Fransada toqquşmalar və yeni ictimai razılaşma tələbi?
Son toqquşmalar kimi hadisələr Fransa üçün normal sayıla bilməsə də, onların baş verməsi yeni bir hal da deyil. Ən azından 2005-ci ilin sonlarında baş verən hadisələri, sonra isə Nikola Sarkozi prezidentliyi dövründə, iqtisadi böhran fonunda əhalinin polis arasında bir neçə dəfə yer almış şiddətli toqquşmaların buna misal göstərmək olar. Bu cür hadisələrin arxasında Fransada ənənəvi olaraq həm etnik, həm də sosial amillər durur. Elə Emmanuel Makronun prezidentliyinin ilkin dövründə keçirdiyi sosial siyasətə cavab olaraq bir neçə ay davam etmiş Sarı jiletlər hərəkətini yada salmaq olar. Bir müddət ərzində Sarı jiletlər demək olar ki hər həftəsonu böyük şəhərlərin mərkəzlərini iflic halına gətirir, polislə davaların olması, maşın yandırılması və bu cür hadisələr mütəmadi olaraq baş verirdi.
Həmçinin, Fransa polisinin zorakı metodlar istifadə etməsi, müsəlmanlara və digər azlıqlara rəftarı əvvəllər də demokratiya və hüquq normalarının pozulması kimi Avropa institutları tərəfindən qiymətləndirilmirdi və sırf ölkənin daxili işi hesab olunurdu. Ona görə də Aİ, AŞ kimi kontinental qurumların da indiki hadisələrlə bağlı sakitlik saxlaması təəccüblü deyil. Qeyd etmək lazımdır ki, Avropa institularının Qərbi və Şərqi (“köhnə” və “yeni” Avropaya) qarşı yanaşmaları müəyyən qədər fərqlənir: məsələn, bu yaxınlarda Polşa və Macarıstan hökumətlərinin daxili siyasəti Avropa İttifaqının sərt tənqidinə məruz qalmış və demokratik normaların pozulması kimi ittiham olunmuşdur.
Fransanın daxili vəziyyətinə gəldikdə isə son günlərdə iğtişaşlar demək olar ki, səngiyib; yüzlərlə adam saxlanılıb və müvəqqəti olaraq həbs olunub. Son həftəsonu isə Fransa şəhərlərinin küçələrinə çıxarılan polis qüvvələrinin sayı bəzi məlumatlara görə, 50 minə çatmışdır. Ancaq bu böhran bir daha Fransanın ənənəvi sekulyar, 19-cu əsrin klassik modern dəyərlərinə əsaslanmış dövlətçilik modelinin köhnəldiyini və postmodern cəmiyyətin məruz qaldığı dəyişiklikləri həzm edə bilmədiyini qabarıq şəkildə göstərdi. Fransada milli və dini azlıqların uzun müddətdir əsas qeyri-sabitlik faktoruna çevrilməsi Fransa dövlətinin hələ də assimilyasiya praktikasından və aktiv şəkildə vətəndaşların həyat tərzinə qarışmaq cəhdləri ilə birbaşa olaraq bağlıdır. Sözügedən məsələlərdə fransız yanaşması daha çevik idarəçilik üsullarına keçmiş əksər Qərbi Avropa ölkələrinin yanaşmasından geridə qalır. Güman etmək olar ki, Fransanın 21-ci əsr reallıqlarına və qarşısıalınmaz şəkildə dəyişən sosial dinamikaya uyğunlaşmaq üçün yaxın illərdə yeni ictimai razılaşmanın qəbul olunması ictimai gündəmə çıxacaq. Bu proses Böyük Britaniya, Almaniya, İspaniya kimi ölkələrdə artıq çoxdan baş verib. Təməlində hələ də 19-cu əsr prinsiplərinə əsaslanan ənənəvi Fransa modeli islah edilməli olacaq. Və nəzərə almaq lazımdır ki, Fransa üçün bu proses də yeni deyil: indiki rejim 1959-ci ildə qəbul edilmiş konstitusiya əsasında qurulmuş Beşinci Respublika adlanır və hər növbəti Respublikanın qanunvericilik çərçivəsi əvvəlkindən ciddi şəkildə fərqlənə bilər.
Son hadisələrin başqa bir nəticəsi populyarlığını getdikcə itirən Emmanuel Makron və onun hökumətinin daha da nüfuzdan salınması ola bilər - onsuz da axır vaxtlar prezidentin dəstək reytinqləri 30%-dən çox yuxarı qalxmır. Eyni zamanda, Fransada qarışıq prezident-parlamentinin prezident aparatındakı sistemin mövcudluğu, səlahiyyətlərin bölgüsü bu rejimin sabit qalmasına şərait yaradır. Əvvəlki dövlət başçılarının - Jak Şirak, Nikola Sarkozi, Fransua Ollandın da prezidentliyinin axırına yaxın reytinqlərin çox aşağı düşməsi hər hansı siyasi böhrana səbəb olmamışdır.