İran üçün iki seçim
İran generalı Qasım Süleymani və İraqda fəaliyyət göstərən “Həşdi-Şabi” təşkilatının komandiri Əbu Mehdi əl-Mühəndisə qarşı sui-qəsdin 3 yanvarda keçiriləcək bir illik ildönümü ərəfəsində Yaxın Şərqdə vəziyyət xeyli gərgindir. Məlumatlara görə, İran və İran dəstəkli milislərin mümkün intiqam həmlələrinə qarşı regiondakı ABŞ qoşunları və İsrail Ordusu tam hazır vəziyyətə gətirilib.
Situasiya ilə bağlı ən çox səsləndirilən versiya Ağ Evdə qalmaqallı prezidentlik keçidinin yaşandığı bir dövrdə İranın irimiqyaslı qisas addımlar atmaq əvəzinə, daha təmkinli davranacağı ilə bağlı fikirlərdir. Nəzərə alsaq ki, yeni seçilmiş ABŞ prezidenti Co Bayden İranla dialoq tərəfdarıdır, o zaman İrana qarşı kəskin addımlar atmaqdan çəkinməyən Donald Trampın Ağ Evdəki son günlərində Tehranın gözləmə mövqeyində olacağı proqnozlaşdırılır. Qısası, İranın Trampa vəziyyəti gərginləşdirə biləcək hər hansısa bəhanə verməkdən çəkinəcəyi əsas versiyadır.
Lakin burada daha “həssas” bir məqam da diqqətə alınmalıdır. Belə ki, İranla normallaşma prosesi tərəfdarı olan Bayden dövründə Süleymani və Mühəndisin intiqamının alınması ilə bağlı planlar yəqin ki, gündəlikdən çıxacaq. Bu da həm İrandakı, həm də regiondakı intiqam əhval-ruhiyyəsində olan kəsimlər tərəfindən birmənalı qarşılanmaya bilər.
Başqa sözlə, əgər real qisas planı varsa, bu, ya Trampın Ağ Evdəki son günlərində baş tutmalıdır, ya da yuxarıda bəhs edilən əsas versiyanın şahidi ola bilərik.