İranın Taliban paradoksu
ABŞ qoşunlarının çıxarılması və Talibanın sürətli genişlənərək qalib gəlməsindən ən çox məmnun olan ölkə kimi İran qeyd oluna bilər. Lakin burada ciddi bir faktor nəzərdən yayınır: İranı məmnun edən məqam Talibanın qalibiyyəti yox, ABŞ qoşunlarının ölkədən çıxarılmasıdır. Çünki bu məqam İranın dini hakimiyyətinin siyasi-ideoloji ritorikası ilə xeyli uyğunluq təşkil edir. Tehran üçün “ABŞ İslami dəyərlərə sarılmış bir ovuc qruplaşmaya uduzdu”, “Amerikanlar Əfqanıstanda bataqlığa qərq oldu” kimi şüarlardan daha mükəmməl nə ola bilərdi?
Bununla belə, Talibanla olan vəziyyət tamamilə fərqlidir. Kəskin dini-ideoloji ayrılıqlar fonunda Tehranın Talibana baxışını dövrün geosiyasi reallıqları müəyyən edib. Həmin reallıqlar “güclü Taliban” və “zəif Taliban” kimi kateqoriyalaşdırıla bilər.
İran “güclü Taliban” reallığından, yəni Talibanın 1996-2001-ci illərdə Əfqanıstandakı birinci hakimiyyətindən ən çox zərər görmüş ölkə idi. Talibanın Əfqanıstan şiələrinə qarşı qətliamları, 1998-ci ildə Məzari-Şərif şəhərində diplomatlar və jurnalist də daxil olmaqla 11 iranlının Taliban silahlıları tərəfindən öldürülməsi Taliban-İran gərginliyinin zirvəsi hesab oluna bilər. Hətta, Talibanın bu hücumuna müharibə yolu ilə cavab vermək üçün İran Əfqanıstanla sərhədə 70 min əsgər toplamışdı, lakin bu ssenari baş vermədi. Təsadüfi deyil ki, Tehran bunların əvəzini 11 sentyabr hadisəsindən sonra Corc Buş Administrasiyasının Talibanı devirmək məqsədilə 2001-ci ildə Əfqanıstana müdaxilə etməsinə həm diplomatik, həm də hərbi-kəşfiyyat dəstəyi verməklə çıxacaqdı. Qısacası, İran “güclü Taliban”ı devirmək üçün hətta ən böyük düşməni ABŞ-la əməkdaşlıq etməkdən çəkinməyib.
Təbii ki, Talibanın devrilməsindən sonra Birləşmiş Ştatların İranın şərq sərhədində möhkəmlənməsi və uzunmüddətli strategiya yürütməsi Tehranı heç bir halda qane edə bilməzdi. Bununla yanaşı, Buş Administrasiyasının İraq işğalından sonra İrana qarşı da ritorikasını getdikcə sərtləşdirməsi Tehranı Əfqanıstanda yeni siyasət yürütməyə sövq etdi. İran ABŞ-ın Əfqanıstandakı işini mürəkkəbləşdirmək üçün Talibanın xüsusilə 2006-ci ildən sonra xeyli güclənən partizan tipli müqavimət hərəkatına dəstək verməyə başladı. Beləliklə, geosiyasi konyunkturun dəyişməsi ilə İranın “zəif Taliban”ı dəstəkləməyə başladığını görürük.
Son dövrlərdə Əfqanıstan yenidən “güclü Taliban” dövrü ərəfəsindədir. Talibanla İranı yaxınlaşdıran “ortaq düşmən” ABŞ Əfqanıstandan çıxdıqdan sonra bu ikilini əməkdaşlığa yönəldən motivasiya da mövcud olmayacaq. Belə olan halda, İran üçün Birinci “güclü Taliban” dövründə baş verənlərin yenidən təkrarlanması ən arzuolunmaz ssenaridir. Artıq İranın həm dini, həm də siyasi elitasına yeni dövrdə Talibanla münasibətlər barədə ciddi mübahisələr və fikir ayrılıqları ortaya çıxıb. Tehran hər nə qədər Talibanla diplomatik təmaslar quraraq gələcəkdəki mümkün problemlərə qarşı preventiv addımlar atmağa çalışsa da, Taliban rəhbərliyindən ideoloji yox realpolitik davranılacağı ilə bağlı zəmanətlər alsa da, şərtlər dəyişdikdən, “ortaq düşmən” çıxdıqdan sonra Talibanın necə davranacağı bəlli deyil. Bəs görəsən, ideologiyanın çox böyük önəm kəsb etdiyi Taliban hərəkatında rəhbərliyin praqmatik siyasət yürütməsi hərəkatın aşağı təbəqələrində asanlıqla qəbul ediləcəkmi? Bütün bu qaranlıq məqamlar yeni dövrdə Taliban-İran münasibətlərinin son dərəcə həssas xarakterdə olacağına işarə edir.