“Dairənin hissələri: Qarabağ münaqişəsi tarixi” sənədli filmi barədə
“Barışıq Resursları” təşkilatı ilə Azərbaycan və Ermənistandan olan bir qrup jurnalist və ekspertin birgə hazırladığı “Dairənin hissələri: Qarabağ münaqişəsi tarixi” sənədli filmi may ayında internetdə yayımlandı, həm mütəxəssislər arasında, həm də ictimaiyyətdə geniş müzakirələrə səbəb oldu. Topçubaşov Mərkəzi olaraq tam təəssüratımızı formalaşdırmaqdan ötrü filmi bir neçə dəfə izləyərək bu icmalı hazırladıq.
Əvvəlcə vurğulamaq istərdik ki, "Dairənin hissələri" filmi 1988-ci ildən bəri Dağlıq Qarabağ münaqişəsi tərəflərinin getdiyi uzun və qarışıq yolu və münaqişəsi ilə bağlı siyasi narrativləri açıq şəkildə hədəfləyən yəqin ki ilk sənədli filmdir. Film münaqişənin başlanğıc mərhələsində, hərbi mərhələdə və tükənmiş və nəticəsiz danışıqlar prosesində baş verən böyük hadisələrin ardıcıllığını göstərən dəqiq bir xronoloji tərtibata malikdir. Üstəlik, burada bütövlükdə konflikt tərəflərinin bir-birinə yanaşmaları, məqsədləri və normativ qavrayışlarının tədricən dəyişməsi baxımından təqdim olunur. Hər vacib epizod - Qarabağ komitəsinin yaranması, Əsgəranda toqquşma, Sumqayıtda baş verən iğtişaşlar, birdən-birə düşmənə çevrilmiş etnik qrupların (Ermənistandan azərbaycanlıların, Azərbaycandan ermənilərin) qovulması, Qara Yanvar və Sovet İttifaqının Dağlıq Qarabağda birbaşa idarəetməsinin qısa dövrü, 1992-ci ildə dövlətlərarası müharibənin başlanğıcı, həmçinin atəşkəsdən sonrakı konfranslar və danışıqlar dövrü - şəxsi hekayələr prizmasından təqdim olunur və eyni zamanda bunların münaqişə tərəflərinin mövqelərini nə dərəcədə formalaşdırdıqlarını nümayiş etdirməyə çalışır.
Beləliklə, "Dairənin hissələri" filmi münaqişəyə dair siyasi və şəxsi yanaşmalar arasında incə bir xətt çəkir. Sənədli film keçmiş dövlət başçıları, nazirlər, diplomatlar və hərbi komandirlərdən tutmuş adi siyasi fəallara, qaçqınlara və münaqişə qurbanlarına qədər hər cür insanın fikirlərini bir araya toplayaraq çox böyük bir iş görmüşdür. Filmin əhatə etdiyi bəzi epizodlar çox nadir hallarda geniş tamaşaçı kütləsinə təqdim olunmuşdu. Məsələn, adətən Ermənistandan qovulan azərbaycanlıların məsələsini unudan və ya görməməzlikdən gələn digər hesabat və məqalələrdən fərqli olaraq, bu sənədli film Ermənistan qaçqınlarını Qarabağ münaqişəsinin tərkib hissəsi və ermənilərin Azərbaycandan köç etməsindən əvvəl baş vermiş proses kimi əhatə edir. Birinci qan səhnəsində isə ermənilər tərəfindən Vitali Balasanyan, 1988-ci ildə ilk qarşıdurma zamanı ermənilərin silahlı, azərbaycanlı kütlənin silahsız olduğunu etiraf edir. Məhz bu etnik qarşıdurmada iki azərbaycanlı gənc öldürülmüş və bu hadisə daha çox ölümlərə yol açmışdı. Şuşa epizodunda keçmiş erməni dövlət xadimlərinin (Prezident Levon Ter-Petrosyan və Xarici İşlər Naziri Vahan Papazyan) İranın vasitəçiliyi ilə aparılan danışıqlardan münaqişənin həllini uzatmaq və azərbaycanlıların yaşadığı şəhərə erməni hücumunu ört-basdır etmək üçün istifadə etdiklərini qəbul etdiklərini görürük.
Ancaq yaradıcı qrupunun ən böyük uğuru, yalnız bir sıra tədqiqatçılar tərəfindən araşdırılmış və bu günə qədər geniş müzakirə olunmamış bəzi narriativlərin nümayiş etdirilməsidir. Bunlardan birincisi, münaqişənin aktiv mərhələsində Moskva-Bakı münasibətlərinin dinamikasıdır. Ümumiyyətlə, Azərbaycan tərəfi əvvəlcə Sovet, sonra Rusiya hökumətlərinin erməni iddialarını birmənalı şəkildə dəstəklədiklərinə inandığı halda, həqiqi proseslər daha mürəkkəbdi. Münaqişə zamanı Moskvanın mövqeyi bir neçə dəfə dəyişmiş, SSRİ-nin saxlanılması ilə bağlı keçirilən referendum zamanı Azərbaycan SSR rəhbərliyinin mərkəzi hökumətə verdiyi dəstəyə görə Kreml Bakıya hərtərəfli hərbi dəstək vermişdi. Lakin, Azərbaycanın ilk prezidenti Mütəllibovun strateji səhvi SSRİ-nin dağılmasının sürətləndirən uğursuz dövlət çevrilişinə cəhd edən QKÇP-ni dəstəkləməsi oldu. Nəticədə Mosvada hakimiyyətə gələn demokratlar daha çox ermənipərəst mövqe tutmağa başladılar.
Bir çox cəhətdən münaqişənin bütün struktur dinamikasına təsir edən başqa bir diskurs da diqqəti cəlb edir: Ermənistanda anti-sovet hərəkatı ilə Dağlıq Qarabağ separatizmi arasındakı əlaqə. Qərarın həmişə yuxarılardan gəldiyi Sovet siyasətinin əksinə olaraq, Qarabağ Komitəsi tələblərini erməni ictimai rəyinə müraciət etməklə əsaslandırdığından qısa müddət sonra bu tələblər Ermənistandakı demokratik hərəkatla birləşdi və onun ayrılmaz bir hissəsi halına gəldi. Nəticədə, Azərbaycana qarşı hər hansı bir kompromis Ermənistan cəmiyyətində daim inadkar müqavimətlə rastlaşdı.
Film 1988-1989-cu illərdə münaqişənin konstitusional vasitələr daxilində həll edilməsi cəhdlərinin uğursuz olduğu başqa vəziyyətə də toxunur; bu vəziyyət icmalar arasında, xüsusən də azərbaycanlı və erməni kəndlərinin kəsişdiyi Dağlıq Qarabağda dialoq qurmağa kömək edə biləcək hər hansı lokal, ictimai-siyasi təşkilatların olmaması ilə əlaqədardır. Mürəkkəb yerli maraqları nəzərə almayan Moskvanın atəşi söndürmək cəhdləri isə çox vaxt yöndəmsiz idi alınırdı. Bu mövzuya qısaca toxunsa da, film münaqişənin bu aspektinin müzakirəsinə təkan verə bilər.
Sənədli filmin müsbət tərəflərini qeyd etdiyimiz kimi, tənqidlərimizi də səsləndirməliyik. Lakin həm Azərbaycanda, həm də Ermənistanda bəzi şərhçilərin etdiyi kimi film yaradıcılarını mənəvi relativizmdə günahlandırmaq ədalətsizlik olardı. Onların yanaşması pisliyi yaxşıdan ayırmağı qəlizləşdirən mürəkkəb siyasi prosesi dəqiq nümayiş etdirməkdi: bu isə narrativi dayaz və daha sadə edərdi. Ancaq, fikrimizcə, bəzi detallar, məsələn, 1970-ci illərinin ortalarında Sovet Azərbaycanının Dağlıq Qarabağ əyalətindəki erməni əhalnin İrəvanın "Ararat" futbol klubunun matçını izləyə bilməməsi ilə başlayan hadisələrin ümumiləşdirilməsi səhvdir. Bu vəziyyət hazırlıqsız izləyiciləri çaşdıra, onlarda bölgədəki ermənilərin əlverişsiz mövqe tutduğu və ayrıseçkiliyə məruz qaldığı təəssüratı yarada bilər.
Beynəlxalq hüququn və öz müqəddəratını təyinetmə və ərazi bütövlüyü prinsiplərinin davamlı mübarizəsi kimi məsələlərin “Dairənin hissələri”ndə zəif işıqlandırılması filmin qüsurlarından biridir; belə ki, məhz bu məsələ mübahisənin ayrılmaz bir hissəsi olub, Azərbaycan narrativində xüsusi çəkiyə malikdir. BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasını tələb edən qətnamələrinin, habelə Azərbaycan tərəfinin öz arqumentlərini əsaslandırdığı beynəlxalq hüquq normalarının xatırlanmaması fonunda konflikt barədə dərin məlumatı olmayan tamaşaçı üçün Bakının mövqeyini tam anlamaq qeyri-mümkündür.
Daha bir önəmli fakt isə, münaqişə zamanı baş verən əsas zorakılıqlarının (1988-ci ildə azərbaycanlıların Ermənistandan qovulması zamanı törədilən, lakin çox zaman unudulan zorakılıq da daxil olmaqla) sənədləşdirildiyi halda, Xocalı hadisəsi tarixi və strateji aspektdən kənar müzakirə olunur (erməni liderlərin nəyin baş verdiyini ən azından bildiklərini sonradan açıqladığı kimi) və açıq-aşkar cinayət hadisəsi olmasına rəğmən sanki təcrid olunmuş bir hadisə təəssüratı yaradılır. Münaqişənin ən dəhşətli epizodu kimi Xocalı qırğınına vəhşiliyin miqyasını, habelə Azərbaycan tərəfinin aldığı milli travmanı anlamaq üçün lazımi diqqət və vaxt ayrılmalı idi.
2001-ci ildən sonrakı hadisələrlə əlaqədar bəzi vacib məqamlar yoxdur və tərəflər arasında dinamikanın mürəkkəb şəkildə dəyişməsi, xüsusən də radikallaşmasının artmasına çox az toxunulmuşdur. Bunu müəlliflərin filmi daha da pessimist tonda bitirmək istəməməsi və sülh qurucularının cəhdlərinin faydasız olduğuna dair təəssürat yaratmaması ilə izah edilə bilər.
Bununla belə, bu tənqidlər yayımlanan versiyanın ixtisar olunmuş və tam sənədli filmin isə 3 qat daha uzun olduğunu də nəzərə almalıdır. Son mühakiməmizi qısa versiya ilə bağlı əmələ gəlmiş suallara aydınlıq gətirəcək tam versiyaya saxlamalıyıq. İndilik isə, "Dairənin hissələri" filmini hazırlamış bütün kollektivi görülmüş böyük işə, xüsusilə post-sovet məkanındakı ən şiddətli və mürəkkəb münaqişəni yenidən ictimaiyyətin diqqət mərkəzinə ağlabatan və dərin şəkildə gətirdiyinə görə təbrik etdə bilərik. Ümid edirik ki, bu film yeni nəsil təhlilçilərə Dağlıq Qarabağ probleminin araşdırılması üçün bir ilham olacaq və münaqişənin həllinin yeni yollarını axtarmağa ruhlandıracaqdır.