Genderə Həssas Münaqişə Təhlili Aləti
Münaqişə və gender arasında əlaqə son 30 il ərzində bir çox araşdırmaların və münaqişə transformasiyası təşəbbüslərinin əsas fokusu olmuşdur. Gender bərabərsizliyinin yüksək olduğu və gender-əsaslı zorakılığın geniş yayıldığı cəmiyyətlərdə adətən zorakılığın digər növlərinin, o cümlədən silahlı münaqişələrin, əhəmiyyətli dərəcədə artdığı müşahidə edilir (Caprioli et al., 2007). Məhz bu səbəbdən istənilən münaqişəli vəziyyətdə gender dinamikalarını anlamaq bu münaqişəli vəziyyətlərin transformasiyasını həyata keçirmək üçün labüddür. Araşdırmalar (Close, 2019; Close, Groenewald and Mora, 2020) göstərir ki, genderə həssas münaqişə təhlili əsasında formalaşdırılan münaqişə transformasiyası addımları daha dayanıqlı olurlar.
Münaqişə təhlilinin genderə həssas formada keçirilməsi artıq beynəlxalq standarta çevrilmişdir. Bu istiqamətdə BMT Təhlükəsizlik Şurasının 1325 saylı qətnaməsi (2000-ci il) münaqişə transformasiyası ilə məşğul olan fərdlərin öz təşəbbüslərində genderə həssas yanaşmanı bir normativ halına salmasına xüsusi töhfə vermişdir. Ardınca Təhlükəsizlik Şurasının 1820 (2008-ci il) və 1888 (2009-cu il) saylı qətnamələri 1325 saylı qətnaməsinin bir sıra boşluqlarını doldurmuş, gender-əsaslı zorakılıq və bunun silahlı münaqişələrdəki rolu ilə bağlı qlobal hüquqi müzakirələrin inkişaf etməsində əhəmiyyətli rol oynamışdır.
Ancaq istər akademik cəmiyyətdə, istərsə də münaqişə transformasiyası fəaliyyətləri ilə məşğul olan fərdlər arasında beynəlxalq hüquqi normativ aktların münaqişə və gender arasındakı əlaqəyə baxışı ilə bağlı kifayət qədər tənqidlər var (Dam, 2013; Langdon, 2019; Landaluze, 2019). Bu tənqidlərin əsasında problemə daha səthi baxış, qadın obrazının sistematik şəkildə qurbanlaşdırılması, struktural dəyişikliklərə yol açacaq addımlara çağırış edilməməsi kimi bir sıra məsələlər (Landaludze, 2019) dayanır. Bu tənqidi debatların münaqişə transformasiyası sahəsinə təsirlərindən biri kimi genderə həssas münaqişə təhlilindən gendertransformativ münaqişə təhlilinə keçid qiymətləndirilə bilər (Tielemans, 2015)
Bütün bu dexbatlar fonunda Cənubi Qafqazda aparılan münaqişə transformasiyası fəaliyyətlərində genderə həssas yanaşmanın tətbiqi xüsusilə son 10 il ərzində bir praktiki standarta çevrilsə də, bu sahəyə yeni daxil olan və yaxud olmağı planlaşdıran şəxslər üçün genderə həssas münaqişə təhlilinin necə aparılması ilə bağlı lokal dillərdə bilik istehsalı minimal səviyyədə qalmışdır. Gender və münaqişə üzrə ən son və tənqidi araşdırmaların lokal münaqişə transformasiyası ilə məşğul olan fərdlər üçün aşılanması üçün əvvəla bu istiqamətdə sütun xarakteri daşıyan konseptlərin aşılanması vacibdir.
Məhz bu boşluğu doldurmaq üçün hazırlanan bu alətin əsas məqsədi Azərbaycan dilində münaqişə transformasiyası sahəsində fəaliyyət göstərən və yaxud fəaliyyət göstərməyə hazırlaşan şəxslər üçün giriş səviyyədə məlumatlılığı təmin etməkdir. Alət genderə həssas münaqişə təhlilinin aparılması üçün oxucuları və potensial fasilitatorları ikisəviyyəli təhlil konseptləri - a) sistem təhlili və b) kontekst təhlili - ilə tanış etməyi hədəfləyir.
Bu alətin ərsəyə gəlməsi zamanı qarşıya qoyulan hədəflərdən ən əsası alətin azərbaycandilli fasilitatorlar tərəfindən geniş istifadə edilməsini təmin edərək münaqişə transfromasiya təşəbbüslərinin daha dayanıqlı olmasına kömək etmək və həmçinin, lokal münaqişə transformasiya fasilitatorlarının bilik və bacarıqlarının artırılmasına töhfə verməkdir.
Hesabatın tam versiyasını buradan yükləyə bilərsiniz.