Şuşa təxribatı: sülh prosesinə ölümcül zərbə?

Şuşa təxribatı: sülh prosesinə ölümcül zərbə?

Foto: Azərbaycanın işğal olunmuş Şuşa şəhərində yarım-dağıldımış minarələri ilə Yuxarı Gövhər Ağa Məscidi. 17 iyun 2014. Marcin Konsek / Wikimedia Commons 

Mayın 21-də Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində fəaliyyət göstərən, tanınmamış “Dağlıq Qarabağ Respublikasının” marionet liderinin Şuşa şəhərində “andiçmə mərasimi” təşkil edildi.  Artıq 25 ildir ki davam edən işğal və nəticəsiz danışıqlar Azərbaycan cəmiyyəti üçün daim qəzəb mənbəyi olsa da, son aylarda erməni tərəfinin təxribatçı hərəkətləri bu qəzəbi bəlkə də pik nöqtəyə çatdırdı.

Dağlıq Qarabağda saxta seçkilər

Əvvəlcə, işğal edilmiş ərazidə separatçı rejim pandemiya şəraitində iki turdan ibarət (31 mart və 14 aprel) "prezident seçkiləri" keçirdi.  Başqa sözlə, bölgədə koronavirusun artan templə yayılması fonunda Dağlıq Qarabağın qeyri-qanuni "hakimiyyəti" tanınmamış qurumun statusunu legitimləşdirmək naminə minlərlə insanın həyatını təhlükəyə atdı.  Bununla belə, pandemiyanın səbəb olduğu məhdudiyyətlər Ermənistanın Dağlıq Qarabağda demokratik və ədalətli seçkilər imici yaratmaqdan ötrü kənar müşahidəçilər dəvət etmək planlarını alt-üst etdi.  Bundan əlavə, bir sıra ölkələr və beynəlxalq strukturlar (Avropa Birliyi, NATO, ATƏT-in Minsk Qrupu, İslam Əməkdaşlıq Təşkilatı, GUAM Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Qoşulmama Hərəkatı) Ermənistanın bu qanunsuz hərəkətini birmənalı şəkildə qınadı, haqlı olaraq "seçkiləri" qeyri-qanuni adlandıraraq heç bir halda işğalçı rejimini tanımayacaqlarını açıq şəkildə bəyan etdilər. Bu, erməni lobbisinin uydurma “Dağlıq Qarabağ Respublikası”nın tanınmasına nail olmaqla bağlı bütün səylərinə ağır zərbə oldu.

Daha sonra separatçı bölgənin yeni seçilmiş lideri Dağlıq Qarabağın və ətraf ərazilərin işğalından bəri ilk dəfə andiçmə mərasimini Azərbaycan tərəfi üçün mənəvi əhəmiyyətə malik qədim Şuşa şəhərində keçirməyə qərar verdi. Bir çox görkəmli ictimai xadimlərin, musiqiçilərin və yazıçıların doğulduğu yer olan Şuşa tarixən azərbaycanlılar tərəfindən mühüm bir mədəniyyət mərkəzi kimi qəbul edilib və münaqişənin yaranmasına qədər etnik azərbaycanlılar burada, Dağlıq Qarabağın qalan hissələrindən fərqli olaraq, əhalinin 95%-dən çoxunu təşkil edirdi. Eyni zamanda, 1992-ci ildə erməni işğalı zamanı şiddətli bombardman nəticəsinində Şuşa dağıntılara məruz qaldı, əsasən qaçqınların məskunlaşdığı və hər hansı normal infrastruktura malik olmayan kabus-şəhərə çevrildi. Bir sözlə, mərasimin məhz orada keçirilməsi azərbaycanlıları təhrik və təhqir etmək istəyindən başqa bir səbəblə izah edilə bilməzdi.

 

De-fakto ilhaq

Son hadisələr daha böyük narrativin bir hissəsidir. Belə ki, “Məxməri İnqilab”dan sonra Ermənistanda hakimiyyətə gəlmiş Nikol Paşinyan hakimiyyəti fəal şəkildə “Dağlıq Qarabağ Respublikası”nı danışıqlar masasına daxil etməyə çalışır. Ermənilərin Dağlıq Qarabağın müstəqil respublika olması barədə iddialarına baxmayaraq, Ermənistanın bütün bəyanatları və hərəkətləri onun işğal olunmuş ərazilərə effektiv nəzarəti həyata keçirdiyini təsdiqlədiyinə görə bu addım Azərbaycan tərəfindən qəti şəkildə rədd edilir.  Məsələn, Ermənistan Respublikasının Baş naziri öz ölkəsinin Təhlükəsizlik Şurasının iclasını Şuşada keçirir və ya Xankəndində keçirilən mitinqdə “Qarabağ Ermənistandır və nöqtə” çıxışını edir.  Öz oğlunu Dağlıq Qarabağda hərbi xidmətə yola salmaqla açıq şəkildə öyünür.  Hətta separatçı rejimin yeni lideri öz "andiçmə nitqində" də "Qarabağ Ermənistandır" sözlərini söyləyir.

2015-ci ildə Avropa Məhkəməsinin “Çıraqov və başqaları Ermənistana qarşı” işi ilə bağlı qərarı birmənalı şəkildə Dağlıq Qarabağ ərazisində törədilən əməllərə görə Ermənistan dövlətinin məsuliyyət daşıması iddiasını açıq şəkildə ifadə edir. Bu arqumentlər Dağlıq Qarabağa dair müstəqillik hekayəsinin bütün bölgəni Ermənistana birləşdirilməsi üçün müvəqqəti bir bəhanə olduğunu göstərir.  Və bu ilhaq siyasəti işğal və etnik təmizlənmə yolu ilə baş verir: 700 mindən çox azərbaycanlı öz evlərindən didərgin düşdüyü halda, anti-türk vı anti-Azərbaycan ideologiyasına əsaslanan ermənilər həm Ermənistan Respublikası, həm də işğal altındakı Dağlıq Qarabağı mono-etnik əraziyə çevirmişdir. 

 

Son dövrdə baş verənlər

Hakimiyyətə gəldikdən sonrakı ilk aylarda Ermənistanın Baş naziri Paşinyan bir sıra barışıq bəyanatları vermiş və "Əhalinin sülhə hazırlamaq platforması", Azərbaycan Prezidenti İlham Əliyevlə qurulan daimi birbaşa xətt kimi təmas və sərhəd bölgələrində insident və ölümlərin qarşısını əhəmiyyətli dərəcədə azaldan bir sıra birgə təşəbbüsləri dəstəkləsə də, 2019-cu il ərzində onun sülh prosesini artırmaq üçün əvvəllər göstərilən səyləri sarsıdan bir çox radikal açıqlamalar verməsi ilə vəziyyət tədricən yenidən pisləşdi və Azərbaycanda mənfi münasibətin yenidən qalxmasına səbəb oldu. İki ölkənin xarici işlər nazirləri arasındakı bir sıra danışıqlardan qısa bir müddət sonra baş verən son hadisələr müvafiq qəzəbə səbəb oldu; sosial şəbəkələrdə separatçılara qarşı hərbi zərbələrin endirilməsi və ya heç olmasa danışıqların tamamilə dondurulması kimi çağırışlar artır. Azərbaycan hökuməti bölgədə minlərlə insanın həyatına son verə və region iqtisadiyyatını məhv edə biləcək hərbi əməliyyatların və ya tammiqyası müharibənin baş verməsini istəmədiyini nümayiş etdirərək öz təmkinini saxlayır. Eyni zamanda, Şuşadakı rejimlərin Azərbaycan əleyhinə təxribatçı fəaliyyətlərinə baxmayaraq, rəsmi Bakının mövqeyi beynəlxalq hüququn aliliyinə söykənir və Azərbaycan SSR-nin Dağlıq Qarabağ Muxtar Vilayətinin bir hissəsi olan Şuşa, Xankəndi və ya Xocalı arasında fərq qoymadan bütün işğal olunmuş ərazilərə Azərbaycanın bir hissəsi kimi baxır. Ermənistandan fərqli olaraq, Azərbaycan etnik diskriminasiyaya yol vermir: əksinə, Prezident Əliyev Qarabağ ermənilərini bütün vətəndaşlıq hüquqlarından istifadə etmək imkanı olan Azərbaycan vətəndaşları kimi tanıdığını dəfələrlə vurğulamışdır. Bu siyasət Dağlıq Qarabağın azərbaycanlı icmasının son zamanlar fəallaşması və icmalar arasında sülhün və etibarın bərqərar edilməsi üçün vacib təklifləri ilə daha da intensivləşmişdir.

Bəs Ermənistan? Ölkədə son bir ildə artan daxili qeyri-sabitlik və hakimiyyət uğrunda mübarizənin güclənməsi müşahidə olunur. Keçmiş prezident Robert Köçəryanın və Rusiyanın nəzarətində olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) keçmiş baş katibi Yuri Xaçaturovun yeni hökumət tərəfindən həbsi Paşinyanın ölkədəki rus təsirini və Qarabağ klanının gücünü zəiflətmək cəhdləri kimi şərh olunur. Bu cəhdlər əvvəlki iki prezidentin aid olduğu nüfuzlu Dağlıq Qarabağın erməni icmasının ondan aralanmasına və nüfuzunun azalmasına görə qəzəblənməsi ilə nəticələndi. "Dağlıq Qarabağ Respublikası" ilə əlaqəli dairələr erməni millətçiləri ilə birlikdə Paşinyanı açıq şəkildə "satqın" adlandıraraq, onu separatçıların maraqlarını qurban verməyə hazır olmaqda günahlandırdılar. Öz tənqidçilərini susdurmaqdan ötrü Ermənistan baş naziri dəfələrlə Dağlıq Qarabağa səfər edərək, əvvəlki liderlərlərdən daha çox işğala haqq qazandıran və Azərbaycanda qıcıq doğuran açıqlamalar vermişdir. Eyni zamanda, sarsılmış mütərəqqi demokrat imicini düzəltməkdən ötrü zaman-zaman sülhə və danışıqlar prosesini inkişaf etdirməyə hazır olduğunu bəyan edirsə də, təxribatçı açıqlamaları ilə bunu faktiki olaraq mümkünsüzləşdirir.  Beləliklə, bərpasına çox ümid edilən sülh prosesi Ermənistandakı mürəkkəb güc oyunlarının girovuna çevrilir.


* * *

Dağlıq Qarabağda pandemiya şəraitində keçirilmiş "prezident seçkiləri" və Şuşadakı "inauqurasiya mərasimi" münaqişənin həllinə hər hansı bir töhfə vermədi.  Əvəzində, bu qanunsuz və məsuliyyətsiz hərəkətlər münaqişə tərəfləri arasında ziddiyyət, yadlaşma və inamsızlığı daha da dərinləşdirdi.