Topçubaşov Mərkəzi Xoyski Təqaüdünə start verir

Topçubaşov Mərkəzi Xoyski Təqaüdünə start verir

Topçubaşov Mərkəzi Azərbaycan Xalq Cümhuriyyətinin qurucu simalarından biri və onun xarici işlər naziri olmuş Fətəli xan Xoyskinin (1875–1920) diplomatik irsinə və uzaqgörən dövlətçilik ənənəsinə həsr olunmuş Xoyski Təqaüd Proqramının başladığını elan edir.

Xoyskinin prinsipial diplomatiya və strateji düşüncə irsindən ilhamlanan bu proqram, Avrasiya və onun hüdudlarından kənarda sürətlə dəyişən geosiyasi proseslərə dair dərin, perspektivli və analitik tədqiqatlar aparmağa qadir yeni nəsil alimlərin və siyasi ekspertlərin yetişdirilməsini hədəfləyir.

Postsovet məkanında xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ixtisaslaşmış aparıcı müstəqil beyin mərkəzlərindən biri kimi Topçubaşov Mərkəzi bu proqramı aşağıdakı dörd strateji məqsədi həyata keçirmək üçün təsis etmişdir:

• İstedadlı şəxslərin inkişafına dəstək: Beynəlxalq münasibətlər və regional araşdırmalar sahəsində güclü bilik və potensiala malik, erkən və orta karyera mərhələsində olan tədqiqatçıların müəyyənləşdirilməsi və peşəkar inkişafının dəstəklənməsi.

• Tədqiqat potensialının genişləndirilməsi: Mərkəzin analitik məhsuldarlığının artırılması və beynəlxalq intellektual əməkdaşlıq şəbəkəsinin genişləndirilməsi.

• Müstəqil təhlillərin təşviqi: Aktual regional və qlobal proseslərə dair innovativ, faktoloji və obyektiv tədqiqatlar üçün qərəzsiz platformanın təmin edilməsi.

• Nəzəri biliklərin praktiki işlərlə inteqrasiyası: Təqaüdçülərin tematik və regional biliklərinin Mərkəzin tədqiqat layihələrinə, siyasət sənədlərinə və beynəlxalq tərəfdaşlıqlarına birbaşa inteqrasiyası.

 

Təqaüd Proqramının Strukturu

Müddət: 3–12 ay. Müddət Mərkəzin strateji prioritetləri və təqaüdçünün tədqiqat gündəliyi nəzərə alınmaqla fərdi qaydada müəyyən edilir.

Mərhələlər: Təqaüdçülərin fəaliyyəti müəyyən edilmiş nəticələr və hədəflər əsasında qiymətləndirilir, onların işləri Mərkəzin rəhbərliyi və aparıcı tədqiqatçıları tərəfindən nəzərdən keçirilir.

Format: Çevik və hibrid.

• Əyani təqaüd (Bakı): Təqaüdçülər Mərkəzin gündəlik intellektual fəaliyyətinin bir üzvü kimi siyasət brifinqlərində, tədqiqat layihələrində, müxtəlif görüşlərdə və tədbirlərdə iştirak etmək imkanı qazanır.

• Distant təqaüd: Vəziyyətdən asılı olaraq bəzi təqaüdçülər Mərkəzin əsas komandası ilə onlayn / distant şəkildə əməkdaşlıq edə bilər.

 

Kimlər müraciət edə bilər?

Xoyski Təqaüd Proqramı siyasi araşdırmalar sahəsində öz bilik və təcrübələrini inkişaf etdirmək istəyən, erkən və orta karyera mərhələsində olan tədqiqatçılar, siyasi analitiklər və təhlükəsizlik üzrə ixtisaslaşmış jurnalistlər üçün nəzərdə tutulmuşdur.

Proqram üzrə rəsmi yaş məhdudiyyəti mövcud olmasa da, əsas məqsəd 19–45 yaş arası perspektivli və peşəkar mütəxəssisləri dəstəkləməkdir.

Namizədlər aşağıdakı tələblərə cavab verməlidirlər:

Beynəlxalq münasibətlər, siyasi elmlər, dövlət siyasəti, regional təhlükəsizlik, beynəlxalq siyasi iqtisad və ya əlaqəli sahələr üzrə minimum bakalavr dərəcəsi (magistr və ya PhD dərəcəsinə üstünlük verilir);

Araşdırma və təhlil bacarıqları;

Yüksək səviyyədə yazılı ingilis dili biliyi.

 

Təqaüdün təqdim etdiyi imtiyazlar

Maliyyə dəstəyi

Təqaüd çərçivəsində maliyyə dəstəyi namizədlərlə fərdi qaydada müzakirə olunmalıdır. Maliyyə şərtləri namizədin təcrübəsi, karyera mərhələsi və iştirak formatına (əyani və ya uzaqdan) uyğun müəyyən edilməlidir.

İnstitusional bağlılıq və peşəkar inkişaf

Təqaüd çərçivəsində təqaüdçülərə aşağıdakı imtiyazlar və imkanlar təqdim olunur:

Tədqiqatlarını Mərkəzin brendi altında dərc etmək;

İşlərini Mərkəzin beynəlxalq tərəfdaşlar şəbəkəsi vasitəsilə geniş auditoriyaya çatdırmaq;

Regional forumlarda, vebinarlarda və ekspert dialoqlarında iştirak etmək;

Avrasiya və onun hüdudlarından kənarda aparıcı alimlər və mütəxəssislərlə davamlı peşəkar əlaqələr qurmaq.

 

Strateji tədqiqat istiqamətləri

Təqaüdçülər öz tədqiqat layihələrini və institusional fəaliyyətlərini Topçubaşov Mərkəzinin aşağıdakı əsas ixtisaslaşma istiqamətləri üzrə formalaşdıra bilərlər:

Cənubi Qafqaz geosiyasəti: Cənubi Qafqazda regional təhlükəsizlik, post-münaqişə nizamı, sülh və normallaşma prosesləri, dövlət quruculuğu və dəyişən geosiyasi dinamika.

Enerji, nəqliyyat və infrastruktur: Enerji təhlükəsizliyi və enerji keçidinin geosiyasəti, karbohidrogen və bərpaolunan enerji bazarları, nəqliyyat və logistika dəhlizləri, rəqəmsal bağlantılar və Orta Dəhliz də daxil olmaqla transmilli infrastruktur layihələrinin strateji inkişafı.

Çoxvektorlu diplomatiya və xarici siyasət: Azərbaycanın qlobal və regional güclərlə münasibətləri, strateji tərəfdaşlıqlar, regional təşkilatlar və yeni çoxtərəfli formatlar, eləcə də orta güclərin diplomatiyası və xarici siyasətin şaxələndirilməsi məsələləri.

Regionlararası və müqayisəli araşdırmalar: Şərqi Avropa, Qərbi Avropa, Aralıq dənizi hövzəsi, Yaxın Şərq, Mərkəzi Asiya, Cənubi Asiya, Şərqi Asiya və Şimali Amerika regionlarında siyasi, iqtisadi və təhlükəsizlik prosesləri, həmçinin onların Cənubi Qafqaz ilə qarşılıqlı əlaqələri.

Beynəlxalq təhlükəsizlik və geoiqtisadiyyat: Böyük güclər arasında rəqabət, regional təhlükəsizlik arxitekturaları, iqtisadi proseslər, sanksiyalar, strateji resurslar, ticarət dəhlizləri və geosiyasət ilə qlobal iqtisadi dəyişikliklər arasındakı qarşılıqlı təsirlər.

 

Gözləntilər və öhdəliklər

Təqaüd müddəti ərzində təqaüdçülərindən aşağıdakılar gözlənilir:

Mərkəz üçün arayışlar, analitik məqalələr, tövsiyə sənədləri və digər tədqiqat məhsulları hazırlamaq; (təqdim ediləcək işlərin sayı və əhatə dairəsi fərdi qaydada müəyyən edilir);

Məlumatların təhlili, ədəbiyyat icmalları, tematik analiz və regional biliklər daxil olmaqla Mərkəzin davam edən layihə və təşəbbüslərinə tədqiqat dəstəyi göstərmək;

Konfranslar, dəyirmi masalar, vebinarlar və ekspert dialoqları daxil olmaqla Mərkəzin ictimai fəaliyyətində məruzəçi, müzakirəçi, moderator və ya koordinator qismində fəal iştirak etmək;

Təqaüd müddəti ərzində Mərkəzin rəhbərliyi ilə qarşılıqlı razılaşma əsasında müəyyən edilən digər tədqiqat, analitik və institusional vəzifələri yerinə yetirmək.

 

Müraciət Prosesi

Namizədlərdən [email protected] electron ünvanına aşağıdakı sənədləri təqdim etmələri xahiş olunur:

Cari tərcümeyi-hal (CV);

Bir yazı nümunəsi;

Proqramın strateji istiqamətlərindən birinə uyğun, maksimum 1000 sözdən ibarət qısa tədqiqat konsepsiyası.

Müraciətlər üzrə son tarixlər və digər spesifik detalların əks olunduğu elanlar mütəmadi şəkildə Mərkəzin rəsmi saytında və sosial media səhifələrində qeyd ediləcək. 

Müraciətlər analitik dərinlik, orijinallıq, siyasət baxımından aktuallıq və intellektual müstəqillik meyarları əsasında qiymətləndirilir.

Qısa siyahıya düşən namizədlər təklif etdikləri tədqiqat gündəliyini, təqaüd müddətini və fərdi əməkdaşlıq şərtlərini müzakirə etmək üçün müsahibəyə dəvət olunurlar.