GUAM 2.0: Şərq Tərəfdaşlığına Yeni Nəfəs

GUAM 2.0: Şərq Tərəfdaşlığına Yeni Nəfəs

 

Avropa Birliyinin 2000-ci illərin ortalarından başlayaraq Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı proqramları çərçivəsində öz sərhədləri ətrafında yerləşən ölkələri əhatə edən “dostluq çənbəri” qurmaq cəhdləri müxtəlif səbəblərə görə gözlənilən ümidləri doğrultmadı. Əvvəla, AB-nin partnyor dövlətlərlə münasibətlərdə müxtəlif tərəflərin spesifik maraqlarını gözardı edərək diqqətini nisbətən mücərrəd hədəflərə çevirməsi və bu siyasətin gətirə biləcəyi geosiyasi fəlakətləri əvvəlcədən görə bilməməsi regional təhlükəsizlik üçün arzuolunmaz nəticələrə gətirib çıxardı. Eyni zamanda, regional dövlətlərlə əlaqələrdə “demokratiya-təhlükəsizlik” dilammasında ortaq məxrəcə gəlinə bilməməsi və münasibətlərin şaxələndirilməsinə nail olunmaması strateji sənədlərdə qeyd olunan ortaq hədəflərə çatmağı xeyli çətinləşdirdi. Qeyd etmək lazımdır ki, Brüssel öz tərəfdaşları üçün həyati önəm daşıyan təhlükəsizlik məsələlərində heç vaxt ciddi rol oynaya bilməyib. 2014-cü ildə Rusiyanın Krımı işğal etməsindən sonra AB-nin izlədiyi liberal geopolitik (prinsiplərə söykənən praqmatizm) xarici siyasətin təhlükəsizlik meyarlarının çox zəif olması ümumi Qonşuluq Siyasətinin effektivliyini sual altına qoydu. Bundan əlavə, birliyin özünün daxilində müxtəlif məsələlərə münasibətlə bağlı getdikcə artan fikir ayrılıqları onun tərəfdaş ölkələrdə baş verən hadisələrə operativ reaksiya vermək imkanlarını da qismən məhdudlaşdırdı və Rusiyanın regionda daha da fəallaşmasına gətirib çıxardı. Nəhayət, AB başa düşür ki, Rusiyanın dominantlıq etdiyi oyunda qalib gəlmək üçün regional partnyorların hərbi potensialı artırılmalı və baş verə biləcək müharibədə Rusiyanın maksimum itki verəcəyi hamıya məlum olmalıdır. 

Bu kontekstdə qeyd olunmalıdır ki, GUAM (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatının Türkiyə, Polşa və Rumıniya kimi regional güclərlə əməkdaşlıq edərək yenidən işlək bir qurum kimi ortaya çıxması Qərbin təhlükəsizlik baxımından büdrəməsi nəticəsində yaranan boşluqları doldura bilər. Təbiidir ki, GUAM-a üzv dövlətlərin Rusiyaya qarşı siyasətdə müəyyən fikir ayrılıqları var, amma mövzu fundamental təhlükəsizlik məsələlərinə gəldikdə onların fikirləri üst-üstə düşür. Türkiyə və Polşa son zamanlar yerləşdikləri coğrafiyalarda kifayət qədər aktiv hərbi və iqtisadi gücə çevrilməkdədir və onların GUAM ölkələri ilə müxtəlif sahələrdə artan əməkdaşlığı kollektiv təhlükəsizliyə ciddi töhfə verə bilər. NATO-dan fərqli olaraq Türkiyənin regionda artan nüfuzu Rusiyada həyati təhlükə kimi qəbul edilmir və buna görə də rəsmi Ankaranın GUAM-la yaxınlaşması Kremldə regional toqquşmalara gətirib çıxara biləcək bir qıcıqlıq doğurmayacaq. Bu çərçivədə NATO şərq tərəfdaşları ilə hərbi sahədə müəyyən əməkdaşlıq proqramlarının həyata keçirilməsini Türkiyəyə həvalə edə bilər. 

Qeyd etmək lazımdır ki, Türkiyənin Azerbaycana göstərdiyi hərbi və diplomatik dəstək İkinci Qarabağ Müharibəsində Rusiyanın hərbi müttəfiqi Ermənistan üzərində inamlı qələbədə önəmli rol oynadı. Bundan əlavə, Polşa zaman keçdikcə NATO-nun Rusiya ilə mübarizədə əsas dayaqlarından birinə çevrilməyə başlayır. Rumıniyaya gəldikdə, bu dövlət təşkilatın Qara Dənizdə təhlükəsizliyin bərqərar olunması ilə əlaqədar gördüyü təbirlərin əsas iştirakçılarındandır. Bu dövlətlərin GUAM üzvlərinin iqtisadiyyat və müdafiə sənayesini gücləndirməsi özü-özlüyündə onları potensial Rusiya təcavüzü zamanı məğlubiyyətdən xilas edə bilməsə də, belə bir ehtimalda Rusiyanın daha böyük itki verməsinə və nəticədə hərbi təcavüz fikrindən daşınmasına səbəb ola bilər. Başqa sözlə, sözügedən platforma GUAM+ formatında (GUAM+Türkiyə/Polşa/Rumıniya) yenidən aktivləşdirilə bilər.  

GUAM+ qeyd olunan hədəflərə çatmaq üçün 2 əsas hədəfə köklənməlidir: təhlükəsizlik və iqtisadi inteqrasiya. Təhlükəsizlik sahəsində ilk növbədə iştirakçı dövlətlərin çəkindirmə potensialları artırılmalıdır. Hərbi əməkdaşlıq müzakirələri təkcə ənənəvi təhlükə mənbələri ilə qısıtlı qalmayıb kiberhücumlar, pandemiya və iqlim dəyişikliyi kimi məsələləri də əhatə etməlidir. Ən önəmlisi isə, müdafiə sənayesi sahəsində əmakdaşlıq çərçivəsində üzv dövlətlər tədricən “alıcı-satıcı” yanaşmasından ortaq istehsal yanaşmasına keçid etməlidirlər. Türkiyə ilə Ukrayna və Azərbaycan arasında yaxın vaxtlarda məhşur “TB-2 Bayraktar” dronlarının ortaq hazırlanması barədə əldə olunan razılaşmalar bu baxımdan çox önəm kəsb edir. 

İqtisadi sahədə inteqrasiya üçün isə GUAM+ ölkələri Şərq-Qərb transport dəhlizləri üzərində yerləşməkdən qaynaqlanan coğrafi üstünlüklərindən istifadə etməli və Avropa ilə Asiya arasında ticarət axını üçün coğrafi qapı rolunu oynamalıdırlar. Bunun üçün əsas diqqəti əvvəllər olduğu kimi sadəcə tranzit rüsumlarından əldə edilən gəlirlərə yox, yeni dəyər yaradan və daima işlək olan istehsalat sahələrinin yaradılmasına yönəltmək lazımdır. Regional dəyər və tədarük zənciri üçün spesifik olan problemlərin aradan qaldırılması üçün bütün üzv dövlətlərin aktiv iştirakı önəmlidir. Eyni zamanda, regional nəqliyyat xətlərinin qlobal xətlərlə hərtərəfli inteqrasiyası da ümumi tədbirlərin bir hissəsi olmalıdır. Türkiyənin “Orta Dəhliz” (Middle Corridor) və Polşanın “Üç Dəniz Təşəbbüsü” (Three Seas Initiative) layihələri Avropa Birliyinin Trans-Avropa Nəqliyyat Şəbəkəsinin regiona tətbiq edilməsi ilə birlikdə GUAM ölkələrinin qlobal layihələrin önəmli bir hissəsi olmasına təkan verəcək. Belə ki, bu layihələr GUAM+ ölkələrini gələcək “nəqliyyat müharibələrində” əsas fiqurlardan birinə çevirəcək. 

Nəticə olaraq qeyd edilməlidir ki, bəhs olunan hədəflərin GUAM+ formatında uğurla həyata keçirilməsi Qərbin də regiondakı fəalliyətinə ciddi töhfələr verəcək. Buna görə də, Qərb dövlətləri öz növbəsində regionda sülhün və sabitliyin bərqərar olunmasında önəmli rol oynayacaq bu layihənin reallaşması üçün dəstəyini əsirgəməməlidir.