Uzaq Şərq cəbhəsində davam edən qütbləşmələr: ABŞ-ın Çini əhatələmə strategiyası
Şərqi və Cənub Şərqi Asiya regionu - bir tərəfdə yeni regional əməkdaşlıqlar quraraq siyasi-iqtisadi təsir dairəsini genişlətməyə can atan Çinin, digər tərəfdə isə strateji münasibətlərini dərinləşdirirək hərbi və siyasi dayaqları ilə yanaşı iqtisadi mövqeyini də möhkəmləndirməyə çalışan ABŞ-ın olduğu bu coğrafiya, son illər ideoloji qarşıdurma və ziddiyyətlərin yaşandığı dünyanın qaynar nöqtələrindən biri halına gəlmişdir. Tramp administrasiyasının başlatdığı ticarət müharibələri, eyni zamanda koronavirus pandemiyasının törətdiyi fəsadların təsiri ilə də gərginləşən ABŞ-Çin münasibətlərinin, Bayden hakimiyyətinin Çinə qarşı insan hüquqları və demokratik dəyərlər mövzusunda sərt xarici siyasət və təzyiq üsullarına üstünlük verməsi ilə daha da mürəkkəbləşəcəyi gözlənilir.
Tendensiyanın bu şəkildə davam edəcəyinə dəlalət edən məqam ABŞ dövlət katibi Entoni Blinkenin və müdafiə naziri Lloyd Ostinin ilk xarici diplomatik səfərlərinin, mart ayında ABŞ-ın ənənəvi müttəfiqləri Yaponiya və Cənubi Koreyaya etmələrindən və rəsmi görüşlər əsnasında Çinin əleyhinə səsləndirilən fikirlərindən görmək olar. Qeyd edək ki, sözügedən ziyarətin təşkilindən bir az əvvəl prezident Bayden də ilk çoxtərəfli görüşü çərçivəsində Hindistan, Yaponiya və Avstraliya kimi ölkələrin dövlət başçıları ilə “QUAD” sammitində virtual formatda regionun təhlükəsizliyi, pandemiya ilə mübarizə, iqlim dəyişikliyi və s. kimi mövzulara dair müzakirələr aparmışdı.
ABŞ-ın sabiq dövlət katibi Mayk Pompeonun ötən ilin oktyabr ayında etdiyi Asiya səfərinin davamı kimi qiymətləndirə biləcəyimiz bu ziyarət Çinin geosiyasi ekpansiya fəaliyyətinin qarşısının alınması üçün yenidən formalaşacaq Asiya koalisiyasının növbəti inkişaf mərhələsi hesab edilir. Tokyo səfəri çərçivəsində Yaponiya və ABŞ nazirlərinin “2+2” formatında keçirilən görüş zamanı iki ölkə arasında qarşılıqlı əməkdaşlıq, azad və açıq Hind-Sakit okean regionunun formalaşması istiqamətində danışıqlarla yanaşı, Çinin Şərqi və Cənub Şərqi Çin dənizlərindəki aqressiv ekspansiya siyasəti və bölgədəki demokratik dəyərlərin qorunması ilə bağlı məsələlərin həllinin müzakirəsi aparılıb.
Çinin regionun sabitliyinə təhlükə yaratdığını və ehtiyac olacağı təqdirdə ABŞ və Yaponiyanın buna qəti şəkildə cavab verəcəyini bildirən dövlət katibi Blinken Çinin Honq-Konq və Tayvanın daxili işlərinə müdaxiləsini, eyni zamanda Tibet və Sincandakı insan hüquqlarının pozulmasını pisləmişdir.
Müzakirənin əsas predmetlərindən biri də yaponların Senkaku, çinlilərin isə Diaoyu adlandırdıqları adalar qrupu idi. Son illər kiçik miqyaslı insidentlərin yaşandığı, Yaponiya və Çin arasında beynəlxalq və regional nəqliyyat dəhlizləri üzərində yerləşən və böyük geostrateji önəmə sahib Senkaku (Diaoyu) adaları Yaponiyaya aid Rükü adalar qrupunun tərkib hissəsidir. Böyük miqdarda neft ehtiyatının da olduğu ehtimal edilən adı çəkilən adalar Şərqi Çin dənizində iki ölkə arasında hələ uzun müddət mübahisəli ərazi olaraq qalacaq. Yaponiya tərəfi Çinin son 20 ildə sistematik modernizasiya və yenidənqurma ilə inkişaf etdirdiyi ordusunu ilk hədəflərindən birinin Senkaku adaları olacağından narahatdır.
Bundan başqa, cari ilin yanvar ayında yaşanan Tayvan boğazı böhranı da narahatlıq doğuran nüanslardan biri olaraq qeyd edilib. Çinə aid qırıcı təyyarələrin iki gün ardıcılıq olaraq Tayvanın hava sərhədlərini pozması Si Cinpin hökumətinin adaya hərbi, siyasi və iqtisadi təzyiqlərini tədricən daha da artıracağını göstərir.
Şərqi Asiyada regional inteqrasiya əməkdaşlıqlarının qurulması, ABŞ və müttəfiqlərinin iqtisadi və siyasi maraqlarının qorunması prosesi illər öncədən başlayıb. Bu mənada, Bayden və Trampdan əvvəl Obama admisintrasiyası Çinin sürətlə böyüyən nüfuz dairəsinə zərbə vurmağa və Şərqi Asiya və Sakit okean hövzəsində ABŞ-ın dayaqlarını möhkəmləndirməyə yönəlmiş “Trans-Pasifik Əməkdaşlıq Sazişi” - TPP ətrafında 11 Şərqi Asiya və Sakit okean hövzəsi ölkəsini toplamağa müvəffəq olmuşdu. Obama hökumətinin çoxtərəfli və genişmiqyaslı “Asiyaya qayıdış” strategiyası (ikitərəfli təhlükəsizlik ittifaqlarının qurulması, regional güclərlə iqtisadi əməkdaşlıqları və ticarət əlaqələrini dərinləşdirməklə maliyyə dövriyyəsi və investisiya həcminin artırılması, demokratik dəyərlər və insan hüquqları müdafiəsi sahəsində ortaq fəaliyyət və s.) çərçivəsində, 2016-cı ilin fevral ayında ABŞ, Avstraliya, Kanada, Bruney, Sinqapur, Yaponiya, Vyetnam, Meksika, Malayziya, Yeni Zelandiya, Çili və Peru arasında imzalanmış qarşılıqlı ticari əməkdaşlıq müqaviləsinə əsasən təşkilata üzv olmuş ölkələr arasındakı tarifləri və tənzimləyici baryerləri sadələşdirmək və ticarət dövriyyəsinin artmasına təkan vermək idi. Dünya iqtisadiyyatının 40%-ni özündə birləşdirən TPP, Tramp administrasiyasının müqavilədən geri çəkilməsi ilə ratifikasiya olunmayaraq qüvvədən düşmüşdü.
TPP-nin fəaliyyətə keçə bilməməsi ilə regionda yaranmış boşluqdan faydalanan rəsmi Pekin, post-pandemiya dövründə iqtisadi gücünün və əlaqələrinin yenidən bərpasına və qlobal ticarətdə mövqeyini gücləndirməyə vasitə olacaq iqtisadi əməkdaşlığın əsasını qoymağa müvəffəq olur. Səkkiz illik müzakirələrin nəticəsində 2020-ci ilin noyabr ayında Çinin təşəbbüsü ilə Sakit okean hövzəsində yerləşən 14 ölkə (ASEAN ölkələri + Yaponiya, Yeni Zelandiya, Avstraliya və C.Koreya) arasında imzalanan “Regional Hərtərəfli İqtisadi Tərəfdaşlıq Müqaviləsi” - RCEP, 2.2 milyard əhalini və 26.2 trilyon dollarlıq Okeaniya, Şərqi və Cənub Şərqi Asiyanın nəhəng iqtisadiyyatlarını əhatə edir.
RCEP azad ticarətə dair dünyanın ən böyük regional iqtisadi inteqrasiya birliyi olaraq tarixə keçmişdir. Əsas məqsədi Şərqi Asiya və Sakit okean hövzəsində yerləşən dövlətlər arasında effektiv və uzunmüddətli iqtisadi və ticari əməkdaşlıq əlaqələrini gücləndirmək olan saziş, pandemiyadan zərər çəkmiş ölkələrin iqtisadi inkişaflarını intensivləşdirməklə yanaşı, regionda Çinin geosiyasi və geoiqtisadi üstünlüyünü daha da artıracaq. Qeyd edək ki, bu ittifaq Çinin üzv olduğu ilk regional inteqrasiya təşkilatıdır və yarımçıq qalmış TPP-ə alternativ bir birlik hesab edilir.
Bölgənin əsas münaqişə ocaqlarından biri olan Cənubi Çin dənizi uğrunda hegemonluq yarışı Çinin cari ilin yanvar ayında ərazi sularının qorunmasıyla bağlı qəbul etdiyi qanunla daha da mürəkkəb hal aldı. Qüvvəyə minmiş yeni qanuna görə Çinin dəniz sərhədlərini pozan ölkələrin gəmilərinə, zərurət yaranacağı təqdirdə sahil mühafizə xidmətinin atəş açmaq hüququ olacaq. Çin tərəfi qanunun onun dənizlərdəki suverenliyini, hərbi-siyasi təhlükəsizliyini və hüquqlarını qorumaq üçün labüd olduğuna inanır.
Rəsmi Pekin üçün olduqca əhəmiyyətli olan Cənubi Çin dənizi, region ölkələri arasında (Çin, Bruney, Malayziya, Vietnam və Filippin) intensiv qarşıdurmaların meydana gəlməsinə səbəb olur. Sözügedən dənizin aralıq mövqedə yerləşməsinə rəğmən, intensiv şəkildə süni adalar və hərbi istehkamlar tikməyə davam edən Çin mübahisəli Parasel (Sişa) və Spratli arxipelaqlarına ərazi iddialarını tarixi aspektdən əsaslandıraraq, Cənubi Çin dənizinin 90%-nə nəzarət etmək istəyir. Karbohidrogen resursları ilə zəngin, balıqçılıq üçün əlverişli və ən əsası beynəlxalq və regional nəqliyyat dəhlizlərindən ibarət olan Cənubi Çin dənizində ticarət dövriyyəsinin illik həcmi 3 trilyon dollardan çoxdur və qeyd edilən rəqəm bütün dünya ticarət həcminin 30%-dən çoxunu təşkil edir. Bundan başqa, körfəz ölkələrindən nəql edilən dünya üzrə sıxışdırılmış təbii qazın 40%-i, Malakka boğazını keçməklə münaqişə mənbəyi olan dəniz üzərindən Çinə və digər Şərqi Asiya ölkələrinə çatdırılır.
Çin həm Cənubi Çin dənizini üzərindən Hind okeanına, həm də Şərqi Çin dənizi vasitəsi ilə Sakit okeanına çıxışını təmin edən dəniz yollarının, ABŞ müttəfiqlərinin (C.Koreya, Yaponiya və Tayvan) nəzarəti altında olmasını nəzərə alaraq, qeyd edilən dənizlərdə möhkəmlənməklə gələcəkdə iqtisadi blokadaya düşməsinin qarşısını almağa çalışır. Bundan başqa, ABŞ-ın başda Yaponiya və C.Koreya olmaqla, Filippin, Tayland və Sinqapurda bu və ya digər formada hərbi varlığı da Çinin bu istiqamətdəki işlərini intensivləşdirməsini zəruri edir.
Çinin regiondakı geosiyasi həmlələrinin qarşısını alacaq koalisiyanın formalaşması üçün sabiq Dövlət Katibi Mayk Pompeo 2020-ci ilin oktyabr ayında Vietnam, Şri Lanka, İndoneziya, Maldiv və Hindistan kimi ölkələrə etdiyi Asiya səfəri əsnasında Çinin Cənubi Çin dənizindəki tələbinin və ərazi iddialarının heç bir hüquqi əsasının olmadığını, regionda sabitliyin qorunması üçün də ABŞ və müttəfiqlərinin BMT-nin Dəniz Hüququ Haqqında Konvensiyası çərçivəsində dəstəklədiyi “Azad və açıq Hind-Sakit okean” təşəbbüsünün birgə reallaşdırılmasının zəruri olduğunu vurğulamışdır.
Çin tərəfi isə, ABŞ hərbi dəniz donanmasının Cənubi Çin dənizində ötən ilin iyul və bu ilin fevral aylarında təşkil etdiyi hərbi təlimləri pisləyərək, siyasi və hərbi təxribat xarakteri daşıyan təlimlərin regionda sülh və sabitliyinin pozulmasına səbəb olacağını bildirmişdir. Hazırda ABŞ donanması sözügedən dənizdə müntəzəm patrul yoxlamaları həyata keçirərək Çinin fəaliyyətini nəzarətdə saxlamağa çalışır, lakin prezident Trampın yaxın məsləhətçilərindən Ağ Evin Baş Strateqi Stiv Bannonun 2016-cı ilin mart ayındakı çıxışında “Şübhəsiz, növbəti 10 il ərzində Cənubi Çin dənizindəki adalar uğrunda Çinlə ABŞ arasında müharibə yaşanacaq” açıqlaması bölgədəki hərbi-siyasi vəziyyətin kritikliyindən xəbər verir.
Son illər Hindi-Çin yarımadasında “Kəmər və Yol” təşəbbüsü çərçivəsində nəqliyyat və logistik infrastruktur sahəsinə investisiya qoyuluşlarını artıran Pekin hökuməti Çinin cənub-qərb əyalətlərinin Hind okeanına dəmiryolları vasitəsi ilə çıxışını təmin edəcək “Çin – Myanma İqtisadi Dəhlizi”nin tikintisinə, Benqal körfəzində yerləşən Kyaukfyu limanının və Yangon liman şəhərinin yenidən qurulmasına milyardlarla dollarlıq sərmayə ayırıb.
Belə ki, Kyaukfyu limanı Çinin Malakka boğazından asılılığını azaldaraq Hind okeanı boyu Çinin hərbi və iqtisadi maraqlarının qorunması üçün inşa etdiyi Pakistandakı Qvadar və Şri-Lankadakı Hambantota dəniz limanlarına və ən əsası, Cibutinin Doraleh limanındakı Çin hərbi bazasına birbaşa çıxışını təmin edəcək. Həmçinin, Çinin enerji təhlükəsizliyinin təminatçısı olacaq adı çəkilən liman və dəhliz hesabına körfəz ölkələrindən idxal edilən təbii resurslar Cənubi Çin dənizinə çatmadan birbaşa Çinin nəzarətində olan keçid və infrastrukturalar vasitəsi ilə ölkənin sənaye istehsalının cəmləşdiyi cənub və şərq regionlarına daşınacaq. Bundan başqa, eyni marşrut üzrə Çin həm ixracatını həyata keçirə biləcək, həm də Hind okeanında geostrateji əhəmiyyətə sahib Maldiv və Şeyşel adalarında təsir rıçaqlarını artırmaq imkanı əldə edəcək. ABŞ Hindistan və Yaponiyanı Çinin Hind-Çin yarımadasındakı iqtisadi aktivliyinə qarşı regionda investisiya qoyuluşlarını artırmağa təşviq edir. Eyni zamanda, Vaşinqton regionun əsas ölkələrindən biri olan Vyetnamla münasibətlərin inkişafına və dərinləşməsinə böyük əhəmiyyət verir.
Çinin Hind okeanında yuxarıda sadalanan hərbi-siyasi və iqtisadi fəallığa qarşı Çin dövlət rəsmilərinin “Asiyanın NATO”-su adlandırdıqları, “Dördtərəfli Təhlükəsizlik Dialoqu qrupu” ya da qısa adıyla “QUAD” (ABŞ, Hindistan, Yaponiya və Avstraliya) ötən ilin noyabr ayında 13 illik fasilədən sonra bütün üzvlərin iştirakı ilə genişmiyqaslı Malabar hərbi təlimlərini Benqal körfəzində həyata keçirdi. Hökumətlərarası təhlükəsizlik ittifaqı hesab edilən QUAD-ın fəaliyyəti daha çox diplomatik müzakirə və hərbi təlimlərlə müşahidə olunur. Əsas məqsədi Çinin dənizlərdə artan qüdrətinin qarşısını diplomatik və ya hərbi yolla almaq olan sözügedən birliyin bundan sonra da fəaliyyətini bu istiqamətdə artıracağı ehtimal edilir.
İlk dəfə Soyuq Müharibə illərində amerikalı diplomat və tarixçi Corc Frost Kennan tərəfindən SSRİ-nin ekpansiya meyillərinin önünü almaq üçün təklif edilmiş “məhdudlaşdırma” siyasətinin davamı kimi görünən ABŞ-ın Çini iqtisadi və hərbi blokadaya alma cəhdləri ilk başlarda iqtisadi əsaslı bir yanaşma olsa da, zaman keçdikcə daha çox hərbi əsaslı bir təşəbbüsə çevrilərək Şərqi Asiya kimi geniş bir coğrafiyanın sürətlə hərbiləşərək qütbləşməsinə gətirib çıxarıb.
Baydenin da istər demokrat, istərsə də respublikaçı sələfləri kimi Çinin əleyhinə effektiv iqtisadi əməkdaşlıqlarla yanaşı, yeni hərbi müttəfiqliklərin qurulmasına böyük önəm verəcəyi istisna edilmir. Bu mənada onun ilk çoxtərəfli görüşünü QUAD üzvləri ilə reallaşdırması, habelə yeni administrasiyanın yüksək vəzifəli məmurlarının ilk hərbi və diplomatik səfərlərinin Şərqi Asiyadakı müttəfiq ölkələlərinə təşkil etmələri də ABŞ-Çin xətti üzrə siyasi-iqtisadi rəqabətin daha da kəskinləşəcəyini və bir çox region ölkəsinin geosiyasi dilemma qarşısında qalacağını göstərir.
ABŞ və Çin arasındakı güc mübarizəsi növbəti illərdə də qlobal geosiyasətinin əsas dinamiklərindən biri olmağa davam edəcək.