Karpaç İqtisadi Forumunda Güney Azərbaycan paneli keçirilib
7 sentyabr 2023-cü il tarixində Topçubaşov Mərkəzi Polşanın Karpaç şəhərində keçirilən 32-ci İqtisadi Forumunda “İranda insan hüquqlarının vəziyyəti: etnik azərbaycanlıların nümunəsində” adlı panelə ev sahibliyi etmiş və dünyanın müxtəlif yerlərindən aşağıdakı ekspertləri bir araya toplamışdır:
Rusif Hüseynov, Topçubaşov Mərkəzinin direktoru (müzakirənin moderatoru kimi),
Türkan Bozqurd (Turkan Bozkurt), Toronto Universitetinin tədqiqatçısı (Kanada),
Cozef Epsteyn (Joseph Epstein), Yaxın Şərq Həqiqətləri Fondunun (EMET) əməkdaşı (Vaşinqton, ABŞ, ABŞ),
Dr. Maurizio Ceri (Maurizio Geri), Avropa İttifaqının M.Küri Təqaüdçüsü (2024-2026) (Vaşinqton/Brüssel/Venesiya),
Ramin Cabbarlı, Vaşinqton Universitetinin tədqiqatçısı (Sietl, ABŞ),
Dr. Hay Eytan Koen Yanarocaq, Tel-Əviv Universitetinin Moşe Dayan Yaxın Şərq və Afrika Araşdırmaları Mərkəzinin tədqiqatçısı (Tel-Əviv, İsrail)
Açılış nitqində Rusif Hüseynov qeyd etmişdir ki, xarici siyasətdə öz PUA-larının Rusiya qüvvələri tərəfindən geniş şəkildə istifadə olunması ilə Ukrayna münaqişəsinə dolayısı ilə cəlb olunmuş İran daxilində Mahsa Əmini etirazları ilə yeni dinamika formalaşıb və müxtəlif etnik qrupların, azərbaycanlıların (güney azərbaycanlıların, İran azərbaycanlılarının) insan hüquqları pisləşib. Onun sözlərinə görə, İranda böyük etnik azlıq (müxtəlif hesablamalara görə, 15-30 milyon arası) olmasına baxmayaraq, güney azərbaycanlılara qarşı baş verən ayrı-seçkili beynəlxalq səviyyədə kifayət qədər öyrənilmir və müzakirə olunmur. Odur ki, təşkil olunmuş panel bu istiqamətdə daha çox müzakirələrə yol açmağı hədəfləyir.
Öz növbəsində Ramin Cabbarlı İranda müxtəlif hökumətlərin onilliklər ərzində güney azərbaycanlılara qarşı diskriminativ münasibətini və onun müxtəlif aspektləri olan farslaşdırma siyasəti, toponimlərin dəyişdirilməsi, ana dilində təhsilin olmaması, iqtisadi ayrı-seçkiliyi izah etmişdir. Cabbarlının sözlərinə görə, şah dövründən mövcud olmuş bu siyasət 1979-cu il inqilabından sonra hakimiyyətə gəlmiş teokratik rejim çərçivəsində də davam edir və Tehran hökuməti qeyri-fars etnik qrupların hüquqlarına heç bir şərait yaratmayaraq, dövlət quruculuğunu şiə kimliyi əsasında həyata keçirir.
Türkan Bozqurd isə çıxışında “gender aparteid”i və “mizoginist siyasəti” ilə tanınan İranda etnik qrupların hüquqlarının gender aspektlərinə diqqət yetirib. Bu kontekstdə İrandakı azərbaycanlı qadınlar təkcə cinsinə görə deyil, həm də etnik mənsubiyyətlərinə görə ayrı-seçkiliklə üzləşirlər. Aylarla davam edən Mahsa Əmini etirazları zamanı həbs edilən, işgəncələrə məruz qalan və öldürülən qadınların geniş məlumatlarını insan hüquqları hesabatlarında toplamış Türkan xanım sözügedən etirazların simvollarına çevrilmiş Hadis Nəcəfi və Elnaz Rekabi kimi nüfuzlu azərbaycanlı qadınları da xatırlamışdır.
Bir vaxtlar ən böyük duzlu göllərdən biri sayılan Urmiya gölünün tədricən yoxa çıxması ilə bağlı bu yaxınlarda “Nyuizuik” (Newsweek) jurnalında məqalə hazırlamış digər natiq Cozef Epsteyn bu ekoloji fəlakətin əhəmiyyətini, mümkün siyasi, iqtisadi və demoqrafik nəticələri barədə danışmışdır. Onun sözlərinə görə, azərbaycanlıların məskunlaşdığı əyalətdə yerləşən göldə suyun səviyyəsi bu sürətlə azalmağa davam edərsə, bu, tarixdə ekoloji səbəbdən ikinci ən böyük əhali köçünə səbəb ola bilər.
Epsteyn həmçinin ABŞ-da Cənubi Azərbaycan məsələsinin kifayət qədər müzakirə olunmamasına diqqət çəkərək, Amerika siyasi dairələrinə təsir edə bilmək üçün Azərbaycan diasporunun daha mütəşəkkil fəaliyyət göstərməli olduğunu vurğulamışdır.
May ayında güney azərbaycanlıların Berlində təşkil etdiyi böyük mitinqi canlı olaraq izləmiş Dr. Mauritsio Ceri də öz təcrübəsini bölüşərək, Qərb paytaxtlarında Güney Azərbaycan mövzusuna daha çox diqqəti cəlb etmək məqsədi ilə sözügedən prosesi “EU Reporter” (Brüssel) media orqanında işıqlandırdığını bildirmişdir. O, həmçinin Avropa Birliyi strukturlarını və ayrı-ayrı ölkələri İranda insan və etnik azlıqların hüquqlarına daha çox diqqət yetirməyə və vəziyyəti yaxşılaşdırmaq üçün Tehrana daha çox təzyiq göstərməyə çağırmışdır.
Panel iştirakçısı Dr. Hay Eytan Koen Yanarocaq isə daha çox Güney Azərbaycan məsələsinin Yaxın Şərq və Qafqaz kontekstində geosiyasi çəkisi barədə danışmışdır. Onun sözlərinə görə, bu mövzu Tehranın bölgədəki xarici siyasətini formalaşdıran amillərdən olub, onun şimal qonşusu Azərbaycan Respublikasına qarşı iddialı və bəzən qeyri-dost münasibətin, eləcə də Azərbaycana qarşı Ermənistanla tərəfdaşlıq kimi geosiyasi tərəfdaşlıqların yaradılmasına təsir edir.