Periferiyadakı boşluq: Azərbaycanda sosial elmlərə dair fikirlər

Periferiyadakı boşluq: Azərbaycanda sosial elmlərə dair fikirlər

Ötən əsrin 90-cı illərindən etibarən qloballaşan dünya iqtisadi və siyasi prosesləri formalaşdırmaqla paralel bilginin yenidən şəkillənməsini də sürətləndirdi. Xammalın, istehlak məhsullarının, beyin gücünün müxtəlif istiqamətlərdə dövriyəsinin əksinə, fikir və bilgi istehsalı hələ də avromərkəzçi konturlardan kənara çıxa bilmir. Yeni komunikasiya vasitələrinin təsirinə baxmayaraq ənənəvi avromərkəzçi sərhədlər imperiyalizimin kültürəl hegemoniyasını qorumağa davam edir. Hətta bu azmış kimi bilgi istehsalında Qərbin təyin etdiyi ierarxiya bilgi istehsalı prosesi daha da mürəkkəbləşir. Asimmetrlik güc münasibətlərinin və qeyri bərabər şəkildə paylanan resursların diqtəsi də avromərkəzçi döngünü qırmağa imkan vermir. Odur ki, qlobalizasiyanı özünü ifadə etməkdə əsas əngəl olaraq görən müəyyən çevrələr müxtəlif coğrafiyalarda populist üslubları ilə yerli bilgi istehsalı prosesinə zərər vururlar. Bilgi istehsalının cəmiyyətin və dövlətin inkişafı üçün vacib olduğu bir dövrdə Azərbaycanda da populist trend artmaqdadır. Bunu sadəcə mütəxəssislərin azlığı, təhsil sisteminin zəifliyi, bilgi istehsalı ənənəsinin yoxluğu ilə əsaslandırmaq sağlam yanaşma deyil. Biz bütün prosesi aid olduğumuz coğrafiyadan kənar başa düşə bilmərik və eyni zamanda alternativ nəsə də təklif edə bilmərik. Buna görə də hər şeydən əvvəl sosial elmlərin mövcud vəziyyətinə həm qlobal, həm də regional səviyyədə nəzər yetirmədən Azərbaycanı nələrin gözlədiyini qavramaq mümkünsüzdür. Ancaq bunu təmin etdikdən sonra Azərbaycan mənşəli fikir istehsalı prosesi haqqında nəsə danışıb, müzakirələr edə bilərik. Bu yazı da qeyd edilən məsələlər çərçivəsində fikir istehsalının vacibliyinə ışıq tutmaq məqsədi daşıyır.


Ənənəvi Qərb hegemoniyası 
Soyuq müharibə dövrünün başlaması ilə dövlətlər öz maraqlarının təminatı üçün sosial elmlərin bu istiqamətdə mobilizasiyanı maddi resurslar və ideoloji vasitələr ilə reallaşdıra bilmişdi. Bu kimi təşəbbüslər 19-cu əsrin ortalarından etibarən imperializm tərəfindən davamlı dəstəklənsə də soyuq müharibə dövründə buraya ideoloji elementlər də əlavə olundu. Buna nümunə olaraq antropologiyanın imperiya mərkəzlərində müstəmləkələrdəki yerli xalqları öyrənmək üçün oriyentalizm ilə birlikdə ən çox müraciət etdiyi sahə olduğunu qeyd etmək olar. İmperiya metropolları müstəmləkələrdə toplanan məlumatın analiz edilib, biliyə çevrilməsinə xidmət edirdi. Soyuq müharibə dövründə isə Amerika dövlətinin bir başa və ya filantropist tədqiqat fondları vasitəsi ilə Amerikada və Aropada sosial elmlərin istiqamətini müəyyən etmək məqsədi ilə böyük resurslar səfərbər edilmişdi. Sosial elmlərdəki marksist ənənənin təsirini azaltmaq üçün aparılan fəaliyyətlərin Avropadakı nəticəsi müzakirəyə açıq olsa da, Amerikan akademiyasnın sistemli təlqinləri və maddi resursları Latın Amerikasında sosial elmlərin institutlaşmasını, istədiyi istiqamətdə formalaşdırmasını təmin etdiyi bilinən bir gerçəklikdir. Siyasi aktyorların soyuq müharibə dövründə başlayan qlobal akademik standartların müəyyən edilməsindəki təsiri sosial elmlərdə bu gün də mövcud olan güc mübarizəsini və bərabərsizliyi şiddətləndirən  əsas səbəblərin başında gəlir. 

Qərb akademiyasının müəyyən etdiyi standartlar texniki məsələlərin qəbul edilməsi ilə bərabər, ardıcıl şəkildə Qərb intellektual fikrinə istinadı da təlqin edir və bir çox halda tələb edir. Qlobal miqyaslı akademik nəşrlərin, jurnalların uğuru da elə məhz nəzəri bazanın Qərb akademiyasının məhsulu olmasından aslı vəziyyətdədir. Odur ki, istənilən intellektual fikrin Qərb akademiyası tərəfindən qəbul edilməsi ona təlqin edilən standartların yerinə yetirilməsindən keçir. Şimali Amerika və Avropa ölkələrindən olmayan hər hansı intellektual qlobal mənada tanınmaq üçün hər şeydən əvvəl Qərb fikir adamlarına istinad etməlidir, onların təkmilləşdirdiyi fikirlərə, nəzəriyyələrə əsaslanmalıdır. Məhz buna görə də son 20-30 ildə Fuko, Lakan, Burdyö, Lyotar və bu kimi Qərbli fikir adamlarının sosial elmlərdə hegemoniyası əslində Qərb dünyasına aid olmayan intellektuallar tərəfindən qorunmaqdadır. Buna misal olaraq qonşularımız Türkiyə və İrandan olan sosial elmçilər arasında mövcud olan trendlərə nəzər yetirmək lazımdır. 

Türkiyədə ənənəvi mühafizəkar və proqressiv cinahdan olan elm adamları öz mövqelərini əsaslandırmaq üçün Qərb mərkəzli nəzəriyyələrdən kənara çıxa bilmirlər. Mühafizəkarlar arasında Edvard Səidin aktuallığı, fikirlərinin ağırlığı onun “oriyentalizm” tezisinin dərinliyindən irəli gəlmir; əksinə, hər şeydən əvvəl Səidin Qərb akademiyasının məhsulu olması, bütün fəaliyyətini Qərb akademiyasında davam etdirməsindədir. Digər tərəfdən Qərb post-modernistlərinin proqressivlər üçün “yaşıl kart” rolunu oynadığını da unutmamaq lazımdır. Bundan başqa Türkiyədə mövcüd sistemdən narazı olan, anti-ərdoğançı alimlərin bir çoxunun Qərb elm qurumlarında rahat şəkildə vəzifə almaları onların ortaya qoyduğu ciddi elmi işlərdən daha çox, siyasi mövqeləri ilə əlaqədar olduğu bilinməkdədir. İranda da vəziyyət elə də fərqli deyil. İslami rejimə müxalif, dissident akademisyənlər İranın son iki yüz illik modernizm yolunu uzun müddət Heydeqer, Karl Şmidt, Habermas, Aqambenin fikirləri ilə əsaslandırmağa çalışdıqlarına görə, Tağı Arani, Əhməd Fərdid, Cəlal əl-Əhməd kimi yerli intellektualların fikirləri də arxa plana atılmışdı. Son illərdə Qərb akademik standartlarının sorğulanması ilə adı çəkilən fikir adamlarının aktuallığı artmaqdadır. Ancaq bu trendin artmasının da Qərb mənşəli olduğunu qeyd etmək lazımdır. Qərb sosial elmlərində son illər keçmişlə üzləşmə, sələflərinin “günahlarını” qəbul etmək trendi artmaqdadır. İmperiyalizmin nəzəri bazasını yaradaraq müstəmləkəçiliyə haqq qazandıran sələflərindən fərqli olaraq bu gün Qərb sosial alimləti bəzi məsələlərə etik çərçivədən yanaşırlar. Odur ki, “üçüncü dünya”, “cənuba” daxil olan ölkələrdən yüksələn səslərə qulaq verirlər. Ancaq yenə də məsələyə bilgi və güc münasibətlər sistemində baxaraq orijinal material hazırlamaq axtarışındadırlar. Beləliklə, onların təyin etdiyi standartlardan kənara çıxa bilmək çətinləşməklə bərabər, yenə də ilk olaraq onlara istinad edilir. Çünki hər nə qədər əxlaqi öhdəliklərin daşıyıcısı olduqlarını iddia etsələr də, sahib olduqları imtiyazları paylaşmaq niyyətləri yoxdur. 


Metodoloji boşluq
Qonşularımızdan fərqli olaraq Azərbaycanın qarşısında duran sınaq daha mürəkkəb və bir o qədər məşəqqətlidir. Hər şeydən əvvəl Azərbaycanda sosial elmlər sahəsində böyük bir boşluq var və buna paralel olaraq akademik ənənədən də məhrumuq. Sosial elmlər qlobal kontekstdə istinad ediləcək akademik əsaslılıqdan uzaq olduğu kimi, daxildə də öz standartlarını hələ də təyin edə bilməyib. Digər tərəfdən yerli mənşəli bilik istehsalı isə geosiyasət, enerji təhlükəsizliyi, beynəlxalq münasibətlər kontekstində kənara çıxa bilmir. Son dövrdə bu sıraya Qarabağ müharibəsi sonrası regionun gələcəyi haqqında müəyyən fikirlər əlavə olunsa da, bütün bunlar günlük mülahizələrdən uzağa getmir. Çünki Azərbaycanda sosial elmlər müstəqil bir disiplin kimi konseptual olaraq orijinallıqdan məhrumdur. Ümumi olaraq mövcud problematikaya nəzər saldıqca linqvistik və metodoloji boşluq ön plana çıxır. Linqvistik məsələ bu gün Azərbaycanda sosial elmlərin ilk və ən vacib elementini təşkil edir. Çünki Azərbaycan dilində hələ də sosial elmlərin standartlarına uyğun dəqiq təsnifat aparılmayıb, digər tərəfdən də qlobal terminologiya da bu günə qədər düzgün təqdim olunmayıb. Odur ki, ilk mərhələdə sosial elmlərə aid təməl əsərlər sistemli və mərkəzləşdirilmiş şəkildə tərcümə olunmalı, mütəxəssislər tərəfindən redaktə edilməlidir. Ortaq konsensus əsasında yaradılan linqvistik baza terminoloji məqsədlərə xidmət etməklə yanaşı Azərbaycan dilində yazılan elmi işlərin əsaslılığını da təmin edəcək. Hər nə qədər də ingilis dilinin hegemoniyasını qəbul etsək də, azərbaycan dilində lokal kontekstdə olsa belə orijinal akademik iş ortaya qoyulmalıdır. Bunun üçün də təməldən başlamalı və mərkəzləşdirilmiş tərcümə işi təşkil olunmalıdır. 

Orijinallıq üçün tələb olunan digər akademik şərt metodologiyadır. Metodologiyasız təqdim olunan akademik fikirin əsaslılığı daima sorğulanır və aktuallığı itir. Bundan başqa metodoloji davamlılıq hər hansı ideoloji kimliyə bürünmədən obyektiv şəkildə özünü ifadə etməyə şərait yaradır. Belə olduğu halda qlobal kontekstdə öz üzərinə müəyyən öhdəliklər götürməkdən yayınmaqla bərabər, akademik aslılığı da qırmaq mümkün olur. Əlavə olaraq, metodoloji vərdişlərin təkmilləşməsi daha fundamental nəzəri bazanın yaranmasına vəsilə olur və tədqiqatçını “data toplayan şəxs” statusundan xilas edir. Əks halda üçüncü dünya ölkəsindən olan hər hansı bir “sosial elmçi” Qərb metropoliyalarındakı həmkarları üçün xammal, yəni işlənməmiş informasiya təmin edən tədarükçüyə çevrilir. Düzgün metodoloji bilgiyə sahib olmaq isə nəticə etibari ilə mərkəzdən aslılığı azaldır və preferiyanın iddialarını təqdim etməyə imkan verir. Metodologiya isə özlüyündə əldə olanın klasifikasiyası və analiz edilməsi ilə başlayır. Belə olduğu halda mətn ənənəsinin vacibliyi ön plana çıxır. Çünki əldəki mövcud yazılı mənbələr yeni mülahizələr üçün hər zaman vacib rol oynayır. Hal-hazırda mətnin yenidən interpretasiyası, analitik rekonstrukasiyasının Azərbaycanda sosial elmlərin qarşısında duran əsas sınaq kimi mövcudluğu davam etməkdədir. Modernist perspektivdən yanaşdıqda məsələ bizim üçün daha da mürəkkəbləşir. Çünki təkcə son iki yüz illik dövrü bir neçə fərqli istiqamətdə analiz etmək mümkündür və bunun üçün bizim mövcud akademik bazamız çox məhdud, hətta yararsızdır. Xüsusən də imperiyalizmin fərqli mərəhələləri və bunun məhsulu kimi mövcud olan yazılı qaynaqları necə analiz edəcəyimiz haqqında metodoloji bacarıq və bilgilərdən məhrum olduğumuzu da nəzərdə saxlamalıyıq. Məhz buna görə də istər sovet dövrü, istərsə də müstəqillik dövrünə aid istinad edəcəyimiz fikirləri daha çox qərb qaynaqlarında axtarırıq. Eləcə də Rusiya imperiyası dövrü və bu dövrə aid olan yerli mənşəli mətnlərin rekonstruksiyasında böyük boşluqlar var. Ancaq bunu reallaşdıra biləcəyimiz halda sosial elmlərdə mövcud olan qlobal trendlərlə ayaqlaşa bilərik. Dekolonyal və postkolonyal tendensiyaların sosial elmlərdə ağırlıq qazanmağa başladığı bu dövdə ələ düşən fürsətləri dəyərləndirmək və özümüzə məxsus revizyonist fikirlərimizi səsləndirməliyik. 

Yekun
Bu günə qədər geosiyasət, beynəlxalq münasibətlər, enerji təhlükəsizliyi kimi məsələlərdən yazaraq Qərb araşdırma və elm qurumları ilə əməkdaşlıq edən azərbaycanlı mütəxəssislərin fəaliyyəti praktiki təkliflərdən ibarətdir. Təbii ki, bu mövzuların işlənilməsi bizim üçün həddindən artıq aktual və vacibdir. Ancaq bununla belə bu araşdırmalara ümumi nəzər yetirdikdə nəzəri və metodoloji bazanın zəifliyi gözdən qaçmır. Eləcə də Azərbaycanda post-sovet dövrü islam araşdırmaları, dini fundamentalizm haqqında beynəlxalq akademik jurnallarda dərc olunan məqalələrdəki səthilik və avrosentrik yanaşma da qeyd edilməlidir. Bu siyahını daha da davam etdirib sosiologiya, antropologiya, və digər humanitar sahələrdə yazılan akademik nəşrlərə də aid etmək olar. Lakin mahiyyət etibari ilə dəyişməyən tək şey akademik standartları formalaşdıra bilmədiyimiz üçün yaranan çaşqınlıq və resursların tükənməsidir. Dövlət də bütün bunlardan xəbərdar olduğu üçün xaricdə doktorantura təhsilinin maliyələşdirilməsi ilə əlaqadər dövlət proqramına sosial və hümanitar elmləri də prioritet sahələr siyahısına daxil edib. Bu sahələrdə fəaliyyət göstərmək istəyənlər üçün bu proqram böyük bir fürsət olsa da, ümumi olaraq sosial elmlərin bir disiplin kimi Azərbaycanda yerləşməsi hələ ki yaxın gələcəkdə mümkün görünmür. Belə olduğu halda hal hazırda Qərb unversitetlərdə sosial elmlər sahəsində fəaliyyətlərini davam etdirən yerli tədqiqatçılar böyük məsuliyyət daşıyır. Çünki Azərbaycan mənşəli nəzəri bazanın yaradılması ancaq onların revizionist yanaşması ilə mümkün ola bilər, əks halda status kvonu qəbul etmək mövcud ətaləti daha da uzadacaq.