Ağ Hesabat: 2020-ci il Qarabağ müharibəsi və Ermənistanın gələcək xarici və təhlükəsizlik siyasəti

Ağ Hesabat: 2020-ci il Qarabağ müharibəsi və Ermənistanın gələcək xarici və təhlükəsizlik siyasəti

Bu ilin iyul ayında Robert Aydabiryan (Robert Aydabiran), Jirayr Libaridyan (Gerard Libaridian) və Taline Papazyanın (Taline Papazian) müəllifliyi və Portuqaliyada yerləşən Kalust Gülbenkyan (Calouste Gulbenkian) Fondunun maliyyə dəstəyi ilə “Ağ Hesabat: 2020-ci il Qarabağ müharibəsi və Ermənistanın gələcək xarici və təhlükəsizlik siyasəti (A White Paper: The Karabakh War of 2020 and Armenia’s Future Foreign and Security Policies)” adlı hesabat nəşr edilib. Hesabatı nəşr etməklə müəlliflər Ermənistanın İkinci Qarabağ Müharibəsindən sonra üzləşdiyi problemləri analiz etməyə, bu problemlərin həlli üçün təkliflər irəli sürməyə çalışıblar. Hesabatın ümumi məzmunu üç sual ətrafında dövr edir: 1) Ermənistan öz tarixinin ən aşağı və təhlükəli anına necə düçar oldu? 2) Bundan sonra nə edilə bilər və nə edilməlidir? 3) Hansısa addımlar atılan zaman hökumət və səlahiyyət sahibləri nələri əsas götürməlidir?

Müəlliflərdən biri və bu hesabatın ərsəyə çıxmasının təşəbbüskarı Robert Aydabiryan ixtisasca nüvə elmləri üzrə mütəxəssis olsa da həyatının böyük bir qismini Ermənistanda demokratik quruculuq sahəsində görülən işlərə dəstək verməyə həsr edib. Digər müəllif Jirayr Libaridyan isə ixtisasca tarixçi və diplomatdır. O, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın hakimiyyət illərində Azərbaycan və Türkiyə ilə danışıqlarda əsas danışıqları aparan şəxs olub. Hal-hazırda ABŞ-da yaşayan G. Libaridyan bu ölkədə müxtəlif akademik vəzifələr tutmuş və bir sıra universitetlərdə dərs demişdir. Fransanın "Sciences Po" universitetinin məzunu üçüncü müəllif Taline Papazian isə 2018-2019-cu illərdə Ermənistan Müdafiə Nazirliyində ekspert kimi çalışıb. O, indi akademik fəaliyyətdən əlavə vətəndaş cəmiyyətinin üzvü kimi Azərbaycanla Track II diplomatiyası formatında gedən kommunikasiyalarda iştirak edir.

124 səhifəlik hesabat mahiyyət etibarilə iki hissəyə bölünüb. Hesabatın birinci hissəsi Ermənistanda, Qarabağda, həmçinin dünyanın müxtəlif bölgələrində yaşayan və müxtəlif vəzifələrə sahib erməni mütəxəssislərdən alınan müsahibələrin analizindən ibarətdir. Ümumilikdə 34 sualdan ibarət olan ermənicə və ingiliscə hazırlanmış anketlər həmin mütəxəssislərə göndərilmiş və onların cavabları ümumiləşdirilərək hesabatda qeyd olunmuşdur. Bəzi məqamlarda isə hesabatın müəllifləri mütəxəssislərin məqalələrinə və fərdi müsahibələrinə istinad etmişdir. Müəlliflər hesab edirlər ki, bu yolla erməni ictimai düşüncəsinin bütün spektrini əhatə etmək mümkündür.

Hesabatın ikinci hissəsində isə müəlliflərin Ermənistanın mövcud olduğu regional və beynəlxalq situasiyasa dair müşahidələri və düşüncələri təqdim olunur. Bu hissədə müəlliflər öz təkliflərini irəli sürür, müxtəlif aktorların addımlarını qısamüddətli və uzunmüddətli perspektivlərdə şərh edirlər. Müəlliflər bunu etməklə “nə etməli və nə etməməli?” sualına cavab verməyi və Ermənistanı hal-hazırki situasiyadan çıxaracaq addımlar toplusunu hazırlamağı hədəfləyiblər.

Müəlliflər hesabatı realist düşüncə tərzi üzərində hazırladıqlarını qeyd edirlər. Hesabatda Ermənistanın xarici və təhlükəsizlik siyasəti formalaşdırılarkən öhdəlikləri və imkanları, prioritetləri, məqsədləri müzakirə olunub və bu istiqamətdə Rusiya, Azərbaycan, Türkiyə, ABŞ, İran, NATO, Aİ kimi xarici aktorların siyasətlərinə və siyasətlərini formalaşdıran maraqlarına xüsusi diqqət ayrılıb. Müəlliflər Ermənistanın gələcək xarici siyasət kursunun müəyyənləşdirməsi zamanı aşağıdakı faktorların xüsusilə nəzərə alınmalı olduğunu qeyd edirlər:

1. Rusiyanın regionda artan hərbi və diplomatik rolu;
2. Azərbaycanın davam edən aqressiv siyasi kursu;
3. Türkiyənin daha geniş ambissiyaları;
4. Gürcüstan və İranın məhdudlaşdırılmış neytrallığı;
5. Qərb dövlətlərinin (ABŞ + Aİ) mahiyyət etibarilə regiona laqeyd mövqeyi;
6. Beynəlxalq münasibətlər sisteminin, özəlliklə regional güclər arasında olan münasibətlərin, qeyri-müəyyənliyi.

Hesabatda erməni siyasətçilər tərəfindən Azərbaycan və Türkiyədən gələn təhlükələrin ənənəvi ideoloji baxışdan kənarda analiz edilə bilməməsi və siyasətçilərin mədəni qərəzlər səbəbindən alternativ siyasi kurslar qəbul edə bilməməsi tənqid olunur. Erməni siyasətçilərin “Azərbaycan və Türkiyə üçün pis olanın Ermənistan üçün mütləq yaxşı olduğu, Azərbaycan və Türkiyə üçün yaxşı olanın Ermənistan üçün mütləq pis olduğu” prinsipi əsasında hərəkəti və dünya ermənilərini narahat edən məsələlər ilə Ermənistan dövlətini narahat edən məsələlərin qarışdırması müəlliflər tərəfindən kəskin tənqid edilir.

10 noyabr üçtərəfli bəyanatı ilə bağlı müəlliflər hesab edir ki, bəyanat dolayısı yolla Azərbaycanın ərazi bütövlüyünün tanınması deməkdir və Ermənistanın Dağlıq Qarabağın iştirakı olmadan atəşkəs bəyanatı imzalaması münaqişənin dövlətlərarası münaqişə olduğunu təsdiqləyir. Müəlliflər hesab edir ki, üçtərəfli bəyanatın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ilə ətraf rayonlar arasında fərq qoymaması Dağlıq Qarabağın SSRİ dövründə mövcud olmuş statusunun aktuallığını aradan qaldırıb və bütün DQMV üzərində Azərbaycanın suverenliyinin tanınması ilə nəticələnib.

Hesabatda deyilir ki, Azərbaycan və beynəlxalq ictimaiyyətin Qarabağın statusu ilə mövqeyi üst-üstə düşür və Rusiya prezidenti Vladimir Putinin “Dağlıq Qarabağ Azərbaycanın ərazisidir” fikri bu mövqeyin ən bariz nümunəsidir. Müəlliflər qeyd edir ki, həmişə Qarabağın statusu dedikdə iki amil nəzərdə tutulub: 1) Dağlıq Qarabağ kimin suverenliyi altında olmalıdır? 2) Dağlıq Qarabağ necə idarə olunmalıdır? Bu iki amili müzakirə edən müəlliflər belə qənaətə gəlir ki, birinci amilin cavabı artıq məlumdur – yəni, Dağlıq Qarabağ Azərbaycanın ərazisidir, ikinci amil isə əsas müzakirə mövzusudur və burada iki model üzərində müzakirə aparılır: a) Qarabağda yaşayan ermənilərə Azərbaycan daxilində ərazi muxtariyyətinin verilməsi (keçmiş DQMV kimi); b) Qarabağda yaşayan ermənilərə Azərbaycan daxilində mədəni muxtariyyətin verilməsi (Türkiyə erməniləri kimi). Qeyd edilir ki, bu modellərdən hansının olacağına birinci Rusiya, daha sonra Azərbaycan, ardınca Türkiyə, ən sonda isə məşvərətçi rolunda Ermənistan qərar verə bilər.  

Üçtərəfli bəyanatı müzakirə edən müəlliflər belə bir nəticəyə gəlirlər ki, müharibə nəticəsində Azərbaycan-Ermənistan münaqişəsi regional münaqişə elementini itirərək Rusiya-Türkiyə münasibətlərində mövcud olan “teatrlardan” birinə çevrilib və hal-hazırda post-Sovet məkanındakı etno-ərazi münaqişələrindən daha çox Suriya münaqişəsini xatırladır. Qərbin mövqeyinə gəldikdə, ABŞ və Avropanın münaqişənin həllini aşağı-yuxarı üçtərəfli bəyanatda olduğu kimi gördüyü sadəcə bu həllin sülh danışıqları çərçivəsində və onların (Qərb) tam iştirakı ilə olmasını istədikləri hesabatda qeyd edilir. Müəlliflər inanırlar ki, Qərb üçtərəfli bəyanatın yaratdığı reallıqların tam dəyişdirilməsində yox, sadəcə ona müəyyən əlavələrin edilməsində maraqlıdır.

Üçtərəfli bəyanatdan sonra Qarabağ ətrafında yaranan situasiyanı “xaos” olaraq adlandıran müəlliflər hesab edirlər ki, həm Rusiya, həm də Azərbaycan, bu xaosun mövcudluğunda maraqlıdırlar və onlar bu xaosa daha çox “imkanlar toplusu” kimi baxırlar. Müəlliflər bəyanatda Azərbaycanın qərb rayonları ilə Naxçıvan MR arasında yaradılmalı olan nəqliyyat-kommunikasiya xətlərinin elə mahiyyətcə “korridor” olduğu qənaətinə gəlir və bəyanatı imzalamaqla Ermənistanın “korridor” yaratmağı öz üzərinə götürdüyü qeyd edilir. Həmçinin, qeyd edilir ki, əslən Şuşa və Hadrutdan olan köçkünlərin geri qayıtması ilə bağlı müddənın bəyanatda olmaması bu şəxslərin geri qayıdışını çətinləşdirir və mümkünsüzə çevirir.

Post-müharibə Azərbaycanı ilə bağlı hesabatda qeyd edilir ki, müharibənin qalibi olan rəsmi Bakının post-münaqişə ilə bağlı düşüncəsi beynəlxalq ictimaiyyətin əsas aktorları ilə aşağı-yuxarı üst-üstə düşür. Müəlliflər Ermənistanı “10-15 ilə karbohidrogen resurslarının bitməsi nəticəsində Azərbaycan zəifləyəcək” fikrinə qapılmaması ilə bağlı xəbərdar edir və əlavə edirlər ki, Azərbaycanın qaz resurslarını da nəzərə almaq lazımdır və hətta bu ssenari (Azərbaycanın zəifləməsi) reallaşsa belə regional güc balansında Azərbaycan Ermənistandan güclü olacaq. Müəlliflər xüsusilə xəbərdarlıq edirlər ki, Azərbaycan çalışacaq ki, bütün resurslarından istifadə edərək yaxın 10-15 ildə Qarabağ ilə bağlı olan bütün açıq qalmış məsələləri həll etsin.

Türkiyə ilə bağlı isə qeyd edilir ki, Ermənistan diplomatiyası anti-Türkiyə bloklarına qətiyyən qoşulmamalıdır, çünki bu cür bloklar müvəqqəti xarakter daşıyır və blok üzvlərinin məqsədi Türkiyəni parçalamaq yox, sadəcə danışıqlar prosesində nələrsə əldə edərək münasibətləri normallaşdırmaqdır. Xəbərdarlıq edilir ki, əgər Ermənistan bu bloklara qoşularsa özünü daha da pis vəziyyətə qoyacaq və digər blok üzvlərinin istədiklərini aldıqdan sonra Türkiyə ilə münasibətləri düzəldə biləcəyi halda Ermənistan bunu edə bilməyəcək. Özəlliklə qeyd edilir ki, ABŞ-Türkiyə münasibətlərində olan soyuqlaşmanın Ermənistan üçün bir xeyri yoxdur və Ermənistan ümumiyyətlə iki NATO müttəfiqi arasında münasibətlərin formalaşmasında heç bir rolu yoxdur. Müəlliflər Ermənistanı “Türkiyə zəifləyəcək və biz Türkiyədən torpaqlarımızı ala bilərik” fikrinə qapılmaması ilə bağlı xəbərdar edir və əlavə edirlər ki, Türkiyə güclü dövlətdir və yaxın perspektivdə də güclü olmaqda qalacaq. Türkiyənin zəifləyib dağılmaq ərəfəsində olacağı dövrün Ermənistan üçün “ən yaxşı” yox, “ən təhlükəli” olaraq qəbul edilməsi məsləhət görülür və qeyd edilir ki, Türkiyə kimi böyük dövlətlər ən radikal/təhlükəli addımlarını elə ən zəif dövrlərdə atırlar (buna misal olaraq Osmanlı imperiyasının məhz ən zəif vaxtında erməni əhaliyə qarşı soyqırım törətməsi gətirilir).

Müəlliflər post-müharibə Ermənistanı üçün üç variantın olduğunu qeyd edirlər:

- Ermənistan üçtərəfli bəyanatdan imtina edərək militarist dövlətə çevrilir. Məqsəd ən güclü ordunun qurulması və yeni müharibəyə hazırlıq olur;
- Ermənistan bəyanatın özəlliklə kommunikasiyalar ilə bağlı müddəalarını yerinə yetirməkdən imtina edir. Status-kvonun qorunması, Qarabağın faktiki Rusiya protektoratına çevrilməsi əsas məqsədlər olur;
- Ermənistan müddəaları tam yerinə yetirir və bəyanata dəyişiklikləri yalnız diplomatik yolla aparır. Eyni zamanda Azərbaycan və Türkiyə ilə münasibətləri tam bərpa edir və Qarabağ erməniləri üçün ən yaxşı olanı Azərbaycan, beynəlxalq aktorlar ilə dialoq formasında tapmağa çalışır.

Birinci variantı özünə-qəsd olaraq qiymətləndirən müəlliflər ikinci variantın 1994-2020-ci illər ərzində aparılan və sonda böyük uğursuzluğa düçar olan siyasətin davamı hesab edirlər. Müəlliflər qeyd edirlər ki, Ermənistan üçün yeganə realist yol üçüncü yoldur.  Müəlliflər bəyan edirlər ki, bu yolu tənqid edənlər tənqidlərini insanlarınn emosiyaları ilə oynayaraq yox konkret və real planlar təklif etməklə etməlidirlər.

Qeyd: Yazıda istifadə olunan terminologiyalar orijinalda olduğu kimi saxlanılıb və məqsəd oxucuların konteksti tam başa düşməsidir.