Zəngəzur Dəhlizinin üç müstəvidə əhəmiyyəti

Zəngəzur Dəhlizinin üç müstəvidə əhəmiyyəti

26 oktyabrda Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə 123 kilometrlik Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlini atıblar. Azərbaycan-Ermənistan sərhədinədək uzanan avtomobil yolunun “Zəngəzur dəhlizi” kimi adlandırılan ölkələrarası yeni nəqliyyat bağlantısının şərq hissəsini təşkil etməsi, yaxın gələcəkdə isə siyasi məsələlər həll edildikdən sonra Ermənistan ərazisindən keçəcək hissəsi ilə birləşdirilməsi planlaşdırılıb. 

İkinci Qarabağ müharibəsinin əsas diqqətçəkən nəticələrindən biri - Zənzəgur dəhlizinin üç müstəvidə önəm kəsb etdiyini qeyd edə bilərik: lokal, regional və interkontinental.

Dəhlizin lokal müstəvidəki əhəmiyyəti yeni nəqliyyat yolunun keçdiyi hər bir ölkədə yerli inkişafı stimullaşdırıcı faktor kimi çıxış etməsidir. Nəzərə almaq lazımdır ki, yeni dəhliz hər üç ölkənin ən zəif inkişaf etmiş bölgələrindən keçir. Belə ki, dəhlizin 30 ilə yaxın işğal altında olan və talançılığa məruz qalan Azərbaycanın cənub-qərb rayonları, Ermənistanın ən zəif inkişaf etmiş Sünik bölgəsi və onilliklərdir terrorizm səbəbilə zəif inkişaf etmiş Türkiyənin şərq vilayətlərini biri-birinə bağlaması planlaşdırılır ki, bu da hər üç bölgədəki yerli iqtisadi yüksəlişə ciddi töhfə verəcək. 

Yeni dəhlizin regional müstəvidəki önəmi isə bir sıra fərqli istiqamət üzrə alternativlik təşkil etməsidir. Birincisi və ən əhəmiyyətlisi Türkiyə və Mərkəzi Asiya arasında yeni marşrutun ortaya çıxmasıdır. Xüsusilə, Türkiyə bu istiqamət üzrə regional rəqibi olan İrandan asılılığın azaldılması və Mərkəzi Asiya ilə bağlantısının daha məqbul ölkələrdən keçməsində maraqlıdır. Artıq uzun müddətdir ki, Gürcüstan-Azərbaycan vasitəsilə şimal istiqamətdən bunu təmin edən Türkiyə, analoji xəttin Ermənistan-Azərbaycan marşrutu üzrə cənub istiqamətində də əldə etmək məqsədindədir. Digər tərəfdən yeni dəhliz türk dünyası ölkələrinin Türkiyəyə diqqətinin artmasına gətirib çıxarır ki, bunun da son aylarda siyasi nəticələrinə Türkmənistan örnəyində şahidlik edirik. Təbii ki, bu proses həm də Xəzər dənizində gəmi nəqliyyatının artmasında stimullaşdırıcı faktor kimi rol oynayacaq. İkincisi, Zəngəzur dəhlizinin gerçəkləşməsi regional siyasi konfiqurasiya çərçivəsində böyük önəm kəsb edən Azərbaycanın əsas ərazisi və Naxçıvan Muxtar Respublikası ilə alternativ keçid yaradacaq ki, bu da İranın Azərbaycan üzərindəki ən vacib rıçaqlarından olan “Naxçıvan tranziti” məsələsinin təsirini azaldacaq. Bundan əlavə, Zəngəzur dəhlizin Rusiya və Türkiyə arasında Gürcüstandan yan keçən yeni istiqamət təklif etməsi dəhlizin regional müstəvidə başqa bir əhəmiyyətli dəyişikliyidir.

Zəngəzur dəhlizinin interkontinental, yəni qitələrarası əhəmiyyəti isə Çinin son illərdə artan iqtisadi nəqliyyat şəbəkəsinə yeni bir alternativlik təşkil etməsidir. Bu alternativlik Çindən gələn malların  Türkiyənin şərq vilayətlərinə, oradan da Aralıq dənizi və ya İstanbul boğazları vasitəsilə Avropaya daşınmasını təklif edir. Əslində, bu yenilik həm Türkiyənin, həm də Çinin nəqliyyat yollarının diversifikasiya edilməsi strategiyalarına da uyğundur. Beləliklə də, yaxın gələcəkdə Şərq-Qərb nəqliyyat dəhlizinə inteqrasiya edilməsi fonunda Zəngəzur dəhlizi Avropa və Asiya qitələri arasında  önəmli ticarət marşrutu kimi çıxış etmək potensialı daşıyır.