Yavaşlayan Çin iqtisadiyyatı: Səbəb və nəticələri

Yavaşlayan Çin iqtisadiyyatı: Səbəb və nəticələri

 

Koronavirus pandemiyasının pik həddə çatdığı ötən 2020-ci ildə belə böyüməyə davam etmiş Çin iqtisadiyyatı barədə bu ilin sonundan etibarən bədbin xəbərlər və proqnozlar gəlməyə başlamışdır. Belə ki, cari ilin ikinci rübündə 7.9% böyüməyə müvəffəq olmuş ÜDM üçüncü rübdə ancaq 4.9% civarında artım göstərə bilib.

Qeyd edək ki, daşınmaz əmlak bazarında yaşanan hazırki dalğalanmalar, enerji sektorunda baş verən böhran, ölkənin maliyyə-bank sistemində aparılan kompleks islahatlar və tətbiq edilən yeni normativ qaydalar, ABŞ və Avstraliya kimi iki böyük ticari tərəfdaşıyla girdiyi ardıcıl ticarət müharibələri, o cümlədən,  COVID-19 pandemiyasının dağıdıcı təsiri altında dünya ölkələrinin iqtisadiyyatlarının bərpa prosesinin ləng getməsi Çinin daxili bazar dinamiklərinə və milli iqtisadiyyatına təsir edən ən vacib faktorlardır.

Tarixən mərkəzi hökumətin funksionallığını qoruyaraq çevik və adaptiv addımlar atması geosiyasi və geoiqtisadi müstəvidə yaşanan təlatümlərin geniş miqyaslı daxili siyasi-iqtisadi böhran mərhələsinə keçməsini önləmişdir.

Çinin tikinti və daşınmaz əmlak sektorunun ən böyük ikinci şirkəti “Everqrand”ın ötən aylardan etibarən defolt riski ilə üzləşməsi və eyni zamanda ölkəboyu yaşanan elektrik qıtlığı ilə təzahür edən böhranlar silsiləsi iqtisadi təlatümün uzun müddət davam edəcəyi ehtimalını artırır. Yeri gəlmişkən, ÇXR iqtisadiyyatının əsas mühərriklərindən biri hesab edilən daşınmaz əmlak sahəsində yaşana biləcək 10%-lik kiçilmə ölkə iqtisadiyyatının ümumilikdə 5% ətrafında geriləməsi deməkdir.

Son illər ekologiyanın qorunması və karbon tullantılarının azaldılması məqsədilə mərkəzi hökumət istehsalat müəssisələrinə yeni nəsil texnologiyaların tətbiqi və alternativ enerjiyə üstünlük verilməsi siyasətini təşviq edir. Lakin uzun illər ərzində ağır sənayenin və böyük şəhərlərin enerji ehtiyacını ödəmiş kömür istifadəsinin azaldılması elektrik qıtlığı yaradır. Nəticə etibarilə, elektrik enerjisinin tədarükündə yaşanan defisit Çin iqtisadiyyatının dayağı hesab edilən ixracatın ləngiməsinə və istehsalçıların sifarişləri vaxtında yerinə yetirə bilməməsinə yaxud da sifarişdən tamamilə imtina etməsinə səbəb olur. Məcburiyyət qarşısında qalan hökumət enerji tələbatının ödənilməsi üçün vaxtilə istismarı dayandırılmış xeyli sayda mədənin yenidən işə salınaraq kömür hasil etmələrinə qərar vermişdir. Görülmüş tədbirlərə rəğmən elektrik enerjisi sahəsində yaranmış defisit hələ də aktuallığını qorumağa davam edir.

Pandemiyanın ağır iqtisadi fəsadlarının aradan qaldırılması və qlobal təchizat zəncirinin stabilliyini təhlükəsizliyini artırmaq səyləri fonunda yaşanan qeyd edilən problemlər dünya iqtisadiyyatına təzyiqi artıraraq əlavə yük gətirir. Bundan başqa, nəhəng Çin sənayesində yaşanan durğunluq və geriləmənin birbaşa qlobal enerji bazarına təsir etməsi də istisna edilmir. Belə ki, ölkənin əsas istehsal müssisələrinin yanacaq mənbəyinin əksər hissəsini kömür təşkil etsə də, ÇXR dünya üzrə xam neftin ən böyük idxalçısı (dünya üzrə idxal olunun bütün xam neftin 25.8%-i Çinin payına düşür) olaraq qalır.

Ölkə əhalisinin sosial-iqtisadi rifah səviyyəsinin yaxşılaşması və daxili istehlak bazarının davamlı olaraq böyüməsi üçün böyük kütlələri əhatə edəcək sosial müdafiə yönümlü islahatların keçirilməsi Si Jinpinin (Xi Jinping) ÇKP-nin baş katibi olmasıyla intensiv hal alıb. İqtisadiyyatda yaranmış qeyri-stabilliyin kökündə sosial bərabərsizliyin, daşınmaz əmlak sektorundakı asılılığın, ixracat və xarici kapitala həddən artıq bağlılığın və bir neçə onillik ərzində toplanmış böyük həcmli korporativ və istehlakçı borclarının dayandığını anlayan rəsmi Pekin davamlı iqtisadi böyüməni təmin etmək üçün qəti addımlar atmaqda qərarlıdır.

Xülasə, görünən odur ki, ÇKP-nin milli iqtisadiyyata nəzarət və müdaxilə mexanizmlərini sistemli və əhatəli şəkildə gücləndirməsi, yeni maliyyə islahatları və sərt məhdudlaşdırıcı tədbirlərlə əmlak bazarındakı problemlərdən yaxa qurtarmağa çalışması və ən əsası, iqtisadi artımı təmin edəcək yeni mühərrik - daxili istehlak bazarının inkişafı üçün kompleks tədbirlərin görülməsi geniş vüsət alacaq. Başqa sözlə, ənənəvi ixracat və investisiya cəlbi əsasında qurulmuş iqtisadi sistemin yerini, xidmət və daxili istehlak hesabına formalaşacaq daha dayanıqlı milli iqtisadi model alacaq. Sözügedən iqtisadi transformasiyanın ağrısız ötüşməyəciyi də artıq indidən bəllidir.