“Everqrand”: Aysberqin görünən tərəfi
Çinin daşınmaz əmlak və tikinti sektorunun nəhənglərindən “Everqrand” Şirkətlər Qrupu son aylar dünya iqtisadiyyat tarixinin ən böyük maliyyə böhranlarından birini yaşamaqdadır. Belə ki, maliyyə qıtlığına qədər ölkənin 300-ə yaxın şəhərində 1300-dən çox layihə həyata keçirdən şirkətin səhmləri qısa müddət ərzində 80%-dən çox dəyər itirib. Qlobal maliyyə bazarlarında davam edən qeyri-müəyyənlik fonunda “Mudiz” (Moody’s) və “Fitç” (Fitch) kimi beynəlxalq reytinq agentlikləri də şirkətin likvidlik problemlərini əsas gətirərək qiymətli kağızlarının kredit reytinqini aşağı salıblar.
Koronavirus pandemiyasının birinci dalğasının təsiri ilə satışları böyük ölçüdə azalan şirkətə ikinci sarsıdıcı zərbə mərkəzi hökumətin böyük həcimdə borclanmadan dolayı yarana biləcək maliyyə böhranını önləmək üçün qəbul etdiyi yeni qərarla vurulur, bununla da “Everqrand”ın maliyyə çarxlarının döngüsünü təmin edən yeni kredit və borc alımına məhdudiyyətlər gətirilmiş olur. Maliyyə vəsaitinin çatışmazlığı şirkəti ölkə üzrə tikinti işlərini tamamilə dayandırmasına vadar edib və bu da öz növbəsində, həm investorların, həm də müştərilərin təşvişə düşməsinə səbəb olub.
Öhdəliklərini yerinə yetirməkdən boyun qaçıran “Everqrand”a qarşı həm dövlət, həm banklar, həm də yerli və xarici investorlar təzyiq göstərməyə davam edir. Sıravi vətəndaşlar isə mənzillərinin söz verilmiş vaxt ərzində təhvil verilməsini, əks halda dəymiş ziyanın tezliklə ödənilməsini tələb edirlər. Şirkətin məsul şəxsləri, tikintinin davam edəcəyinə, müştərilərə kompensasiyanın, əməkdaşlarına isə aylıq məvaciblərinin ödənəcəyinə söz versə də, yaranmış kritik situasiya hələ də həllini tapmamış olaraq qalır. Qlobal birjalarda yaşanan sərt çöküş və şirkət istiqrazları üzrə gəlirliyin aşağı düşməsi ölkənin daşınmaz əmlak bazarını və bununla bağlı iqtisadiyyatın digər sahələrini silkələməyə və inkişaf dinamikasına mənfi təsir etməyə davam edir. Daşınmaz əmlak sektoru Çin iqtisadiyyatının 29%-lik bir hissəsini təşkil edir və təbii olaraq, bu sahədə yaşanan hər hansı dalğalanma, durğunluq və ya tənəzzül birbaşa olaraq makroiqtisadi müstəvidə sistematik problemlərin yaşanmasıyla nəticələnə bilir.
Qeyd edək ki, hazırda defolt halında olan Evergrande-nin fəaliyyət dairəsi təkcə tikinti və daşınmaz əmlak sektoru ilə məhdudlaşmır. Şirkət çoxşaxəli biznes profilinə malik olub: elektrikli avtomobil istehsalından tutmuş, Cənubi Çin dənizində süni ada tikintisinə qədər onlarla müxtəlif layihəyə milyardlarla dollar həcmində sərmayə qoyuluşları reallaşdırır. Hətta “Everqrand”, “Alibaba” korporasiyası ilə birgə Çin futbol sənayesinin ən zəngin klublarından biri olan “Quanco” futbol komandasının iki ən böyük şərikindən biri kimi də tanınır və hazırki vəziyyət şirkəti öz komandası üçün doğma şəhəri Quancoda tikməkdə olduğu dünyanın ən böyük stadionunda da işçi qüvvəsini ixtisara salmağa məcbur edib.
Sözügedən şirkətlər qrupu daşınmaz əmlak bazarında ümumi satış həcminə görə inin ən böyük ikinci şirkəti, “Qlobal Forçun – 500”-ün (Global Fortune 500) 2021-ci il reytinq cədvəlinə əsasən dünyanın ən zəngin 122-ci şirkəti olmaqla yanaşı, 2018-ci ildə daşınmaz əmlak sektorunda dünyanın ən dəyərli şirkəti olaraq qeydə alınmışdır. Ölkənin ən ambisiyalı şirkətlərindən biri olan “Everqrand”ın aktivlərinin əsaslandırılmış bazar dəyəri 360 milyard dollara yaxındır və bu da təqribi olaraq bütün Çinin Ümumi Daxili Məhsulunun 2%-lik hissəsinə bərabərdir. Qeyd edilən gözqamaşdırıcı rəqəmlərə və cəlbedici statistikalara paralel olaraq, şirkət hal-hazırda dünyada ən çox borcu olan daşınmaz əmlak şirkəti olma titulunu da daşıyır.
Söhbət son 20 il ərzində yüzlərlə maliyyə qurumundan toplanılmış böyük miqdarda puldan gedir ki, bu da təxminən 305 milyard dollardan çox bir məbləğ deməkdir. Ümumilikdə, 128 bank və 121 maliyyə təşkilatı ilə əməkdaşlıq edən “Everqrand” artıq sentyabr ayı üçün nəzərdə tutulan 83,5 və 47,5 milyon dollarlıq iki ayrı borc öhdəliyini vaxtında yerinə yetirə bilməyib.
Pandemiyaya görə daşınmaz əmlak bazarında yaşanan durğunluq və eyni zamanda, ötən ilin avqust ayında hökumətin qəbul etdiyi yeni qərar (tikinti şirkətlərinin borclanmasına dair məhdudiyyətlərin tətbiqi), şirkəti qidalandıran maliyyə kanallarının önünü kəsərək müxtəlif qurumlarda sahib olduğu səhmlərinin bir qismini dəyərindən aşağı qiymətə satışa çıxarmasına vadar etmişdir. Bundan başqa, ötən ayda şirkətin əsas kreditorlarından olan iki maliyyə təşkilatının borclarını tələb etməsindən sonra qlobal birjalarda şirkət səhmləri bir gün içində 20% dəyər itirmişdir. Maliyyə indekslərində yaranmış olan kəskin enişin ardından “Everqrand” istiqrazlarının alış və satışının müvəqqəti olaraq dayandırılmasına qərar verilmişdir.
“Everqrand” əmlak sektorundakı portfoliosunu zənginləşdirmək üçün girdiyi borclarla Çinin bütün əyalətləri boyu milyonlarla sakin üçün minlərlə bina və yaşayış/qeyri-yaşayış kompleksləri tikmişdir. Bünövrəsi atılmamış, yarımçıq qalmış, hətta tamamlanması illər çəkəcək və ya qeyri-müəyyən bir müddətə təxirə salınmış layihələr üçün belə qabaqcadan ödənişlər alınmışdır ki, bu pulların geri qaytarılması hələ ki, mümkün görünmür. Çinin əksər tikinti şirkətləri və eləcə də mülk sahibləri banklardan aldıqları kreditlər hesabına planlarını həyata keçirə bilirlər. Milyardlarla dollar həcmində borca girmiş şirkətlərdən hər hansı birində yaşanacaq böhran da birbaşa maliyyə təhlükəsizliyini və stabilliyini risk altına qoymuş olur. Zəncirvari formada baş verə biləcək bu proses özüylə iqtisadi böhran və sosial partlayış gətirmə potensialına da sahibdir.
Dünya iqtisadiyyatının təqribən 20%-ni təşkil edən Çində meydana gələ biləcək genişmiqyaslı iqtisadi böhran bütün dünyaya yayılaraq domino effekti yarada bilər. Artıq sözügedən şirkətin üzləşdiyi defolt riskinin gətirdiyi problemlər regionun Hindistan və Avstraliya kimi xammal ixrac edən ölkələrində də hiss edilməyə başlanıb. Bu mənada “Everqrand”-nin bu gün yaşadıqları miqyasına görə “Leman Brazers” (Lehman Brothers) şirkəti ilə müqayisə olunur. Məlum olduğu kimi, ABŞ mənşəli bu şirkətin mərhələli çöküşüylə yaranmış vəziyyətin sonunda 2008-ci il dünya maliyyə böhranı meydana gəlmişdi. Lakin Birləşmiş Ştatlardan fərqli olaraq, rəsmi Pekinin şirkəti xilas edəcəyi gözlənilir. Belə ki, ötən ayda Çinin mərkəzi bank səlahiyyətində olan maliyyə strukturu Çin Xalq Bankı ölkənin maliyyə qurumlarına dəyə biləcək ziyanı minumuma endirmək üçün yerli banklara 18.6 milyard dollar həcmində maliyyə vəsaiti köçürdərək likvidlik imkanlarını artırmağa çalışıb. Bundan başqa, şirkət rəhbərliyi ilə danışıqlar aparan hökumət nümayəndələri şirkətə əsas diqqəti yarımçıq qalan tikililərin tamamlanmasına yönəltməyi və yerli investorların borclarını tədricən ödəməyi tövsiyyə ediblər.
Bəlli olduğu kimi, hər hansı bir şirkətin müflis elan edilməsi uzunsürən və bahalı bir prosesdir və bir qayda olaraq, Çində defolt təhlükəsi ilə üzləşən şirkətlər üçün nəzərdə tutulmuş anti-böhran tədbirləri çərçivəsində iki yanaşma mövcuddur: Birinci halda borcun restrukturizasiyası yolu ilə şirkət səhmlərinin aşağı qiymət müqabilində satılaraq kreditorlarla investorların borclarının bir hissəsinin qaytarılmasıdır. İkinci situasiyada isə hökumət maliyyə sisteminin böhrana qarşı davamlılığını qorumaq üçün şirkəti milliləşdirərək böyük həcmdə kapital hesabına xilas edə bilər. Lakin, ikinci yanaşmanın tətbiqi ilə məsələnin həlli milli iqtisadiyyata əlavə yük gətirə bilər.
Son illərdə beynəlxalq müstəvidə yaşanan ticarət müharibələri (ABŞ-Çin / Çin-Avstraliya), dünyanı ağuşuna alan koronavirus pandemiyası və ölkənin bir sıra sənaye yönümlü əyalətlərində yaşanan təbii fəlakətlərin təsiri ilə zədələnmiş Çin iqtisadiyyatının əlavə xərclərə girməkdən çəkinəcəyi də istisna edilmir. Hətta şirkəti xilas etmə əməliyyatı uğurla yekunlaşsa belə, Çinin yüksək torpaq qiymətlərindən və vergisindən dolayı əmlak bazarındakı cari böhran tam həllini tapmamış olaraq qalacaq. Digər tərəfdən də, “Everqrand” müflis elan edilərsə, daşınmaz əmlak və tikinti bazarında milyonlarla iş yerinin bağlanmasına və minlərlə şirkət əməkdaşının işini itirməsinə səbəb olacaq, bu da öz növbəsində əmək bazarına əlavə problemlər gətirəcək.
Əmlak sektoru uzun illər Çində dayanıqlı və etibarlı investisiya sahələrindən biri hesab olunub. Lakin Çinin iqtisadi yüksəlişinə paralel olaraq meydana gələn tikinti bumu və dolayısıyla, sürətlə artan torpaq və mənzil qiymətləri əmlak bazarında spekulyativ “köpük”lərin yaranmasına təkan verib.
Ümumiyyətlə, Çində əmlak qiymətlərinin baha olma səbəblərindən biri əmlak dəyərinin 40-60%-nin şirkətlərin müxtəlif adlar altında torpaq üçün hökumətə ödədikləri vergilərdir. Nəticə etibarilə “Everqrand”-nin zamanında topladığı borcların bir qismi yerli icra orqanlarından tikinti işlərini aparmaq üçün aldığı torpaqlar üçün xərclənib. Qeyd edək ki, cari ildə ölkənin bütün şəhərləri üzrə torpaq satışından əldə olunan ümumi məbləğ 1,3 trilyon dollardan çox olub. Bu kimi məsrəfli layihələrin icrası zamanı da şəffaflığa əməl olunmaması, institutsional idarəetmənin və ictimai nəzarətin zəif olması rüşvət və korrupsiya iddialarını da özüylə gətirir.
Rəsmi Pekin maliyyə sabitliyinin gücləndirilməsi və risklərin optimal idarə edilməsi ilə əlaqədar zəruri işlərə bir neçə il öncədən başlayaraq kredit ekspansiyasını məhdudlaşdırmışdır. Bu çərçivədə 2020-ci ilin avqust ayından etibarən əmlak şirkətlərin borclanma mexanizminə dair normativ qaydaların tətbiq edilməsiylə tərtib edilən “Üç Qırmızı Xətt” ölçü sisteminin qüvvəyə minməsindən sonra “Everqrand” mürəkkəb vəziyyətlə üzləşərək nağd pula olan tələbatını ödəyə bilməmişdir. Əlavə sərmayə cəlbinin qeyri-mümkünlüyü də tənəzzül prosesini intensivləşdirir. Belə ki, təqdim olunan yeni qanuna əsasən əmlak şirkətləri əlavə borclar almaq istədikləri təqdirdə təqdim edilmiş üç kateqoriya üzrə borc tənzimləmə şərtlərini yerinə yetirməli olacaq. Şərtləri yerinə yetirə bilməyən şirkət isə “Everqrand” kimi borc almaqdan məhrum ediləcək. Yuxarıda sadalanan səbəblərdən dolayı, Çinin borc üstünə qurulmuş daşınmaz əmlak sektorunun ən böyük təzahürlərindən biri olan “Everqrand” böhranının daha da dərinləşəcəyini təxmin etmək olar.
Şirkətin müflisləşməsi fonunda hökumətin effektiv şəkildə bazarların yenidən tənzimlənməsi, maliyyə kövrəkliyinə qarşı kompleks tədbirlərin görülməsi, korporativ idarəetmədə səmərəliliyin artırılmasını təşviq etməsi, maliyyə qurumlarının fəaliyyətinin səlisliyinin təmin edilməsi, sosial-iqtisadi siyasətinin səmərəliliyini artıracaq effektiv strategiyaların tətbiq edilməsi, o cümlədən, pul-kredit siyasətinin təkmilləşdirilməsi kimi məsələlərin həllinə daha çox diqqət ayıracağı güman edilir.