Ermənistandakı seçkilərdə Paşinyanın qələbəsi və gözləntilər
Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan iyunun 20-də keçirilən seçkilərdə inamlı qələbə qazanıb. İlkin nəticələr elan edildikdən sonra Paşinyan Tvitter-də yazıb ki, “Vətəndaş Müqaviləsi” parlamentdə konstitusion çoxluq əldə edəcək və onun rəhbərliyi ilə höküməti formalaşdıracaq. Beləliklə, yeni parlamentdə “Vətəndaş Müqaviləsi” Partiyasının 71, Robert Koçaryanın “Ermənistan Alyansı”nın 29, Serj Sarqsyanın "Mənim Şərəfim" blokunun isə 7 yer alacağı gözlənilir.
Paşinyanın qələbəsi o mənada unikaldır ki, o Ermənistanın əzəli düşməni olan bir ölkəyə 7 ay əvvəl müharibədə uduzmasına baxmayaraq seçkidə öz siyasi rəqiblərinə böyük fərqlə qalib gəlməyi bacardı və bu siyasi tarixdə nadir hallarda baş verən hadisələrdəndir. Görünür ki, ermənilərin əksəriyyəti Koçaryan və Sarqsyanın rəhbərlik etdiyi köhnə qvardiyanın populist millətçi ritorikasından çox Paşinyanın iqtisadi və siyasi islahatlarına üstünlük verirlər. Təəccüblüdür ki, indi kardlar Paşinyanın əlindədir və çox şey onun daxili və xarici hadisələrə münasibətdə hansı siyasi seçimi etməsindən asılı olacaq.
Post-Sovet ölkələrində dövlət idarəçiliyinin demokratik yollarla dəyişməsi ənənəsi hələ də müxtlif səbəblərə, xüsusən də ortaq Sovet irsinə görə özünə yer edə bilməyib. Lakin biz bəzən belə halların şahidi olduqda, yeni hakimiyyətə gələn qövvələrin daxili siyasətdə demokratiya və dövlət quruculuğu, xarici siyasətdə isə demokratiya və təhlükəsizlik məsələləri arasında balansı necə təşkil edəcəyi barədə suallar yaranır. Təcrübə göstərir ki, yeni elitalar üçün köhnə rejimin neqativ irsi ilə demokratik vasitələrlə mübarizə aparmaq praktikada çətindir və bunun əvəzinə onlar daha güclü və açıq institutlar əvəzinə hakimiyyətin tədricən mərkəziləşdirilməsinə üstünlük verirlər. Paşinyanın baş nazir postunda üç illik müddəti onun bu sahədə kifayət qədər uğurlu olmadığını göstərdi. Mitinqlər zamanı onun bəyanatları da ümidverici deyildi, çünki o, öz ardıcıllarını seçkilərdə qələbə qazanacağı təqdirdə məxməri mandatı polad mandat ilə əvəz etməyə çağırıb və öz postundan siyasi fayda üçün istifadə edən köhnə rejimin üzvlərini cəzalandıracağını bildirib. O, siyasi rəqiblərinə qarşı vendetta olacağını da açıq şəkildə bəyan etməkdən çəkinmirdi.
Xarici siyasət səhnəsində Paşinyanın daxili iqtisadi inkişaf strategiyalarını Azərbaycan, Rusiya və Türkiyənin 2020-ci ildə 44 günlük müharibəsi başa çatdıqdan sonra irəli sürdüyü barışıq səyləri ilə birləşdirmək üçün nadir imkanı var. İki ölkə arasında nəqliyyat dəhlizlərinin açılması Ermənistanı regional təcriddən çıxara və regionda sülhə və sabitliyə daha da kömək edə bilər. Səs çoxluğunun Paşinyanın xeyrinə olması göstərir ki, Ermənistan əhalisinin İrəvanın əsasən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tez-tez düşdüyü girdabın siyasi-iqtisadi nəticələrindən xəbəri var və onlar ölkənin ümumregional transport layihələri vasitəsilə əldə oluna biləcək ən yaxşı iqtisadi imkanlara malik olmasını arzulayır. Ümumiyyətlə, Paşinyan erməni demokratiyası və regional əməkdaşlıq tarixində yeni səhifə açacaq və onun uğurlu olub-olmayacağını zaman göstərəcək.