Azərbaycan-Ukrayna Tərəfdaşlığına dair kitab fəsli
Topçubaçov Mərkəzinin tədqiqatçıları Rusif Hüseynov və Məhəmməd Məmmədov “ibidem Verlag” və “Columbia University Press” tərəfindən nəşr edilmiş “Ukrayna Mərkəzi və Şərqi Avropada: Kiyevin xarici əlaqələri və post-kommunist regionunda beynəlxalq münasibətlər” kitabında “Azərbaycan-Ukrayna münasibətləri: Keçmişdə və gələcəkdə çoxölçülü əməkdaşlıq” adlı fəslə müəlliflik etmişlər. Fəsildə regionda artan gərginlik fonunda Bakı və Kiyev arasında olan əməkdaşlığın müxtəlif aspektlərindən söhbət açılır. Fəsil Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən əvvəl yazılmış olsa da, Sovet İttifaqının dağılmasından sonra Azərbaycan və Ukrayna arasında siyasi, iqtisadi və hərbi tərəfdaşlıq haqqında ətraflı məlumat verir. Müəlliflərin fikrincə iki əsas amil bu ölkələri regionda təbii tərəfdaşa çevirir. Birincisi, Ukrayna və Azərbaycan Rusiyanın Sovet İttifaqının süqutundan sonra itirmiş olduğu statusunu bərpa etmək məqsədilə apardığı aqressiv siyasətlə bağlı narahtlığı bölüşürlər. İki dövlət bu problemlə mübarizə aparmaq üçün fərqli üsulları seçsə də, yekunda bu ssenarininin reallaşmasının qarşısını almaq üçün zaman-zaman bir-birlərinə əl uzadıblar. 1990-cı illərin sonunda GUAM-ın yaradılması buna bir misaldır. İkincisi, Ukrayna və Azərbaycanın hər ikisi Rusiyanın dəstəklədiyi separatizmdən əziyyət çəkirlər ki, bu da onları bu məsələdə öz haqlı işlərinə beynəlxalq dəstək qazanmaq üçün səylərini əlaqələndirməyə sövq edir. Bu əlaqələndirmə ən yaxşı formada iki ölkənin müxtəlif beynəlxalq platformalarda bir-birinin ərazi bütövlüyünü dəstəkləməsində göstərməkdədir. Fəsil Rusiyanın qonşuluğunda yerləşən üçüncü güclərlə (Türkiyə və Polşa) iqtisadi əlaqələri gücləndirmək və Rusiyaya qarşı çəkindirmə imkanlarını artırmaq üçün Azərbaycan və Ukrayna arasında daha dərin tərəfdaşlıq perspektivlərinin irəli sürülməsi ilə yekunlaşır. Rusiyanın Ukraynaya təcavüzündən sonra bu cür çoxtərəfli əməkdaşlıq çərçivələrinin yaradılması kifayət qədər aktualdır.
Kitab regional araşdırma mərkəzi olan “IDM Vienna”nın icraçı direktoru Sebastian Şaffer tərəfindən hazırlanmışdır. Ön sözün müəllifləri isə Ukrayna üzrə tanınmış ekspertlər Pavlo Klimkin və Andreas Umlanddır. Ukraynanın müxtəlif regional dövlətlərlə inkişaf edən tərəfdaşlıqlarına dair fəsilləri ehtiva edən kitab "IDM Vienna" və Ukrayna Gələcək İnstitutunun əməkdaşlığı nəticəsində ərsəyə gəlib.