Güc yolu ilə reinteqrasiya: Dağlıq Qarabağ keysi

Güc yolu ilə reinteqrasiya: Dağlıq Qarabağ keysi

Sovet İttifaqı və Yuqoslaviyanın süqutu təkcə bu konfederasiyaların dağıntıları arasında suveren dövlətlərin yaranmasına təkan vermədi, həmçinin etnik/ərazi münaqişələri və separatçı ərazilər də əmələ gətirdi. Onlardan bəziləri nəticədə dondurulmuş münaqişələrə və tanınmayan dövlətlərə (Dnestryanı, Abxaziya, Cənubi Osetiya, Donbas kimi) və xüsusi bir hal (sui generis) kimi tanınmış dövlətə (Kosovo) çevrilsə də, bəzi digər konfliktlər separatçı qurumların valideyn dövlətə yenidən inteqrasiya (reinteqrasiya) edilməsi ilə nəticələndi.

Yarım-müstəqil qurum kimi 1990-1994-cü illərdə mövcud olmuş və Moldovaya dinc yolla reinteqrasiya etmiş Qaqauz Respublikası istisna olmaqla, Balkan və Avrasiyadakı digər hallar hərbi birliklərin idarə etdiyi 3 proto-dövlətin güc yolu ilə reinteqrasiya keyslərini ehtiva edir: hazırda Xorvatiyanın bir hissəsi olan Serb Krayina Respublikası (1991-1995), hazırda Bosniya və Hersoqovinanın tərkibindəki Serb Respublikası (bu məsələ bir qədər ziddiyyətlidir və daha çox müzakirə tələb edir) və hazırda Rusiya Federasiyasının subyekti sayılan Çeçen İçkeriya Respublikası (1991-2000).

Güc yolu ilə reinteqrasiyanın yaxın tarixə aid diqqətəlayiq nümunələrindən biri də Cənubi Asiyada baş vermis və Şri-Lanka hökumətinin 2009-cu ildə (münaqişənin alovlanmasından 26 il sonra) separatçı tamil hərbi birləşmələrinin dövlətçilik arzularını söndürərək bütün ada üzərində suverenliyini bərpa etməsi ilə başa çatmışdır.

Post-sovet məkanındakı dondurulmuş münaqişələrdən ən "qaynarı" olan Dağlıq Qarabağda senytabrın 27-də Azərbaycan ordusu uğurlu işğaldan azadetmə əməliyyatına start vermişdir. Erməni tərəfinin 1994-cü ildən sonrakı status-kvonu möhkəmləndirmək üçün istifadə etdiyi 26 illik nəticəsiz danışıqlara dözdükdən sonra Azərbaycan bir ay ərzində status-kvonu qırmağı bacardı. Nə qədər kinayəli səslənsə də, məhz Azərbaycan ordusu 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icrası məsuliyyətini öz üzərinə götürərək, erməni silahlı birləşmələrinin Azərbaycanın bir sıra torpaqlarından çıxmağa məcbur etmiş, geniş bir ərazidə və İranla sərhəd boyunca ölkə suverenliyini bərpa etmişdir.