Nyu York səfəri: Ankara-Vaşinqton münasibətlərinin gələcəyi
23 sentyabrda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Nyu-Yorka səfərinin yekununda keçirilmiş mətbuat konfransında Vaşinqtonla münasibətlərin böhran vəziyyətində olduğunu bildirib. Ərdoğan bundan əvvəlki ABŞ prezidentləri ilə işləyə bildiyini, ancaq Co Baydenlə “yola getmədiyini” etiraf edib. Türkiyə prezidenti Baydeni həm də terroristləri (Suriya/YPG) silahlandırmaqda ittiham edib.
Ərdoğanın Birləşmiş Millətlər Təşkilatının iclaslarında iştirak etmək məqsədilə Nyu-Yorka etdiyi 5 günlük səfəri çərçivəsində Bayden tərəfindən qəbul edilməməsi diqqət çəkir. Halbuki, Ərdoğan perspektivindən Baydenlə görüşmək çox mühüm önəm kəsb edirdi. Çünki Türkiyə prezidentinin 29 sentyabrda Soçidə Rusiya prezidenti Vladimir Putinlə təkbətək görüşü planlaşdırılıb. Həmin görüşdən öncə Baydenlə görüşmək Ərdoğanın Putin qarşısında manevr imkanlarını artıra bilərdi. Nəzərə almaq lazımdır ki, Soçi görüşünün gündəliyində İdlib başda olmaqla, Türkiyə-Rusiya münasibətlərinin gələcəyini müəyyən edəcək son dərəcə önəmli məsələlərin olması gözlənilir.
Ərdoğanın “uğursuz” ABŞ səfərindən sonra bəzi şərhçilər 29 sentyabr görüşünün Ankaranı Moskvanın “xətti”nə yaxınlaşdıracağını proqnozlaşdırır. Hətta, iddialar arasında Ərdoğanın Suriya siyasətində yumşalmağa getməsi, Bəşər Əsədə qarşı kəskin mövqeyinin dəyişməsi də mövcuddur. Lakin, məsələnin daha ciddi tərəfləri də var.
Məlum olduğu kimi, Ərdoğan uzun illər idi ki, ABŞ və Rusiya arasında geosiyasi rəqabətdən istifadə etməklə regional maraqlarını təmin etməyə çalışırdı. Lakin Baydenin hakimiyyətə gəlməsindən sonra Vaşinqtonun geosiyasi prioritetləri Çinə tərəf yönəldiyi üçün Rusiya ilə ənənəvi konfrontasiya mühitində dəyişiklik yaşanır. Hətta Baydenin Pekinə qarşı rəqabətdə Moskvanı öz tərəfinə çəkmək istədiyi barədə şərhlər də səsləndirilir. ABŞ-Rusiya münasibətlərinin dinamikası dəyişdiyi üçün Ərdoğanın ikili arasında oynadığı “dovşana qaç, tazıya tut” oyunu əvvəlki effektivliyini demək olar ki, itirib. Yeni dövrdə Rusiyanın təhlükə olaraq görülməməyə başlanması Vaşinqton nəzdində Ankaranın strateji əhəmiyyətinin ciddi şəkildə azalmasına təsir göstərir.
Nyu York səfərinin başqa maraqlı detalları da var. Liderlər arasında görüş keçirilməsə də, Vaşinqton-Ankara arasında yüksək səviyyəli təmasların olduğu qeyd olunmalıdır. 22 sentyabrda ABŞ-Türkiyə arasında iki diqqətçəkən görüş keçirilib: Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Nyu-Yorkda ABŞ dövlət katibi Antoni Blinkenlə, Türkiyə prezidentinin baş məsləhətçisi İbrahım Qalın isə Vaşinqtonda ABŞ milli təhlükəsizlik müşaviri Cek Sallivanla görüşüb. Hər iki görüş zamanı ABŞ tərəfi Türkiyəni strateji tərəfdaş adlandırıb. Lakin onillərdir ki, ABŞ-da prezident səviyyəsində önəm verilən Türkiyənin ikincidərəcəli görüşlərdə strateji önəm kəsb etməyə başlaması Ankara üçün qənaətbəxş hesab oluna bilməz.
Ərdoğan 20 sentyabrda Britaniya baş naziri Boris Consonla görüşdü. Yəqin ki, son illərdə Ankara-London arasındakı isti münasibətlər heç kimə sirr deyil. Conson da Ərdoğanla təmasdan bir gün sonra, 21 sentyabrda Baydenlə görüşdü. Təbii ki, Baydenlə görüşdə Consonun “Türkiyə” məsələsini gündəmə gətirib-gətirmədiyini dəqiq demək mümkün deyil. (Elə Conson-Bayden görüşü haqqında mətbuatda birmənalı fikirlər yazılmadı.) Lakin bir şey də dəqiqdir ki, Türkiyənin getdikcə Moskvaya yaxınlaşması London üçün arzuolunmazdır. Bununla belə, deyə bilərik ki, Türkiyə S-400 başda olmaqla, bir sıra məsələlərdə ciddi dəyişikliklər etmədən Bayden-Ərdoğan arasında münasibətlərin qaydaya salınması Consonun “miqyasını” aşır.