Netanyahu geri dönür?
İsraildə son 4 ildə artıq beşinci dəfədir ki, parlament seçkiləri keçiriləcək. Ötən il baş tutan seçkilərdə sabiq baş nazir Benyamin Netanyahu hökumət qura bilməmiş və 1 il ərzində müxalifət lideri kimi fəaliyyət göstərmişdir.
Netanyahunun səs itirməsinə əsas səbəb isə korrupsiya qalmaqalı ilə bağlı idi. Lakin ötən bir il ərzində Bennet-Lapid koalisiya hökumətinin həssaslığı özünü bir daha göstərdi. Belə ki, Naftali Bennetin rəhbərlik etdiyi "Yamina" Partiyasının deputatı İdit Silman və "Merets" Partiyasından Qayidə Rinavi Zoabinin (Ghaida Rinawie Zoabi) istefa verməsi ilə 120 yerlik Knessetdə koalisiya hökumətinin deputatlarının sayı 61-dən 59-a düşmüş və daha sonra koalisiya hökuməti rəsmi olaraq parçalandığını açıqlamışdır.
Koalisiya hökumətinin gözləntiləri qarşılamaması və qarşıya çıxan problemlərdə adekvat addımlar atmaması müxalifətdə olan Netanyahunu yenidən ön plana çıxarmışdır. Anketlər Netanyahunun öndə olduğunu deyir, lakin səsinin artmadığını da qeyd edirlər. Bəs Netanyahu gələn seçkiləri necə qazanacaq?
İlk olaraq koalisiya hökumətindəki müdafiə naziri Benni Qantsın rəhbərlik etdiyi "Kahol Lavan" Partiyası ilə ədliyyə naziri Gideon Saarın "Tikva Hadaşa" Partiyası seçkilərə birgə qatılacağını və Qantzı namizəd göstərəcəklərini açıqladı. Beləliklə də Lapidə yeni bir alternativ rəqib yaranmış oldu. Netanyahunun seçki şüarının "Ya Sağ, ya da Fələstin" olması, Qantsın sağ-mərkəz cinaha doğru təbliğatını gücləndirməsi əslində İsrail cəmiyyətində sağın - milliyyətçiliyin artmasını göstərir.
Seçicilərin Netanyahunun blokunun lehinə səsverməsi heç də onun uğurunun nəticəsi deyil, koalisiyaya daxil olan ərəb solçu və milliyyətçilərinin Ərəb Birgə Siyahısında baş verən daxili parçalanmasının nəticəsidir. Sentyabrın əvvəllərində ərəblərin "Bələd" Partiyası bu ittifaqdan ayrıldığını elan etdikdən sonra işlər dəyişməyə başladı. "Bələd" və onların müttəfiqləri olan solçuların "Hadaş" Partiyası seçkilərdə hər zaman potensial 5 deputatlıq səsə sahib olurlar. Bu partiyaların Ərəb Birgə Siyahısından ayrılması ilə digər xırda partiyalar da səs həddini keçə bilməyəcək və Netanyahunun bloku önə keçmiş olacaq.
Sorğular göstərir ki, ərəb seçiciləri arasında fəallıq aşağı ola bilər ki, bu da Netanyahuya üstünlük verəcək. Son 4 ildə 5 seçkinin keçirilməsi yəhudi seçicilər arasında da yorğunluq və seçkilərə biganəlik yaradır. Oktyabr ayında və noyabrın əvvəlində yəhudilərin 5 əsas dini və milli bayramının olması da əhalinin bu müddətdə yorğunluğunu artıracağı və biganəlik ehtimalını gücləndirir.
Hal-hazırda anketlər Netanyahu bloku ilə Lapid blokunun 59-57 kimi bir pat vəziyyətində olduğunu bildirir. Bütün bunlar oktyabrın son iki həftəsini daha da vacib edir. Yalnız bundan sonra həqiqətən də seçki kampaniyası başlayacaq və ictimai rəydə tendensiyalar daha da möhkəmlənməyə başlayacaq.
Rusiya-Ukrayna münaqişəsi, ABŞ-dakı Konqres seçkiləri və s. proseslər İsrail seçkilərini gündəmdən kənarda saxlaya bilər. Lakin bu seçkilər başda Yaxın Şərq regionu olmaqla, digər regionlara da əhəmiyyətli dərəcədə təsir göstərəcəyi istisna edilmir.
Bennet-Lapid koalisiyasından fərqli olaraq, Netanyahunun Azərbaycana olan münasibətini bundan öncə sədrlik etdiyi hökumətlərin dövründə də müşahidə etmişdik. Onun yenidən hakimiyyətə gələ bilmə ehtimalının gücləndiyi bir dövrdə noyabrdakı seçkilərə diqqət yetirilməsi labüddür.