz Fərid Əliyev başda olmaqla Murov yüksəkliyini tutduq. 3300 metr yüksəkliyə qalxmaq çətin idi. Bütün sursatı, silahları çiyinlərimizdə daşıyırdıq və adambaşına 50-60 kiloqram yük düşürdü. Dağın zirvəsinə qalxmaq 6-7 saat vaxt apardı. Ermənilərin müdafiəsi dağlarda hərəsində 10-15 nəfər olmaqla ayrı-ayrı postlardan ibarət idi. Əsas qüvvəni onlar arxada saxlayırdılar, ön xətt isə postlar zəncirindən ibarət idi, onların arasında böyük məsafə var idi. Əvvəlcə biz bir neçə kilometr düşmən arxasına keçdik və onlar bizi görmədilər. Sonra biz zirvəyə onların müşahidə etmədiyi istiqamətdən qalxdıq. Murovun özündə ermənilər yox idi, amma zirvədən aşağıda onların iki postu yerləşirdi və biz məhz həmin postların arasından keçib getdik. Biz döyüşsüz, səssiz daxil olduq. Ermənilər onların başı üzərində Azərbaycan bayrağının qaldırıldığını görəndə, fikrimcə, şoka düşdülər.”
Bu istiqamətdən Azərbaycan bölmələri həqiqətən də Vardenis-Ağdərə yoluna nəzarət edə bilirdi. Lakin yoldan 15 km uzaqlıqda yerləşən bu dağda sadəcə açıq havada müşahidə mümkün idi. Bu istiqamətdə erməni postlarının yanından zirvəyə qalxan və faktiki olaraq onlarla heç bir döyüşə girməyən xüsusi təyinatlı qrup özünü çətin vəziyyətə salmışdı. Zirvəyə gedilən yolların bağlanması ilə onların mühasirəyə alınması və məhv edilməsi təhlükəsi vardı. Sentyabrın 27-dən oktyabrın 2-nə qədər Murov zirvəsində sıxışıb qalan qrupa qarşı artilleriya və aviasiya ilə zərbələr endirildi. Təbriz Zöhrablı həmin günləri belə xatırlayır: “Biz özümüzünkülərdən aralı düşmüşdük. Amma artilleriyamızın zərbələrini korrektə edə və onu yaxşı müşahidə etdiyimiz aşağıdakı erməni postlarına yönəldə bilirdik. Düşmənin də vəziyyəti bizim kimi çətin idi. Amma bir neçə gün sonra onlar postlardan çəkildilər, görünür, çox itkiləri olmuşdu. Bizim qarşımıza qoyulan döyüş tapşırığı yerinə yetirilmişdi. Qoşunlarımız artıq bizimlə birləşə bilərdilər. Ona görə də, Murovu başqa hərbi hissədən piyada bölmələrinə təhvil verdik və ordan çıxdıq.” Bu istiqamətdə gedən döyüşdə Azərbaycan Ordusu 1 hərbi qulluqçusunu itirdi. Murovdağ zirvəsinin təhlükəsizliyini təmin etmək üçün zirvənin ətrafındakı zirvələri də ələ keçirmək lazım idi.
Lakin bundan zamanında istifadə etmək mümkün olmadı. 28 sentyabrda Azərbaycan bölmələri Murovdağ zirvəsini şimal-şərq istiqamətindən qoruyan postları ələ keçirmək üçün əməliyyata başladı. Goranboyun Ballıqaya kəndi istiqamətindən başlanan hücum zamanı 2 post ələ keçirilsə də, ermənilər 1 gün sonra əks-hücuma keçərək yenidən bu postları qaytara bilir. İlk hücum zamanı post erməni dəstəsi tərəfindən ələ keçirilir və burada Ermənistan bayrağı asılır. İkinci postun alınması zamanı isə 10-a yaxın Azərbaycan hərbçisi həlak olur.
Zirvəni ələ keçirən erməni qüvvələri həlak olmuş Azərbaycan əgərlərinin cəsədlərinə qarşı hörmətsiz hərəkətlə yadda qalırlar. Əsgərlərin cəsədləri yük maşınına yükləndikdən sonra ekskavatorun köməyi ilə kütləvi məzarlıqda basdırılır. Bu döyüş “2608 yüksəkliyi”ndə baş vermişdi. Həmin gün axşam saatlarında Ermənistanın eks müşaviri Qarnik İsaqulyan Murov dağı yaxınlığında 2 itirilmiş mövqenin erməni bölmələri tərəfindən geri alındığını bildirir. Beləliklə, Murovdağ zirvəsi alınsa da, bu zirvənin yaxınlığındakı döyüşlər uğursuzluqla nəticələnir. Cəbhənin bu hissəsini qoruyan “Yeğnikner” bölməsininin komandiri Karen Calavyan bu nailiyyətinə görə oktyabrın 2-də “DQR Qəhrəmanı” adını alır. Müharibənin sonrakı günlərində bir neçə dəfə bu istiqamətdəki erməni postlarının ələ keçirilməsi üçün əməliyyat həyata keçirilsə də onlardan heç biri uğurlu alınmır. Oktyabrın 13-də Azərbaycan bölmələrinin Murovdağın cənub-qərbində yerləşən “3358,3” yüksəkliyi istiqamətində hücumu da uğursuzluqla nəticələnir. Həmin gün “DQR” MN-in yayımladığı kadrlarda bu istiqamətdə ən azı 1 Azərbaycan əsgərinin həlak olduğu dəqiqləşir. Oktyabrın ortalarında Murovdağ zirvəsindən cənub-şərq istiqamətində hücumda da heç bir nəticə əldə etmək olmur. Azərbaycan bölmələri xüsusilə Ağuçuq adlanan “2777,1” yüksəkliyində böyük itkilər verir. Beləliklə, bu istiqamətdə cəbhə oktyabrın ortalarında stabilləşir və müharibənin sonunadək dəyişməz qalır.
Göygöl-Kəlbəcər istiqamətində döyüşlər
Azərbaycan bölmələri sentyabrın 28-də eyni zamanda Murovdağ silsiləsinin Kəlbəcər istiqamətində olan erməni postlarını ələ keçirmək üçün əməliyyata başladı. Döyüşün ilk günündə hücum zamanı əsgərlər Şahbazov Kənan, Əliyev Nihad və Əlifov Rüfət həlak olur. İtkilərə baxmayaraq, Göygöldən Kəlbəcərə girən bölmələr Koroğludağın cənubuna, Lev kəndinin şimal-qərbində yerləşən “3344 yüksəkliyi”nə qədər irəliləyə bildi, lakin oktyabrın 2-də baş verən döyüşlərdə ermənilər itirdikləri postu geri ala bilir. Hərbi əməliyyatlar başlayana qədər bu post Azərbaycan mövqelərindən 1,5 kilometr aralıda yerləşirdi. Bu istiqamətdə erməni ordusunun əsas mövqeləri Koroğludağda yerləşirdi. Burada da Murovdağ zirvəsində olduğu kimi əsas mövqelərin ətrafından sızan xüsusi təyinatlılar hiss olunmadan erməni postunun arxasına keçərək buranı ələ keçirmişdi. Həmin post uğrunda döyüşləri Ermənistan MN 3 oktyabrda yayımladığı kadrlarda nümayiş etdirir. İkinci istiqamətdən hücum edən Azərbaycan bölmələrinin əməliyyatı isə uğurlu alınır. Kəlbəcər ərazisinin dərininə doğru hərəkət edən bölmələr Cəmilli kəndinin qarşısındakı dağlarda dayanır. Hücum edən qüvvələri isə bu kənddə yerləşən erməni bölmələri 122 mm-lik M-30 haubitsasından atəş açmağa başlayır. Bu istiqamətdə gedən döyüşlər erməni əsgərlərinin atəş zamanı mülki geyimli uşaqdan istifadə etməsi ilə də yadda qalmışdı. Burdakı döyüşlərdə də sonrakı günlərdə hər hansı dəyişiklik baş vermir və tərəflər müharibənin sonuna kimi mövqe döyüşləri aparırlar.
Kəlbəcər istiqamətində digər döyüşlər isə Susuzluq kəndinin şimalındakı yüksəkliklərdə baş tutur. Bura Kəlbəcər rayonunun təmas xəttinə ən yaxın olan ərazilərdən biri idi və kəndin şimalındakı Susuzluq dağı (2845,4 metr) bu ərazini strateji baxımdan əhəmiyyətli edirdi. Belə ki, bu yüksəkliyin tutulması qərb istiqamətdə Bozlu və Təkəqaya, cənubda isə Kəlbəcərin digər 5 kəndinə vizual nəzarəti təmin edirdi. Bu səbəbdən kənd və ətrafı güclü formada qorunurdu. Koroğludağın ətrafında mövqelənən Azərbaycan bölmələri ilk olaraq “Canavar” postlarını almalı, daha sonra “3223,0” yüksəkliyini götürməli idi. Sentyabrın 27-də artilleriya hazırlığı ilə başlayan ilk hücumda mayor Rahib Babayevin rəhbərlik etdiyi qrup “Canavar sol” yüksəkliyini, xüsusi təyinatlılar isə “Canavar sağ” yüksəkliyini ələ keçirir. Bu istiqamətdən hücumlara baxmayaraq, xüsusi təyinatlılar güclü qorunan “3223,0” yüksəkliyini tuta bilmir. Erməni bölmələri möhkəmləndikdən 2 gün sonra artilleriyanın da köməyi ilə “Canavar” postlarını geri almaq üçün əks-hücuma keçir. Burdakı döyüşlərdə Azərbaycan Ordusu ağır itkilər verir. İlk hücum zamanı tabor komandiri, mayor Rahib Babayev və bölük komandiri, kapitan Rövşən Pənahov həyatını itirir. Oktyabrın 2-də isə hücumu dəf edərkən mayor İlkin Rzayev və leytenant Sərvan Göyüşov şəhid olur. Beləliklə, həmin gün erməni bölmələri inadlı mübarizədən sonra hər iki postu geri ala bilir. Bu döyüşdə iştirak edən hərbi hissə komandiri, polkovnik Vigen Mkrtçyan döyüşləri belə xatırlayır: “ Oktyabrın 2-də düşmən bir sıra mühüm mövqelərə hücuma keçdi. Həmin gün saat 15:15-də Azərbaycan Silahlı Qüvvələrinə canlı qüvvə və texnika ilə böyük itkilər verərək düşmənin bütün istiqamətlərdə hücumunun qarşısını ala bildik. Döyüş əməliyyatları 10 saatdan artıq davam etdi. Həmin gün itirilmiş döyüş mövqelərini geri qaytara bildik ki, bu da cəbhə xəttində vəziyyəti sabitləşdirməyə imkan verdi.”
Hücum qrupunun digər hissəsi isə kənd istiqamətinə şimal-şərqdən (Koroğludağ) yaxınlaşan zaman Susuzluq dağının cənubundan D-30 haubitsaları ilə artilleriya atəşinə məruz qalır. Bu atəş zamanı baş çavuş Ruslan Qurbanov həlak olur. Koroğludağdakı erməni mövqelərinə dəstək üçün burdakı bölmələr tank qrupları ilə birlikdə əks-hücuma keçir. Bu döyüşün kadrları Azərbaycan MN tərəfindən 2 oktyabrda yayımlanır. Susuzluq dağının şimalındakı postda yol istiqamətində duran tank “TB-2” dronu tərəfindən vurulur. Həmin istiqamətdə oktyabrın 2-də yayımlanan kadrlarda isə Koroğludağdan Susuzluq istiqamətinə hücumu həyata keçirən Azərbaycan texnikasının qərb tərəfdə yerləşən erməni postları tərəfindən tank əleyhinə idarə olunan raket ilə vurularaq yanması müşahidə edilir. Bu istiqamətdə son video görüntü isə oktyabrın 16-da nümayiş olunur. Belə ki, həmin gün Azərbaycan bölmələrini atəş açan “BM-30” reaktiv yaylım sistemi Kəlbəcərin Yanşaq kəndində aşkarlanır və “Harop” kamikadze dronu ilə məhv edilir. Beləliklə, bu istiqamətdə Azərbaycan bölmələrinin hücumu uğursuz olur və tərəflər olduqları yerdə mövqe döyüşlərinə davam edirlər.
Kəlbəcər istiqamətində ən şiddətli döyüşlər isə Ağdağ zirvəsində (3200,1 metr) baş verir. Bu zirvə də erməni ordusunun nəzarətində olsa da, Azərbaycan postları əraziyə çox yaxın idi və bu istiqamətdə əlverişli mövqelərə malikdi. Bu səbəbdən Murov istiqamətindəki döyüşlərdə əsas zərbə bu istiqamətə yönəldildi. İlk günlərdə neytral ərazidən keçən Azərbaycan bölmələri erməni postlarına yaxınlaşa bilsə də, buranı ələ keçirə bilmir. Həmin döyüş zamanı yaralanan MAHHXHQ əsgər Təbriz İbrahimov ərazidə güclü mina partlayışlarının baş verdiyini bildirirdi. Buradakı müdafiə xəttini dağıtmaq üçün oktyabrın 1-i və 2-si ərazi “TB-2” dronları ilə vuruldu. İlk olaraq isə sentyabrın 30-da Ağdağdakı erməni mövqelərinə kömək etmək üçün hərəkət edən əsgərlərlə dolu yük maşını “3130” ərazisində “Harop” kamikadze dronu ilə vurulur. Birinci posta edilən zərbə zamanı 1 tank, 1 yük maşını və postun dayaq məntəqəsi darmadağın edilir. Bu hücum zamanı eyni zamanda yol istiqamətində duran Yuqoslaviya istehsalı olan “M55” zenit kompleksi məhv edilir. İkinci hücum zamanı isə Ağdağın şərqindəki zirvədə yerləşən posta zərbə endirilir. Bu hücum zamanı ən azı 3 erməni əsgəri öldürülür. Bu zərbələrlə birlikdə Azərbaycan bölmələri dağa hücuma keçir. Bu döyüşlər bu istiqamətdə ən uzun davam edən qarşıdurma olur. Çoxsaylı həmlələrə baxmayaraq erməni bölmələrinin müqavimətini qırmaq mümkün olmur. Döyüşlər zamanı müddətdən artıq hərbi qulluqçular Elnur Məmmədov, Arzu Zeynalov, Novruz Haqverdiyev həlak olur. Noyabrın 3-də Azərbaycan bölmələri “Ağdağ” ərazisində bir daha hücum həyata keçirməyə çalışır. Lakin dumandan istifadə edən bölmələrin irəliləməsi düşmənin minaatanları tərəfindən aşkarlanır. Həmin gün Ağdağın digər istiqamətində baş verən döyüşlərdə ermənilərin tank əleyhinə idarə olunan raketlə Azərbaycan bölmələrinə məxsus texnikanı vurur. Beləliklə, bu istiqamətdə də hansısa uğur əldə edilmir və mövqe döyüşü ilə müharibə sonlanır.
Kəlbəcərin Azərbaycana geri verilməsi
Azərbaycan bölmələrinin Vətən müharibəsi zamanı Murovdağ istiqamətindəki əməliyyatları uğurlu olmasa da, cəbhənin cənub sektorunda erməni müdafiə xəttinin yarılması və noyabrın 8-ə qədər bu bölmələrin strateji əhəmiyyətli Şuşanı azad etməsi erməni hərbi və siyasi komandanlığını təslim olmağa məcbur etdi.
Noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı birgə bəyanatda 6-cı maddə Kəlbəcərlə bağlı idi. Belə ki, Ermənistan bölmələri ilk olaraq bu rayonu boşaltmalı idi və onlara bunu həyata keçirmək üçün 5 gün vaxt verilmişdi. Ərazinin böyük və burada yaşayan erməni əhalisinin evakuasiyası çətin olduğu üçün noyabrın 15-i Ermənistan rəhbərliyi Rusiya vasitəsilə Azərbaycana müraciət edərək bu müddətin noyabrın 25-dək uzadılmasını istəyir. Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev həmin gün keçirdiyi brifinqdə Kəlbəcərin boşaldılması üçün Ermənistana daha 10 gün verildiyini təsdiqləyir.
Həmin dövrdə Kəlbəcərdə Ermənistan hərbçiləri ilə yanaşı mülki əhali də yaşayırdı. Rayon 1993-cü ildə işğal edildikdən sonra burada “Şaumyan rayonu” qurulmuş və Kəlbəcərin adı da “Karvaçar” olaraq dəyişdirilmişdi. Ermənilər bu rayona 1991-ci ilə qədər Goranboyun şimalında mövcud olan “Şaumyan rayonu”nu və ona bitişik Göygölə aid “Getaşen yarımrayonu”nu daxil edirdilər. Bu rayona eyni zamanda keçmiş Ağdərə rayonuna daxil olan Çərəkdar və Umudlu kimi kəndlər də aid idi. 2015-ci il “DQR” statistikasına əsasən işğal edilmiş Kəlbəcər rayonu ərazisində 3090 nəfər mülki erməni yaşayırdı. Beləliklə, həmin ildəki statistikaya əsasən Kəlbəcər şəhərində 491 nəfər, Nor-Getaşen adlandırılan Nadirxanlı kəndində 215 nəfər, Nor-Verinşen adlandırılan Çaykənd kəndində 200 nəfər, Yexeqnut adlandırılan Qamışlı kəndində 171 nəfər, Nor-Bracur adlandırılan Qılınclı kəndində 165 nəfər, Nor-Erkəç adlandırılan Bağlıpəyə kəndində isə 109 nəfər yaşayırdı. Kəlbəcərdə eyni zamanda işğal dövründə yeni bir kəndin əsası qoyulmuşdu. Belə ki, 2004-cü ildə erməni əsilli amerikalı biznesmen Karapet Arutyunyan 550 min dollar vəsait xərcləyərək Lex qalasının ətrafında yeni kənd salır və oranı anasının şərəfinə “Knaravan” adlandırır. Bu ərazidə yaşayan 76 nəfər müharibədən sonra ilk olaraq evlərini yandıraraq ərazidən çıxmağa başlayır. Noyabrın 15-də Kəlbəcərdəki erməni əhalisinin bir qismi hətta öz yaxınlarının cəsədlərini eksqumasiya edərək özləri ilə Ermənistana aparırdı. Keçmiş Ağdərə rayonuna daxil olan Çərəktar və Umudlu kəndlərinin əhalisi də buranın “DQR” inzibati-ərazi vahidinə əsasən “Şaumyan rayonu”na daxil olduğunu düşünərək evlərini yandırır və ərazini tərk edir. Lakin daha sonra bu kəndlərin Azərbaycana geri veriləcək kəndlər siyahısında olmadığı aşkarlanır. Noyabrın 24-də Ermənistan ordusunun son bölmələri Kəlbəcəri tərk edir, ordu şəhərdən çıxarkən hərbi kazarmaları partladır. Şəhərin Azərbaycan Silahlı Qüvvələrinə verilməsi prosesinə Rusiya sülhməramlıları nəzarət edirdi. Belə ki, gecə saat 00:00-da general mayor İqor Konaşenkov rayonun Azərbaycana təhvil verilməsi prosesinin başlanması barədə məlumat verir. Azərbaycan bölmələri həmin gün gecə Toğanalı istiqamətindən və Daşkəsəndən Kəlbəcərə daxil olmağa başlayır. Kəlbəcər rayonuna girən ordu ilk olaraq yollardakı minalı əraziləri təmizləməklə məşğul idi.
Ordu rayona girərkən iki istiqamətdə problem yaşadı. İlk olaraq, Vəng kəndində Xudavəng monastırının keşişləri bu ərazini tərk etmək istəmədi. Rusiyanın vasitəçiliyi ilə başlayan danışıqlarda monastır kompleksindəki erməni keşişlərin burada qalması, eyni zamanda bu əraziyə erməni zəvvarların gəlişi ilə bağlı razılıq əldə edildi. Eyni zamanda həmin ərazidə Rusiya sülhməramlılarının postu quruldu. Əvvəllər Azərbaycan hərbçiləri bu əraziyə gələn zəvvarların 30-dan çox olmaması şərtini irəli sürsə də, 2021-ci ilin fevral ayından etibarən zəvvarlardan ad və soyadlarının olduğu siyahını istəməyə başladılar. Azərbaycan hərbçiləri 2021-ci ilin may ayından oktyabr ayına kimi erməni zəvvarların Xudavəng monastırına girişini ümumiyyətlə qadağan etmişdi. Hazırda bu ərazidə Azərbaycan və Rusiya hərbçilərinin iştirakı ilə minimal sayda zəvvarların monastırı ziyarət etməsinə icazə verilir.
Azərbaycan hərbçilərinin qarşılaşdığı bir digər problem isə Kəlbəcərin qərbində, Zod ətrafında baş verdi. Belə ki, buranı tərk edən erməni hərbçilər sərhədi 1,5 km Azərbaycan sərhədlərinin daxilinə çəkərək “Söyüdlü-Zod” qızıl yatağının qarşısında “sərhəd darvazası” yerləşdirmişdi. Strateji və iqtisadi əhəmiyyəti olan bu yatağın 76 faizi Azərbaycan, 24 faizi isə Ermənistanda yerləşir. Azərbaycan hərbçilərinin 26 noyabrda bu darvazanı keçərək yataq ərazisinə girməsi Ermənistan cəmiyyətində isterika ilə qarşılandı. 26 noyabrda Ermənistan parlamentində Azərbaycan hərbçilərinin darvazanı sındıraraq Ermənistan ərazisinə daxil olması barədə bəyanat verildi. Həmin gün Rusiya hərbçilərinin vasitəçiliyi ilə yataq ərazisində “GPS” vasitəsilə delimitasiya həyata keçirilir. Delimitasiyadan sonra zavodun Azərbaycan hissəsində olan işçilər çıxarıldı. Ermənistan MN isə Azərbaycan hərbçilərinin Ermənistan ərazisinə daxil olmadığını, ərazidə Azərbaycanın 3, Ermənistanın isə 1 postunun qurulması barədə rəsmi açıqlama verdi. 2021-ci ilin yaz-yay vaxtlarında isə bu istiqamətdə Azərbaycan və Ermənistan hərbçiləri arasında atəşkəs tez-tez pozulurdu. Atəşkəsin mütəmadi pozulması ilə iyul ayının sonunda yatağın bütün işçiləri ərazidən evakuasiya edildi. Hal-hazırda bu istiqamətdə gərginlik qalmaqdadır.
İtkilər
Murovdağ döyüşlərində ümumi iştirak edən hərbçilərin sayı indiyə kimi müəmmalıdır. Lakin Prezident İlham Əliyevin 4225 hərbi qulluqçunu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif etməsini nəzərə alaraq bu istiqamətdə 4 min nəfərin döyüşdüyünü təxmin etmək olar. Maraqlıdır ki, təltif olunanlar arasında bu istiqamətdə döyüşlərin komandanı olan, 3-cü Ordu Korpusunun komandiri, general-mayor Xəqani Cəbrayılov yox idi. Korpus komandiri hələ müharibə davam edərkən vəzifədən kənarlaşdırılmışdı. Bu isə Hərbi Komandanlığın bu istiqamətdəki döyüşlərdən narazılığının göstəricisi ola bilər. Müharibə zamanı vəzifədən kənarlaşdırılan Xəqani Cəbrayılovun yerinə müvəqqəti olaraq general-leytenant Nizam Osmanov təyin edilmişdir. Sabiq korpus komandiri Xəqani Cəbrayılov isə 2021-ci ilin fevralın 8-də ehtiyata buraxıldı. Murov istiqamətində ordunun hücum əməliyyatlarının pozulmasında bu amil də xüsusi rol oynadı. Azərbaycan bölmələri Murovdağ əməliyyatlarında 234 hərbi qulluqçusunu itirdi. Onların arasında polkovnik-leytenantlar Atəm Əliyev və Yaşar Sadıqov vardı. Müharibədən sonra itkin düşdüyü elan edilən hərbçilərin əksəriyyəti Murovdağ döyüşlərində iştirak edənlər idi. Hazırda Azərbaycan Ordusunun 6 itkin hərbi qulluqçusundan biri olan leytenant İbrahim Vəlizadə Murovdağda itkin düşüb. O, eyni zamanda, itkin düşən yeganə zabit hesab olunur. Azərbaycan bölmələri təkcə müharibə zamanı deyil, müharibədən sonra da bu istiqamətdə xeyli itki verir. 2021-ci ilin iyunun 17-də Alagöldə çimərkən kapitan İlham Fərzəliyev, iyulun 23-də snayper atəşi nəticəsində gizir Fərman Yaqublu, avqustun 13-də Kəlbəcərdə qəza zamanı leytenant Eldar Həsənli və çavuş Anar Cəfərov həyatını itirir. Bu istiqamətdə hərbi itkilərlə birlikdə mülki itkilər də verilmişdi. Cəmiyyətdə ən çox rezonans yaradan isə iyunun 4-də Azərbaycan jurnalistlərinin Susuzluq kəndində tank əleyhinə minaya düşməsi idi. Mina partlayışı zamanı AZTV-nin operatoru Sirac Abışov, AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimov və Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olur, 4 nəfər isə yaralanır. Ermənistan hərbçilərinin bu istiqamətdə itkiləri barədə isə heç bir məlumat yoxdur. Lakin erməni hərbçilərinin itkisinin Azərbaycan bölmələri ilə müqayisədə az olduğu ehtimal edilir.
Nəticə
Beləliklə, Murovdağ döyüşlərindən sonra Kəlbəcər Azərbaycana qaytarılır. Erməni hərbi ekspert Artur Yeğiazaryan dekabrın 16-da verdiyi məlumatda Camışdağ (3724 m), Hinaldağ (3367 m), Ağdağ (3200 m), Koroğludağ (3462 m), Ömər (3395 m), Murov (3343 m) zirvələrinin Azərbaycana təhvil verildiyini bildirir. Bununla da, Murov silsiləsində strateji hündür bütün zirvələr Azərbaycanın nəzarətinə keçir. Azərbaycan bölmələri Goranboy-Ağdərə istiqamətində isə sadəcə 3340,3 metr hündürlüyə malik Murov zirvəsinə nəzarəti həyata keçirə bilir. Azərbaycan Prezidenti İlham Əliyev Murovdağdakı döyüşləri belə xarakterizə edirdi: “İkinci Qarabağ müharibəsinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edilmişdir. Murov dağının ərazisində və ətraf yerlərdə şiddətli döyüşlər gedirdi, şəhidlər vermişdik. Ancaq strateji yüksəklikləri götürdük və bu yüksəkliklər bizə imkan verirdi ki, ermənilərin istifadə etdikləri nəqliyyat-kommunikasiya infrastrukturuna da nəzarət edək. Beləliklə, biz Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri götürərək erməni silahlı qüvvələrinin hərəkətlərini bu istiqamətdə böyük dərəcədə məhdudlaşdıra bildik və faktiki olaraq onlar Basarkeçər-Kəlbəcər yolundan istifadə edə bilmədilər. Beləliklə, Kəlbəcərin bir hissəsi, kiçik olan hissə döyüş meydanında azad edildi. Ancaq böyük hissə Ermənistan kapitulyasiya aktına imza atandan sonra azad edildi.”
Müharibə bitdikdən sonra Azərbaycana qaytarılan Kəlbəcər demək olar ki, blokada vəziyyətində qalmışdı. Sovet dövründə bu rayonun ətraf rayonlarla əlaqəsi Ağdərə yolu ilə həyata keçirilirdi. Bu yol hazırda Qarabağın erməni icmasının və Rusiya sülhməramlılarının nəzarətində qaldığı üçün Azərbaycan hərbçiləri əvvəllər yaylaq zamanı çobanların istifadə etdiyi Ömər aşırımından istifadə etməyə məcbur olur. Bu torpaq və qayalıq yol isə 3200 metr hündürlükdən keçdiyi üçün xüsusilə də qışda son dərəcə əlverişsizdir. Bu səbəbdən Kəlbəcəri blokadadan çıxarmaq üçün ilk iş olaraq rayona yol çəkilişinə start verilir. Ömər aşırımı istiqamətində yolun hündür ərazidən keçməsi, ərazinin maili olması və dondurucu şaxtaları səbəbi ilə uyğun hesab edilmir və onun yerinə Göygöl ilə Kəlbəcəri yolun 16-cı kilometrində tunel vasitəsilə birləşdirmək qərara alınır. Prezident İlham Əliyevin 16 avqustda Kəlbəcər rayonuna səfəri zamanı Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu üzərində inşa olunacaq 11,6 kilometrlik tunelin təməli qoyulur. Bu avtomobil yolunun layihə uzunluğu 81 kilometr təşkil edir. Layihəni Türkiyənin “Kolin İnşaat” və “Cengiz İnşaat” subpodratçı şirkətləri həyata keçirir. Hazırda bu yolda son tamamlanma işləri aparılır. Kəlbəcərə Göygöl rayonundan başqa Daşkəsən rayonundan da yol çəkmək mümkündür. Lakin maliyyə və digər səbəblərə görə Xoşbulaq kəndi istiqamətindən Kəlbəcərin Lev kəndi istiqamətinə çəkilməsi mümkün olan yol hələ ki reallaşmayıb. Kəlbəcər və Laçının şimalı arasındakı əlaqə saxlamaq üçün 72,8 kilometr uzunluğu olan Kəlbəcər-Laçın avtomobil yolunun əsası qoyulur. Eyni zamanda regionun hava ilə əlaqəsi qalması üçün Kəlbəcərdə və yaxud Laçında hava limanının da tikilməsi planlaşdırılır.
Kəlbəcərdə digər görülən işlər isə yaşayış infrastrukturu və enerji ilə bağlıdır. Kəlbəcərin elektrik enerjisi ilə təmin olunması üçün burada 110/35/10 kV-luq “Kəlbəcər” yarımstansiyası və 4,4 MVt gücündə olan “Kəlbəcər-1” KSES-i qurulur. Kəlbəcər işğal olunan zaman bu rayonun mərkəz Kəlbəcər şəhərindən başqa 1 qəsəbəsi və 124 kəndi mövcud idi. Müharibədən sonra azad olunan Kəlbəcərdə bərpa proqramına uyğun olaraq isə yalnız 58 yaşayış məntəqəsi, o cümlədən Kəlbəcər şəhəri, İstisu qəsəbəsi və 56 kəndin yenidən qurulması planlaşdırılır. Bu isə o deməkdir ki, rayonun 68 kiçik kəndi digər iri yaşayış məntəqələrinə birləşdiriləcək. Bərpa proqramında iri yaşayış məntəqələrinə birləşdiriləcək kəndlərin siyahısı da əksini tapıb. Beləliklə, hazırda əhalisinin sayı 75 min 714 nəfər təşkil edən Kəlbəcər rayonun bütün sakinləri 1 şəhər, 1 qəsəbə və 56 kənddə yerləşdiriləcək. Bərpa planına əsasən, Kəlbəcərdə yaşayış məntəqələrinin yenidən qurulması 4 mərhələdə həyata keçiriləcək. İlk mərhələdə Kəlbəcər şəhəri, İstisu qəsəbəsi, Zar, Keşdək, Qılınclı, Qamışlı, Hacıkənd, İlyaslar, Lev, Zallar, Başlıbel, Ağcakənd və Zülfüqarlı kəndlərinin bərpası planlaşdırılır. Kəlbəcər şəhərinin Baş planı da bu ilin dekabr ayında tenderdə qalib gələn Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanacaq.
Ermənistan cəbhəsində Kəlbəcərlə bağlı fərqli fikirlər hakimdir. 2021-ci ilin mart ayında “Mənim Addımım” fraksiyasının deputatı Ovik Ağazaryanın “Kəlbəcər, erməni torpağı deyil” ifadəsi müxalifət və bəzi iqtidar üzvləri tərəfindən birmənalı qarşılanmamışdı. Bu sözlərə ilk reaksiya vitse spiker Vaqe Enfiacyandan gəlir: “Kəlbəcər kimin nəzarətində olmasından asılı olmayaraq hər zaman ermənilərindir və ermənilərin də olacaq.” 1 apreldə parlamentdə müzakirə zamanı deputat Taqui Tovmasyan Ağazaryandan dediklərini təkzib etməsini tələb edir: “Xahiş edirəm, parlamentin kürsüsünə çıxıb deyin ki, səhv olub, jurnalistlərin günahı var, amma heç olmasa bir şey deyin. Bu bəyanat cavabsız qalmamalıdır, çünki biz təkcə daxili auditoriya üçün işləmirik”. Ağazaryanın sözlərini “DQR”-in XİN başçısı David Babayan da tənqid edir: “Nəcə yəni Kəlbəcər bizim deyil? Orda “Dadivank” monastırı var. Ermənistanın çayları Kəlbəcərdən başlayır. Biz Kəlbəcəri işğaldan azad etməkdən danışırıq. Belə açıqlamalar olan halda Azərbaycan da deyəcək ki, özləri deyirlər, bizim deyil. Bilmirəm bu açıqlamalar təsadüfidir, ya yox, amma siyasətdən, tarixdən heç nə anlamayan insanlar açıqlama verməsinlər, heç olmasa bu yolla arzuolunmaz bəyanatların qarşısını ala bilərik”. Linç kampaniyasına məruz qalan Ağazaryan sonda dediyinin səhv anlaşıldığını, Kəlbəcərin Azərbaycana məxsusluğunu geopolitik reallıqla əsaslandığını bildirir. İrredentist çıxışlara baxmayaraq, Ermənistan hökuməti və müxalif “Ayastan” bloku rəhbəri Robert Koçaryan Kəlbəcəri de-fakto Azərbaycan ərazisi kimi tanıyır. Dağlıq Qarabağa aid olmayan rayonlar barədə hazırda daha çox Qarabağın erməni siyasətçiləri danışır ki, onların siyasi çəkisi və iradəsi ilə heç kəs hesablaşmır.