Avropa Siyasi Birliyi və Azərbaycan
Son illərdə Avropa İttifaqında müəyyən bir problem ortaya çıxmış, Aİ-nin təşkilati strukturu demək olar ki, 2 yerə bölünmüşdür: çox da şəffaf olmayan və üzv ölkələrin cəmiyyətlərinin yaxşı başa düşmədiyi bürokratik idarəçilik orqanları (Avropa Komissiyası və s.) və Avropa xalqlarını təmsil etməli olan, lakin qərar qəbulunda rolu çox məhdud olan Avropa Parlamenti. Məhz bu problemə görə Avropa Parlamenti getdikcə populist tipli və öz proqramlarında nə ölkələrinin, nə də Aİ-nin maraqlarını təmsil etməyə çalışan deputatlarla dolmuşdur. Bu iki qütbün bir-birilə çox bağlı olmaması və hətta bir çox məsələlərdə fərqli mövqe tutmasına görə Aİ-nin həm beynəlxalq, həm də daxili nüfuzu zəifləyir. Avropa Parlamentinin bir çox məsələlər (o cümlədən Qarabağ məsələsi) üzrə verdiyi qərəzli və bəzən provokativ bəyanatlar onun təsir potensialını məhdudlaşdırır. Aydın olmuşdur ki, Avropa İttifaqı qlobal siyasətin daha effektiv aktoruna çevrilmək üçün adekvat ortaq diskursların formalaşması üzərində işləməlidir.
Digər tərəfdən Avropa İttifaqının müxtəlif “qonşuluq siyasəti” strategiyalarına rəğmən İttifaqdan kənarda qalmış, bəzi hallarda İttifaqdakı üzvlük məsələləri qeyri-müəyyən görünən Balkan, Şərqi Avropa və Cənubi Qafqaz ölkələrinin bir platformada birləşdirmək, xüsusilə indiki turbulent dövrdə onlarla ümum-Avropa məsələlərini, ilk növbədə təhlükəsilik məsələlərini müzakirə etmək ehtiyacı ortaya çıxmışdır.
Avropa Siyasi Birliyi adlı mexanizmin yaradılması təşəbbüsü yuxarıda qeyd olunan iki ehtiyacdan ortaya çıxır.
Avropa Siyasi Birliyinin (ASB) ilk toplantısında iştirak Azərbaycan üçün hazırda olduqca vacibdir. Azərbaycan Avropa institutlarına tammiqyaslı inteqrasiyası yolunu rədd etdiyi üçün uzun müddət Aİ ilə münasibətləri sırf bürokratik kanallar çərçivəsində qururdu. Nəticədə Avropa cəmiyyətlərində və siyasi çevrələrdə Azərbaycan barədə məlumatlılıq aşağı səviyyədə qalmış, bu isə Azərbaycan üçün bir sıra məsələlərdə (o cümlədən Qarabağ) informasiya müstəvisində çətinliklər yaratmışdır. Aİ-nin rəhbərliyi Bakını həmişə etibarlı və əhəmiyyətli tərəfdaş hesab etsə də, daha alt səviyyədə Azərbaycanın Avropaya dost olmayan, hətta Rusiya kimi revanşist dövlətlərin tayı olan ölkə kimi imici geniş yayılmışdır. Eyni zamanda, erməni diasporu nümayəndələrinin Avropanın həm akademik, həm media çevrələrində azərbaycanlılara nisbətən daha yaxşı təmsil olunması onlara öz narrativlərini gücləndirməyə imkan vermiş, nəticədə hazırda Azərbaycanın lehinə olan sənədlərin Aİ səviyyəsində qəbul olunmasını çox çətin, Azərbaycana açıq dəstək vəd edən sənədlərin qəbul olunmasını isə qeyri-mümkün səviyyəyə gətirmişdir.
ASB bu mənfi tendensiyanı dəyişdrimək üçün əla bir fürsət verir. Bu təşəbbüsün ilk öncə Avropanın fundamental təhlükəsizlik məsələlərini müzakirə etmək və konsensus formalaşdırmaq məqsədlərini güddüyü üçün Bakı orada özünü vacib iştirakçı kimi göstərə bilər. Həm bürokratik neytrallıqdan, həm də Avropa Parlamentinin ideoloji qərəzindən azad olan bu platformada strateji əhəmiyyətli məsələlər səmimi və obyektiv şəkildə müzakirə oluna bilər. Burada Azərbaycan özünü Avropa diskursuna daxil etmək və hətta bəzi məsələlərdə (enerji diversifikasiyası, Qara Dəniz, Mərkəzi Asiya Yaxın Şərq strategiyası və s.) müəyyən qədər təsir göstərə bilər. ABŞ-ın müəyyən təbəqələrinin son vaxtlar Ermənistana verdiyi aktiv dəstəyi və Azərbaycanın demokratiya düşməni və işğalçı olaraq Qərbdə mənfi obrazını qurmaq cəhdlərini nəzərə alaraq, Qərbin intellektual məkanında, geniş siyasi təbəqələr arasında Azərbaycanın səsini davamlı olaraq eşitdirmək və beləliklə maraqlarımızı, mövqemizi legitimləşdirmək olduqca vacibdir. Bundan əlavə, sirr deyil ki, Aİ-nin bir çox ölkələri ilə (əsasən bəzi Mərkəzi və Şərqi Avropa ölkələri və İtaliya) Azərbaycanın maraqları çox üst-üstə düşür. Lakin Aİ-də baş rolu “köhnə Avropa”nın oynadığı üçün biz bundan irəli gələn imkanlardan tam olaraq istifadə edə bilmirdik. ASB kimi platformalarda bu cür ortaq nöqtələr taparaq siyasi əməkdaşlığı gücləndirmək mümkündür.
Hazırda Azərbaycanda ASB ilə bağlı elitada və ya ekspert icmasında ciddi debatların getdiyini və ya hansısa diskursun formalaşdığını görməsək də, belə bir platformada iştirak ondan kənarda qalmaqdan daha faydalı görünür. Eyni zamanda ASB-dəki iştirak, verilən bəyanatlar və arqumentlər üzərində çox ciddi işləmək, Azərbaycanın imicinə xələl gətirməyəcək siyasi xətti formalaşdırmaq vacibdir. Burada daha bir önəmli məsələ Azərbaycanın ASB-də avropalılarla müasir dildə danışa bilən və avropasayağı müzakirə mədəniyyətinə malik adamlarla təmsil olunmasıdır.