Qərəzli bəyanat və ABŞ - Türkiyə münasibətlərinin istiqaməti
ABŞ prezidenti Co Baydenin qondarma soyqırımı ilə bağlı dünənki qərəzli qərarının Türkiyə-ABŞ arasında fikir ayrılıqlarının daha birini su üzərinə çıxardı. Burada xüsusilə, Ağ Evə gəldikdən bəri 4 aydır Ankaraya zəng etməyən Baydenin məhz dünən Türkiyə rəhbərliyi ilə əlaqə saxlaması diqqət çəkir.
Ancaq, bu qərarın qısa müddətdə ikili münasibətlərdə kəskin qopuş yaradacağını demək çətindir. Şübhəsiz ki, son qərar münasibətlərdəki etimadsızlıq və səmimiyyətsizliyi biraz da dərinləşdirəcək, lakin, onsuz da uzun müddətdir ki, tərəflər arasında etimad və səmimiyyət üzərində qurulmuş müttəffiqlik münasibətlərindən danışmaq mümkün deyildi. İkili münasibətlər tərəflərin biri-birindən gözləntiləri çərçivəsində və praqmatik əsaslarda davam etdirilirdi. Münasibətlərin hələ bir müddət bu səpkidə davam edəcəyini proqnozlaşdırmaq mümkündür.
Eyni zamanda onu da qeyd etmək lazımdır ki, Türkiyə ictimaiyyətində ABŞ-a qarşı münasibət getdikcə daha da pisləşir. ABŞ-ın terror təşkilatı PKK/YPG-a açıq dəstəyi, Yunanıstandakı hərbi mövcudluğunu artırması və Türkiyəyə qarşı sanksiyalar siyasəti yürütməsi fonunda Türkiyədə qərbyönümlü siyasi qüvvələrə ictimai dəstək xeyli aşağı düşüb. Təsadüfi deyil ki, dünənki qərardan sonra da Türkiyə ictimaiyyətində ən çox dilə gətirilən məsələ ölkədəki ABŞ hərbi mövcudiyyətinin sonlandırılması oldu. Artıq, ictimai fikirdə ABŞ-ın hərbi mövcudluğunun ciddi şəkildə narazılıq yaratdığı görünür və bu da yaxın gələcəkdə bu istiqamətdəki narazılıqlar əsasında siyasət törəyə biləcəyini göstərir. Beləliklə də, növbəti seçkilərdə həm sol populist, həm də sağ populist siyasətçilər üçün “bazaları bağlayacağıq” potensial şüarı əsas “səs qazandıran” fenomenə çevrilə bilər.
Qısacası, bu qərar dövlətlərarası münasibətlərdəki status-kvonu dəyişməsə də, Türkiyə ictimaiyyətində anti-Qərb sentimentini daha kəskinləşdirəcək və tezliklə bu sentiment daha aşkar şəkildə özünü büruzə verməyə başlayacaq.