Çin Əfqanıstanda uğur qazana bilərmi?
Co Bayden tənqidçilərinin tez-tez səsləndirdikləri fikirlərdən biri də “Bayden Əfqanıstanı Çinə hədiyyə verdi” iddiasıdır. Buna bənzər fikirlər əvvəllər İraqla bağlı da səsləndirilirdi. Məsələn, “biz İraqı işğal etdik ki, Çin orada neft çıxara bilsin” şəklində. Bu narrativin reallıqla çox az əlaqəsi var və daha çox Amerikanın daxili auditoriyası üçün hesablanıb. ABŞ hökuməti Çini yaxın gələcək üçün özünün əsas ekzistensial rəqibi kimi görür və Amerika cəmiyyətini də indidən Çini əsas düşmən kimi qəbul etməsinə vərdiş etdirmək, hər yerdə “Çin barmağı” görməsinə öyrəşdirmək istəyir. Bunun üçün Çinin mövcud real imkanları həddindən artıq şişirdilir və məsələ birbaşa Çinlə bağlı olmasa belə hər zaman bu və ya digər şəkildə Çinlə əlaqələndirilir. Sorğular göstərir ki, bu strategiya kifayət qədər effektivdir və ABŞ cəmiyyətində Çinə qarşı antipatiya sürətlə artır. Problem ondadır ki, bu alətdən hökumətin tənqidçiləri və müxalifət də uğurla istifadə edə bilirlər: əgər sən Çini əsas təhlükə hesab edirsənsə, niyə öz əlinlə illərlə bizim üçün strateji dəyər daşıdığını iddia etdiyin və mineral resurslarla zəngin Əfqanıstanı Çinə “hədiyyə verirsən”?
Yuxarıda qeyd edildiyi kimi “Baydenin Əfqanıstanı Çinə hədiyyə verməsi” narrativinin reallıqla bir əlaqəsi yoxdur və Çinin real imkanlarını çox şişirdir. Digər tərəfdən, “hərşeyəqadir və limitsiz imkanlara malik Çin” obrazı Çin hökumətinin özü haqqında yaratmaq istədiyi imicə yaxın olduğu üçün bu narrativ Çinin xarici auditoriya üçün hesablanmış ingilisdilli mediasında da dəstəklənir. Lakin Çinin daxilində Əfqanıstanla bağlı gedən müzakirələr tamamilə fərqlidir. Çini narahat edən əsas məsələ Talibanın hakimiyyətə gəlməsi ilə regionda radikalizmin daha da güclənməsidir. Düzdür, Taliban Çinlə bağlı davamlı olaraq müsbət mesajlar verir, uyğurların Talibana qoşulmasını qadağan edir və Çinlə əməkdaşlıq etməyə hazır olduqlarını bildirir. Lakin Talibanın Çinə qarşı isti münasibəti Talibanın Çinlə bağlı gözləntiləri ilə əlaqəlidir. Taliban Çindən Əfqanıstana böyük investisiyalar qoyacağını və Çindən gələn investisiyaların Taliban hökumətinin əsas maliyyə mənbələrindən biri olacağını gözləyir. Lakin bu gözləntilər də Çinin öz iqtisadi imkanları haqqında yaratdığı şişirdilmiş təsəvvürləri əsaslanır. Talibanın bu gözləntiləri tam olaraq və ya onların istədiyi şəkildə reallaşmayanda Çinə qarşı münasibətinin necə olacağını proqnozlaşdırmaq çətindir və Pekin bunu çox yaxşı başa düşür.
Digər tərəfdən, Əfqanıstan Talibanından fərqli olaraq Pakistan Talibanı sürətlə öz anti-Qərb ritorikasını anti-Çin ritorikası ilə əvəzləyir və regionda çinlilərə və onların həyata keçirdiyi layihələrə qarşı terror hücumları dayanmadan artır. Çin üçün, birincisi, Əfqanıstan Talibanın harda bitdiyini Pakistan Talibanın harda başladığını müəyyənləşdirmək çox çətindir. İkincisi, Çin onlar arasında elə də böyük fərqin olmasına çox skeptik yanaşır. Üçüncüsü də, Çin hökumətində Pakistana qarşı narazılıq artır, çünki Çin həm bu hücumların arxasında Pakistan hökuməti daxilində müəyyən dairələrin dayana biləcəyindən şübhələnir, həm də Pakistan hökumətinin istəsə belə bu hücumların qarşısını almaq iqtidarında olmadığını düşünür. Məsələn, bu ilin iyul ayında baş tutan hücumda Desu SES-ində çalışan 9 çinli mühəndis həlak oldu. Pakistan hökuməti əvvəlcə texniki nasazlıq səbəbindən mühəndisləri daşıyan avtobusun dərəyə yuvarlandığı və partladığını iddia etsə də, Çinin təzyiqindən sonra hadisənin qəza deyil terror hadisəsi olduğunu etiraf etmək məcburiyyətində qaldı. Digər tərəfdən, çinlilərə qarşı buna bənzər bir çox hücumları həm Pakistana, həm də Çinə qarşı olan terrorçu “Bəlucistan Azadlıq Ordusu” həyata keçirsə də, çinlilərə qarşı ən böyük hücumlardan birini bu ilin aprel ayında Talibanın qalalarından sayılan Pakistanın Kvetta şəhərində Çin səfirinin qaldığı beşulduzlu oteldə Pakistan Talibanı həyata keçirdi. Çin hökuməti narahatdır ki, bəzən bu hücumlar onlara qarşı təzyiq vasitəsi kimi də işlədilə bilər, xüsusilə əgər Çin hökuməti Pakistan daxilindəki bəzi güc mərkəzlərini narazı salsa, bu narahatçılıqların real əsası olmasa belə. Bütün bunlar onu deməyə əsas verir ki, ABŞ-dan sonra Çinin Əfqanıstanda asanlıqla dominant güc olacağı ilə bağlı fikirlər bölgədəki mövcud reallığı əks etdirmir və daha çox Çin imkanları ilə bağlı şişirdilmiş təsəvvürlərə əsaslanır. Reallıq odur ki, Əfqanıstan Çinin xarici siyasəti üçün ciddi çağırışdır. Çin Əfqanıstanı həm öz milli təhlükəsizliyinə hədə, həm də qazanc mənbəyi kimi görür. Lakin hazırda Pekində əsas prioritet Əfqanıstanı qazanc imkanından çox Çin üçün real təhlükə mənbəyi kimi görməyə verilib.