Türkiyənin F-35 layihəsindən çıxarılması
F-35 qırıcılarının istehsalı bu günə qədər həyata keçirilmiş ən bahalı və ən kompleks müdafiə layihələrindən biridir. Layihəyə əsasən, ABŞ və müttəfiqləri üçün 3000-dən çox təyyarə istehsal ediləcək. F-35 çoxsaylı qabaqcıl texnologiyaları özündə cəmləşdirən "beşinci nəsil" döyüş təyyarəsi hesab edilir. Bu xüsusiyyətlərə "gizli iş" olaraq adlandırılan müşahidə qurğularından yayınma, inkişaf etmiş sensor, rabitə sistemləri, elektron kəşfiyyat və elektron döyüş qabiliyyətləri daxildir. F-35-in digər vacib xüsusiyyəti isə müttəfiq elementlərlə anında məlumat mübadiləsi edə bilməsi və birgə əməliyyatlara imkan verən sistemlərlə təchiz olunmasıdır. Bu baxımdan, bu layihə ABŞ-ın yaxın müttəfiqləri ilə qurduğu hərbi-strateji əlaqələrin və əməkdaşlığın ən vacib elementlərindən biridir.
1999-cu ildə Türkiyə rəsmi olaraq Müştərək Hücum Qırıcısı (MHQ; Joint Strike Fighter) layihəsinə qatıldı və 2002-ci ildə imzalanan Razılıq Memorandumu (Memorandum of Understanding) ilə layihənin 3-cü səviyyə sənaye iştirakçısı oldu. Son diplomatik gərginliyə qədər "Alp Aviasiya", "Ayesaş", "Qala Aviasiya", "Qala Prett&Uitni" və "Türkiyə Aerokosmik Sənayesi (TUSAŞ)" də daxil olmaqla türk şirkətlərinin istehsal etdiyi hissələr ilk başdan F-35 qırıcısının istehsalında istifadə edilirdi. Bu çərçivədə türk şirkətləri tərəfindən bir çox önəmli alt sistem və komponent istehsal edilmiş və bunun üçün ciddi infrastruktur və insan resursları səfərbər edilmişdir.
Türkiyə 2020-ci illərin əvvəlindən etibarən Türk Hava Qüvvələri üçün 100 ədəd F-35A tədarük etməyi planlaşdırırdı. Bu təyyarələr istismar müddətini başa vurmuş F-4E 2020 təyyarələrini əvəz edəcəkdi. Eyni zamanda, inkişaf mərhələsində olan Milli Döyüş Təyyarəsinin (MMU) 2030-cu ildən etibarən F-16-ları əvəz etməsi planlaşdırılmışdı. F-35 və MMU ikilisi Türk Hava Qüvvələrinin əsas hücum gücünü təşkil edəcəkdi.
Son hadisələrin fonunda ABŞ-ın F-35 tədarükünü dayandırması və Türkiyənin Rusiya Federasiyasından S-400 hava müdafiə sistemi almasına cavab olaraq Türkiyənin layihədən kənarlaşdırılmasının birbaşa və dolayı təsirləri aşağıdakı kimi ümumiləşdirilə bilər.
F-35 qırıcıları türk tərəfinə verilməzsə, Türk Hava Qüvvələrinin güc planlaması dəyişməli olacaq. F-4E 2020-lərin istismar müddətini başa vurması ilə F-16-ların əməliyyat tempi və yükü artacaq. Yeni və fərqli tipli təyyarələrin alınması iqtisadi və diplomatik amillər səbəbindən mümkün hesab edilmir. Bu çərçivədə böyük ehtimalla MMU layihəsinin sürətləndirilməsinə, İnsansız Hava Vasitələrinə (PUA) və idarəolunan silah sistemlərinə diqqət daha da artacaq.
İkinci olaraq, əsas məsələlərdən biri də layihədən kənarlaşdırılmasından sonra türk firmalarının ciddi gəlir itkisi ilə üzləşməsidir. İtkinin dəyərinin 10 milyard dollar olduğu təxmin edilir. Digər tərəfdən, belə bir kompleks layihənin tədarük zəncirinin bir parçası olan şirkətlərə, bu çərçivədə onların ABŞ və Avropa istehsalçıları ilə qurduqları münasibətlərə, fərqli layihələrdən əldə edə biləcəkləri işlərə də zərər dəyəcəyi ehtimal olunur.